Məhkəmə qərarları › İş №2(001)-2722/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2722/2020

17.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2722/2020 17.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, vəkil X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 8000 manat əsas borcun və 1000 manat faiz borcunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X8 onun bacısı qızı X4 əridir. Onlar xx xxxxxx 2018-ci ildə 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində nikaha daxil olaraq evlənmişlər. Toydan əvvəl X8 bacısı qızının nişanlısı kimi onun etibarını qazanıb ondan borc pul istədi ki, toya qədər ünvan 1 ünvanında yerləşən 6 otaqlı fərdi yaşayış evini təmir etdirsin. Ona söz vermişdi ki, toydan sonra yığılan pulla borcunu qaytaracaq. O da 2018-ci ilin fevral ayında əvvəlcə 3000 manat, mart ayında 3000 manat, aprel ayında 2000 manat olmaqla cəmi 8000 manat borc pulu ona vermişdir. Lakin toydan sonra dəfələrlə borca verdiyi pulları cavabdehdən tələb etsə də, cavabdeh ondan hissəhissə aldığı 8000 manat pulu qaytarmaqdan imtina edir.Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia ərizəsində göstərilənləri təsdiq edir. Bu səbəbdən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil X6 izahatında bildirmişdir ki, cavabdeh iddiaçıdan 2018-ci ilin fevral, mart, aprel aylarında 3 dəfə olmaqla ev təmiri üçün 8000 manat məbləğində borc pul almışdır. Həmin pulla evini təmir etmişdir. Lakin pulu qaytarmamışdır. Bank uçot dərəcəsi ilə faiz pulunu 4% olmaqla hesablamışlar. Və iddiaçı əsəs məbləğı uyğun faiz pulunu da cavabdehdən tələb edir. Bundan başqa nümayəndə bildirmişdir ki, üzük ala bilməyə-bilməyə cavabdeh necə və hansı pulla mənzili təmir elətdirmişdir. İşin halı ortadadır, cavabdeh yalan danışır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddiaçının ona qarşı qaldırdığı iddiadan elektron məhkəmə sistemindən göndərilən elektron bildiriş əsasında məlumatı olmuşdur. İddia tələbini qəbul etmir. Evini təmir etdirsə də, bu təmiri öz hesabına etmişdir. Evinin təmiri zamanı heç 8000 manat xərc çəkməmişdir. Belə ki, o iddiaçıdan 8000 manat məbləğində borc pul almamışdır. İddiaçının bacısı qızı ilə evlənsə də, sonradan boşanmışlar.İddiaçının bacısı qızı olan X9 ilə aralarında cehiz əmlakı ilə bağlı mübahisə vardır. Həmin iş hal-hazırda Binəqədi Rayon Məhkəməsinin icraatındadır və baxılır. İddiaçının bacısı qızı ilə aramızda belə mübahisə yarandığına görə iddiaçı ona qarşı belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, iddiaçı tərəfindən ona 8000 manat borc pul verilməsinə dair iddianı qəbul etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı onun atasının bibisi qızıdır. Cavabdeh iddiaçının bacısı qızının nişanlısıdır. İddiaçı ona demişdi ki, yeznəsi toy etmək istəyir. Bu zaman onun özündə 2000 manat məbləğində pul olmuşdur. O, həmin pulu İddiaçı vermişdir ki, İddiaçı həmin pulu Cavabdeh versin. X5 pul istəyəndə orada olmuşdur. Calal toydan sonra verəcəyinə söz vermişdi. Toylarında və nişanlarında iştirak etmişdir. Toydan sonra pul geri qaytarılmadı. 2018-ci ilin aprel ayında pulu vermişdir. İyul ayının 2-sindən sonra pul geri qaytarılmalı idi. Lakin pul qaytarılmadı. Məmmədov Elmira ona biraz gözləməsini, Cavabdeh işlərini düzəltdikdən sonra geri qaytaracağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Məmmədova Emira onun xalasıdır. Cavabdeh ilə boşanmışlar. Cavabdeh özü ona zəng edirdi ki, evini təmir etdirəcək ona pul lazımdı. Onun yanında xalası 3000 manat, X3 isə 2000 manat pulu onun əmisinə vermişdir. Əmisi pulu daha sonra cavabdehə təqdim etmişdir. Əmisi Pirşağı qəsəbəsində cavabdeh ilə qonşudur. Calal toylarından sonra aldığı borcu qaytarmalı idi. Toy ümumi olub. Toydan sonra Calaldan ona verilən borc pulun ailəsinə qaytarılmasını tələb etsə də, buna məhəl qoyan olmamışdır. Calala verilən 2000 manat pulla evin təmiri üçün lazım olan qapı və oboyları seçmişlər. Seçdikdən sonra da, birlikdə pirşağı qəsəbəsinə getmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı cavabdehin keçmiş həyat yoldaşının xalasıdır. Cavabdeh iddiaçının bacısı qızı X7 ilə 2018-ci ildə nikaha daxil olmuşlar və hal-hazırda tərəflərin nikahın pozulması barədə iddiası məhkəmə predmetidir. İşin mübahisələndirilən halı tərəflər arasında hər-hansı öhdəlik münasibətlərinin yaranıb yaranmamısıdır. İddiaçı iddia edir ki, cavabdehə 8000 manat məbləğində borc vermişdir.Cavabdeh isə iddianı qəbul etmir. Sübutetmə yükünün bölgüsü baxımından iddiaçı iddia tələbini əsası kimi istinad etdiyi halı sübut etməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında borc verilməsinə dair hərhansı yazılı müqavilə iş materiallarında mövcud deyildir. İddiaçının özü də yazılı müqaviləyə istinad etmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (xx xxx 2016-cı il tarixli dəyişikliyə əsasən) İşin hallarından da göründüyü kimi iddiaçı 2018-ci ildə cavabdehə 8000 manat borc pul verdiyinə istinad edir. Yəni tərəflər arasında mübahisəli hüquq münasibəti 2018-ci ildən yaranmışdır. Həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin 740.2-ci maddəsi borc müqaviləsinin predmeti 3000 manatdan çox olduğu təqdirdə yazılı formada bağlanmalı olmasına dair imperativ norma müəyyən etmişdir. Lakin mülki iş materiallarında yazılı sənəd mövcud deyildir, cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə iclasında şahid qismində dindirilən şəxslərin ifadəsi isə iddianın təmin edilməsi üçün mötəbər sübut hesab oluna bilməz. Belə ki, məhkəmə iddiaçıya yaxın olan şəxslərin, iddiaçının mənafeyinə uyğun verdikləri şahid ifadələrinə tənqidi yanaşaraq mübahisənin həlli üçün kifayət qədər əsaslı sübut hesab etmir. Bununla bağlı Mülki-Prosessual Məcəllənin 81-ci maddəsində qeyd edilmişdir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bundan başqa Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Odur ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranması işin mötəbər sübutları ilə təsdiq edilmədiyindən iddia əsaslı deyildir. Məhkəmə həmçinin onu da qeyd edir ki, Mülki Məcəllənin 386-cı maddəsində qeyd olunan digər öhdəlik münasibətlərinin yaranması da işin halları ilə müəyyən edilmir. İddia tələbinin əsas borca görə hesablanmış faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, iddia əsas borca münasibətdə əsaslı hesab edilmədiyindən faiz borcuna münasibətdə də əsaslı hesab edilə bilməz. Mülki-Prosessual Məcəllənin 106.1,106.2-ci maddələrinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Mülki-Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar