Məhkəmə qərarları › İş №2(001)-283/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-283/2024

11.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-283/2024 11.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Ədalət oğlunun katibliyi İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 iştirakı ilə ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 1 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariat ofisinə qarşı "vəsiyyətnamənin etibarsızlığı, vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğvi, miras əmlaklarda payların müəyyən olunması, birgə nikah dövründə əldə edilmiş əmlakda miras pay hüququnun tanınması və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonradan tələbini artırmaqla, məhkəmədən 1) X1 tərəfindən Cavabdeh2 adına qoyulmuş 24 iyul 2014-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi; 2) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzilə və ünvan 2 ünvanında yeriəşən ümumi sahəsi 48 kv.m olan qeyri-yaşayış sahəsinin 5/16 hissəsinə payın tanınmasına dair Cavabdeh2 adına verilmiş 04 may 2023-ci i tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi; 3) ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzilin 1/16 hissəsinə X5 payının tanınmasına dair 03 may 2023-ci il tarixli, 2V-328 reyestr nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilərək 1/8 hissəsinə qanun üzrə vərəsə olaraq payının müəyən edilməsi və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m olan qeyri-yaşayış sahəsinin 1/16 hissəsinə X5 payının tanınmasına dair 03 may 2023-ci il tarixli, 2V-327 reyestr nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şahadətnamənin ləğv edilərək 1/8 hissəsinə qanun üzrə vərəsə olaraq payının müəyən edilməsi; 4) Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 29, M3, m 1 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzilin 1/16 hissəsinə İddiaçı2 qızının payının tanınmasına dair 03 may 2023-ci il tarixli, 2V-330 reyestr nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilərək 1/8 hissəsinə qanun üzrə vərəsə olaraq payının müəyən edilməsi və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m olan qeyri-yaşayış sahəsinin 1/16 hissəsinə İddiaçı2 payının tanınmasına dair 03 may 2023-ci il tarixli, 2V-331 reyestr nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şahadətnamənin ləğv edilərək 1/8 hissəsinə qanun üzrə vərəsə olaraq payının müəyən edilməsi barədə; 5) X4 ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri a)Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 73 K nömrəli bağ evi, b) xx.xx.2021-ci il tarixli 4Ə-1256 reyestr nömrəli alqı satqı müqaviləsinə əsasən 0,052 ha torpaq sahəsi, c) xx.xx.2016-cı il tarixli, 4Ə-240 saylı alqı-satqı müqaviləsinə əsasən Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0,492 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi, d) Salyan rayonu,Qarabağlı kəndində yerləşən 0.0985 ha torpaq sahəsi, e) xx.xx.2016-cı il tarixli 4Ə-390 saylı alqı-satqı müqaviləsinə və xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviəsinə əsasən Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.7375 ha torpaq sahəsi, F) xx.xx.2017-ci il tarixli, 40-852,853 reyestr nömrəli alqı satqı müqaviləsinə əsasən Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.882 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə X2 payının müəyyən edilərək, miras hüququnun tanınması və həmin miras əmlaklarda X5 1/8 hissədə payının müəyyən edilməsi, İddiaçı2 1/8 hissədə payının müəyyən edilməsi barədə; 6) X4 ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri a)** NR *** dövlət qeydiyyat nişanlı Daewoo Damas markalı yük avtomobilinin, b) ** TO *** dövlət qeydiyyat nişaniı X9 minik avtomobilinin, c) ** TH *** dövlət qeydiyyat nişanlı Lexus GX460 markalı minik avtomobilinin 1/2 hissəsinə X2 payının müəyyən edilərək, miras hüququnun tanınması və həmin miras əmlaklarda X5 1/8 hissədə payının müəyyən edilməsi, İddiaçı2 1/8 hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi və əlavəsi onunla əsaslandırılmışdır ki, anaları X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mərhum anasından ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzil və ünvan 2 ünvanında yeriəşən ümumi sahəsi 48 kv.m olan qeyriyaşayış sahəsi miras qalmışdır. Qanun üzrə vərəsələri olaraq vərəsəlik işinin açılması və miras əmlakların qəbul edilməsi ilə 1 saylı Bakı Asan Xidmət mərkəzində yerləşən Notariat ofisinə müraciət etmişlər. Vərəsəlik işi açıldıqdan sonra müəyyən olundu ki, anası Cavabdeh2 adına xx.xx.2014-cü il tarixli vəsiyyətnamə qoymuşdur. Notariat xidmətinə həmin vəsiyyətnamənin qanunvericiliyin tələblərinə zidd olaraq hazırlandığı və bir əmlakın vəsiyyətnaə qoyuldudqdan sonra alındığı və vəsiyyətnamədə gələcək əmlak barəsində hər hansı bir qeyd olmadığını bildirərək birinci növ vərəsə olduqlarını və miras əmlakdan 1/8 hissəsinə paylarının müəyyən edilməsini və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər.Lakin vəsiyyətnamə əsas götürülərək onlara xx.xx.2023-cü il tarixdə 1/16 hissədə məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vəsiyyətnamə aşağıdakı əsaslara görə etibarsızdır. Vəsiyyətnamənin mətni hamılıqla qəbul edilmiş texniki vasitənin köməyi ilə tərtib edilsə də qanunvericiliyin tələbi pozularaq 2 şahidin iştirakı təmin edilməmiş və vəsiyyətnamə şahidlər tərəfindən imzalanmamışdır. Halbuki Mülki Məcəllənin 1188-ci maddəsinin tələbi fərqlidir. Bundan başqa anasından miras qalmış Aşıq Alı küçəsində yerləşən daşınmaz əmlak xx.xx.2022-ci il tarixdə anasının adına qeydiyyatdan keçmişdir. Göründüyü kimi vəsiyyətnamə qoyulduqdan sonra həmin əmlak alınmışdır. Vəsiyyətnamənin 1-ci bəndində isə gələcək əmlakın vəsiyyət edilməsi nəzərdə tutulmamışdır. Bundan başqa vəsiyyətnamənin məzmun hissəsinə diqqət yetirdikdə aydın şəkildə görünür ki, məzmun hissədə əl yazısı ilə yazılmış bütün daşınar və daşınmaz əmlakların harada yerləşməsindən asılı olmayaraq qızım Cavabdeh2 sözü ilə imza qrafasındakı imza və qarşısında Bağırova sözü arasında kəskin fərqlər mövcuddur və ayrı-ayrı şəxslər tərəfindən icra edilmişdir. İmza qrafasındadkı imza və Bağırova yazıları vəsiyyətnaməni təsdiq edən notariusun imzasına daha çox uyğun gəlir. Ekspertiza keçirələcəyi halda bu faktlar öz təsdiqini tapacaqdır. Eyni zamanda bütün daşınar və daşınmaz əmlakların harada yerləşməsindən asılı olmayaraq qızım Cavabdeh2 sözü çox yaxın və xırda şəkildə yazılması da onlarda həmin sözlərin sonradan vəsiyyətnaməyə əlavə edildiyinə, vəsiyyətnamədəki xətlərin anasına məxsus olması da onda şübhə yaratmışdır. Bundan əlavə anası ilə birgə nikahda olduqları dövrdə Cavabdeh1 öz adına digər daşınmaz əmlaklar almış və hazırda mülkiyyətindədir. Həmin əmlaklar üzərində X2 ½ hissədə payı vardır və həmin hissə miras kütləsinə daxil olmaqla 1/8 hissədə pay hüquqları tanınmalıdır. İddia tələbini artırarkən bildirmişdir ki, birgə nikah dövründə mərhum anasının əri Cavabdeh1 adına avtomobillə alınmış və hazırda mülkiyyətindədir. Həmin nəqliyyat vasitələrindən də 1/8 hissədə pay alınmalıdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iştirak edın İddiaçı1 iddiasını müdafiə etməklə iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Bundan əlavə Cavabdeh1 etirazının dəlillərinin əsassız olduğunu bildirmişdir. Cavabdehin etirazının dəlillərinin əksinə onun mərhum anasının yaxşı biznesi olmuş və o ekstrasensliklə məşğul olmuşdur. Bağ evini də, Plotnikov küçəsindəki evi də anası özü almışdır. Hətta Plotnikov küçəsindəki ev onun qızına verilməli idi, lakin Cavabdeh1 bundan imtina etmişdir. Bundan əlavə onun özü 16 yaşından işləyir və ölkənin en tanınmış stilistləri ilə çalışmışdır. Ona aldığını iddia etdiyi evi də öz puluna almışdır. Əksinə Cavabdeh1 anasını qoyub aylarla istirahətdə olurdu və o anasına baxmışdır. Bundan əlavə anası ona diliynən bildirirdi ki, ona bütün əmlaklardan pay düşür.

4. Məhkəmə iclaslarında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etmiş və vəsiyyətnamədəki imzanın həqiqiliyini və məzmununu mübahisələndirmədiyini bildirmişdir. Belə ki, vəsiyyətnamənin X1 tərəfindən tərtib edildiyi qənaətinə notariat işi və reyestr kitabı ilə tanış olduqdan sonra gəldiyi ilə əsaslandırmışdır. Eyni zamanda məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatətinin də təmin edilmədən geri qaytarılmasını xahiş etmişdir. Bununla belə vəsiyyətnamənin Mülki Məcəllənin 1156-cı maddəsinin tələbinə əsasən etibarsız olduğunu iddia edir. Belə ki, vəsiyyətnamə 2014-cü ildə tərtib edilmişdir və əmlaklar isə ondan sonra alınmışdır. Bu halda Mülki Məcəllənin 1156-cı maddəsinin tələbi baxımından əlavə qeyd yazılmalı idi. Bununla yanaşı vəsiyyətnamə tərtib edilərkən miras əmlaklar mülkiyyətdə olmamışdır və bütün daşınar və daşınmaz əmlakın vəsiyyət edilməsi barədə şərt etibarsızdır.

5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 bildirmişdir ki, mübahisələndirilən vəsiyyətnamə qanuni şəkildə tərtib edilmiş və hər hansı saxtakarlıq edilməmişdir. Eyni gündə həm X6, həm də o özü vəsiyyətnamə tərtib etmişdir. Bundan əlavə mərhum həyat yoldaşı ilə 1986-cı ildən rəsmi nikaha daxil olmuş və onun ölümünə qədər də nikahları pozulmamışdır. Mərhumla nikaha daxil olduqdan sonra onun birinci nikahdan olan uşaqlarını da qəbul etmiş və onlara hər şərait yaratmışdır. Onları evləndirmiş ev-eşik sahibi etmişdir. İddia ərizəsində qeyd edilən bütün əmlaklar birgə nikah dövründə əldə edilmişdir, bununla bağlı hər hansı mübahisə yoxdur. Hətta iddiaçılara həmin əmlakdan onlara çatacaq payı da verməyi təklif etmişdir. Lakin iddiaçılar israrla vəsiyyətnamənin etibarsız olduğu qənaətində olduqlarından razılaşma baş tutmamışdır. Bununla belə onların iddiasını qəbul etmir və onların payları tanınmış əmlaklardan başqa digər əmlaklara da pay tələb etmələrinə mənəvi haqlarının olmadığı qənaətindədir. Çünki bütün əmlakları o almış, mərhumun bu əmlakların alınmasında iştirakı olmamışdır və hətta ögey uşaqları olsa belə, iddiaçılar üçün hər şərait yaratmışdır. Bundan başqa mərhum hətta sağlığında bütün əmlakları onun adına keçirtməyi və qızlarını mirasdan məhrum etməyi üçün etibarnamə belə vermiş və onu qızlarına məlum olmayan yerdə dəfn etməyi və yas mərasiminə buraxmamağı tapşırmışdır. Lakin o vicdanlı davranaraq bunu etməmişdir. Bundan əlavə qeyd edilən nəqliyyat vasitələri də onun mülkiyyətindədir və Damas Yük markalı avtomobil alqı-satqının predmeti olmamışdır. O etibarnamə ilə başqa şəxsə satmışdır. Həmin şəxs isə məsuliyyətsiz davranaraq öz adına keçirtməmişdir. Odur ki, həmin avtomobildən də payın verilməsinə etiraz etmir.

6. Məhkəmə iclaslarında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, iddianı tamamilə qəbul etmirlər. Belə ki, vəsiyyətnamənin etibarsızlığı üçün hər hansı əsas yoxdur. Bütün miras əmlakın vəsiyyət edilməsi qanunun tələbinə uyğun olmuşdur. Digər əmlaklar isə birgə nikah dövründə əldə edilmiş olsa da, iddiaçılara həmin əmlaklardan məcburi pay düşə bilməz. Çünki Cavabdeh1 ögey uşaqlarını böyüdüb, Leylanı ev-eşik sahibi edib, paylarını artıqlaması ilə verib, hər ikisinə ev vermişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh 1 saylı Bakı “Asan Xidmət” X3 notariusu məhkəmə iclaslarında iştirak etməmiş, lakin xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanladığı müraciətində məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

8. Cavabdeh1 ilə X4 1986-cı ildə rəsmi nikaha daxil olmuşdur. İddiaçılar T. Bağırovanın birinci nikahdan olan, Cavabdeh2 isə onun Cavabdeh1 ilə nikahından olan qızıdır. X4 xx.xx.2022-ci ildə ölmüşdür. X4 tərəfindən xx.xx.2014-cü ildə vəsiyyətnamə tərtib edilmişdir. Həmin vəsiyyətnamənin məzmununa görə, o, harada yerləşməsindən asılı olmayaraq ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı qızı Cavabdeh2 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə Bakı şəhəri 27 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmişdir.

9. xx.xx.2023-cü il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə verilən mülkiyyət hüququ haqqında şəhadətnamələrdən görünür ki, ümumi mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzilin və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m olan qeyri-yaşayış sahəsinin ½ hissəsində Cavabdeh1, ½ hissəsində X1nın payı vardır.

10. Həmin əmlaklara dair iddiaçılara xx.xx.2023-cü il tarixdə məcburi paya vərəsəlik hüququ şəhadətnamə verilmiş və onların hər biri miras əmlakların hər birindən 1/16 hissədə pay almışdır. Eyni zamanda Cavabdeh1 da həmin miras əmlakların hər birindən 1/16 hissədə pay verilmişdir.

11. Bundan əlavə xx.xx.2023-cü il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzildən və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m olan qeyri-yaşayış sahəsindən ibarət olan miras əmlakın hər birindən vəsiyyətnamə üzrə vərəsə Cavabdeh2 5/16 hissədə pay almışdır.

12. Göründüyü kimi X2 miras açılan vaxt 4 qanun üzrə vərəsəsi olmuş, bunlar onun birinci nikahdan olan qızları İddiaçı1, İddiaçı2, əri Cavabdeh1 və qızı Cavabdeh2 olmuşdur.

13. Hazırda iddiaçıların tələbinin bir hissəsi bölüşdürülmüş miras əmlakların vəsiyyətnamənin etibarsız hesab edilməsi hüquqi nəticəsindən irəli gələrək qanun üzrə düşən paylara uyğun olaraq yenidən bölünməsidir. Bunu vəsiyyətnamənin Mülki Məcəllənin tələblərinə uyğun olaraq tərtib edilməməsi ilə əsaslandırırlar.

14. Tələbin digər hissəsi isə X4 ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri daşınmaz və daşınar əşyalara ər-arvadın paylarının müəyyən edilərək, miras əmlaka hüquqlarının müəyyən edilməsi və vəsiyyətnamənin etibarsızlığı nəticəsinə əsasən qanun üzrə düşən paya uyğun bölünməsidir. Tələblərini bu hissədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin həmin əmlakların ər-arvadın birgə nikahda olduqları dövrdə əldə edildiyi barədə məlumatına və Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına istinad etməklə əsaslandırırlar. Cavabdeh1 isə həmin əmlakların ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olduğunu qəbul edir və bu halı mübahisələndirmir.

15. Hansı ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 73K nömrəli bağ evi və onun yerləşdiyi 0.052 ha torpaq sahəsi müvafiq olaraq xx.xx.2022-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir və ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

16. Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.492 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2016-cı il tarixdə alınmış və hazırda Cavabdeh1 mülkiyyətindədir.

17. Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.0985 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixdən Cavabdeh1 mülkiyyətindədir.

18. Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.7375 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli alqı-satqı müqavilələrinə əsasən Cavabdeh1 adına xx.xx.2016-cı tarixdə qeydiyyata alınmış və hazırda mülkiyyətindədir.

19. Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.882 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-cı il tarixli alqı-satqı müqavilələrinə əsasən xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir.

20. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, “Daewoo Damas” yük markalı, **-NR-*** nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2007-ci il tarixdən Cavabdeh1 mülkiyyətindədir. “X9” minik markalı, **-TO-*** nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən Cavabdeh1 mülkiyyətindədir. “Lexus GX460” minik markalı, **-TH-*** nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən Cavabdeh1 mülkiyyətindədir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

21. Vəsiyyətnamənin etibarsızlığı tələbi ilə bağlı aşağıdakı normalara nəzər yetirək.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

23. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

24. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

25. 1152. Miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun.

26. 1156. Əgər vəsiyyət edən vəsiyyətnaməni tərtib etdikdən sonra vəsiyyətnamədə nəzərdə tutulan daşınmaz əmlakı həmin əmlakla əlaqədar əmlakı əldə etmək yolu ilə artırarsa, vəsiyyətnamə tərtib edildikdən sonra əldə edilmiş əmlaka dair yeni sərəncam verilmədikdə bu əmlak mirasa daxil olmur.

27. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

28. 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.

29. 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

30. 1168. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir.

31. 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.

32. 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.

33. 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər.

34. 1188. Vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər.

35. 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

36. 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.

37. 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.

38. 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.

39. 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.

40. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

41. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

42. 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir.

43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın:

44. 59. Notariuslar fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər.

45. 62. Əgər vəsiyyətnamə vəsiyyət edənin sözlərinə əsasən notarius tərəfindən tərtib olunursa, vəsiyyətnamədə vəsiyyət edəndən başqa, iki şahidin imza etməsinə yol verilir. Bu halda notarius ilk növbədə hər iki şahidin imzalarının həqiqiliyini, sonra isə vəsiyyətnaməni təsdiq etməlidir.

46. 66. Vəsiyyətin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyəti iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyət onların yanında texniki vasitədən istifadə etməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyəti imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətdə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsi ilə vəsiyyəti təsdiqləməlidirlər.

47. 67. Notarius vəsiyyətnamənin təsdiqi barədə xahişlə müraciət edən şəxsi qanun üzrə vərəsələrin Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunmuş dairəsi ilə tanış etməli və vəsiyyət edənə onun aşağıdakı hüquqlarını izah etməlidir, o cümlədən: bütün əmlakını və ya onun bir hissəsini qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə şəxsə, dövlətə və ya ayrı-ayrı təşkilata vəsiyyət üzrə bilər, vəsiyyətnamədə qanun üzrə vərəsələrin birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir; vəsiyyət edən vəsiyyətnamədə təyin edilmiş vərəsələrin mirasdan paylarını müəyyənləşdirə bilər və ya hansı əmlakın verildiyini konkret göstərə bilər; və.s

48. 68. Vəsiyyət edən vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxt bu əmlak onun mülkiyyətində olsun.

49. 71. Vəsiyyətnamə təsdiq olunarkən vəsiyyət edəndən vəsiyyət etdiyi əmlak üzərində mülkiyyət hüququnu, eləcə də onun xeyrinə vəsiyyət olunan şəxslə qohumluq əlaqəsini təsdiq edən sənəd tələb olunmur. Vəsiyyətnamə kənar şəxsin xeyrinə də təsdiq oluna bilər.

50. İşin müəyyən edilmiş hallarını sadalanan normaların məzmunu baxımından qiymətləndirərək hesab edirəm ki, X4 tərəfindən xx.xx.2014-cü ildə tərtib edilmiş vəsiyyətnamə etibarsız deyildir.

51. Belə ki, iddiaçıların birinci dəlili vəsiyyətnamənin 2 şahidin iştirakı ilə tərtib edilməməsidir. Lakin qeyd edilməlidir ki, vəsiyyət edənin tərtib etdiyi və imzaladığı vəsiyyətnamənin notariat orqanında təsdiqlənməsi zamanı şahidin iştirakı tələb edilmir. Çünki bu cür tərtib edilən vəsiyyətnamə onun notarial forması hesab edilir. İddiaçıların bildirdiyi məsələ isə vəsiyyətnamənin notarius tərəfindən yazılması, vəsiyyətnamənin mətninin texniki vasitələrdən istifadə edilməklə tərtibi zamanı və digər hallara aiddir. Halbuki vəsiyyətnamədən görünür ki, vəsiyyətnamənin mətni vəsiyyət edən tərəfindən şəxsən yazılmış və imzalanmışdır. Üstəlik bu hal məhkəmə mübahisəsi dövründə mübahisə predmeti təşkil etməmişdir.(bax 4-cü bənd)

52. Bundan əlavə vəsiyyətnamənin “bütün daşınaz və daşınmaz əmlakın harada olmasından asılı olmayaraq vəsiyyət edilməsi” barədə məzmunu da qanunvericiliyin yuxarıda sadalanan normalarının tələbinə uyğun olmuşdur. Belə ki, Mülki qanunvericilik miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarını daxil etdiyi kimi, gələcək əmlakın da vəsiyyət edilməsinin mümkünlüyünü təsbit etmişdir. Üstəlik qanunvericilik vəsiyyət edəndən vəsiyyət etdiyi əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin tələb edilməsini qadağan edir. Yəni vəsiyyət edənin vəsiyyətnamə tərtib edilən zaman mülkiyyətində olan və vəsiyyətnamədən sonra əldə edilən və miras açılana qədər miras qoyanın mülkiyyətində olan bütün daşınar və daşınmaz əmlakını vəsiyyət etməsi qanunvericiliyin tələbinə uyğun olmuşdur.

53. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıların bildirdiyi faktiki halların əsasında vəsiyyətnamə etibarsız deyildir və bu səbəbdən vəsiyyətnamənin etibarsızlığından irəli gələn hüquqi nəticələrin tətbiqi barədə tələbləri də əsassızdır.

54. İddia tələbinin digər hissəsində isə məhkəmə iddianı qismən əsaslı hesab edir.

55. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:

56. 32. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

57. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

58. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

59. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

60. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halı ondan ibarətdir ki, 1) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 73K nömrəli bağ evi və onun yerləşdiyi 0.052 ha torpaq sahəsi, 2) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.492 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 3) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.0985 ha torpaq sahəs, 4) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.7375 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 5) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.882 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 6) “Daewoo Damas” yük markalı, **-NR-*** nömrə nişanlı nəqliyyat vasitəsi, 7) “X9” minik markalı, **-TO-*** nömrə nişanlı nəqliyyat vasitəsi, 8) “Lexus GX460” minik markalı, **-TH-*** nömrə nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 ilə X2 ümumi birgə mülkiyyəti olmuşdur. Həmin əmlaklar miras bölünən zaman iddiaçılara məlum olmamış, digər vərəsələr tərəfindən notariusa bildirilməmişdir.

61. Beləliklə məhkəmə həmin əmlaklarda da miras qoyan X2 1/2 hissədə payının olduğunu(ər-arvadın əmlakının qanuni rejimi və payın həcmi işin mübahisəsiz halıdır), Cavabdeh2 adına verilmiş vəsiyyətnamənin mövcudluğunu(vəsiyyətnamənin etibarsızlığına artıq hüquqi qiymət verilmişdir), miras qoyanın qanun üzrə 4 vərəsəsinin olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçıların qeyd edilən əmlaklarda məcburi paya vərəsəlik hüququ tanınmalıdır. Yəni iddiaçıların hər biri qeyd edilən əmlaklardan 1/16 hissədə pay almalıdırlar.

62. Məhkəmə iddiaya etiraz edən cavabdehlərin dəlillərini əsassız hesab edir. Belə ki, istinad olunan həmin hallar iddiaçıların məcburi payı tələb etmək hüququnu istisna etmir. Tətbiq edilən prosessual normalar:

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

64. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

65. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

66. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

67. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

68. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, aşağıda qeyd edilən miras əmlaklarda iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin 1/16 hissədə məcburi payı müəyyən edilməli: “1) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 73K nömrəli bağ evi və onun yerləşdiyi 0.052 ha torpaq sahəsi, 2) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.492 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 3) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.0985 ha torpaq sahəs, 4) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.7375 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 5) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.882 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 6) “Daewoo Damas” yük markalı, **-NR-*** nömrə nişanlı nəqliyyat vasitəsi, 7) “X9” minik markalı, **-TO-*** nömrə nişanlı nəqliyyat vasitəsi, 8) “Lexus GX460” minik markalı, **-TH-*** nömrə nişanlı nəqliyyat vasitəsi”, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin.

69. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Aşağıda qeyd edilən miras əmlaklarda iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin 1/16 (on altıda bir) hissədə məcburi payı müəyyən edilsin: 1) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 73K nömrəli bağ evi və onun yerləşdiyi 0.052 ha torpaq sahəsi, 2) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.492 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 3) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.0985 ha torpaq sahəsi, 4) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.7375 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 5) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.882 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 6) “Daewoo Damas” yük markalı, **-NR-*** nömrə nişanlı nəqliyyat vasitəsi, 7) “X9” minik markalı, **-TO-*** nömrə nişanlı nəqliyyat vasitəsi, 8) “Lexus GX460” minik markalı, **-TH-*** nömrə nişanlı nəqliyyat vasitəsi. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar