Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2774/2021 08.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinə qarşı mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlərin verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinə qarşı mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlərin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci bina, 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 1a saylı mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın əldə edilməsi üçün cavabdehin üzərinə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını və protokoldan çıxarışının ona verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativindən 08 may 2012-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 1- ci bina, 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 1a saylı mənzili pulunu tam ödəyərək almışdır. Mənzili 08 may 2012-ci il tarixdən aldığı ilk gündən cavabdeh onun hüquqlarını pozmuş, vəzifəsi olan mənzilinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində alınması ilə bağlı və binanın dövlət qeydiyyatına salınmasına dair MTK tərəfindən tədbir görülməmişdir. Bundan başqa, aldığı mənzilin müqaviləsinin 2.1-ci maddəsinin 5-ci abzasına əsasən verilmiş yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirmək (“payçının hesabına orderin və kupçanın verilməsi və s) “xxxx” MTK-nın vəzifəsi kimi müəyyən edilmişdir. Aldığı mənzil üzərində mülkiyyət hüqüqunun dövlət reyestrində qeydə alınması üçün “xxxx” MTK tərəfindən heç bir tədbir görülməmiş, başqa sözlə mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlər təqdim edilməmişdir. Dəfələrlə bu barədə MTK rəhbərliyinə müraciət etsə də, sonuncular təhviltəslim aktını imzalamaqdan və mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədləri təqdim etməkdən imtina etmişlər. Yaşadığı bina Azərbaycan Respublikasının Prezidenti X3 19 fevral 2019-cu il tarixdə imzaladığı “Bəzi çoxmənzlilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanından sonra 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin fərmandan sonra mənzilinə çıxarış alınması üçün dəfələrlə cavabdehə Çıxarışın alınması üçün protokoldan çıxarışı və digər lazım olan sənədləri verilməsinə dair yazılı müraciət etməyinə baxmayaraq, cavabdeh tərəf həmin müraciətlərin yalnız birinə cavab vermişdir. Həmin yazılı cavabda sənədlərin verilməməsinin əsası kimi, MTK tərəfindən yazılmış uydurma borc məbləğinin istənilməsi və tərəfindən ödənilməsini tələb etməsidir. Cavabdeh heç bir əsas olmadan aldığı mənzilə heç bir borcu olmadığı təqdirdə çıxarışını almaq üçün protokoldan çıxarışı və digər lazımı sənədləri vermək üçün ondan və bina sakinlərindən qeyri-qanuni əsası olmayan kommunal pulu adı ilə pul tələb etmiş və çıxarışı əldə etmək üçün lazım olan sənədləri verməmişdir. Ölkə başçısının məlum fərmanından sonra cavabdeh özündən uydurma heç bir qanuna uyğun gəlməyən məbləği ondan və digər sakinlərdən tələb edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, evin dəyərini tam ödəmişdir. Bunu təsdiq edən maliyyə arayışı da vardır. Servis xidməti üçün etdiyi ödənişlərlə bağlı çekləri də vardır. 2012-ci ildən 2019-cu ilə qədər ona çıxarışın təqdim olunması üçün təşəbbüs olmamışdır. Prezidentin sərəncamına bəzi çoxmənzilli binaların istismara qəbulunun sadələşdirilməsi imkanı yaradılmışdır. Bina müvafiq təşkilata məxsusdursa qeydiyyatdan keçirilərək istismara qəbul edilmişdir. Mənzilə dair çıxarışın alınması üçün əsas sənəd maliyyə arayışının olmasıdır. Onlara deyilmişdir ki, MTK-nın ümumi yığıncağı təşkil edilməli daha sonra sənədləşmə olmalıdır. MTK isə qeyd edir ki, kommunal xidmətlərə dair qalıq borcları qalmışdır. Əgər servis xidmətini nəzərdə tuturlarsa servisi müəyyən müddət ərzində ödəmişlər. 69 ay ərzində kommunal ödəmədiyi üçün yigincagin qərarı və protokoldan çıxarışı ona verə bilmirlər. Ona qarşı bundan təsir vasitəsi kimi istifadə edirlər. 2 ilə yaxındır ki, oğlunu həmin mənzilə qeydiyyata sala bilmir. MTK-yə servis xidmətinə görə ödəniş edilməsindən ona görə imtina edilmişdir ki, MTK tərəfindən heç bir servis xidməti göstərilmir. Sakinlərdən yığılan pullar hara xərclənir bilinmir. Binanın lifti baxımsız vəziyyətdədir. Mənzil mülkiyyətçiləri binanı normal vəziyyətdə saxlamırlar. Prezidentin digər sərəncamı ilə MTK-lar mənzillərin 50 % çoxuna çıxarış aldıqdan sonra, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmalıdır. MTK 2020-ci ildə onu və qonşularını məhkəməyə vermişdir. Onlarla servis üçün heç bir müqavilələri yoxdur. Müqavilə 2018-ci ilə qədər olmuşdur. O vaxta qədər də qarajdan istifadəyə görə pul ödəmişdir. MTK servis xidməti göstərə bilməz. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, ondan qabaq da MTK-nın sədri olub. Özü həmin vəzifəyə 2017-ci ildə təyin edilmişdir. Qeyd edilən fərmana görə FHN tərəfindən onlar qarşısına müvafiq şərtlər qoyulmuş və bəzi şeylərin düzəldilməsi tələb edilmişdir. Şahin müəllimin özü 2 maşını qarajda saxlayıb pul ödəməmişdir. Binada lift işləyir, su nanosu, işıqlanma işləyir. MTK-nın 16000 manat vergi orqanına servis, kommunalla əlaqədar borcları vardır. Ona görə gəlib borclarını ödəməlidirlər ki, bundan sonra sənədlərin verilməsi mümkün olsun. İddiaçının 3000 borcu var. Heç olmasa 1000, 1500 manatını ödənilməlidir. MTK tərəfindən ayda 3500 manat işığa ödəniş edilir. Lift servisinə isə 2200 manat, zibillərə görə isə 1200 manat ödəniş edilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxx” Mənzil-Tikinti Kooperativi (icraçı) ilə İddiaçı (payçı) arasında bağlanmış 08 may 2012-ci il tarixli müqavilənin surətindən görünür ki, icraçı Bakı şəhəri, Əlişir Nəvai 33/Naxçıvanı 3068-ci məhəllədə inşa edilən 16 mərtəbəli yaşayış evi 1, blok 1, mərtəbə 2, ümumi sahəsi 124,43 kv.m yaşayış sahəsi, 3 otaqlı, 1a nömrəli yaşayış mənzilini payçıya verməyi öz öhdəsinə götürür. Payçı isə öz növbəsində yaşayış mənzilinin 1 kv.m üçün 650 manat olmaqla, ümumilikdə icraçıya 80.880 manat məbləğində vəsait ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2-ci maddəsində MTK verilmiş yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirməyi (payçının hesabına müvafiq sənədlərin verilməsi və sair) öhdəsinə götürmüşdür. “xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 11 may 2012-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən də ev 1, 1-ci blok, 2-ci mərtəbə, 124,43 kv.m sahəsi olan 3 otaqlı 1a saylı mənzili MTK-dan almışdır. Payçı İddiaçı 1 ədəd 3 otaqlı mənzil üçün borcu yoxdur; “xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 08 may 2012-ci il tarixli, 336 saylı maliyyə arayışından görünür ki, MTK ilə İddiaçı arasında bağlanmış 08 may 2012-ci il tarixli 397 saylı müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən 1 a saylı mənzilin qiyməti hr kv.m üçün 650 manat olmaqla 80880 manat müəyyən edilmişdir. İddiaçı “xxxx” Mənzil-Tikinti Kooperativi qarşısında börc öhdəliyi 80880 manat təşkil edir. İddiaçı tərəfindən “xxxx” Mənzil-Tikinti Kooperativinə ünvanlanmış ərizənin surətindən görünür ki, Azərbaycan Respublikasının Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli, 529 saylı məlum fərmanına uyğun olaraq onların binası da istismara qəbul edilmişdir. Asan Xidmətə müraciət etsə də, ona protokoldan çıxarış olmadan çıxarış ala bilməyəcəyini bildirmişlər. Ona görə də yaşadığı ev üçün çıxarışın alınması üçün lazım olan protokoldan çıxarışı 15 iş günü ərzində ona təqdim edilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə “xxxx” Mənzil-Tikinti Kooperativi ilə 08 may 2012-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, icraçı Bakı şəhəri, Əlişir Nəvai 33/Naxçıvanı 3068-ci məhəllədə inşa edilən 16 mərtəbəli yaşayış evi 1, blok 1, mərtəbə 2, ümumi sahəsi 124,43 kv.m yaşayış sahəsi, 3 otaqlı, 1a nömrəli yaşayış mənzilini payçıya verməyi və yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirməyi (payçının hesabına müvafiq sənədlərin verilməsi və sair) öhdəsinə götürür, payçı isə isə öz növbəsində yaşayış mənzilinin 1 kv.m üçün 650 manat olmaqla, ümumilikdə icraçıya 80880 manat məbləğində vəsait ödəməyi öz öhdəsinə götürür. “xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 11 may 2012-ci il tarixli arayışa əsasən payçı İddiaçı qeyd olunan mənzil üçün borcu yoxdur. Hazırda iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyini bildirərək, cavabdehdən mübahisəli mənzilin dövlət qeydiyyatına alınması üçün mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını və protokoldan çıxarışının ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır; 109.2-ci maddəsinə əsasən kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir; 109-4.1 və 109-4.1.3-ci maddələrinə əsasən kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq kooperativin üzvünün hüququdur; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139-1.1 və 139-1.1.6-cı maddələrinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norma). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 109.1-ci maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 8.0.6-cı maddələrinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında 08 may 2012-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən müqavilədə göstərilən yaşayış sahəsinə görə tam ödəniş edilmiş, lakin iddiaçının qeyd olunan yaşayış sahəsinin üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmamışdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, hazırda iddiaçıya bunun üçün mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı lazımdır. Bundan başqa, iddiaçının kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq hüququ da vardır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh verilmiş yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirməyi də öhdəsinə götürmüşdür. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Kommunal xidmətlərə görə kooperativ üzvlərinin borcunun olması MTK-ya müvafiq sənədlərin verilməsindən imtina etməsi üçün əsas vermir, bu hal müvafiq tələblə bağlı yeni iddianın predmetidir, yəni MTKnın hazırki mübahisədə ləngitmə hüququ yoxdur. Belə ki, Mülki Məcəllənin 562.1-ci maddəsinə əsasən əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ). İşin hallarından göründüyü kimi nə müqavilədə, nə də Mülki Məcəllədə MTK-nın belə bir hüququ təsbit edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci bina, 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 1a saylı mənzilin İddiaçı verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və protokolundan çıxarışının İddiaçı təqdim edilməsi öhdəliyi cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulmalı, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci bina, 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 1a saylı mənzilin İddiaçı verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və protokolundan çıxarışının İddiaçı təqdim edilməsi öhdəliyi cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2774/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2774/2021
08.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver