Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2822/2024 01.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının bibisi oğludur. İddiaçı xx.xx.2021-ci il tarixdə bibisi oğluna qazanc əldə etmək məqsədilə qeydiyyatda olduğu evlərində 10500 manat pul vermişdir. Cavabdeh1 öz adına Toyota Prius minik markalı avtomobil alacağı və həmin avtomobili 36 müddətinə aylıq 600 manat olmaqla ona ödəyəcəyini vəd etmişdir. Cavabdeh1 26 ay ödənişi həyata keçirib, bunu da ki, cəmi 5-6 ay vaxtında ödədikdən sora geri qalan ödənişləri günlərlə gecikdirərək, aldadaraq, əziyyət verərək ödəyib. Son 6 aydır ki, ödənişləri dayandırıb və ümumilikdə 10 ay 600 manat olmaqla 6000 manat borcu qalıb. Bundan başqa iddiaçı xx.xx.2022-ci il tarixdə öz adına 13200 manat dəyərində Toyota Prius minik markalı 99KP604 dövlət qeydiyyat işanlı avtomobil almış və qazanc əldə etmək məqsədilə həmin avtomobili 48 saylı notariat ofisində Cavabdeh1 baş etibarnamə əsasında vermişdir. Belə ki, Cavabdeh1 ona “sən mənə baş etibarnamə ver, mən həm maşına nəzarət edim, həm də aylıq ödənişlərini vaxtında alıb sənə verim” deyə vəd vermişdir. İddiaçı da ona etibar edərək Cavabdeh1 baş etibarnamə vermişdir. Ödənişin 7 ayını əziyət verərək günlərlə uzun danışıqlardan sonra elədikdən sonra cavabdeh iddiaçının xəbəri olmadan xx.xx.2022-ci il tarixdə həmin avtomobili 44 saylı notariat ofisində başqa bir şəxsə satmışdır. Daha sonra Cavabdeh1 aylıq ödənişləri yenə gecikdirərkən, iddiaçı online qaydada baş etibarnaməni Cavabdeh1 adından ləğv etmək istəyərkən, gördü ki, maşın iddiaçının adından çıxıb. İddiaçı dərhal Cavabdeh1 ilə əlaqə saxladı, Cavabdeh1 da avtomobili dostuna sataraq bundan sonra onu narahat eləməməyini dedi və bildirdi ki, “get avtomobilin pulunu ondan al, mən avtomobili ona vermişəm”. İddiaçı məsələ ilə bağlı dəfələrlə polisə müraciət etsə də, heç bir nəticə olmayıb. Cavabdeh həmin avtomobilin ödənişlərinin 21 ayını - yarımçıq şəkildə 14200 manat ödəyib. Lakin onu da əziyyət verərək günlərlə uzun danışıqlarından sora edib. Son 3 aydır ki, sözügedən ödənişi Cavabdeh1 aldadaraq ümumiytə ödəmir. Halhazırda 11000 manat borcu qalıb. Bundan başqa xx.xx.2023-cü il tarixdə cavabdeh Rüstəmov X3 rayonu, Azadlıq metrostansiyasının çıxışındakı Kontakt Home mağazalar şəbəkəsindən iddiaçının adına kreditlə 12 ay müddətinə 3800 manat dəyərində İphone 14 pro max mobil telefonu götüzdürərək, krediti ödəməyi öz üzərinə götürmüşdür. Həmin kreditin 6 ay ödənişini elədikdən sonra telefonu başqa bir şəxsə sataraq, geri qalan 6 ayın ödənişini eləməkdən boyun qaçırır. Hal hazırda 2000 manat borcu qalıb. Beləliklə, yuxarıda qeyd edilən hər üç epizod üzrə cavabdehin iddiaçıya ümumilikdə 19000 manat borcu qalıb cavabdeh bu borcu etiraf etsə də, ödəməkdən yayınır. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 məhkəməyə bildirmişdir ki, avtomobili almağa gedərkən iddiaçı da, atası da onlarla olub. O, maşını gündəlik sürüb 25 manat verməyi öz öhdəsinə götürmüşdü. İddiaçı çox vaxt işdə olduğundan avtomobil onun nəzarəti altında olması üçün ona baş etibarnamə vermişdi və həmin etibarnaməni verməsini iddiaçıdan o istəməmişdir. Cavabdeh2 iddiaçıya aylıq 700 manat pul ödəyirdi. 7-8 ay sonra Zaur maşını etibarnamə ilə adına keçirməyi istədiyini və Kamranın bundan xəbəri olduğunu dedi. O da razılaşdı, çünki maşın onsuz da gözünün önündə olub həmişə, Zaurla eyni binada qalırlar. 26-27 ay Zaur iddiaçıya ödəniş edib. Zaur qızının toyu olduğundan maşını lombarda qoyub 5000 manat pul götürmüşdü. Zaur vaxtı-vaxtında ödənişlərini edib, gecikmələr olsa belə, heç vaxt ödənişlərdən yayınma olmayıb. O, bunları polis bölmələrində verdiyi izahatlarında da bildirmişdir. 99KP604 dövlət qeydiyyat nişanlı avtomobil üzrə Zaurun 10900 manat borcu qalıb. Telefon məsələsi ilə bağlı bildirmək istəyir ki, o, əvvəllər də Kamranın adına telefon götürüb vaxtından əvvəl borcunu bağlamış və buna görə onun kredit tarixçəsi yaxşı vəziyyətdə olub. Sonuncu dəfə kredit götürdüyü telefonun 7-ci ayının ödənişini ödəməyə gedəndə Kamran ona dedi ki, bacısına pul göndərmək lazım olduğundan həmin pulu ona versin, Zaurdan pulu alanda telefonun pulunu ödəyər. O da, Kamranın Zaurdan pulu alıb ona verəcəyi şərti ilə razılaşdı, lakin həmin ay Zaurun pulunu Kamran ona vermədiyindən gecikmələr yarandı. O, 6 ay kredit ödənişini vaxtı-vaxtında ödəmiş. Sonradan Binəqədidə yerləşən sexində partlayış oldu və işlər dayandı, ödənişləri edə bilmədi, maddi imkanı buna yol vermədi. O, həmin ödənişdən boyun qaçırmır, həmin ödənişi etməyə hazırdır. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 məhkəməyə bildirdi ki, 24 ay ödəniş etməli idi, 24 ay ödənişi etdikdən sonra, iddiaçı ona 36 ay ödəməli olduğumu dedi və o, qohumluq münasibətləri olduğundan bununla razılaşdı. 2 ay ödəniş etdikdən sonra iddiaçının ona qarşı ifadələri və davranışlarını bəyənmədi və düşündü ki, niyə ödəniş etməlidir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında həmin məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak etmiş Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə baxış iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, iddiaçının adına alınmış mobil telefona görə qalan borcun ödənilməsinə razıdır, bundan boyun qaçırmır. Birinci dəfə gecikmə iddiaçının özünün təqsiri üzündən baş verib, lakin sonrakı ödənişlərin ödənilməməsi mövcud olan maddi imkanları ilə bağlıdır. 99KP604 markalı avtomobil üzrə borc Cavabdeh2 aiddir və həmin şəxs 10900 manat qalan borcun ödənilməsindən boyun qaçırmır, borcunu ödəyəcək. Lakin birinci borc bağlanıb və tam olaraq iddiaçıya ödənilib. Belə ki, onlar 24 ay müddətində ödəniş edilməsi barədə razılaşmır, sonradan iddiaçı ondan pulun 36 ay müddətində ödənilməsini istəmiş, o, iddiaçı ilə qohumluq münasibətləri olduğuna görə bununla razılaşmış və növbəti ayların ödənişini etmiş, lakin iddiaçı onu söydüyünə görə pulu ödəməkdən imtina etmişdir. İddiaçı onu söyməsəydi pulu 36 ay müddətində ödəyəcəkdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilkin olaraq Cavabdeh1 10500 manat pul vermiş, Cavabdeh1 öz adına Toyota Prius minik markalı avtomobil alacağı və həmin avtomobili aylıq 600 manat olmaqla ona ödəyəcəyini vəd etmişdir. Cavabdeh1 26 ay ödənişi həyata keçirib. Həmin məsələ üzrə mübahisələndirilən hal ondan ibarətdir ki, Cavabdeh1 razılaşmanın 24 ay müddətinə olmasını və hal-hazırda borcunun qalmamasını, iddiaçı isə razılaşmanın 36 ay müddətinə və cavabdehin 6000 manat borcunun qalmasını bildirir. Bununla yanaşı Cavabdeh1 məhkəməyə bildirmişdir ki, iddiaçı ilə qohumluq münasibətləri olduğuna görə borcun 36 ay müddətində ödəməyə sonradan razılaşmış, hətta 24 ay bitəndən sonra ödənişləri etməyə davam etmiş, lakin iddiaçı onu söydüyünə görə ödəniş etməkdən imtina etmişdir. Qeyd olunanlar isə ağlabatan mühakiməyə tabe olmur və məhkəmə tərəfindən Cavabdeh1 borcu etiraf etməsini göstərən hərəkətlər olaraq qəbul edilir. 99KP604 dövlət qeydiyyat nişanlı avtomobil üzrə qeyd olunmalıdır ki, iş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarda aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı DİN 102 xidməti-zəng mərkəzinə ərizə ilə müraciət edərək ona məxsus olan Toyota markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ondan icazəsiz satılması və harada olmasından məlumatsızlığını bildirmişdir. O, hadisə ilə bağlı qanuni tədbirlərin görülməsini xahiş etmişdir. Daha sonra vətəndaş İddiaçı Yasamal RPİ-nin 27-ci PŞ-nə ərizə ilə müraciət etmiş, ona məxsus olan Toyota markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobili bibisi oğlu Cavabdeh1 baş etibarnamə ilə verməsini, sonuncunun isə həmin avtomobili onun xəbəri olmadan Cavabdeh2 kredit əsasında satmasını və həmin şəxsin adına rəsmləşdirdiyini qeyd etmişdir. ... İş üzrə izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, o, Yasamal RPİ- nin 27-ci PŞ-də verdiyi izahatını təsdiq etmiş, eyni zamanda Kamran Daşdemirovdan icarəyə götürdüyü avtomobilin 21 aylıq icarə haqqını ödəmiş, ümumilikdə həmin şəxsə 14300 manat pul ödədiyini, hal-hazırda isə 11200 manat məbləğində borcu olduğunu, qalan borcunu da hər ay 600 manat olmaqla 16 ay müddətində ödəyəcəyini qeyd etmişdir”. Hal-hazırda həmin avtomobil üzrə 10900 manat məbləğində borcun qalması işin mübahisələndirilməyən hallarındandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin qeyd olunmalıdır ki, İphone 14 pro max mobil telefonu üzrə 6 ay müddətində ödənişlərin edilməməsi, həmin ödənişlərin faktiki olaraq Cavabdeh1 tərəfindən edilməli olması da işin mübahisələndirilməyən hallarındandır və Cavabdeh1 həmin borcdan qalan 2000 manatı ödəməyə razı olduğunu məhkəmə iclasında bildirmişdir. Həmçinin həmin telefonun iddiaçı tərəfindən cavabdeh üçün götürülməsi, sonrada Cavabdeh1 tərəfindən digər cavabdehə satılması hər iki cavabdehin Binəqədi RPİ-nin 5-ci Polis Bölməsində verdikləri və məhkəmənin sorğusuna əsasən işə əlavə edilmiş izahatları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə müvafiq olaraq, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh1 8000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 62,23 manat hissəsi; Cavabdeh2 isə 10900 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 84,77 manat hissəsi tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 8000 (səkkiz min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 62,23 (altmış iki manat iyirmi üç qəpik) manat hissəsi; Cavabdeh2 isə 10900 (on min doqquz yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 84,77 (səksən dörd manat yetmiş yeddi qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2822/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2822/2024
01.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver