Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2832/2022 16.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdehlə 2019-cu ildə əmisi oğlu Fəridin vasitəsi ilə tanış olmuşdur. Cavabdeh həmin vaxt maşın alqı-satqısı ilə məşğul olmuş, 2020-ci ilin əvvəllərində iddiaçıya bir ədəd Şevrolet markalı maşın gətirmişdir. İddiaçı həmin maşını satdıqdan sonra Kia Sorento markalı maşın almaq istədiyini Səidə bildirmişdir. Səid iddiaçıya Koreyada qiyməti 9000 ABŞ dolları olan Sorento markalı maşın olduğunu, maşının qiymətinin yarısını əvvəlcədən ödəməyi, qalan yarısını isə maşını gətirəndə alacağını demişdir. Sənan Şevrolet markalı avtomobili aldıqdan sonra cavabdehə qarşı inamı yaranmışdır. Bu səbəbdən xx.xx.2020-ci il tarixdə Sənan Səidə 4500 ABŞ dolları vermişdir. Səid xx.xx.2020-ci il tarixdə Sənan ilə telefonda whatsappla danışaraq avtomobilin sənədlərinin hazır olduğunu bildirmiş, eyni zamanda maşının şəklini çəkərək göndərmişdir. Bundan sonra Səid Sənana nə avtomobilin sənədini, nə də avtomobili göndərməmişdir. Ona görə də Sənan Səiddən verdiyi 4500 ABŞ dollarını geri qaytarmasını tələb etmişdir. Səid 2021-ci ilin əvvəllərindən hal-hazırki vaxtadək təxminən hər gün həmin məbləği Sənana qaytaracağını bildirsə də, faktiki olaraq müxtəlif bəhanələr gətirməklə pulu qaytarmaqdan imtina edir. Cavabdehlə bütün telefon danışıqları subut kimi mövcuddur. Bundan başqa cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi etirazında da, 4500 ABŞ dollarının cavabdeh tərəfindən iddiaçıdan alınması etiraf olunur. İddia ərizəsi yazılan günə bank uçot faiz dərəcəsi 15% təşkil edir. Cavabdeh 4500 ABŞ dolları məbləği olan əsas borcu qaytarmaqla yanaşı iddiaçıya hesablanmış 15% məbləği olan 675 ABŞ dolları məbləğində pulu da ödəməlidir. Ona görə də Cavabdeh əsas borca görə 4500 ABŞ dollarının, həmin məbləğə hesablanmış 675 ABŞ dolları faiz olmaqla cəmi 5175 ABŞ dollarının İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, Cavabdeh iddia ərizəsini qəbul etmir. Belə ki, cavabdeh iddiaçıdan 4500 ABŞ dollarını alsa da, həmin məbləği vəd olunan avtomobili gətirməli olan Dima adlı Moldova Respublikasının vətəndaşına vermiş, həmin şəxs pulu mənimsəmişdir. Bu hallar iddiaçının məhkəməyə təqdim etdiyi yazışmalarda və səs yazılarında öz əksini tapmışdır. Cavabdeh iddiaçının faiz tələbini ümumiyyətlə qəbul etmir. Cavabdeh pul ona qaytarıldıqdan sonra aldığı pulu iddiaçıya qaytaracaqdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinə münasibətini məhkəməyə təqdim etdiyini bildirib işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). İddiaçı ilə Cavabdeh arasında aparılmış whatsapp yazışmalarından, telefon danışıqları ilə bağlı səs yazılarından və Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazından müəyyən olunur ki, Cavabdeh İddiaçı 4500 ABŞ dollarını almış və geri qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı sonuncuya avtomobil almaq məqsədi ilə 4500 ABŞ dollarını almış, lakin vədinə əməl etmədiyi halda aldığı 4500 ABŞ dollarını geri qaytarmamaqla iddiaçıya maddi ziyan vurmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya 4500 ABŞ dolları məbləğində maddi ziyan vurulması öz təsdiqini tapdığından iddia ərizəsi bu hissədə əsaslıdır, ona görə 4500 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının cavabdehdən faiz tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə təmin eilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. İddiaçının faiz tələbindən müəyyən olunur ki, o, cavabdehdən verdiyi pul vəsaitinin 15%-ni hesablayaraq tələb edir, iddia tələbində pul vəsaitin saxlanıldığı hansı dövr üçün cavabdeh tərəfindən faiz ödənilməli olmasını qeyd etməmiş, cavabdehin saxladığı pul vəsaitindən fayda əldə etməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə iddia tələbini bu hissədə təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 4500 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, dövlət rüsumuna görə 112 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2832/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2832/2022
16.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver