Məhkəmə qərarları › İş №2(001)-2731/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2731/2021

30.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2731/2021 30.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı Biləcəri Bələdiyyəsinin hüdudları daxilində Xırdalan-Binəqədi yolunda istifadəsində olan 315 m2 torpaq sahəsində yerləşən dəmir köşkün cavabdehin hesabına sökülərək cavabdehin torpaq sahəsindən çıxarılmaqla torpaq sahəsinin boşaldılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı Biləcəri Bələdiyyəsinin hüdudları daxilində Xırdalan-Binəqədi yolunda istifadəsində olan 315 m2 torpaq sahəsində yerləşən dəmir köşkün cavabdehin hesabına sökülərək cavabdehin torpaq sahəsindən çıxarılmaqla torpaq sahəsinin boşaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə 05.04.2021-ci il tarixinə təyin olunan məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Biləcəri Bələdiyyəsi ilə bağladığı 57 saylı 31.05.2004-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Biləcəri Bələdiyyəsinin hüdudları daxilində sahəsi 315 m2 olan torpaq sahəsi onun istifadəsinə verilmiş, həmin torpaq sahəsində iki otaqlı tikili tikilmişdir. Lakin tikilinin üstü bağlanmamış, torpaq sahəsi hasara alınmışdır. Torpaq sahəsi ilə bağlı ödəmələr tərəfindən həyata keçirilir. Cavabdeh Bəxiyar oğlu ona icarəyə verilmiş torpaq sahəsinin giriş-çıxış üçün nəzərdə tutulmuş hissəsində, yəni darvaza qoyulacaq hissədə qeyriqanuni olaraq 1,5x1,8 ölçüdə dəmir köşk qoyaraq ətkəsimi üçün istifadə edir. Dəmir köşk əsasən torpaq sahəsinin içərisində yerləşir və yolu kəsdiyi üçün torpaq sahəsinə giriş-çıxış mümkün deyildir, həmin yerdən avtomaşın keçmir. Cavabdeh qanunsuz ətkəsimi ilə məşğul olur və bir kilometr məsafədə cavabdehin öz evi yerləşir. O, dəfələrlə cavabdehdən torpaq sahəsinin boşaldılmasını tələb etmiş, lakin cavabdeh buna əhəmiyyət verməmiş, onu hədələmişdir. Cavabdehin torpaq sahəsinin bir hissəsini zəbt etməsi səbəbindən onun torpaq sahəsi ilə bağlı hüquqları kobud şəkildə pozulmuş, torpaq sahəsindən rahat istifadə etməsi mümkünsüz olmuşdur. Cavabdeh başqa şəxsin adına olan sənədlərdən istifadə edərək guya bu hissənin ona aid olduğunu bildirir. Ona görə də Biləcəri Bələdiyyəsinin hüdudları daxilində, Xırdalan-Binəqədi yolunda onun istifadəsində olan sahəsi 315 m2 olan torpaq sahəsində yerləşən dəmir köşkün Cavabdeh hesabına sökülərək götürülməsinə, Cavabdeh torpaq sahəsindən çıxarılmasına və torpaq sahəsinin boşaldılmasına dair qətnamə qəbul edilməsini, cavabdeh barədə xüsusi qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, 2003-cü ildə 1 sot torpaq sahəsini alaraq həmin sahədə yaşayır. Torpaq sahəsi onun qohumu S.B.Səfərovun adınadır. Torpaq sahəsini alarkən içərisində olan köşkü o, təmir edib orada ət kəsib satmaqla məşğul olur. İddiaçı həmin sahəyə ondan 7 il sonra gəlmişdir. O, ümumi istifadədə olan yolu kəsməmiş, iddiaçıya aid olan torpaq sahəsini zəbt etməmişdir. Ona görə də mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında 3-cü şəxs Binəqədi qəsəbə Bələdiyyəsinin nümayəndəsi Nümayəndə izahatında iddia ərizəsinin həllini məhkəmənin səlahiyyətinə verdiyini bildirmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, İddiaçı məhkəmə iclasında iştirak etməmiş, Cavabdeh işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etdiyindən məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 3-cü şəxs Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, 3-cü şəxs Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə 3-cü şəxs Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). İcarəyəverən Binəqədi rayonu Biləcəri Bələdiyyəsi ilə icarəçi İddiaçı arasında 31.05.2004-cü il tarixdə bağlanmış 57 saylı icarə müqaviləsinin surətindən müəyyən olunur ki, icarəyəverən 315 m2 torpaq sahəsini icarəçinin 1 il müddətinə müvəqqəti istifadəsinə vermişdir. İcarə müqaviləsinin 2-ci bəndindən müəyyən olunur ki, torpaq sahəsində heç bir əsaslı tikinti işlərinin aparılmaması müqavilənin xüsusi şərti kimi müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 11.06.2003-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisində istifadəsində olan 100 m2 torpaq sahəsi X1 ayrılmışdır. Bakı şəhəri Baytarlıq İdarəsi tərəfindən verilmiş 05.12.2014-cü il tarixli 0320 saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh (Binəqədi rayonu Binəqədi qəsəbəsi Binəqədi şossesi döngə-3 ünvanında yerləşən ət mağazası) Azərbaycan Respublikası Baytarlıq Haqqında Qanununa əsasən TMƏ 302 nömrəli identikləşdirmə kodu verilmişdir. Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin 07.10.2021-ci il tarixli **********88 saylı məktubundan müəyyən olunur ki, mülki iş üzrə mütəxəssis rəyinin təqdim edilməsi üçün tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyinin hazırlanması təmin edilmişdir. Azərbaycan Respublikası Tarif Şurasının 04.01.2021-ci il tarixli 02 nömrəli qərarına uyğun olaraq iş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc barədə tərtib olunmuş smetada nəzərdə tutulmuş xidmət haqqı ödəniləcəyi təqdirdə mütəxəssis rəyinin məhkəməyə göndərilməsi təmin ediləcəkdir. Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin 07.10.2021-ci il tarixli **********88 saylı məktubunun və smetanın surəti 13.10.2021-ci il tarixdə İddiaçı təqdim olunmuş, lakin iddiaçı xidmət haqqını ödəməsi barədə sübutunu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 97.5.-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə Ekspertizası Mərkəzinin 22.10.2021-ci il tarixli 10\3700 saylı rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq mütəxəssis rəyi mərkəzə təqdim olunmadığına görə qərardadın 1-3-cü suallarını cavablandırmaq mümkün olmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin iki tərəfdən yol ilə əhatə olunduğunu, torpaq sahəsinin daxilində mövcud olan tikilinin yerləşmə vəziyyətini nəzərə alaraq Cavabdeh istifadə etdiyi dəmir köşkün iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə girib-çıxmasına maneə yaratmadığı müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddiaçı Y.H.X2 ilə bağladığı 57 saylı 31.05.2004-cü il tarixli torpaq sahəsinin icarə müqaviləsinə əsasən istifadəsinə verilən 315 m2 torpaq sahəsində Cavabdeh tərəfindən dəmir köşk qoyularaq qanunsuz ətkəsimi üçün istifadə olunmasını, torpaq sahəsinin içərisində yerləşən köşkün yolu kəsdiyi üçün torpaq sahəsinə giriş-çıxışın mümkün olmadığını, torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi səbəbindən onun torpaq sahəsi ilə bağlı hüquqlarının kobud şəkildə pozulmasını iddia etsə də, bu halları məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmiş, iddia tələbində istinad olunan halların yoxlanılması məqsədi ilə iş üzrə təyin olunan ekspertizanın keçirilməsində iştirak etməməklə iddiaçı kimi iddia tələbində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsini yerinə yetirməmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla iddiaçının istifadəsində olan torpaq sahəsinin iki tərəfdən yol ilə əhatə olunduğu, torpaq sahəsinin daxilində mövcud olan tikilinin yerləşmə vəziyyətini nəzərə alaraq Cavabdeh istifadə etdiyi dəmir köşkün iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə girib-çıxmasına maneə yaratmadığı müəyyən olunmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin mövcud olması aşkar olunmadığından məhkəmə iddiaçının iş üzrə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsinə dair vəsatətini təmin etmir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı Biləcəri Bələdiyyəsinin hüdudları daxilində Xırdalan-Binəqədi yolunda istifadəsində olan 315 m2 torpaq sahəsində yerləşən dəmir köşkün cavabdehin hesabına sökülərək cavabdehin torpaq sahəsindən çıxarılmaqla torpaq sahəsinin boşaldılmasına dair iddia ərizəsi təmin edilməsin. İddiaçı iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar