Məhkəmə qərarları › İş №2(001)-2791/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2791/2025

29.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2791/2025 29.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan aldığı 1980 (bir min doqquz yüz səksən) manat pulun və ona ziyan vurduğuna görə 1000 (bir min) manat təzminatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Cavabdeh ilə 2 ildir ki, yaxınlıq edirdi. Cavabdeh hərbi hissədə qulluq edirdi, yaşamağı üçün evi olmadığına görə onun Badamdar qəsəbəsində olan evində kirayə qalırdı. Kirayə pulunu hər ay vaxtı-vaxtında ödəyirdi. Aralarında mehribançılıq olduğuna görə cavabdeh ondan 1000 (bir min) ABŞ dolları pul istədi. O da cavabdehə etiraz etməyib 1000 (bir min) ABŞ dolları pulu qaytarmaq şərti ilə ona vermişdir. Bir müddət keçdikdən sonra o, pulu qaytarmağına dair cavabdehə xəbərdarlıq etdi, cavabdeh də pulu ona qaytaracağına dair söz verdi və ona öz maaş kartını verdi ki, maaş kartından vaxtı gəldikdə pul götürə bilsin. Maaş vaxtı gələndə kartdan istifadə etmiş, lakin o pul kartda olmamışdır. Bir müddət sonra cavabdeh ona demişdir ki, onun banka borcu olduğu üçün kartında pul qalmayıb. Cavabdeh ondan banka 560 manat borcu olduğuna görə, borca pul istəmiş və həmin borcla bankı bağlayıb yenidən bankın ona kredit verəcəyini bildirmişdir. O da cavabdehdə inanıb 260 manat pul vermişdir. Bir neçə müddət keçdikdən sonra cavabdeh ona demişdir ki, bankdan kredit götürə bilməyib. Dəfələrlə cavabdehə aid olan telefona zəng etsə də, cavabdehdən bir xəbər çıxmamış və telefonuna cavab verməmişdir. Eyni zamanda o, müharibə veteranıdır. O, məcbur olub Bakı şəhəri Yasamal rayonu 29 saylı Polis İdarəsinə müraciət etmiş, cavabdehin ona 1980 manat borcu olduğuna görə Yasamal rayon Polis İdarəsinin əməkdaşı cavabdehlə əlaqə saxlamış və onu polus idarəsinə dəvət etmiş və ona 1980 manat borclu olduğunu etiraf etmişdir. Cavabdeh polis idarəsində izahat yazaraq borcunu yaxın günlərdə ödəyəcəyini bildirsə də, borcunu ödəməmişdir. Ona görə də Yasamal rayon Polis İdarəsi ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. O, cavabdehə kömək etsə də, cavabdeh onu aldatmış, telefonlarına cavab verməmiş, mənəvi cəhətdən ona ziyan vurmuşdur. O həmin pulu depozitə yatırıb pulun üzərinə faiz əldə edə bilərdi. Onun ixtiyarı var ki, ona maddi və mənəvi ziyan vurduğuna görə cavabdehdən 1000 manat təzminat tələb etsin və həmin təzminatı da tələb edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, o, cavabdehə 1000 ABŞ Dolları, yəni 1700 manat və 280 manat məbləğində borc pul vermiş və cavabdeh həmin borc pul məbləğindən 100 manat ona geri qaytarmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-13-412-7772 nömrəli məktubə əlavə edilmiş İddiaçı şikayəti əsasında toplanmış materialdan görünür ki, ünvan 3 ünvanında yaşayan İddiaçı xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə və izahat yazaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Turan adlı şəxs ondan 1980 manat borc almış, lakin bu günədək pulunu qaytarmamışdır. Bu barədə ona köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, təxminən xx.xx.2022-ci il tarixdə evində kirayə yaşayan Turan adlı şəxs ondan 1 aylıq 1980 manat pul almışdır. Lakin bugünə qədər onun pulunu qaytarmır. Müxtəlif bəhanələr gətirərək onu aldadır. Araşdırma zamanı izahatı alınmış X1 bildirmişdir ki, İddiaçı olan borcunu 3 ay ərzində qaytaracağına söz vermişdir. Ərizəyə baxarkən müəyyən olunmuşdur ki, müraciətdə göstərilən xüsusatlar mülki xarakterlidir və məhkəmə tərəfindən həll oluna bilər. Araşdırma zamanı X1 xx.xx.2023-cü il tarixdə verdiyi izahatında göstərmişdir ki, təxminən bir il bundan qabaq Polad adlı şəxsdən 1700 manat pul almış, daha sonra isə 280 manat borc pul almışdır. Bildirmişdir ki, həmin pulları 3 ay ərzində qaytaracaq, lakin işləmədiyi üçün pulu qaytara bilməmişdir. İzahatında həmin pulu ayda 100 manat ödəməklə qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin İddiaçı ünvanlanmış olduğu 26 fevral 2023-cü il tarixi 3-13-53- 4/22253/2023 №-li məktubunun surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsində qeyd olunan xüsusatlar mülki xarakterli olduğu üçün məhkəmə orqanlarına müraciət etməkləri məqsədəmüvafiq hesab edilmişdir. Zəngilan rayon hərbi komissarlığı tərəfindən verilmiş 048918 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; -427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (tərəflər arasında borc münasibətlərinin yarandığı dövrdə qüvvədə olan). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 2022-ci ildə hissə-hissə olmaqla, müxtəlif vaxtlarda ümumilikdə 1980 manat məbləğində borc pul verilmiş, cavabdeh həmin borcun cəmi 100 manatını qaytarmış olsa da, iddiaçı ilə aralarında olan razılığa əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunun qalan hissəsini, yəni 1880 manatı məbləğində pul vəsaitini razılışdırıldığı müddətdə və qaydada ödəməmiş, bununla da razılığın şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 1980 manat məbləğində pul vəsaitinin tutulması hissəsində iddia tələbi qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 1880 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddia tələbinin “1.000 manat məbləğində təzminatın tutulması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, həmin hissədə iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmiş və iddiaçı tərəfindən borcu vaxtında qaytarıldığı halda 1000 manat məbləğində gəlir əldə edəcəyinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borca görə 1880 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödəməkdən azad olunurlar. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün məhkəməyə müraciət edən zaman dövlət rüsumu ödənilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia tələbinin təmin edilən hissəsinə uyğun olaraq, 38.80 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1.880 (bir min səkkiz yüz səksən) manat məbləğində borc İddiaçı xeyrinə tutulsun. Cavabdeh 38.80 (otuz səkkiz manat 80 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar