Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-28/2024 27.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı övladları ilə birlikdə yaşayış sahəsinə köçürülməsi və yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı övladları ilə birlikdə yaşayış sahəsinə köçürülməsi və yaşayış sahəsinə istifadə hüququnun tanınması, əmlaka çəkilmiş xərcin bölünməsi, qərarın və aktın etibarszı hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər 14 oktyabr 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra ünvan 1 ünvanında yerləşən torpaq sahəsi ilə birlikdə fərdi yaşayış sahəsini X5 ilə öz araralarında 2013-cü il tarixdə alqı-satqı etməklə birgə nikah dövründə 40500 ABŞ dollarına almış və həmin evi təmir etmişlər. Hal-hazırda həmin yaşayış sahəsinin dəyəri 120000 manat təşkil edir. Həmin əmlaka dair bu günə kimi çıxarış alınmayıb. İddiaçı, cavabdeh və azyaşlı övladları həmin ünvanda yerləşən fərdi yaşayış sahəsinə 2015-ci ildən qeydiyyata düşmüşlər. Həmin fərdi yaşayış sahəsinin satmaq niyyəti ilə əlaqədar cavabdeh məcbur etdi ki, özü də çıxmaq şərti ilə, iddiaçı və Yusif adlı övladı ilə birlikdə həmin fərdi yaşayış sahəsinin qeydiyyatından çıxsınlar. Lakin, Rəsul adlı övladları isə 20 iyun 2015-ci il tarixdən bu günə kimi həmin fərdi yaşayış sahəsində qeydiyyatdadır. Həmin fərdi yaşayış sahəsi bu günə kimi satılmamasına baxmayaraq, cavabdeh müxtəlif maneçilik törədərək istəmir ki, iddiaçı azyaşlı övladları ilə birlikdə həmin evdə yaşasınlar. Cavabdeh iddiaçını azyaşlı uşaqları ilə birlikdə 2019-cu ilin noyabr ayından həmin evdən çıxarıb küçəyə ataraq, bu günə kimi həmin evə yaxınlaşmağa imkan vermir. Belə ki, iddiaçı ilə hər dəfə heç bir səbəb olmadan çoxlu mübahisələr edərək dəfələrlə əsassız olaraq ondan polisə şikayət etmiş və həmin evdə yaşamağa imkan vermirdi. Lakin, buna baxmayaraq, həmin ev satılanadək iddiaçı azyaşlı övladları ilə birlikdə həmin evdə yaşamaq istəyir. İddiaçı hal-hazırda azyaşlı övladları ilə birlikdə 2019-cu ilin noyabr ayından etibarən bu günə kimi götürdüyü evdə yaşayır. İcarə haqqını ödəmək onun üçün cox çətindir və azyaşlı övladları da onun himayəsindədir. Həmin fərdi yaşayış sahəsində yaşamaq və gələcəkdə yaşayış sahəsini satmaqla, əldə olunmuş pul vəsaitinin aralarında bölünməsi ilə bağlı cavabdehə müraciət etməyinə baxmayaraq, cavabdeh iddiaçıya nə övladları ilə birlikdə köçməyinə razılıq verir, nə də həmin fərdi yaşayış sahəsini sataraq, əldə olunan pul vəsaitinin aralarında bölünməsinə razı olur. Bundan başqa, həmin fərdi yaşayış sahəsinə dair cavabdeh tərəfindən əldə edilmiş Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin 08 dekabr 2006-cı il tarixli, 1035 saylı qərara və tarixi göstərilməmiş torpaqların alqı-satqısına dair akta əsasən güya cavabdehə 2013-cü il tarixdə X3 alınmış torpaq sahəsi 2006-cı il tarixdə cavabdehə ayrılmış və ona satılmışdır. Həmin sənədlər saxtadır və cavabdeh 2013-cü il tarixdə əldə olunmuş həmin fərdi yaşayış sahəsini saxta sənədlərlə 2006-cı il tarixdə nədənsə öz adına rəsmiləşdirmişdir. Burada bir məntiqli sual ortaya çıxır. X2 tərəfindən 2013-cü il tarixdə həmin fərdi yaşayış sahəsi satılmışdırsa, onda hansı səbəblərə görə birdən-birə satılmış həmin fərdi yaşayış sahəsi 2006-cı il tarixdən cavabdehin adına yuxarıda qeyd olunan sənədlər əsasında rəsmiləşdirilir. Bu baxımdan, həmin sənədlər məhkəmə qaydasında etibarsız hesab edilməli və saxta sənədləri tərtib edən və ondan istifadə edən şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Qeyd olunanlara əsasən iddiaçı onu azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməklə, onun və 22 fevral 2015-ci il təvəllüdlü X10 həmin yaşayış sahəsində istifadə hüquqlarının tanınması; ünvan 1 ünvanında yerləşən torpaq sahəsi ilə birlikdə fərdi yaşayış sahəsinə çəkilmiş 120000 manat pul vəsaitinin onunla cavabdeh arasında bərabər bölünməsi; ünvan 1 ünvanında yerləşən 200 kv.m. torpaq sahəsinin ayrılması barədə 08 dekabr 2006-cı il tarixli, 1035 saylı qərarın və torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin həcmini azaltmış və məhkəmədən övladları ilə birlikdə yaşayış sahəsinə köçürülməsini və yaşayış sahəsinə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, evi 2013cü ildə almışlar. O, həmin vaxt şirkət rəhbərinin sürücüsü işləyirdi və dolanışıqları yaxşı idi. Uyğun qiymətli ev tapdılar və Tofiq adlı şəxsdən evi aldılar. Mamed adlı makler var idi, onunla danışdılar, o, müdürün ailəsini rayona aparmalı idi, bu səbəbdən alqı-satqı prosesində iştirak edə bilmədi. Pullar evdə idi və Nərgizə tapşırdı ki, aparıb pulu Tofiqə versin. Evi alsalar da, başqa evdə yaşayırdılar. Maddi vəziyyətə görə evi bir müddət təmir etmədilər. Aldıqları ev yaşadıqları evdən böyük olduğuna görə sonradan evi təmir etdirib ora köçdülər və təqribən 2015-ci ildən 2019-cu ilə qədər orada yaşadılar və qeydiyyata düşdülər. Onlar nikaha 2005-ci ildə daxil olmuşlar. 2019-cu ildə isə onlar boşandıqdan sonra uşaqlar iddiaçının yanında qalmaq istədilər. Məhkəmə qaydasında böyük uşağı iddiaçının, kiçik uşağı isə anasının yanında saxlanıldı. Amma kiçik övladına da anası yiyə durmadı, o da iddiaçının yanımda qaldı. Cavabdeh iddiaçıya dedi ki, evə görə iddia qaldırsa, o da uşağın iddiaçıdan alınması ilə bağlı iddia qaldıracaq. İddiaçı övladı ilə ev arasında qaldı və əlbəttə ki, övladlarını götürüb həmin evdən çıxdı. Çünki, həmin evdə o qadınla yaşamaq mümkün deyildi, o, daim onları şərləyirdi. Bir müddət sonra çətinliklər olduğuna görə iddiaçı evin bölgüsü üçün müraciət edəcəyini dedikdən sonra cavabdeh dərhal uşaq tələbi ilə məhkəməyə müraciət etdi. 2019-cu ildən iddiaçı uşaqlarla birlikdə Xırdalanda bir il yarım bir otaqlı evdə kirayə yaşadı, sonra Biləcəriyə iki otaqlı evə kirayəyə köçdülər. Cavabdehin atası elə insan idi ki, o, kiminləsə alqı-satqı etsə idi, mütləq müqaviləyə imza çəkdirərdi. İddiaçı makler Mamed dayı ilə əlaqə saxladı və iddiaçıya dedi ki, evin alqı-atqısında Tofiq, Nərgiz və Mamed dayı iştirak edib, Nərgizin atası orada olmayıb. Mamed dayı məhkəmədə iştirak edə biləcəyini dedi, lakin, rəhmətə getdi və ifadə verə bilmədi. İddiaçı digər köhnə evin alqı-satqısında özü iştirak etdiyinə görə məhkəmə prosesi zamanı sadəcə olaraq çaşqınlıq yaşadı və səhv saldı, bu səbəbdən evin dəyərini dəqiq deyə bilmədi. Onlar köhnə evdə olanda cavabdehə yeni ev almaq təklifi etdikdə ona demişdi ki, “Evi alaq, amma bizimkilərə deməyək. Çünki bilsələr özlərini bizə yıxacaqlar, oğulları var, onlara oğulları baxsın”. Cavabdehin atası və anasının evin alınmasından heç xəbərləri belə olmayıb, hətta onları evə görə qonaqlığa qızları yox, iddiaçı dəvət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, iddiaçı 4 il əvvəl iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki iş üzrə iddiaçı hakimə yüksək səs tonu ilə dedi ki, “Pulu mən öz əlimlə vermişəm”. Hakim ondan soruşdu: “Pulu kimə vermisən?”. Azər cavab verdi: “Bilmirəm”. Hakim ondan soruşdu: “Evi neçəyə almısan?”. Azər cavab verdi: “Bilmirəm”. Hakim ondan soruşdu: “Evi manatla və ya dollarla almısan?”. Azər cavab verdi: “Bilmirəm”. Azər 4 ildir məhkəmə prosesləri olan dövrdə evin dəyərini cavabdehin izahatları nəticəsində öyrənmişdir. Cavabdeh Azərlə evlənəndə o, küçələrdə qalan bir adam olmuşdur. Cavabdehə göstərdiyi diplomlar da hamısı saxta olmuşdur. Qətnamədən də görünür ki, Azər sonradan deyir ki, pulu öz əlimlə icra nümayəndəliyində vermişəm, amma kimə verdiyimi bilmirəm. Sonra deyir ki, guya evi Nərgizə hədiyyə etmək üçün tək almağa getmişəm. Əslində isə evin alqı-satqısından heç Azərin xəbəri olmayıb. Evin alqı-satqısına dair sənəd cavabdehin atasıgildə idi. Cavabdeh gedib həmin alqı-satqı sənədini tapdı və təsadüfən həmin sənədin üzərində nömrə olduğunu gördü. Evin yiyəsi Tofiq müəllimə zəng etdi və ona hadisəni danışdıqda o, çox əsəbiləşdi və Azərin ona pul vermədiyini dedi. Tofiq müəllimlə cavabdehin heç bir qohumluq və ya tanışlıq əlaqəsi yoxdur. Tofiq müəllimin məhkəməyə göndərdiyi teleqramda bütün prosedur açıq şəkildə yazılıb. Tofiq müəllim bildirib ki, “Nərgiz və atası ofisə gəliblər, atası pulu Nərgizə verib, Nərgiz pulu saydıqdan sonra mənə verib”. Həqiqət budur. Həmin pul cavabdehin atasının olub. Ev alındıqdan sonra bütün kommunallar evin birinci sahibi Əhmədiyyə müəllimin adına idi. Alqı-satqı prosesində o da iştirak edirdi. Əhmədiyyə müəllim də məhkəməyə bu barədə teleqram göndərmişdir. Azər evi almış olsa idi, ən azından evə dollar yoxsa manatla pul ödədiyini bilərdi. Çünki həmin vaxt məzənnəyə baxsaq görərik ki, 45000 manat və ABŞ dolları arasında 10000 manata yaxın fərq var. Azər məhkəmədə bir-birinə zidd olan, bir-birini təkzib edən məlumatlar vermişdir. Boşanma prosesində də, qəyyumluğun rəyi alındı və həmin rəyə baxsaq görərik ki, Azər deyib ki, “Mən boşandıqdan sonra ya kirayədə qalacam, ya da qardaşımın evində qalacam”. Əgər onun evi var idisə, o, bunu məhkəmədə niyə demirdi? Həmçinin, onda bu ev barəsində Azərin səs yazıları var, xahiş edir ki, həmin səs yazıları məhkəmə iclasında dinlənilsin. Atası evi alanda ev pis gündə idi. Atası qızına yaxşı şəraitli ev qurmaq istəyirdi. Atası onkoloji xəstə idi. Malik İbrahimov iş icraçısı idi və Azərin dostu idi. Azər Malikə demişdi ki, ona hər ay 2000 manat pul ödəyəcək. Azər ona 1 manat belə pul ödəmədi, dedi ki, cavabdehin atasının imkanı var, atası ödəsin. Evi tikən Malik İbrahimovun teleqramından görünür ki, cavabdehin atasının vəsaiti hesabına 60000 manat Malikə ödənilib. Atası öz müalicəsi üçün yığdığı pulu cavabdehin evinin təmirinə çəkilən xərc üçün verdi. Cavabdehin atası qardaşını çağırıb müalicəsinin pulunu ona verdi və vəsiyyət etdi ki, qızının evinin təmirinin pulunu ödəsin. xx.xx.2020-ci il tarixdə cavabdehin qardaşı və cavabdeh həmin 60000 manat pulu verib, evi faktiki olaraq iş icraçısından geri aldılar. Atası həmin pulu müalicəsinə xərcləsə idi, bu gün yaşayardı. Tərəflər boşandıqdan 1 il sonra cavabdeh və qardaşı pulu qardaşı ilə birlikdə ödəyib borcu bağladılar və bu birgə nikah dövrünə düşmür. Cavabdehi borc-xərclə atıb gedən iddiaçı borcun bağlandığını eşidən kimi məhkəmədə iddia qaldırmışdır. Azər səs yazısında deyir ki, borcdan yayınmaq üçün qeyri-qanuni sənəd düzəldib, evi satıb qaçmaq fikri var. Cavabdehin məhkəməyə təqdim etdiyi səs yazıları məhkəmə iclasında dinləndikdən sonra qeyd olunanlara cavab olaraq İddiaçı məhkəməyə bildirdi ki, səs yazıları onun icazəsi olmadan yazılıb. Tikintidən onların iş icraçısına borcları yaranmışdır. İddiaçı cavabdehə demişdir ki, evi baha qiymətə satıb Malikin borcunu bağlayıb başqa ev alsınlar. Onlar boşananda cavabdeh iddiaçıya demişdi ki, ev üçün məhkəmə mübahisəsi açmasınlar, yoxsa ev ucuz qiymətə satılacaq, evi satıb aralarında bölərlər. O da cavabdehə inandı. Malik İbrahimova olan borcun kim tərəfindən ödənilməsini bilmir. Ona dedilər ki, borc ödənilib, o da məsələnin üzərinə çox getmədi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-156/2023 saylı qətnaməsində aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin 08 dekabr 2006-cı il tarixli, 1035 saylı qərarı ilə Cavabdeh adına ayrılmış ünvan 1 ünvanında yerləşən 200 kv.m torpaq sahəsinin və onun üzərində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə Cavabdeh pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, torpaq sahəsinin və evin onun qazandığı pul hesabına alındığını, pulun məbləğini unutduğunu, pulun hazırda adını xatırlamadığı şəxsə Biləcəri icra nümayəndəliyində verdiyini, sonradan isə bu əmlakın 40500 pula alındığını, işi ilə bağlı vaxtı olmadığından həmin pulu evdə şəxsən sayaraq, həyat yoldaşına, yəni cavabdehə verdiyini və bu məbləğin cavabdeh tərəfindən Tofiq adlı şəxsə ödənildiyini, pulun manat və ya ABŞ dolları olduğunu xatırlamadığını, ümumiyyətlə yaddaşının zəif olduğunu bildirmişdir. Eyni zamanda, mübahisəli əmlak alındıqdan sonra orada təmir işlərinin aparıldığını, lakin bu işlərin görülməsi üçün ustalara cavabdehin qardaşı tərəfindən pulun ödənildiyini qeyd etmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(001)- 939/2021 saylı qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ və ya hər hansı hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Hüquqi nəticə etibarı ilə həm mübahisəli torpaq sahəsi, həm də onun üzərində yerləşən fərdi yaşayış evi tərəflərin hər hansı birinin mülkiyyətində deyil. Bu baxımdan mübahisəli əmlakın hər hansı hissəsinə hər hansı şəxsin pay hüququ müəyyən edilə bilməz və mülkiyyət hüququ tanına bilməz. Bu da öz növbəsində iddianın rədd edilməsi üçün əsas yaradır. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinin mənasından aydın olunur ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. İkincisi, əmlak nikah dövründə ərarvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Lakin iddiaçı mübahisəli əmlakın onun əldə etdiyi vəsait hesabına alınmasını iddia etsə də, bu halı sübuta yetirə bilməmiş, əmlakın dəyəri (ilk olaraq məbləği xatırlamadığını, sonradan cavabdeh 40500 deyəndən sonra 40500 olduğunu, lakin yenə də manatla və ya ABŞ dolları ilə olduğunu xatırlamadığını bildirmişdir), habelə dəyərinin ödənilməsi ilə bağlı (ilk olaraq adını xatırlamadığı keçmiş sahibə ödədiyini, sonradan işdə olduğunu və bu səbəbdən pulu ödənilməsi üçün cavabdehə verdiyini qeyd etmişdir) biri birinə zidd olan və biri birini təkzib edən məlumatlar vermişdir. Məhkəmə tərəfindən ifadələri mötəbər sübut kimi qiymətləndirmiş şahid (əmlakın keçmiş sahibi) X5 iddiaçını tanımadığını və əmlakın dəyərinin ona cavabdeh tərəfindən onun atasının iştirakı ilə ödənildiyini, torpaq sahəsi üzərində olan əvvəlki evi sökən və yerində yenisini inşa edən şahid X7 bu işlərin razılaşdırılmış dəyərini təşkil edən 60000 manat pulun cavabdehin qardaşı tərəfindən ona ödənildiyini bildirmişdir. İddiaçı təmir-tikinti işlərinin dəyərinin onun tərəfindən ödənilmədiyini etiraf etmiş, lakin bu işlər nəticəsində yeni evin inşa edilmədiyini, sadəcə olaraq mövcud evdə cari təmir işlərinin aparıldığını qeyd etmişdir. Lakin bu halı da sübuta yetirə bilməmişdir. Başqa sözlə, mübahisəli əmlakın tərəflərin ümumi gəlirləri, o cümlədən iddiaçının vəsaiti hesabına əldə edilməsi müəyyən edilməmişdir. ... Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. ... Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2021-ci il tarixli, 2(103)-6782/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(001)-939/2021 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. ... İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(102)- 656/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 6782/2021 nömrəli, 08 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. ... Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, əvvəla birinci instansiya məhkəməsində şahid qismində şahid X5 ifadəsində bildirmişdir ki, o, ünvan 1 fərdi yaşayış evinin keçmiş sahibi olmuşdur. Qeyd olunan fərdi yaşayış evini satışa çıxarmış, evlərin alğı-satqısı ilə məşğul olan Mamed adlı şəxs evi Cavabdeh almaq istədiyini ona bildirmişdir. İlk dəfə olaraq Cavabdeh və onun atasını həmin evə gəlib baxış edən zaman görmüşdür. Cavabdeh evin dəyərini təşkil edən 40.500 ABŞ dollar məbləğində pulu evlərin alğı-satqı ilə məşğul olan Mamməd adlı şəxsin ofisində öz çantasından çıxardıb sayaraq ona vermişdir. İddiaçı tanımır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, o, təmir-tikinti işləri ilə məşğul olan şəxsdir. İddiaçı və Cavabdeh tanıyır. İddiaçı ona ev almaq istədiyini bildirmiş, lakin tikinti işlərindən geniş anlayışı olmadığından bir usta kimi evə baxması, evin alınmasının məqsədəmüvafiqliyi barədə məsləhət verməsi üçün ona müraciət etmişdir. Bununla bağlı mübahisələndirilən evə İddiaçı Gğürşad oğlunun və Cavabdeh iştirakı ilə baxış keçirmiş və nəticədə İddiaçı həmin evin alınmasını məsləhət etmiş, eyni zamanda təmir-bərpa işlərinə ehtiyac olduğunu da bildirmişdir. Məsləhətinə uyğun ev alınmış, lakin o, evin alınması prosesində iştirak etməmişdir. Bundan sonra təmir-tikinti işlərinin görülməsi üçün dəvət edilmişdir. Aralarında əldə edilmiş razılığa əsasən o, 60.000 manat məbləğində pul müqabilində mövcud olan 1 mərtəbəli evi söküb, onun yerində 2 mərtəbəli ev inşa edib təhvil verməli, tərəflər isə həmin məbləği ona ödəməli idi. 2013-2014-cü illərdə onun tərəfindən mövcud olan ev sökülüb, yerində 2 mərtəbəli ev inşa edilərək, təhvil verilməsinə baxmayaraq, razılaşdırılmış 60.000 manat pul ona ödənilməmişdir. Belə ki, iddiaçı ona pulunun olmadığını bildirmişdir. Xatırlayır ki, 2018-ci ildə onun, iddiaçı və cavabdehin, habelə cavabdehin atasının və qardaşının iştirakı ilə görüş olmuş və həmin görüşdə cavabdehin atası pulun ödəniləcəyi barədə ona vəd vermişdir. 2020-ci ilin may ayında isə Cavabdeh qardaşı X8 görülmüş tikinti işlərinin dəyəri olan 60.000 manat məbləğində pulu ona ödəmişdir. İddiaçı tərəfindən heç vaxt ona evin tikintisi ilə bağlı hər hansı məbləğdə pul verilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Cavabdeh tərəfindən təmin edilmiş şahid X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Cavabdeh qardaşıdır. İddiaçı onun bacısı ilə nikaha daxil olduqdan sonra iddiaçının maddi cəhətdən problemləri olmuş və onun atası onlara köməklik etmiş və evin alınması üçün 40.000 ABŞ dolları pul vermişdir. Birgə nikah dövründə tərəflərin iki evi olmuşdur. Həmin pulun bu evlərin hansının alınması üçün verildiyini dəqiq xatırlamır. 2018-ci ildə İddiaçı ona yaxınlaşıb ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi ilə bağlı ustalara 60.000 manat məbləğində borcunun yarandığını bildirmişdir. Bu məsələ ilə bağlı onların atasına da müraciət etmiş və bununla bağlı onun, bacısının, atasının, Malikin və Azərin iştirakı ilə görüş də olmuşdur. Lakin atası həmin vaxt maddi köməklik edə bilməmiş və bir müddət sonra isə xəstələnərkən dünyasını dəyişmişdir. Qeyd edilən 60.000 manat pulu atasının tapşırığına uyğun olaraq və Cavabdeh köməklik məqsədi ilə 2020-ci ilin may ayında X6 şəxsən ödəmişdir. Həmçinin, mübahisəli Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 5, ev 25 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evin ölçülərinin Biləcəri bələdiyyəsinin tərtib etdiyi sxemlə üst üstə düşməsini müəyyən etmək üçün ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/3292 nömrəli 26 iyul 2022-ci il tarixli ekspert rəyinə qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin ölçülərinin mülki iş materiallarında olan (səh.257) Biləcəri bələdiyyəsi tərəfindən tərtib edilmiş plan-sxemdə qeyd olunan ölçülərlə üst-üstə düşdüyü müəyyən olunur. Biləcəri bələdiyyəsi tərəfindən tərtib edilmiş plan-sxemdə fərdi yaşayış evinə dair hər hansı bir məlumat olmadığından həmin tikilinin ölçülərinin Biləcəri bələdiyyəsinin tərtib etdiyi sxemdə olan ölçülərlə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ və ya hər hansı hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Hüquqi nəticə etibarı ilə həm mübahisəli torpaq sahəsi, həm də onun üzərində yerləşən fərdi yaşayış evi tərəflərin hər hansı birinin mülkiyyətində deyil. Digər tərəfdən, məhkəmə kollegiyası Biləcəri bələdiyyəsinin “xx.xx.2006-ci il tarixli” qərarı və s. sənədlərini də etibarlı sənəd kimi qəbul etmir. Çünki məhkəmə araşdırması zamanı hər iki tərəf bildirmişdir ki, torpaq sahəsini biləcəri Bələdiyyəsindən deyil X1 2013cü il tarixdən almışlar və Biləcəri bələdiyyəsi arxa tarixə sənədləşmə aparmışdır. ... Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdıraraq və yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, nə qədər ki, mübahisə predmeti olan fərdi yaşayış evi qanunvericiliklə müəyyən olunmuş qaydada qeydiyyatdan keçmədiyindən, digər tərəfdən torpaq sahəsi ilə bağlı Biləcəri Bələdiyyəsi tərəfindən aparılmış sənədləşmə (qərar, akt və s.) etibarlı olmadığından (sənədləşmə tərəflərin bildirdiklərinə əsasən arxa tarıxə aparılmış, mübahisəli ünvanın Biləcəri Bələdiyyəsininin inzibati ərazi dairəsinə aid olub-olmamasını mütəxəssis rəyinin verilməsi üçün müəyyən olunan xidmət haqqı ödənilmədiyindən müəyyən etmək mümkün olmamış) iddiaçının torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinə pay hüququnun müəyyən edilməsi barədə iddiası təmin oluna bilməz”. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-156/2023 saylı qərardadında göstərilmişdir ki: “ ... Məhkəmə kollegiyası işə baxarkən Biləcəri bələdiyyəsinin əməkdaşlarının hərəkətlərində ehtimal olunan cinayət əməlinin törədilməsi aşkar edilmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Biləcəri bələdiyyəsinin xx.xx.2006-ci il tarixli qərarı ilə Biləcəri bələdiyyəsinin hüquqları daxilində fərdi yaşayış evinin tikintisi üçün 200 kv.m torpaq sahəsi Cavabdeh ayrılması qərara alınmışdır. Bundan başqa Biləcəri bələdiyyəsinin sədri, baş mühəndisin iştirakları ilə ərazinin sxemi tərtib olunmuş və Cavabdeh ayrılmış torpaq sahəsi də sxemdə qeyd olunmuşdur. Məhkəmədə izahat verən Cavabdeh, torpaq sahəsini alarakən üzərində hazır tikili evin olduğunu bildirmişdir. Lakin iş materiallarında olan xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın beh müqaviləsindən görünür ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 5, ev 25 ünvanında yerləşən 3 otaqlı mənzil X4 tərəfindən Cavabdeh satmışdır. ... Biləcəri Bələdiyyəsinin əməkdaşlarının hərəkətlərində cinayət əlamətlərinin olubolmaması üçün prokurora məlumat verilsin, xüsusi qərardad müvafiq tədbirlərin görülməsindən ötrü Bakı şəhər prokurorluğuna göndərilsin". Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, “ ... mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, yuxarıda sadalanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisə predmetinə daxil olan evə (tikiliyə) və həmin evin yerləşdiyi torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün, iddiaçı evə köçürülməsi və istifadə hüququnun tanınması barədə tələbi irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməlidir. Belə ki, iddiaçının hazırkı tələbin irəli sürülməsi üçün əsas arqumenti tikilinin tərəflərin birgə nikahı dövründə birgə vəsaiti hesabına alınmasıdır, bunun əksi isə yuxarıda istinad edilən və qanuni qüvvəsini almış məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Eyni zamanda qeyd olunmalıdır ki, “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 noyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, “ ... məhkəmələr tərəfindən iddiaçının “köçürülmə” tələbinin təmin edilməsinə əsas olmuş və iş üzrə tətbiq edilmiş Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinin konstitusiya mahiyyəti və məqsədi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşdırılmış hüquqi mövqeləri mövcuddur. Belə ki, Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi sahəvi (mənzil və mülki) qanunvericilikdə öz əksini tapmışdır. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur”. İddia ərizəsinin tərəflərin birgə nikahından doğulmuş uşaqların mübahisəli evə köçürülməsi və istifadə hüquqlarının tanınmasına dair hissəsinə gəldikdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2462/2023 saylı qərarından göründüyü kimi, tərəflər arasında hal-hazırda uşaqların kimin himayəsinə verilməsi ilə bağlı mübahisə davam edir və həmin mübahisə həll edildikdən sonra uşaqların yaşayış yerinə dair məsələ də öz həllini tapacaq. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı övladları ilə birlikdə yaşayış sahəsinə köçürülməsi və yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı övladları ilə birlikdə yaşayış sahəsinə köçürülməsi və yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-28/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-28/2024
27.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver