Məhkəmə qərarları › İş №2(001)-2834/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2834/2022

13.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2834/2022 13.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pulun tutulması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus 3100(üç min yüz) manat məbləğində pulun alınıb ona verilməsi və mənəvi zərərə görə 2000(iki min) manat məbləğində pulun və ödənilmiş 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumunun tutulmaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2019-cu ildə hissə-hissə olmaqla müxtəlif vaxtlarda ondan 8000 manat pul almışdır. 8000 manat pulun 4300 manatını geri qaytarmış və yerdə qalan 3700 manatı hər ay 300 manat olmaqla 10 may 2022-ci il tarixə qədər ödəməyi ilə bağlı qəbz yazmış və imza etmişdir. Lakin cavabdeh uzun müddət götürdüyü borcu qaytarmamış və o, dəfələrlə cavabdehdən pulu qaytarmasını tələb etsə də buna əhəmiyyət verməmişdir, müxtəlif bəhanələrlə boyun qaçırmışdır və pulu qaytarmaqdan imtina etmişdir. O, bu barədə Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə və Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə ərizə ilə şikayət etmişdir. Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən 13 noyabr 2020-ci il tarixdə verilmiş cavabda işin xüsusatları mülki xarakterli olduğundan məhkəmə orqanına müraciət edilməsi məqsədə müvafiq olması qeyd edilmişdir. Həmçinin Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi tərəfindən 12 yanvar 2022-ci il tarixdə verilmiş cavabda ərizədə göstərilən xüsusatların mülki xarakteri olduğundan məhkəməyə müraciət olunması qeyd edilmişdir. Bundan sonra 600 manat qaytarmış , qalan 3100 manatı isə qaytarmamışdır. Cavabdeh iltizamda ondan pul almasını və ödənilməsini etiraf etməsi barədə öhdəlik götürmüşdür. Lakin öhdəliyə əsasən pulu ödəməmişdir. Cavabdeh ona olan borcunu vaxtında ödəməmiş və ödəməkdən yayınmışdır. Cavabdehdən 3700 manat məbləğində pul alınaraq ona verilməlidir. Cavabdehin təqsiri üzündən o, çox ciddi stress keçirmiş, əsəb gərginliyinə məruz qalmağı səbəbindən mənəvi zərərə məruz qalmışdır. Aldadılmağı, xeyli miqdarda pul vəsaitindən məhrum edilməyi, uzun müddət məsələnin həllini tapmaması onun şüuruna mənfi psixoloji təsir etmişdir, sağlamlığı pozulmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 2000 (iki min) manat məbləğində dəyərləndirir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə çatdırılması üçün məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə uyğun olaraq göndərildiyindən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh tərəfindən yazılmış və Cavabdeh və İddiaçı tərəfindən imzalanmış 10 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, o, yəni Cavabdeh İddiaçı 2019-cu ildə hissəhissə 8000(səkkiz min) manat civarında borc almışdır. 8.000 (səkkiz min) manatın 4.300 manatını geri qaytarmış, yerdə qalan 3.700(üç min yeddi yüz) manatı hər ayın, yəni mayın 10-dan başlayaraq, hər ay 300 manat qaytaracaq. Yerdə qalan borcu 2022-ci ilin may ayının sonuna kimi ödəməyi öhdəsinə götürür. Bakı şəhəri Baş Polis İdarəsinin 18-ci Polis Şöbəsinin İddiaçı ünvanlanmış olduğu 13 noyabr 2020-ci il tarixi 081-10694A №-li məktubunun surətindən görünür ki, İddiaçı 16.10.2020-ci il tarixli ərizəsi araşdırılmış və müraciətdə qeyd olunan xüsusatlar mülki xarakterli olduğu üçün məhkəmə orqanlarına müraciət etməkləri məqsədəmüvafiq hesab edilmişdir. Bakı şəhəri Baş Polis İdarəsinin 17-ci Polis Şöbəsinin İddiaçı ünvanlanmış olduğu 12 yanvar 2022-ci il tarixi 080-21618A-3222 №-li məktubunun surətindən görünür ki, İddiaçı 25.12.2021-ci il tarixli ərizəsində qeyd olunan xüsusatlar mülki xarakterli olduğu üçün məhkəmə orqanlarına müraciət etməkləri məqsədəmüvafiq hesab edilmişdir. 30 mart 2022-ci il tarixli mədaxil qəbzinə əsasən, iddiaçı tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 71 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; -427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 2019-cu ildə hissə-hissə olmaqla, müxtəlif vaxtlarda ümumilikdə 8.000 manat məbləğində borc pul vermiş, cavabdeh həmin borcun ümumilikdə 4.900 manatını qaytarmış olsa da, iddiaçı ilə aralarında olan razılığa əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunun qalan hissəsini, yəni 3.100 manatı məbləğində pul vəsaitini razılışdırıldığı müddətdə və qaydada ödəməmiş, bununla da razılığın şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 3.100 manat məbləğində pul vəsaitinin tutulması hissəsində iddia tələbi əsaslıdır. Məhkəmə iddia tələbinin “2.000 məbləğində mənəvi zərərin tutulması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı tutarlı sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borca görə 3.100 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 51 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 20 manatı isə iddiaçının özünə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3.100 (üç min yüz) manat məbləğində borc və 51 (əlli bir) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar