Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2834/2021 01.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.016 manat pulun və bank uçot dərəcəsinə uyğun olaraq həmin vəsaitin məbləğindən faizlərin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehi bir neçə ildir ki, tanıyır. 2020-ci ilin iyul ayında oğlu hərbi xidmətə yollanmışdır. Həmin vaxt cavabdeh oğlunun Bakı şəhərində yerləşən Təlim-Tədris mərkəzində xidmət aparması üçün köməklik edəcəyini, bunun müqabilində ona 2.500 manat pul lazım olduğunu bildirmişdir. O, cavabdehə cəmi 2.000 manat pulunun olduğunu bildirmiş, o isə bununla razılaşaraq həmin pulu poçt vasitəsilə ona göndərməyini istəmişdir. Bundan sonra razılaşdıqları kimi poçt vasitəsilə cavabdehə 2.000 manat pul göndərmiş, bunun üçün 16 manat əlavə xidmət haqqı tutulmuşdur. Lakin pulu göndərdikdən sonra cavabdeh vədinə əməl etməyərək ona heç bir köməklik göstərməmişdir. Bundan sonra o, cavabdehdən pulunu geri istəsə də, o hər dəfə müxtəlif bəhanələr gətirərək onu tezliklə qaytaracağını bildirmişdir. Lakin, xeyli vaxt keçməsinə baxmayaraq, cavabdeh bu günə kimi ondan aldığı pulu geri qaytarmamışdır. Bu barədə onun özünə dəfələrlə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Cavabdehin belə hərəkət etməsi onun pulu geri qaytarmaq fikrinin olmadığını bildirir. Daha sonra polisə müraciət etmiş, lakin polisdə müraciətinin mülki xarakterli olmasını əsas gətirərək cinayət işinin başlanılmasını rədd etmişlər. Ona görə də hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, dəfələrlə cavabdehlə telefon vasitəsilə əlaqə saxlamış və hər dəfə ona pulunun yaxın günlərdə qaytarılacağı bildirilmişdir. Pulu cavabdehə poçt vasitəsilə göndərilməsi üçün qızına vermiş və bu səbəbdən qızının adı qəbzdə qeyd olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin Qərarın təsviri hissəsində qeyd edilmişdir ki, istintaq araşdırması müddətində Emin Novruzovun müəyyən edilərək izahatının alınması üçün istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlanılmış, həmin şəxs hazırda Suqovuşan adlanan ərazidə hərbi xidmətdə olduğunu, bununla bağlı arayış göndərəcəyini və Ülviyyə xanıma olan borcunu ən qısa zamanda qaytaracağını bildmişdir. Cavabdeh izahatı alınmadan material üzrə əmələ hüquqi qiymət verilməsi mümkün olmamışdır. Bununla bağlı müvafiq protokol tərtib olunara iş materiallarına əlavə edilmişdir. 294694452 nömrəli mədaxil qəbzinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 2020-ci il tarixdə X3 tərəfindən Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsilə 2.000 manat məbləğində pul vəsaiti göndərilmişdir. Pul vəsaitinin göndərilməsinə görə 16 manat rüsum tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh qanuni və ya müqavilə əsası olmadan iddiaçıdan 2.000 manat məbləğində pul vəsaiti qəbul edərək əsassız varlanmışdır. Belə olan halda məhkəmə iddia tələbinin “2.016 manat məbləğində pulun cavabdehdən tutulması” hissəsi ilə əlaqədar hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, Cavabdeh 2.000 manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, tələbi digər hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən tələb olunan 16 manat məbləğində pul cavabdehə deyil, poçt xidmətinin həyata keçirilməsi üçün ödənilmiş məbləğdir. Məhkəmə iddia tələbinin “bank uçot dərəcəsinə uyğun olaraq faizlərin tutulması” hissəsi ilə əlaqədar isə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxx 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama, qaytarmaqdan boyun qaçırma, ödənilməsini digər şəkildə gecikdirmə, başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Göründüyü kimi qanunverici özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsini nəzərdə tutsa da, bunu sadalanan dörd hərəkət (hərəkətsizlik) nəticəsində borclunun müəyyən gəlir, artım, bəhər əldə etməsi ilə əlaqələndirmişdir. Hazırki iş üzrə isə iddiaçı tərəfindən cavabdehin aldığı puldan faydalanmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2.000 manat məbləğində pul İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 25 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2.000 (iki min) manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manatı tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-2834/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2834/2021
01.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver