Məhkəmə qərarları › İş №2(001)-2749/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2749/2021

03.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2749/2021 03.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh2 MMC-yə qarşı “pulun qaytarılması və vurulmuş mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1aya qarşı (Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhər Təhsil idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1adan 4.000 manat məbləğində pulun, 2.000 manat məbləğində mənəvi zərərin, ən azı 1.500 manat həcmində əldən çıxmış fayda kimi zərər üzrə kompensasiyanın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 7.530 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlərlə 28.08.2019-cu il tarixdə oğlu X6 təhsili haqqında müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə əsasən oğlu X9 2019-2020-ci il üçün Cavabdeh2 MMC-nin birinci sinifinə qeydiyyatdan keçmişdir. Nağd ödəmə şərtlərinə əsasən illik təhsil haqqını təşkil edən 5.720 manat məbləğində pul tam olaraq onun tərəfindən ödənilmişdir. Bu ilin 02.03.2020-ci il tarixində oğlunun təhsili dayandırılmışdır. Bundan sonra dərslərə dair heç bir hərəkət aparılmamışdır. Həmçinin, müqavilədə əyani təhsil nəzərdə tutulsa da, Liseyin rəhbərliyi təhsilin distant olacağını çox sonradan bildirmişdir. Halbuki, distantla bağlı hər hansı müddəa müqavilədə nəzərə tutulmamış və bununla bağlı onlara hər hansı bildiriş verilməmişdir. Tədrislə bağlı da narazıçılıq yaranmışdır. Belə ki, həmin tarixə kimi uşağa adi hecalama və zəif oxuma vərdişləri belə verilməmişdir. Onlara qalan təhsilin olmadığı dövr üçün pulun qaytarılmalı olması bildirildikdə isə onlar müxtəlif bəhanələrlə bundan imtina etmişdilər. Nəticədə ağır maddi vəziyyətə düşmüşdür. Bundan başqa, professional idman dərsləri vəd olunsa da, adi dərslər keçirilmişdir. İnformatika dərsi isə 2020-ci ilin yanvar ayından etibarən keçirilməmiş və müəllimə analıq məzuniyyətində olmasını səbəb kimi göstərsə də, bu dərslər keçirilmiş kimi qeyd olunmuşdur. Liseyin direktoruna bu barədə dəfələrlə iradlar bildirilsə də, bunun nəticəsi olmamış, idman dərsləri keçirilməmilş, uşaq isə heç bir oxu vərdişləri qazanmamışdır. Bununla da onlar əsassız varlanmışdılar və ödənilmiş pulu qaytarmayaraq ona ən azı 1.500 manat məbləğində əldən çıxmış fayda kimi zərər vurmuşdular. Həmçinin, rəsm və ingilis dərsləri haqqında onlara heç bir məlumat verilməmişdir. Dəfələrlə bu dərslər haqqında məlumat əldə etmək istəsə də, ona məlumat verilməmişdir. Məlum pandemiya dövründə onunla yalnız 2020-ci ilin may ayının sonunda əlaqə saxlanılmış, lakin o, internet imkanları üçün texniki dəstəyinin olmadığını bildirdikdə, onlar bu halın onlara aid olmadığını qeyd etmişlər. Uşağın 1-ci sinif şagirdi olması nəzərə alınmamış, nəticədə fiziki aktivlik tələb edən dərslər düzgün bölüşdürülmədən rəqs və idman dərsləri ardıcıl şəkildə təyin edilmişdir. Bu da uşağın psixoloji olaraq yorulmasına səbəb olmuşdur. Bununla da ona 2.000 manat məbləğində mənəvi ziyan vurulmuşdur. Eyni zamanda, dəfələrlə bu barədə müraciət etməsinə baxmayaraq, uşağın təhsil aldığı sinifdə açıq dərs təşkil edilməmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi, o cümlədən Cavabdeh1anı cavabdehlər sıyahısından, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhər Təhsil idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər sıyahısından çıxarılması barədə ərizə təqdim edərək, Cavabdeh2 MMC-dən 1.906 manat məbləğində pulun, 500 manat məbləğində mənəvi zərərin və 30 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5082/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh2 MMC-dən İddiaçı xeyrinə 1.906 manat məbləğində pulun, 500 manat məbləğində mənəvi zərərin və 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Bundan sonra Cavabdeh2 MMC məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin qiyabi qətnaməsinin ləğv edilməsini və mülki iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2749/2020 saylı, 19 fevral 2021-ci il tarixli qərardadı ilə Cavabdeh2 MMC-nin ərizəsi təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5082/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh2 MMC-yə qarşı “pulun qaytarılması” tələbinə dair mülki iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin və tələbinin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, uşağına tədris edilən müxtəlif dərslərdə iştirak etmək üçün açıq dərslərin keçirilməsi xahişi ilə dəfələrlə cavabdehə müraciət etsə də, hər dəfə müxtəlif bəhanələrlə üzləşmiş və nəticədə açıq dərslər keçirilməmişdir. 2020-ci ilin yanvar ayından etibarən informatika dərsi tədris edilməmiş, uşaq əlavə dərslərə cəlb edilməmiş, rəsm dərslərinin nəticəsi olaraq uşağının çəkdiyi bir şəkil belə mövcud deyil. Verilmiş vədə uyğun olaraq xüsusi idman dərsləri də keçirilməmişdir. Həmçinin, tədris prosesinə türk dilli Sayıt xoca adlı şəxs cəlb edilmişdir ki, onun uşağı türk dilini ümumiyyətlə bilmir və bu baxımdan dərsi başa düşməmişdir. Uşağının təhsil aldığı müəssisəni dəyişərkən cavabdehdən uşağa aid portfoliyanı, yəni uşağın tədrisi ilə bağlı şəxsi məlumatları tələb etsə də, ona portfoliya təqdim edilməmişdir. Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə həyata keçirilmiş tədbirlər çərçivəsində cavabdeh distant təhsilə keçməsinə baxmayaraq, ona bu barədə məlumat verilməmiş və nəticədə uşaq 02.03.2020-ci il tarixdən etibarən tədrisə cəlb edilməmiş, yalnız 16.05.2020-ci il tarixdə cavabdehin əməkdaşı ona zənq edərək, uşaqla maraqlanmış və təhsilin distant olması barədə ona məlumat vermişdir. Həmin vaxt internet imkanı üçün texniki dəstəyinin olmadığını bildirməsinə baxmayaraq, liseydən bu halın onlara aid olmadığı qeyd edilmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazım olan səviyyədə yerinə yetirmiş və müəyyən edilmiş bütün, o cümlədən informatika, ingilis dili, rəsm, idman və sair dərslər tələb olunan səviyyədə təşkil və tədris edilmişdir. İnformatika müəllimi qismində fəaliyyət göstərən X3 isə 01.05.2020-ci il tarixdə rəsmi olaraq hamiləliyə görə məzuniyyətə çıxmışdır. Həmin tarixədək müəyyən edilmiş vaxtlarda öz fənnini tədris etmişdir. 02.03.2020-ci il tarixdən isə Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə həyata keçirilmiş tədbirlər çərçivəsində Liseydə distant təhsil təşkil edilmiş və bu barədə liseyin bütün şagirdlərinə, o cümlədən iddiaçı tərəfə məlumat verilməklə tədris ilinin sonunadək dərslər onlayn rejimdə keçirilmiş, iddiaçının da bundan xəbəri olmuş, lakin iddiaçı tərəf öz təşəbbüsü ilə bu formada təşkil edilmiş tədrisdə iştirak etməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 28.08.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçının oğlu X7 1-ci sinifə qəbul etməyi və onun 1-ci sinif üçün nəzərdə tutulmuş tədris proqramına uyğun tədrisini təşkil və təmin etməyi, cavabdeh isə müqavilənin şərtlərinə uyğun olaraq, uşağın tədrisinə dəstək verməyi və illik tədris haqqını ödəməyi öhdəsinə götürmüşdür. İllik tədris haqqı 7.200 manat təşkil etməsinə baxmayaraq, nağd ödəmə şərtlərinə əsasən illik tədris haqqının 5.720 manat məbləğində müəyyən edilməsinə dair tərəflər razılığa gəlmişlər və bu məbləğ iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Tədris ili 15.09.2019-cu – 15.06.2020-ci il tarixləri əhatə edir. Hazırda iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, liseydə tədrisin tələb olunan səviyyədə təşkil olunmadığını, uşağa adi hecalama və zəif oxuma vərdişlərinin belə verilmədiyini, buna baxmayaraq uşağın əlavə dərslərə cəlb edilmədiyini, professional idman dərslərinin keçirilməsi vəd olunsa da, adi idman dərslərinin keçirildiyi, 2020-ci ilin yanvar ayından etibarən müəllimin analıq məzuniyyətində olması əsası ilə informatika dərsinin keçirilmədiyini, buna baxmayaraq, bu dərslərin keçirilmiş kimi qeyd olunduğunu, rəsm və ingilis dili dərsləri haqqında ona heç bir məlumatın verilmədiyini, dəfələrlə bu dərslər haqqında məlumat əldə etmək istəsə də, əldə edə bilmədiyini, uşağına tədris edilən müxtəlif dərslərdə iştirak etmək üçün açıq dərslərin keçirilməsi xahişi ilə dəfələrlə cavabdehə müraciət etsə də, hər dəfə müxtəlif bəhanələrlə üzləşdiyini, nəticədə açıq dərslərin keçirilmədiyini, rəsm dərslərinin nəticəsi olaraq uşağının çəkdiyi hər hansı şəkilin mövcud olmadığını, tədris prosesinə türk dilli Sayıt xoca adlı şəxsin cəlb edildiyini və onun uşağının türk dilini ümimiyyətlə başa düşməməsi səbəbindən onun tədris etdiyi dərsi başa düşmədiyini, Liseydə 02.03.2020-ci il tarixdən əyani təhsilin dayandırılmasına və təhsilin distant formada davam etdirilməsinə baxmayaraq, bu barədə ona yalnız 16.05.2020-ci il tarixdə telefon vasitəsi ilə məlumat verildiyini, həmin vaxt onun internet imkanı üçün texniki dəstəyinin olmadığını bildirməsinə baxmayaraq, liseydən bu halın onlara aid olmadığının qeyd edildiyini, distant təhsillə bağlı müqavilədə hər hansı bəndin nəzərədə tutulmadığını, uşağının təhsil aldığı müəssisəni dəyişərkən onlardan qalan təhsilin olmadığı dövr üçün pulun qaytarılması tələb edildikdə, müxtəlif bəhanələrlə bundan imtina etdiklərini, bunun nəticəsində ona maddi və mənəvi zərərin vurulduğunu bildirir və uşağın tədrisə cəlb edilmədiyi müddət üçün müəyyən edilmiş 1.906 manat məbləğində pulun, habelə 500 manat məbləğində mənəvi zərərin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazım olan səviyyədə yerinə yetirildiyini və müəyyən edilmiş bütün, o cümlədən informatika, ingilis dili, rəsm, idman və sair dərslərin tələb olunan səviyyədə təşkil və tədris edildiyini, informatika müəllimi qismində fəaliyyət göstərən X1 01.05.2020ci il tarixdə rəsmi olaraq hamiləliyə görə məzuniyyətə çıxdığını, həmin tarixədək müəyyən edilmiş vaxtlarda öz fənnini tədris etdiyini, 02.03.2020-ci il tarixdən isə Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə həyata keçirilmiş tədbirlər çərçivəsində Liseydə distant təhsilin təşkil edildiyini və bu barədə liseyin bütün şagirdlərinə, o cümlədən iddiaçı tərəfə məlumat verilməklə tədris ilinin sonunadək dərslərin onlayn rejimdə keçirildiyini, iddiaçının da bundan xəbərinin olduğu, lakin iddiaçı tərəfin öz təşəbbüsü ilə bu formada təşkil edilmiş tədrisdə iştirak etmədiyini bildirir və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, qed edir ki, hər kəs üçün məlum olan bir haldır ki, Dünyada və buna uyğun olaraq, Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə həyata keçirilmiş tədbirlər çərçivəsində ümumtəhsil müəssisələrində müəyyən müddətlərdə əyani təhsil dayandırılmışdır (hətta X2 “COVİD-19-un yayılması ilə əlaqədar təhsil müəssisələrində sağlamlığın qorunması tədbirlərinə dair tövsiyələr”i və Azərbaycan Respublikasında COVİD-19 infeksiyasına qarşı aparılan profilaktik və epidemioloji tədbirlər üzrə əldə edilmiş təcrübələr əsasında “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” hazırlanaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.08.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmişdir). Digər təhsil müəssisələri kimi, Cavabdeh2 MMC-də 02.03.2020-ci il tarixdən əyani tədrisi dayandırmış və tədris prosesini distant formada davam etdirmişdir. Lakin iddiaçı 02.03.2020-ci il tarixdən sonra tədris prosesini distant formada davam etməsinə baxmayaraq, cavabdeh tərəfindən ona (uşağına) bu barədə məlumat verilmədiyini, uşağın bu tədrisə cəlb edilmədiyini və yalnız 16.05.2020-ci il tarixdə telefon vasitəsi ilə ona tədrisin distant formada keçirilməsi barədə məlumat verildiyini bildirilir. Cavabdeh bu halı etiraf etmir və iddiaçı tərəfin tədris prosesinin onlayn formada keçirilməsi barədə məlumatının olduğunu, lakin iddiaçı tərəfin öz təşəbbüsü ilə bu formada təşkil edilmiş tədrisdə iştirak etmədiyini qeyd edir. Liseydə 02.03.2020-ci il tarixdən sonra dərslərin distant formada keçirilməsi və iddiaçının uşağının həmin dərslərdə iştirak etməməsi işin mübahisəsiz halıdır. Belə olan halda, hər iki tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli idi. Lakin iddiaçının mövqeyi onun uşağının distant formada keçirilmiş dərslər barədə məlumatlı olmaması və məhz bu səbəbdən bu dərslərdə iştirak etməməsi ilə bağlıdır. Bu baxımdan cavabdeh 02.03.2020-ci il tarixdən sonra Liseydə dərslərin distant formada keçirilməsi barədə iddiaçı tərəfin məlumatlı olmasını, lakin öz təşəbbüsü ilə bu formada təşkil edilmiş dərslərdə iştirak etmədiyini sübut etməli idi. Belə ki, cavabdeh tədrisin bu formada davam etdirilməsi barədə iddiaçı tərəfə rəsmi məktub (bildiriş) və ya telefon vasitəsi ilə (zəng, şəxsi nömrəyə sms, ümumi whatssap qrupuna sms və sair) məlumat verməli, iddiaçı tərəfin bu dərslərdə iştirak etməməyinin səbəblərini, o cümlədən ümumiyyətlə məlumatlı olub-olmamasını, öz iradəsinə uyğun olaraq iştirak edibetmədiyini araşdırmalı, bu tədbirlər çərçivəsində valideynlə əlaqə saxlanılmalı və nəticələr rəsmiləşdirməlidir. Lakin cavabdeh iddiaçı tərəfin dərslərin distant keçirilməsi barədə məlumatlı olmasını bildirsə də, bu halı, o cümlədən uşağın iddiaçının iradəsinə əsasən dərslərdə iştirak etməməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Hər bir halda, iddiaçı tərəfə bu barədə məlumat verilmişdirsə, cavabdeh bununla bağlı aidiyyəti sübutları, o cümlədən məktubu, sms yazışmanı, habelə iddiaçı tərəfin müvafiq ərizəsini məhkəməyə təqdim edə bilməmişdir. Əyani tədrisin dayandırıldığı 02.03.2020-ci il tarixdən sonra iddiaçının etiraf etdiyi 16.05.2020-ci il tarixədək cavabdeh tərəfin iddiaçının uşağının distant dərslərə cəlb edilməsinə yönəlmiş hər hansı bir hərəkət etməsi müəyyən edilmir. Beləliklə, məhkəmə yuxarıda göstərilən və digər aidiyyəti müddəaların tələblərini əsas götürüb, aparılmış araşdırmanın nəticələrini rəhbər tutub, belə qənaətə gəlir ki, Cavabdeh2 MMC İddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçının uşağını 02.03.2020-ci il tarixdən sonra təşkil edilmiş distant dərslərə cəlb etməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, iddiaçıya vurduğu maddi zərərin əvəzini ödəməlidir. Məhkəmə onu da qeyd edir ki, müqaviləni şərtlərinə əsasən İstanbul liseyinin tələblərinə uyğun olaraq qeydiyyata alınan şagird tədris ilinin sonuna qədər tədris ocağını dəyişə bilməz. Tədris ocağını dəyişmək istədiyi halda ödənilən məbləğ geri qaytarılmır. Bu müddəa ümumi qaydada təsbit edilsə də, onun məzmunu şagirdin tədris ilinin sonuna qədər əsasından asılı olmayaraq, yəni hər bir halda tədris müəssisəsini tərk etdiyi halda tədris haqqının qaytarılmaması kimi təfsir edilə bilməz. Belə ki, tədrisə cəlb edilmiş iddiaçının oğlu müqavilənin şərtlərinə uyğun olaraq 2020-ci ilin 15 iyun tarixinə kimi 1-ci sinif proqramına uyğun tədrisə cəlb edilməli idi. Lakin buna baxmayaraq, iddiaçı tərəf 02.03.2020-ci il tarixdən sonra 16.05.2020-ci il tarixədək təşkil edilmiş distant tədris barədə məlumatlandırılmamış və həmin formada təşkil edilmiş dərslərə cəlb edilməmişdir. Bu səbəbdən cavabdeh ödənilmiş illik təhsil haqqının tədrisə cəlb edilmədiyi 16.03.2020-ci il tarixdən – 16.05.2020-ci il tarixədək dövrü üçün hesablanmış hissəsini geri tələb etməkdə haqlıdır və bu dövr üçün nəzərdə tutulmuş təhsil haqqı, yəni (5.720 / 9 ay = 635,56 x 2 ay = 1.271,12) 1.271,12 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, təhsil haqqının 16.05.2020-ci il tarixdən 15.06.2020-ci il tarixədək dövr üçün hissəsinin qaytarlması ilə bağlı qeyd edir ki, telefon zəngi istisna olmaqla bu tarixdən sonra da iddiaçının uşağının tədrisə cəlb edilməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı tədbir görülməmiş, distand dərslərin keçirilməsi vaxtı və qaydası barədə iddiaçı tərəfə məlumat verilməmiş və iddiaçının uşağının dərslərdə iştirak etməməsinin məhz iddiaçının iradəsinə bağlı olması araşdırılmamışdır. Mövcud vəziyyətdə belə qənaətə gəlmək olur ki, cavabdeh iddiaçının uşağının distant dərslərdə iştirakının təmin edilməsində ümumiyyətlə maraqlı olmamış, 16.05.2020-ci il tarixdə bir dəfə zəng etməklə kifayətlənmiş (bununla bağlı başqa sübut olmadığından məhkəmə iddiaçının etirafı ilə kifayətlənmək məcburiyyətindədir) və nəticə etibarı ilə iddiaçının uşağının bu dərslərdə iştirak edibetməməsini onun mülahizəsinə buraxmış, bu zaman uşağın 1-ci sinifin tədris proqramını tam mənimsəməsinə və növbəti, yəni 2-ci sinifdə həmin ilin tədris proqramını mənimsəməkdə əziyyət çəkəcəyinə məhəl qoymamışdır (həm uşaq, həm də müəllimlər). Hər bir halda, müqavilə tərəfi olan və həm həmin müqaviləyə, həm də bu sahəni tənzimləyən təhsil qanunvericiliyinin tələblərinə uyğun olaraq keyfiyyətli təhsil vermək vəzifəsi daşıyan və uşağın fasiləsiz təhsil almaq hüququnun təminatçısı qısmində çıxış edən cavabdeh bu məsələyə belə laqeyd yanaşmamalı, iddiaçının uşağının tədrisə cəlb edilməsi üçün bütün zəruri tədbirləri görməli idi. Həm əyani, həm də distant formada təşkil edilmiş dərslərdə iddiaçının uşağının iştirakının məcburi xarakter daşıması və bu baxımdan cavabdehin məcbur etmə fəzifəsinə malik olması, onun tərəfindən yuxarıda qeyd edilən tədbirlərin görülməsini bir mənalı şəkildə şərtləndirir. Digər tərəfdən nəzərə alınmalıdır ki, 16.05.2020-ci il tarixdə iddiaçı telefonla olsa da, dərslərin distant keçirilməsi barədə artıq məlumat əldə etmişdir. Bu baxımdan iddiaçı özü də uşağın distant dərslərə cəlb edilməsi üçün tədbirlər görə bilərdi. Lakin iddiaçının bununla bağlı cavabdehə rəsmi müraciət etməsi, bu formada keçirilən dərslərə cəlb edilməsi qaydasının öyrənilməsi üçün cəhd etməsi aşkar edilməmişdir. İddiaçı özü də bildirir ki, həmin tarixdə internet üçün texniki dəstəyi olmamışdır. Bununla belə, məhkəmə Mülki Məcəllənin 458-ci maddəsinin tələblərinə istinadən hesab edir ki, 16.05.2020-ci il tarixdən sonra uşağın distant dərslərdə iştirak etməməsi hər iki tərəfin təqsiri üzündən baş vermiş və bununla belə, cavabdehin məsuliyyətinin ölçüsü azaldılmalı, 16.05.2020-ci il tarixdən - 14.06.2020-ci il tarixədək dövr üçün hesablanmış 635,56 manat pulun yarısı, yəni (635,56 / 2 = 317,78) 317,78 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iddiaçının uşağın distant dərsə cəlb edilməməsi səbəbindən həmin dövr üçün nəzərdə tutulmuş təhsil haqqını geri istəməsinə baxmayaraq, hər bir halda onun izahatına istinadən onu da qeyd edir ki, tərəflər arasında bağlanmış 28.08.2019-cu il tarixli müqavilədə tələbənin akademik və fərdi inkişafını dəstəkləyəcək dərs sonrası məşğələlərə qalmaq, valideynin (iddiaçının) isə övladının təhsili ilə bağlı bütün mövzularda, habelə məktəbdəki inkişaf prosesi ilə bağlı məlumat almaq hüquqları təsbit edilmişdir. Bu hüquqlar da öz növbəsində həmin məsələlərlə bağlı cavabdehin tələbə və valideyn qarşısında vəzifələrini yaratmış olur və bu vəzifələrindən irəli gələrək aidiyyəti işlərin, o cümlədən dərs sonrası məşgələlərin təşkilini zəruri edir. Nəzərə alınmalıdır ki, müqavilədə dərs sonrası məşğələlərdə iştirak etmək tələbin və valideynin (iddiaçının) vəzifəsi kimi təsbit edilmişdir. Müqaviləyə əlavə edilmiş ““İsranbul” Liseyinin hər şagird üçün qarşıladığı ehtiyaclar” adlı əlavədə cavabdeh öz üzərinə zəruri olduğu halda şagirdin zəif olduğu fənlərdən həftə sonu əlavə dərslərin (şahmat, idman, rəqs və rəsm) təşkili vəzifəsini də götürmüşdür. Lakin bu istiqamətdə də cavabdeh tərəfindən hər hansı işlərin görüldüyü müəyyən edilməmişdir. 2020-ci ilin yanvar-fevral aylarında informatika dərsinin keçirilməsi ilə bağlı da cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Türk dilli müəllimin azərbaycan dilini yeni mənimsəyən 1-ci sinif şagirdlərinin tədrisinə cəlb edilməsi də keyfiyyətli təhsilin verilməsi baxımından səmərəli hesab edilə bilməz. Məhkəmə iddia tələbinin “vurulmuş mənəvi zərərin əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki məsələ ilə bağlı mənəvi istirablar keçirməsini sübuta yetirə bilməmiş, mənəvi sarsıntılar keçirməsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Ümumiyətlə ona mənəvi zərərin vurulmasını dərslərin düzgün bölüşdürülməməsi nəticəsində uşağının psixoloji olaraq yorulması ilə əlaqələndirmişdir. Bu səbəbdən iddia tələbi "vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi" hissəsində əsassız hesab edilməklə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 MMC-dən İddiaçı xeyrinə (1.271,12 + 317,78 = 1.588,90) 1.588,90 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 MMC-dən İddiaçı xeyrinə 1.588,90 (bir min beş yüz səksən səkkiz manat, doxsan qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar