Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2839/2022 28.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MTK və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MTK ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə və həmin əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan iddiaçı iddia ərizəsi verilərkən müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb etdiyi Azərbaycan Respublikası ƏƏSMN yanında X11 Xidmətini cavabdeh qismində prosesə cəlb etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2020-ci il mart ayından müddətli sistemlə Cavabdeh2 MTK-də hüquqşunas vəzifəsində işləyirdi. Sonuncu dəfə xx.xx.2021ci il tarixdə işəgötürən cavabdeh tərəfindən əmək müqaviləsinə dəyişiklik edərək müddətsiz əmək müqaviləsi bağlamaqla onu işdə saxlamışlar. Hal-hazırda Cavabdeh2 MTK-nın rəhbər vəzifəli şəxslər həbsdədir və rəhbər vəzifədə heç kim qalmamışdır, MTK asan imzasının vaxtı qutarıb, bu baxımdan işdən çıxa bilməmişdir. Hal-hazırda işsizdir. Onun işdən azad olmağı ilə əlaqədar kimə müraciət kimə müraciət etsə də, köməklik göstərən yoxdur. İşlədiyi müddətdə əmək haqqı almamışdır. Cavabdehin qanuni təmsilçisinə 24 iyul 2021-ci il tarixdə işdən azad olmağı ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Bu günədək cavab verilməmiş və sonradan Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində qaldırılmış cinayət işində MTK-nın qanuni təmsilçisi təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və MTK möhürü maddi sübut kimi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cavabdeh2 MTK ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün 04 fevral 2022-ci il tarixində məcburiyyət qarşısında qalaraq, Prezidentə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Müraciət ilə əlaqədar müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikasının ƏƏSMN yanında X11 Xidməti 14 fevral 2022-ci il tarixdə cavab verərək, göstərmişdir ki, “adınıza aktiv əmək müqaviləsinin olması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətə Nazirlik yanında X11 Xidmətində baxılmışdır. Müraciətlə bağlı əməkdaşlarımız tərəfindən Sizinlə telefon (***-***-**-**) əlaqəsi saxlanılmış və qanunvericiliyin tələbləri izah edilmişdir. Məlum edirik ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X11 Xidmətinin səlahiyyətləri xaricindədir”. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Tərəflərin izahatları və iddiaya münasibəti:
4. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, işdən azad olunması ilə bağlı Cavabdeh2 MTK-ya ərizə göndərmişdir və həmin ərizənin cavabdehə çatdırılması ilə bağlı xəbərnaməni məhkəməyə təqdim etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh X5 nümayəndəsi X6 izahatında bildirmişdir ki, iddiaçı MTK rəhbərliyinin həbsdə olması barədə sübutları məhkəməyə təqdim edərsə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iddiaya heç bir etirazı olmayacaqdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. İddiaçı Cavabdeh2 MTK-nın sədri X2 müraciət etdiyi 24 iyul 2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində açılmış cinayət işinin fəsadları gələcəkdə faciələrə səbəb olacağını məsuliyyətini hiss edərək onu tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.Bununla bağlı poçt zərfi qapı bağlıdır qeydi ilə çatdırılmadan geri qaytarılmışdır.
8. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsinin xxxxxxx002102 saylı, xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, İddiaçı Cavabdeh2 MTK-da xx.xx.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsi əsasında hüquqşunas vəzifəsində işə qəbul edilmişdir.
9. İddaçı İddiaçı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə ərizə ilə müraciət edərək, onu Cavabdeh2 MTK-da tutduğu vəzifədən azad olunmasına göstəriş verilməsini xahiş etmişdir.
10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin İddiaçı ünvanladığı **********8 saylı, 14 fevral 2022-ci il tarixli məktubundan görünür ki, adına aktiv əmək müqaviləsinin olması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan müraciətə Nazirlik yanında X11 Xidmətində baxılmışdır. Ona əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X11 Xidmətinin səlahiyyətləri xaricində olması barədə məlumat vermişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ile daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından ve bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin "h" bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sistemine gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış Əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi "Elektron hökumət" portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə İşəgötürən tərəfindən və ya "Elektron hökumət" portalında yerləşdirilmiş "Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X11 Xidməti müstəüqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqavciləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X11 Xidmətinə həvalə edilməsi barədə məlumat vermişdir.
11. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X12 Qeydiyyatı İdarəsi tərəfindən verilən 25 yanvar 2018-ci il tarixli nizamnaməsinin 1.1-ci bəndindən görünür ki, Cavabdeh2 (bundan sonra – Kooperativ) istehlak kooperativi olmaqla, kooperativin məqsədləri üçün binanın (binaların) tikilməsi, həmin binada mövcud yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvləri pay haqlarını tam həmclə ödəmələri üçün tələb olunan müddətə yaradılır. Kooperativ binanın (binaların) tikinti başa çatdıqdan və binada (binalarda) mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ Mülki Məcəllə, Mənzil Məcəlləsi, qüvvədə olan digər qanunlar və bu nizamnamə ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra 6 ay ərzində ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir.
12. Həmin nizamnamənin 1.2-ci və 1.4-cü bəndlərindən görünür ki, Kooperativin tam adı: Cavabdeh2dir və Kooperativin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 18a, mənzil 63 də yerləşir.
13. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Dövlət Reyestri Çıxarışından görünür ki, Cavabdeh2 xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır, təşkilati-hüquqi forması Kooperativdir, qanuni təmsilçisi X3r.
14. Nizamnamənin 4.4-cü maddəsinə əsasən kooperativin pay fondu 100 manat müəyyən edilmişdir. Pay fondunda kooperativin üzvlərinin mütləq pay haqları aşağıdakı kimi müəyyən edilmişdir: - Abbaslı əsrət Bəhram oğlu-50 manat, 50 pay haqqı, 50 % - X14-20 manat, 20 pay haqqı, 20 % - X9-5 manat, 5 pay haqqı, 5 % - X4-5 manat, 5 pay haqqı, 5 % - X15-20 manat, 20 pay haqqı, 20 %
15. Azərbaycan Respublikası Baş Prokurorunun müavini- Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi İİİ dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən X4 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 308.2-ci maddələri, X1 həmin Məcəllənin 308.1-ci maddəsi ilə təqsirləndirilmələrinə və hüquqi şəxs Cavabdeh2 Mənzil Tikinti Kooperativi barəsində CM-nin 308.2-ci maddəsinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktı 30 dekabr 2021-ci il tarixində təsdiq edilmişdir.
16. İttiham aktında qeyd edilir ki, X4- 25 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X12 Qeydiyyatı idarəsi tərəfindən qeydiyyatdan keçmiş Cavabdeh2 5 faiz payla təsisçisi və 6 mart 2018ci il tarixdən 6 mart 2020-ci il tarixədək icraçı direktoru vəzifəsində işləyən zaman öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xüsusilə külli miqdarda ziyan vurmaqla əmlakını vahid niyyətlə ələ keçirib dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.
17. İttiham aktında qeyd edilir ki, “X10- 25 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X12 Qeydiyyatı idarəsi tərəfindən qeydiyyatdan keçmiş Cavabdeh2 50 faiz payla təsisçisi və xx.xx.2018ci il tarixdən sədri vəzifəsində işləməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-979/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə axtarışda olan X4 barəsində 4 ay müddətinə həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir.X4 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixədək uzadılmışdır.İstintaq zamanı cinayət əməllərinin hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və ya onun fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxslər tərəfindən törədilməsini təsdiq edən hallar müəyyən edildiyindən Cavabdeh2 Mənzil Tikinti Kooperativi barəsində cinayət hüquqi tədbirlərin tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən 21 dekabr 2021-ci il tarixli qərar qəbul edilmişdir.” Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
18. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X12 Qeydiyyatı İdarəsi tərəfindən verilən 25 yanvar 2018-ci il tarixli nizamnaməsinin 1.1-ci bəndindən görünür ki, Cavabdeh2 (bundan sonra – Kooperativ) istehlak kooperativi olmaqla, kooperativin məqsədləri üçün binanın (binaların) tikilməsi, həmin binada mövcud yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvləri pay haqlarını tam həmclə ödəmələri üçün tələb olunan müddətə yaradılır.
19. Cavabdeh2 MTK-nın qanuni təmsilçisi X3r, onun barəsində məhkəmənin icraatında cinayət işi var və istintaq orqanı tərəfindən MTK-nın barəsində cinayət hüquqi tədbirlər tətbiq edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə MTK-da əmək müqaviləsi əsasında müddətli işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə isə əmək müqaviləsinə dəyişiklik edilərək onunla bağlanmış əmək müqaviləsi müddətsiz hesab olunmuşdur. İddiaçı işdən azad edilməsi ilə bağlı MTK-ya, onun qanuni təmsilçisinə 2021-ci ilin iyul ayından müraciət etmişdir. Lakin MTK-nın təsisçisi və qanuni təmsilçisi barəsində cinayət işinin icraatı davam etdiyinə və MTK-nın barəsində cinayət hüquqi tədbirlər tətbiq edildiyinə görə iddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilməmişdir. Bununla bağlı digər cavabdehə X8 müraciət edilmiş, lakin onların əmək müqaviləsinə xitam vermək səlahiyyətinin olmadığı əsası ilə müraciətin təmin edilməsindən imtina edilmişdir.
20. İddiaçı MTK-nın qanuni təmsilçisinin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə və MTK-nın möhürünün maddi sübut kimi götürüldüyünə görə onunla əmək müqaviləsinə xitam verilməsinin mümkün olmadığını iddia edir. İddiasını da onunla əsaslandırır ki, MTK-ya onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə müraciət etməsindən 1 aydan çox vaxt keçməsinə baxmayaraq, əmək müqaviləsinə xitam verilməmişdir.
21. Cavabdeh MTK-nın səlahiyyətli şəxsləri məhkəmə iclaslarında iştirak etmədiyinə görə iddiaya münasibət bildirməmiş, digər cavabdehin nümayəndəsi isə faktiki olaraq iddiaya etiraz etməmişdir. Tətbiq edilən maddi hüquq normaları:
22. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
23. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.(maddə 49.1)
24. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir.(maddə 49.5)
25. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.(maddə 69.1)
26. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.(maddə 69.2)
27. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.(maddə 69.5)
28. fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır.(maddə 74.1-1.2)
29. Bu Məcəllənin 49-cu maddəsinin 5-ci hissəsinə uyğun olaraq, əmək müqaviləsi bildirişi qüvvədən düşmüş hesab edildikdən sonra əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin müraciəti əsasında əmək kitabçasında müvafiq qeydlər aparılır.(maddə 87.8) Tətbiq edilən prosessual hüquq normaları:
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
33. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
34. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:
35. İddiaçı əmək müqaviləsi ilə işlədiyi və barəsində cinayət hüquqi tədbirlər tətbiq edilən hüquqi şəxsin işçisidir. İşçi qanunvericilikdə müəyyən edilmiş qaydada onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənə ərizə ilə müraciət etmişdir. Lakin işçi ilə bağlanan əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməmişdir. İşçinin bununla bağlı müvafiq icra hakimiyyətinə müraciəti isə nəticəsiz qalmışdır. Buna səbəb isə müvafiq icra hakimiyyəti orqanının həmin vaxt belə səlahiyyətinin əmək qanunvericiliyində təsbit olunmaması olmuşdur. Lakin məhkəmə icraatı dövründə Əmək Məcəlləsinə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə dəyişiklik edilmiş və Əmək Məcəlləsinin 74-cü maddəsinə yeni məzmunda 1-1ci və 1-2-ci hissələr əlavə edilmişdir. Həmin dəyişiklik isə ondan ibarət olmuşdur ki, fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə iziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır. Lakin işin hallarından da göründüyü kimi hazırki mübahisədə işəgötürən hüquqi şəxsdir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən isə hüquqi şəxslə bağlı cinayət hüquqi tədbirlərin tətbiq edildiyi halda əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü halı həmin norma ilə tənzimlənməmişdir. Buna baxmayaraq işəgötürənin statusundan asılı olmayaraq işçinin bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv etmək hüququ və ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra isə işəgötürənin işçinin tələblərini yerinə yetirmək vəzifəsi Əmək Məcəlləsinin 69-cu maddəsi ilə tənzimlənmişdir. Odur ki, işçinin işəgötürəni əmək müqaviləsinə xitam verilməsi barədə bir təqvim ayı qabaqcadan xəbərdar etməsinə və ərizənin verildiyi gündən bir təqvim ayının bitməsinə baxmayaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmədiyinə görə işçinin hüquqları pozulmuş hesab edilməli və əmək qanunvericiliyinin tələblərinə əsasən onun pozulmuş hüquqları məhkəmə qaydasında bərpa edilməlidir. Belə ki, əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi fərdi əmək mübahisəsidir və işçinin pozulmuş hüquqlarının bərpa edilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Bundan başqa əmək qanunvericiliyinə görə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyyəti orqanı olan X11 Xidməti tərəfindən aparılır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə həvalə edilməlidir. Nəticə:
36. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 MTK ilə İddiaçı arasında qüvvədə olan əmək müqaviləsinə xitam verilməli və həmin əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə həvalə edilməlidir.
37. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh2 MTK ilə İddiaçı arasında qüvvədə olan əmək müqaviləsinə xitam verilsin və həmin əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev