Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2770/2021 18.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdehlər Azərişıq ASC-yə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı toprağın sahibliyinə qaytarılmasına, vurulmuş 11200 manat maddi ziyan, 30000 manat mənəvi ziyan olmaqla cəmi 41200 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Azərişıq ASC-yə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı toprağın sahibliyinə qaytarılmasına, vurulmuş 11200 manat maddi ziyan, 30000 manat mənəvi ziyan olmaqla cəmi 41200 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 22.09.2006-cı il tarixli 1436 saylı sərəncamı ilə bələdiyyənin ərazi hüdudlarında Bakı şəhər sakiniləri X1 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 600 m2 torpaq sahəsinin sahiblik və istifadə hüquqlarının X2 adına keçirilməsi qərara alınmışdır. Həmin vaxtdan etibarən torpaq sahəsi İddiaçı istifadə və sahibiliyindədir. 2007-ci ildən başlayaraq iddiaçı özünə məxsus torpaq sahəsində tikinti işləri aparmış, qeyri-yaşayış sahəsi inşa etmiş, həmin sahədən 2010-2016-cı illərdə anbar kimi istifadə olunmuşdur. Həmin ünvanda yaşayış sahəsi olmamışdır. Daha sonra iddiaçıya məlum olmuşdur ki, ona məxsus qeyri-yaşayış sahəsi 2019-2020-ci illərdə Azərişıq ASC-nin əməkdaşları tərəfindən sökülmüşdür. Tikintinin kim tərəfindən sökülməsinə dair iddiaçının sübutu olmasa da, həmin ərazidə Azərişıq ASC tərəfindən tikinti işləri aparıldığından iddiaçı hesab edir ki, onun inşa etdiyi qeyri-yaşayış sahəsini də Azərişıq ASC-nin əməkdaşları sökmüşlər. Nəticədə iddiaçıya 15000 manatadək ziyan dəymişdir. Belə ki, 6000 daş – 50 qəpik – 3000 manat, sement -100 kisə -5 manat- 600 manat, qum -400 manat, su çəni - 1 tonluq -1000 manat, 5 kub taxta - 1500 manat, qapı-pəncərə - 500 manat, 100 ədəd şifer - 800 manat, darvaza - 500 manat, bünövrə -1000 manat, usta haqqı -200 manat, istifadə olunan su -300 manat, bel, mismar, vedrə -100 manat, traktor -300 manat, tikinti materiallarının daşınması -250 manat, mühafizə -750 manat. İddiaçı X26 Şirkəti cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı, 3-cü şəxs İddiaçı işə cəlb edilməklə Binəqədi qəsəbə Bələdiyyəsinin 749 saylı 18.03.2004-cü il tarixli qərarı Sazişin qüvvəyə mindiyi 15.05.2005-ci il tarixdən qüvvədən düşdüyündən, həmin Bələdiyyə qərarı ilə X3, Dövlətin müstəsna ifadəsində saxlanılan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan və Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı, 29.04.2005-ci il tarixili Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilərək, Qanun statusu almış Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişlə neft-qaz əməliyyatlarının aparılması üçün, X26 şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüquqları daxilində, 2 saylı mədənin 7-ci sahəsində, 271194, 271545, 271546, 271547, 271548, 232500, 231409 saylı neft quyularının təhlükəsizlik zolağı daxilində ayrılmış 600 m2 torpaq sahəsinin X2 adına keçirilməsi barədə Binəqədi qəsəbə Bələdiyyəsinin 1436 saylı, 22.09.2006-cı il tarixli sərəncamının etibarsızlığının tsnmması barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Məhkəmə № 2-1(81)-l177/2017 saylı qərardadına əsəsəna iddia tələbi mümkün sayılmamışdır. Eyni zamanda iddiaçıya məxsus torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Azərişıq ASC-yə müqavilə əsassında verilmişdir. Ona görə də, torpağın iddiaçının sahibliyinə qaytarılmasına, vurulan 11200 manat maddi ziyan və 30000 manat mənəvi ziyan olmaqla cəmi 41200 manatın cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X8 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X26 Şirkəti tərətindən həmin torpaq sahəsində söküntü işləri aparılmadığından vurulmuş ziyan tələbinin onlara aidiyyəti yoxdur. Binəqədi qəsəbə Bələdiyyəsinin 22.09.2006-cı il tarixli 1436 nömrəli sərəncamına əsasən ayrılmış və UTM WGS 84 koordinat sistemində X 402891,570, 402886,572, 402856,230, 402862,428; Y 4481958,543, 4481937,799, 4481945,847, 4481965,841 koordinatlarda olan torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində olmuş və daha sonra Azərbaycan Respublikasının 29.04.2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Binəqədi, Qırınəki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişə əsasən, X26 Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Həmçinin iddia ərizəsində qeyd olunduğu kimi, X26 Şirkəti tərəfindən sözügedən qərarın ləğvi tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunmuş və Bakı Apellyasiya Məhkəməsinin 01.06.2017-ci il tarixli 2-1(103)- 1383/2017 nömrəli Qərardadı ilə Sazişin təsdiq edildiyi yuxarıda qeyd olunan Qanunun 4cü maddəsinə əsasən, artıq həmin qərarın Qanunla ləğv olunduğu əsas gətirilərək, iddia mümkünsüz sayılmışdır. Belə ki, qeyd olunan Qanunun 4-cü bəndində göstərilir ki, Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafıq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin payiştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Həmçinin, Sazişin 25.1-ci bəndi ilə tövsif olunmuşdur ki, ... bu Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan-fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur, (bu Sazişdə konkret olaraq başqa cür göstərilən hallar istisna olmaqla). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının 02.11.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.05.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neftqaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Torpaq islahatı haqqında Qanunun 6-cı maddəsinə əsasən, Dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Qanunvericiliyin və Sazişin qeyd olunan bəndləri və eləcə də torpaq sahəsinin iddiaçıya ayrılması barəsində olan qərarının tarixinin Qanunun qəbul olunduğu tarixdən sonrakı dövürə təsadüf etməsi, həmin qərarın qanunsuz olduğunu və hüquqi əhəmiyyət kəsb etmədiyini bir daha sübut edir. Saziş üzrə ərazinin bu və ya digər formada özgəninkiləşdirilməsi həmin ərazidə Saziş üzrə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə maneələr yaradır, eyni zamanda dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin qanunsuz olaraq ayrılması halları SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, vətəndaşların əsassız kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Ona görə də Azərbaycan Respublikası qanunvericiliyinin qeyd olunan normalarını, həmçinin dövlət maraqlarını, Hökumət təminatını rəhbər tutaraq Məhkəmədən, İddiaçı iddiasının qanunsuz və əsassız olduğu üçün rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərişıq ASC-nin nümayəndəsi X11 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Socarın Azərişıq ASC-yə ünvanladığı 24.08.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Azərişıq ASC yeni yarımstansiyanın tikintisi məqsədilə Binəqədi-Mehdiabad yolunun kənarında 120x75 metr ölçüdə torpaq sahəsinin ayrılması barədə 20.07.2020-ci il tarixli 01/11/1507 nömrəli məktubuna Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində baxılmış, ayrılması təklif olunan torpaq sahəsinin Socarın daimi istifadəsində olan sənaye təyinatlı torpaqlara aid olmaqla, Azərbaycan Respublikasının 29.04.2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişə əsasən neft-qaz əməliyyatlarının aparılması üçün X26 Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Saziş müddətinə istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir. Həmin məktubla Socar cizgisi məktuba əlavədə verilmiş 0,78 ha torpaq sahəsinin 110 kv-luq yarımstansiyasının tikintisi üçün ayrılmasına, eləcədə 220 kv-luq Böyük Şor yarımstansiyasından 110 kv-luq elektrik xəttinin bu məktuba əlavədə verilmiş texniki şərtlərə uyğun olaraq və istismarçı qurumların mütəxəssislərinin iştirakı ilə çəkilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra torpaq sahəsi Azərişıq ASC-nin istifadəsinə verilmişdir. Torpaq sahəsi Azərişıq ASC-yə verilərkən orada hər hansı bir tikili olmamışdır. Onda olan məlumata əsasən bütün tikililər X26 Şirkətinin əməkdaşları tərəfindən sökülmüşdür. Azərişıq ASC-nin əməkdaşları iddiaçıya məxsus hər hansı bir tikilini sökmədiklərindən, iddiaçının torpağa dair hüquq müəyyənedici sənədi olmadığından iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərişıq ASC-nin nümayəndəsi X18 digər nümayəndə X4 izahatını təsdiq etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 22.09.2006-cı il tarixli 1436 saylı sərəncamının surətindən görünür ki, Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudlarında Bakı şəhər sakinləri X9 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincisinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 600 m2 torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini İddiaçı adına keçirilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.12.2015-ci il tarixli 2-1(81)-1419\2015 saylı qərardadından müəyyən olunur ki, iddiaçı X26 Şirkətinin cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı 3-cü şəxs İddiaçı işə cəlb edilməklə cavabdehin İddiaçı istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 1436 saylı 22.09.2006-cı il tarixli sərəncamının etibarsız hesab edilməsinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan daha sonra müəyyən olunur ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən daxil olmuş mütəxəssis rəyinə əsasən Binəqədi qəsəbə Bələdiyyəsinin 1436 saylı 22.09.2006-cı il tarixli sərəncamı ilə İddiaçı ayrılmış 600 m2 topraq sahəsinin yerləşdiyi coğrafi kordinatların Saziş blokunun kontrakt sahəsinin coğrafi kordinatları daxilində yerləşdiyi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15.02.2016-cı il tarixli 2-1(103)-530\2016 saylı qərardadından müəyyən olunur ki, X26 Şirkətinin apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.12.2015-ci il tarixli 2-1(81)-1419\2015 saylı qərardadı dəyişdirlmədən qüvvədə saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24.05.2016-cı il tarixli 2-1(102)-817\2016 saylı qərarından müəyyən olunur ki, X26 Şirkətinin kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin 15.02.2016-cı il tarixli 2-1(103)-530\2016 saylı qərardadı dəyişdirilmədən saxlanmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.03.2017-ci il tarixli 2-1(81)-1177\2017 saylı qərardadından müəyyən olunur ki, iddiaçı X26 Şirkətinin cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı 3-cü şəxs İddiaçı işə cəlb edilməklə Binəqədi qəsəbə Bələdiyyəsinin 749 saylı 18.03.2004-cü il tarixli qərarı Sazişin qüvvəyə mindiyi 15.05.2005-ci il tarixdən qüvvədən düşdüyündən, həmin Bələdiyyə qərarı ilə X5, Dövlətin müstəsna istifadəsində saxlanılan sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan və Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı, 29.04.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilərək, Qanun statusu almış Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişlə neft-qaz əməliyyatlarının aparılması üçün X26 Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində, 2 saylı mədənin 7-ci sahəsində, 271194, 271545, 271546, 271547, 271548, 232500, 231409 saylı neft quyularının təhlükəsizlik zolağı daxilində ayrılmış 600 m2 torpaq sahəsinin İddiaçı adına keçirilməsi barədə Binəqədi qəsəbə Bələdiyyəsinin 1436 saylı, 22.09.2006-cı il tarixli sərəncamının etibarsızlığının tanınmasına dair iddia tələbi qeyri-mümkün sayılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 01.06.2017-ci il tarixli 2-1(103)-1383\2017 saylı qərardadından müəyyən olunur ki, X26 Şirkətinin apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.03.2017-ci il tarixli 2-1(81)-1177\2017 saylı qərardadı dəyişdirlmədən qüvvədə saxlanmışdır. Binəqədi RPİ-nin 43-cü PB-nin baş təhqiqatçısı E.Abbaszadənin 17.01.2021-ci il tarixli qərarından müəyyən olunur ki, X6 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan daha sonra müəyyən olunur ki, ünvan 1 ünvanında yaşayan X12 07.01.2021-ci il tarixdə saat 12:09 radələrində DİN-in 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 4 yol adlandırılan ərazidə ona məxsus torpaq sahəsinin Caspia şirkəti tərəfindən zəbt olunması barədə məlumat vermişdir. Ərizəsində və alınmış izahatında T.C.Nəsibov göstərmişdir ki, 20.09.2006-cı il tarixdə X7 adına olan və Binəqədi qəsəbə Bələdiyyəsinin 18.03.2004-cü il tarixli 749 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədən ərazisində yerləşən 600 m2 torpaq sahəsini almış, sonradan isə sözügedən torpaq sahəsini Bələdiyyənin 22.09.2006-cı il tarixli 1436 nömrəli sərəncamı ilə İddiaçı adına rəsmiləşdirmişdir. Daha sonra aldığı torpaq sahəsində ayrı-ayrılıqda 6 otaq inşa etdirmiş, 2009-cu ildə Binəqədi Oyl şirkətinin əməkdaşları qeyd edilən torpaq sahəsi üzərində inşa etdirdiyi tikilələrə sənədinin olmamasını zənn edib səhvən tikililəri sökmüş, daha sonra ondan üzr istəmişlər. 2015-ci ildə isə Binəqədi Oyl Şirkəti onu məhkəməyə vermiş, İqtisad Məhkəməsində işə baxılsa da, qərar onun xeyrinə şıxarılmış, qərardan narazı qalan Binəqədi Oyl Şirkəti Apellyasiya Məhkəməsində işə təkrar baxılması üçün müraciət etsə də, Apellyasiya Məhkəməsi də qərarı qüvvəsində saxlamışdır. Şirkətin şikayəti Ali Məhkəmə tərəfindən də, təmin edilməmişdir. Binəqədi Oyl Şirkətinin müxtəlif məhkəmə instansiyalarında sözügedən mübahisəli torpaq sahəsi ilə bağlı tələbləri təmin edilməsə də 06.01.2021-ci il tarixdə saat 21 radələrində nəzarəti etibarnamə ilə ona həvalə edilmiş adı çəkilən torpaq sahəsinə baş çəkməyə getdiyi zaman Azərişıq ASC-nin əməkdaşlarının ona məxsus torpaq sahəsi də daxil olmaqla yanaşı ətraf torpaq sahələrində inşa işləri aparmaq üçün həmin əraziyə inşaat materialları gətirib boşaltmalarını görmüş, bu səbəbdən də orada çalışan işçilərdən hansı əsasla ona məxsus torpaq sahəsinə daxil olmalarını, xəbər alarkən, sonuncular həmin sahənin Socar tərəfindən Azərişıq ASC-nin balansına verildiyini, həmin topraq sahəsində yeni elektrik qovşağının inşa ediləcəyini ona bildirmişlər. O, mübahisəyə aydınlıq gətirilməsi üçün həmin şəxslərdən işi müvəqqəti dayandırmalarını xahiş etmiş, lakin sonuncular tərəfindən onun xahişləri nəzərə alınmadığından o, 07.01.2021-ci il tarixdə məcbur olub DİN-in 102 xidmətinə zəng etmişdir. Socarın Azərişıq ASC-yə ünvanladığı 24.08.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Azərişıq ASC yeni yarımstansiyanın tikintisi məqsədilə Binəqədi-Mehdiabad yolunun kənarında 120x75 metr ölçüdə torpaq sahəsinin ayrılması barədə 20.07.2020-ci il tarixli 01/11/1507 nömrəli məktubuna Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində baxılaraq müəyyən edilmişdir ki, ayrılması təklif olunan torpaq sahəsi Socarın daimi istifadəsində olan sənaye təyinatlı torpaqlara aid olmaqla, Azərbaycan Respublikasının 29.04.2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişə əsasən neft-qaz əməliyyatlarının aparılması üçün X26 Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Saziş müddətinə istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Odur ki, baxılması üçün Əməliyyat Şirkətinə göndərilmişdir. Əməliyyat Şirkəti Socara ünvanladığı cavabında Azərişıq ASC-nin müraciətində qeyd olunmuş torpaq sahəsinin Kontrakt sahəsindən ayrılmasını mümkün hesab etmişdir. Sözügedən torpaq sahəsi daxilində Binəqədi yatağında qazılmış 5(beş) ədəd ləğv olunmuş neft-qaz quyuları mövcuddur. Eyni zamanda bildirilir ki, yeni 110 kv-luq yarımstansiyasının tikintisi ilə əlaqədar 220 kv-luq Böyük Şor yarımstansiyasından 110 kvluq elektrik xəttinin çəkilməsi planlaşdırılan trasın Socarın müəssisələrinə məxsus kommunikasiya xətləri ilə kəsişmələri və paralel çəkilişi alınır. Odur ki, Socar cizgisi bu məktuba əlavədə verilmiş 0,78 ha torpaq sahəsinin 110 kv-luq yarımstansiyasının tikintisi üçün ayrılmasına, eləcədə 220 kv-luq Böyük Şor yarımstansiyasından 110 kv-luq elektrik xəttinin bu məktuba əlavədə verilmiş texniki şərtlərə uyğun olaraq və istismarçı qurumların mütəxəssislərinin iştirakı ilə çəkilməsinə etiraz etmir. Əlavə olaraq bildirilir ki, neft və qaz quyularının ləğvi ilə bağlı mövcud normativ sənədlərin tələblərinə uyğun olaraq, bu ərazidə tikinti-quraşdırma işlərinin aparılmasında müəyyən məhdudiyyətlər nəzərdə tutulmuşdur. Qeyd olunan məhdudiyyətlərin mövcudluğunu və gələcəkdə Socarın ərazidə baş verə biləcək hər hansı hadisələrdə məsuliyyətini aradan qaldırmaq zərurətini nəzərə alaraq, həmin ərazidə aparılacaq layihələndirmə, tikinti-quraşdırma işlərinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X10 və X14 Agentliyi ilə müvafiq qaydada razılaşdırılmaqla aparılmasını vacib hesab edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə X28 Bi.Vi. və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkəti arasında imzalanmış Binəqədi NQÇİnin neft-qaz əməliyyatlarında istifadə etdiyi əsas fondların istifadə hüquqlarının Əməliyyat Şirkətinə verilməsinin təsdiq edilməsi barədə 31.08.2005-ci il tarixli protokola 30.10.2020ci il tarixli 18 saylı əlavədən müəyyən olunur ki, Saziş ərazisinin hüdudları daxilində yerləşən və künc kordinatları bu 18 saylı Əlavənin tərkib hissəsi olan 1 nömrəli qoşmasında göstərilmiş 1,679 ha torpaq sahəsi Kontrakt sahəsindən çıxarılaraq Socarın istifadəsinə qaytarılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1.-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2.-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Həmin Məcəllənin 165.1.-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. İstinad olunan maddi hüquq normalarından müəyyən olunur ki, şəxsin sahibliyə dair qadağan edilmiş özbaşınalıq üzrə tələblə çıxış edə bilməsi üçün üç şərtin mövcud olması zəruridir: iddiaçının əşyanın qanuni sahibi olması, cavabdehin əşyaya faktiki sahiblik etməsi və ya iddiaçının sahibliyinə qanunsuz manelər yaratması və cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Qeyd olunan şərtlərin birinin olmaması bu xarakterli tələbin rədd edilməsi üçün əsasdır. Bu halları sübut etmək vəzifəsi isə iddiaçıya məxsusdur. İddiaçı mübahisəli torpaq sahəsinin onun qanuni sahibliyində olmasını iddia etsə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Binəqədi qəsəbə Bələdiyyəsinin 1436 saylı 22.09.2006-cı il tarixli sərəncamı ilə İddiaçı ayrılmış 600 m2 topraq sahəsi Socarın daimi istifadəsində olan sənaye təyinatlı torpaqlara aid olmaqla, Azərbaycan Respublikasının 29.04.2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişə əsasən neft-qaz əməliyyatlarının aparılması üçün X26 Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Saziş müddətinə istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşmiş, daha sonra həmin torpaq sahəsi Kontrakt sahəsindən çıxarılaraq Socarın istifadəsinə qaytarılmış, sonuncu isə Azərişıq ASC-nin müraciətinə əsasən həmin ərazinin 110 kv-luq yarımstansiyasının tikintisi üçün ayrılmasına, eləcədə 220 kv-luq Böyük Şor yarımstansiyasından 110 kv-luq elektrik xəttinin çəkilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında (29.04.2005-ci il tarixli 901-İİQD №-li) Azərbaycan Respublikası Qanununun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən isə Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. X28 Bi.Vi. şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 29 sentyabr 2004-cü il tarixdə bağlanmış, 15 may 2005-ci il tarixindən qüvvəyə minmiş Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmai, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişdən müəyyən olunur ki, Saziş üzrə Əməliyyat şirkəti qismində X26 şirkəti fəaliyyət göstərir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Həmin Məcəllənin 11-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir. Həmin Məcəllənin 22-ci maddəsinin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Həmin Məcəllənin 46-cı maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə əsasən, Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; ...... Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 48-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 66-cı maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası MM-nin 139.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məhkəmə iddiaçının torpaq sahəsinin onun sahibliyinə qaytarılması tələbi ilə bağlı sübutları tədqiq edib belə nəticəyə gəlir ki, Dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin Binəqədi qəsəbə Bələdiyyəsinin 1436 saylı 22.09.2006-cı il tarixli sərəncamı ilə İddiaçı ayırmaq səlahiyyəti olmadığından İddiaçı da həmin sərəncama istinad edib torpaq sahəsinə sahiblik hüququnun yaranmasını iddia etmək, torpaq sahəsini sahibliyinə qaytarılmasını tələb etmək üçün subyektiv hüquqa malik deyidir. Ona görə də iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə iddiaçının ona vurulmuş maddi və mənəvi ziyan tələbləri ilə bağlı qeyd edir ki, iddiaçı Binəqədi qəsəbə Bələdiyyəsinin 1436 saylı 22.09.2006-cı il tarixli sərəncamı ilə ona ayrılan torpaq sahəsində tikinti işlərinin aparmasını, həmin tikililərin Azərişıq ASC-nin əməkdaşları tərəfindən sökülməsini iddia etsə də, bu halı sübuta yetirə bilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi çəkildiyi vaxt, yer müəyyən olunmayan foto şəkillərdən iddiaçının həmin ərazidə tikinti işləri aparmasını, həmin tikintinin Azərişıq ASCnin əməkdaşları tərəfindən sökülməsini müəyyən etmək qeyri-mümkündür. Bundan başqa iddia ərizisində iddiaçı həmin ərazidə mənzil inşa etdiyini qeyd etsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında həmin ərazidə qeyri-yaşayış sahəsinin mövcud olmasını, anbar kimi istifadə edilməsini göstərmişdir. Daha sonra Binəqədi RPİ-nin 43-cü PB-də aparılan araşdırma zamanı X13 həmin ərazidə tikinti işlərinin onun tərəfindən aparılmasını bildirmişdir. İstinad olunanlara əsasən məhkəmə iddiaçının cavabdehlərə qarşı maddi və mənəvi ziyan tələbini sübuta yetirilməməsi əsası ilə əsassız hesab edib təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Azərişıq ASC-yə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı toprağın sahibliyinə qaytarılmasına, vurulmuş 11200 manat maddi ziyan, 30000 manat mənəvi ziyan olmaqla cəmi 41200 manatın tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2770/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2770/2021
18.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver