Məhkəmə qərarları › İş №2(001)-280/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-280/2023

06.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-280/2023 06.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “pul məbləğinin və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 36108 manat məbləğində maddi ziyan və 20000 manat məbləğində mənəvi zərərin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, cavabdehlərdən müştərək qaydada 19000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 19 may 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində idarə etdiyi "Kia Sportage" markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman Cavabdeh2 idarə etdiyi "xxxx" MMC-a məxsus "Volkswagen Polo" markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsini pozaraq idarəetməni itirmiş, qarşı əks hərəkət zolağına çıxaraq yol nəqliyyat hadisəsi (qəzası) baş vermişdir. Hadisə nəticəsində ehtiyyatsızlıqdan "Kia Sportage" markalı avtomobilin sürücüsü İddiaçı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan (sağ bazu sümüyü cisminin qapalı, yerdəyişən, çox qəlpəli sınığından ibarət) xəsarət almış və eyni zamanda zərərçəkmişə məxsus "Kia Sportage" markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomaşının əzilməsi nəticəsində İddiaçı 36.108 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin bildirir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı ciddi bədən xəsarəti aldığı və dərin psixoloji sarsıntı keçirdiyi üçün, uzun müddət həkim nəzarəti altında sağlamlığını bərpa etməyə çalışmışdır. Amma buna baxmayaraq sağlamlıq durumu hələ də qənaətbəxş deyildir və sağlamlığının bərpası üçün bu günə kimi 20.000 min manatdan çox xərci çıxmışdır. Nəzərə çatdırır ki, təqsirləndirilən şəxs Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Hal-hazırda həmin iş üzrə Nizami Rayon Məhkəməsinin Hakimi Rauf Əhmədov tərəfindən yekun məhkəmə aktı çıxarılmışdır. Təqsirləndirilən şəxs Cavabdeh2 bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli nəticəsində ona külli miqdarda ziyan dəymişdir və bu cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, 19 may 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sağ qolunun bazu sümüyü üç yerdən sınmış və əməliyyat olunmuşdur. Xəstəxanadan evə buraxıldıqdan sonra isə müalicə prosesi evdə davam etdirilmiş və uzun müddət bel ağrısından, oturaq sinirin zədələnməsindən müalicə almışdır. Eyni zamanda keçirdiyi sarsıntı səbəbiylə avtomobil idarə edə bilmir. Məhkəmənin nəzərinə çatdırır ki, cinayət işinin başlanmasına əsas və səbəb 19 may 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı az ağır dərəcəli bədən xəsarəti alması faktı üzrə toplanmış material olmuşdur. Həmçinin bildirmək istəyir ki, "Kia Motors" tərəfindən verilmiş 08 iyun 2021-ci il tarixli "Qüsur aktı"ndan görünür ki, "Kia Sportage" markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomaşına 36.108 manat məbləğində maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Əlavə olaraq bildirmişdir ki, cavabdehlərdən müştərək qaydada 19000 manat pul tutulmalıdır. Hazırda satdığı avtomobilin əvəzinə, yenidən eyni markalı avtomobili 26300 manata almışdır.

5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı izahatlarında bildirmişdir ki, avtomobil 2013-cü istehsalı olmuş və zədəli halda şifahi qaydada 6000 manata satmışdır. Eyni zamanda 2013-cü buraxılışlı “Kia Sportage” minik markalı nəqliyyat vasitəsinin bazar dəyərini müəyyən etmək qiymətləndirmə şirkətinə müraciət etmiş, qiymətləndirmə nəticəsində avtomobilinin bazar dəyəri 25000 manat müəyyən edilmişdir. Hadisədən artıq iki il keçməsinə baxmayaraq dəymiş ziyan hələ də ödənilməmişdir. Maşını 6000 manata satdığından avtomobilə görə cavabdehlər ona 19000 manat pul verməlidirlər. Hal-hazırda aralarında barışıq yoxdur. Cavabdeh1 MMC-in nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etiraz əsassızdır. Digər Cavabdeh2 Cavabdeh1 MMC-yə məxsus avtomobillə yol hərəkəti qaydalarını pozaraq onun avtomobilini vurmuşdur. Bundan başqa cavabdehlər hökmdən verdikləri apellyasiya şikayətini geri götürüblər. Eyni zamanda cavabdeh tərəfin ona 5000 manat ödəniş etməsi barədə bildirdikləri həqiqəti əks etdirmir. Belə ki, onlar həmin məbləği avtomobildə xəsarət alan digər sərnişinə, yəni bacısının müalicə xərclərinə vermişlər.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkil Nümayəndə izahatında bildirmişdir ki, MMC-yə aid olan hissədə iddianı qəbul etmir və təqdim edilən etirazını müdafiə edir.

7. Etiraz onunla əsaslandırılmışdır ki, cinayət işi məhkəmənin icraatında olan zaman Cavabdeh2, İddiaçı 5000 manat ödəniş etmişdir. Məhkəmənin təşəbbüsü ilə xx.xx.2022-ci il tarixli qərardada əsasən "Kia Sportage" markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7781 saylı rəyinə əsasən "Kia Sportage" markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərin məbləği 27.601 manat təşkil etmişdir. Hadisə vaxtı "Volkswagen Polo" markalı 99-PY408 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 törətdiyi qəza nəticəsində dəymiş maddi və mənəvi ziyana görə məsuliyyət, avtomobilin yüksək təhlükəli mənbəyi kimi məxsus olduğu cavabdeh MMC yox, həmin avtomobilin sürücüsü və hadisəni törətmiş şəxs daşımalıdır. Mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir: - qanundan əmələ gəlməsi; - həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi; - zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin Maddə 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MMC bu iş üzrə cavabdeh ola bilməz və hüquqi məsuliyyət daşımır. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Hesab edirik ki, iddia tələbində iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırki mübahisədə sübutetmə vəzifəsi iddia tələbində iddiaçının üzərinə düşdüyündən iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar, yəni MMC-nin birgə məsuliyyət daşıması və s, həmçinin tərəflər arasında hansı mülki hüquq münasibətlərinin olmasını təsdiq edən sübutlara malik olmalıdır. Qanunvericiliyə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respulikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən hesab edir ki, iddia tələbində iddiaçının MMC-yə qarşı irəli sürdüyü tələbini təsdiq edən sübutlara malik deyildir. Belə ki, iddiaçının avtomobilinə Məhkəmə Ekspertizası Mərkəzi 27,601 manat qiymət qoymuş, həmin avtomobili sonra iddiaçı 6000 manata satmış, belə olan halda iddiaçı əsassız və qanunsuz olaraq, heç bir əsas olmayan 36000 manat ziyan tələb edir. Cavabdeh2 tərəfindən iddiaçıya 5000 manat ödəniş etmiş edilməsinə baxmayaraq, bu ödənişi heç bir yerdə nəzərə almamışdır. 20000 manat məbləğində mənəvi zərərin tələbi isə ümumiyyətlə əsassızdır. Bu halda iddiaçı subyektiv hüquqa malik olan şəxs kimi hazırkı iddia tələbinin irəli sürülməsi ilə bağlı hüquq ixtiyara malik deyildir. Qeyd olunanlara əsasən formal mülahizələrə əsaslanan iddia tələbi əsassız tələbdir, Cavabdeh1 ümumiyyətlə iddiadan xaric edilməlidi, ümumi olaraq iddia rədd edilməlidir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir.

9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

10. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Hadisə vaxtı MMC-də sürücü kimi işləsə də, hazırda Cavabdeh1 MMC-in baş direktorudur. O, yol vərəqəsi əsasında idarə etdiyi Cavabdeh1 MMC-yə məxsus avtomobillə yol hərəkəti qaydalarını pozaraq iddiaçının avtomobilini vurmuş, nəticədə həm avtomobilə, həm də iddiaçının sağlamlığına zərər dəymişdir. Hazırda iddiaçıya vurduğu ziyanı ödəyə bilmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)- 82/2022 saylı hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi hökm edilmişdir.

12. Hökmdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Cavabdeh2 19 may 2021ci il tarixdə saat 13:32 radələrində etibarnamə əsasında idarə etdiyi, "xxxx" MMC-ye mexsus "Volkswagen Polo" markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə 80-90 km/saat sürətlə şəhər mərkəzi istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36- cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddesinin 7-ci hissesinin 1-ci bəndinin tələblərini pozaraq, yəni diqqətini daim dəyişən yol şəraitiden ve avtomobilin idarə etməsindən ayırmamalı, hərəkət zamanı təhlükəsizliyi təmin etməyən hərəkətlət etməməli, avtomobili öz zolağı ilə hərəkət etdirməli və əks istiqamətli nəqliyyat axınlarının ayıran 1.3 üfüqi nişanlanma xəttini kəsərək qarşı sol hərəkət zolağına çıxmamalı olması barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub, ünvan 1 ünvanın qarşısında idarə etdiyi avtomobilə qarşı əks hərəkət zolağına çıxaraq qarşıdan əks istiqamətdə hərəkətdə olan "Mersedes Benz GLE 43 AMG" markalı **-XD-*** dövlet qeydiyyat nişanlı avtomobillə toqquşmuş, daha sonra avtomobilin arxası ile hereketde olan İddiaçı idare etdiyi "Kia Sportage" markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində ehtiyyatsızlıqdan "Kia Sportage" markalı avtomobilin sürücüsü İddiaçı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sağ bazu sümüyü cisminin (orta ve distal 113 hissə) qapalı, yerdəyişen, çox qəlpəli sınığından ibarət xəsarətlər, həmin avtomaşında olan sərnişin X1 uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid sol bud-çanaq oynağında bud başının arxa çıxığı, sirkə kasası ve qalça sümüyünün qanadının çoxqəlpəli sınığı, oturaq sinir zədələnməsi, sağ bazu sümüyünün cərrahi boyununun qapalı yerdəyişmiş çoxqəlpəli sınığı, sağ çiyin nahiyəsinin, sağ diz ve baldırın ön səthinin hematomaları, sol bazunun bayır səthinin ve sağ baldırın ön səthinin sıyrıqlarından ibarət xəsarətlər almışdır.

13. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Cavabdeh2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 may 2021-ci il tarixdə saat təxminən 13:30 radələrində etibarnamə ilə idarə etdiyi "Volkswagen-Polo" markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə əsas yolun soldan birinci zolağı ilə şəhər istiqamətində 80-85 km/saat sürətlə hərəkətdə olan zaman 118 saylı ünvanın qarşısında dişi ağrıdığı üçün ağrıkəsici dərman içmək istəyən zaman dərman vasitəsi əlindən avtomobilin sol qabaq ayaqaltısına düşmüş və əyilərək həmin dərman vasitəsini götürmək istəyərkən, sükan əlindən çıxmış və avtomobil sola qarşı hərəkət zolağına istiqamətlənmiş və idarə etdiyi avtomobilin qabaq sol hissəsi H.Əliyev prospekti ilə əsas yolun sol zolağı ilə "Koroğlu" metrostansiyası istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobilin arxa sol təkər hissəsi ilə toqquşmuşdur. İdarəetməni itirdiyi üçün avtomobil H.Əliyev prospekti ilə "Koroğlu" metrostansiyası istiqamətində hərəkətdə olan "KİA" markalı avtomobillə toqquşmuşdur. Hadisə zamanı bir neçə avtomobil toqquşmuş, avtomobillərə maddi ziyan dəymiş, "Kia Sportage" markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3 dekabr 2021-ci il tarixli, 8/2922 saylı ekspert rəyinin surətindən görünür ki, “Volkswagen Polo” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2un hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2022-ci il tarixli, 9/7781 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “Kia Motors” şirkəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Kia Sportage” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 27601,0 manat müəyyən edilir.

16. "xxxx" MMC tərəfindən təqdim edilən 2013-cü il buraxılışlı “Kia Sportage” markalı nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli rəydən görünür ki, qiymətləndirilən 2013-cü il buraxılışlı “Kia Sportage” markalı nəqliyat vasitəsinin xx.xx.2021-ci il tarixinə bazar dəyəri 25000 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

17. Cavabdeh2 19 may 2021-ci il tarixdə saat təxminən 13:30 radələrində etibarnamə ilə idarə etdiyi Cavabdeh1 MMC-yə məxsus "Volkswagen-Polo" markalı **-PY- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində 2 və daha çox avtomobilə xəsarət yetirmişdir. Hadisə nəticəsində zərər vurulan avtomobillərdən biri də, İddiaçı məxsus 2013-cü il buraxılışlı “Kia Sportage” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olmuşdur. Həmçinin hadisə nəticəsində İddiaçı və həmin avtomobildə olan iddiaçının bacısının sağlamlığına da ciddi zərər dəymişdir.

18. Hazırda İddiaçı avtomobilini qiymətləndirmə rəyinə əsaslanmaqla, dəyərini 25000 manat hesab etdiyindən və zədəli avtomobilini 6000 manata satdığından, ona dəymiş ziyan məbləğinin 19000 manat olduğunu iddia etməklə, dəymiş zərəri avtomobili etibarnamə ilə idarə edən Cavabdeh2 və avtomobilin mülkiyyətçisi Cavabdeh1 MMC-dən tələb edir.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2022-ci il tarixli, 9/7781 saylı ekspert rəyi ilə 2013-cü il buraxılışlı “Kia Sportage” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 27601,0 manat olduğu müəyyən edilmişdir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 manatdır.

20. Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, hadisə törədən zaman MMC-də sürücü olsa da, hazırda MMC-də direktordur.

21. Cavabdeh1 MMC-nin nümayəndəsi isə iddia tələbini MMC-yə aid hissədə qəbul etməyərək, etirazını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1108.1 və 1108.2-ci maddələrinə istinadla əsaslandırır və borcun Cavabdeh2 tutulmalı olduğunu bildirir.

22. İşin mübahisələndirilməyən halı yol nəqliyyat hadisəsinin baş verməsi və iddiaçının avtomobilinə dəymiş ziyanın mövcudluğudur.

23. İşin mübahisələndirilən halı isə tələb edilən zərər məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmalı olub-olmaması ilə bağlıdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

25. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

26. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

27. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;

28. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;

29. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

30. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

31. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarında göstərilir: İstər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü, 1099.1-ci və 1099.2-ci maddələrində işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur.

33. Göstərilən maddələrdə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur.İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır.

34. Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.Əmək (qulluq, mənsəb) vəzifələrinin icrası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan vəzifə (peşə) üzrə işlərin (xidmətlərin), həm də əmək müqaviləsində nəzərdə tutulmayan, lakin işəgötürən tərəfindən ona tapşırılan digər işlərin yerinə yetirilməsi başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsində isə işçinin əmək funksiyasının dairəsi konkretləşdirilərək müəyyən edilmişdir ki, işəgötürən işçinin əmək funksiyasının əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin, göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir.Qeyd edilməlidir ki, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər. Məsələn, avtomobilə zərər vuran şəxsin avtoyuma məntəqəsinin ərazisində iş vaxtı xüsusi geyimdə olması, avtoyuma məntəqəsinin digər işçilərindən göstərişlər alması və faktiki olaraq əmək funksiyalarının yerinə yetirilməsi barədə digər sübutlar əsasında məhkəmə işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında faktiki əmək münasibətləri olması qənaətinə gələ bilər.Onu da nəzərə almaq lazımdır ki, tərəflər arasında əmək münasibətləri işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı da yarana bilər. Həmçinin işçi tərəfindən əmək vəzifələrinin iş vaxtından sonra icra edilməsi halında dəymiş zərərə görə də hüquqi (fiziki) şəxs işəgötürən olaraq məsuliyyət daşıyır.

35. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər.

36. Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəbli-nəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir.

37. Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Belə ki, yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir.

38. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır.

39. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.Bu qaydadan bəzi istisnalar mövcuddur: - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; - dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir.

40. Belə ki, əmək və ya mülki hüquqi müqavilələr üzrə əmək (xidməti) vəzifələrinin icrası ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Digər hallarda, yüksək təhlükə mənbəyi olaraq nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq həll edilir.

41. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən aşağıdakı nəticələrə gəlir:

42. - əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Mülki Məcəllənin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir;

43. - yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.

44. Odur ki, yüksək təhlükə mənbəyinin Cavabdeh1 MMC-nin mülkiyyətində olduğu, Cavabdeh2 hadisə baş verən zaman Cavabdeh1 MMC-nin işçisi olduğu, Cavabdeh2 Cavabdeh1 MMC-yə məxsus "Volkswagen-Polo" markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə (yol vərəqi) əsasında idarə etdiyi, baş vermiş yol hərəkəti nəticəsində iddiaçının avtomobilinə zərər dəydiyi və zərərin vurulmasında yüksək təhlükə mənbəyinə sahiblik edən şəxsin təqsirli olduğu işin mübahisəsiz halı olmaqla, tədqiq edilmiş sübutlarla da öz təsdiqini tapır.

45. Zərərin məbləği ilə bağlı isə məhkəmə iddianı tam əsaslı hesab edir. Belə ki, iddiaçı tələbində əvvəlcə avtomobilin təmiri üçün çəkilməli olan xərcləri tələb etsə də, bununla bağlı qüsur aktına istinad olunsa da, lakin sonradan məlum olmuşdur ki, avtomobil zədəli vəziyyətdə satılmışdır. İddiaçı avtomobili 6000 manata satdığını etiraf edir, cavabdeh tərəf isə bunun əksini təsdiq edən sübut təqdim etmir. Odur ki, məhkəmə avtomobilin tamamilə sıradan çıxdığını, bərpa-təmir işlərinə zəruri olan xərclərin oxşar avtomobilin(eyni il, eyni xüsusiyyətlərə uyğun) dəyərindən çox olduğunu nəzərə alaraq o qənaətə gəlir ki, vurulan zərərin məbləği avtomobilin bərpası üçün tələb olunan xərcə görə deyil, onun faktiki dəyərinə görə müəyyən edilməlidir. Bu səbəbdən də məhkəmə Vecon” MMC-nin 2013-cü il buraxılışlı “Kia Sportage” markalı nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli rəyinə əsaslanmaqla, avtomobilin bazar dəyərinin 25000 manat olduğunu və zədəli avtomobilin iddiaçı tərəfindən 6000 manata satıldığını nəzərə alaraq hesab edir ki, vurulmuş zərərin məbləği 19000 manat həddində müəyyən edilməlidir.

46. Vurulmuş zərərin cavabdehlərdən müştərək qaydada tutulub-tutulmamasına münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda göstərilən Konstitusiya Məhkəməsi Plenumunun qərarına görə hazırki mübahisəyə Mülki Məcəllənin 1099-cu maddəsi tətbiq edilməli və iddiaçının tələbindən asılı olaraq cavabdehlər birgə məsuliyyət daşımalıdırlar.

47. Odur ki, 2013-cü il buraxılışlı “Kia Sportage” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə 19000 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir.

48. Bununla yanaşı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1114.1-ci maddəsinin tələbi baxımından işəgötürənin ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Tətbiq edilən prosessual normalar:

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

50. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

51. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

52. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

53. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

54. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

55. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada 19000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

56. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 oğlundan və Cavabdeh1ndən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************).

57. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada 19000 (on doqquz min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar