Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2860/2021 17.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyana tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, rayonların birində torpaq sahəsi götürüb, əkin əkmək üçün investor kimi ora sərmayə qoymaq qərarına gəlmiş, bu barədə tanışı Həsən Bağırova müraciət etdikdə sonuncu ona Zaqatala rayonunda Cavabdeh adlı tanışı olduğunu və Cavabdeh torpaq işi ilə məşğul olduğunu demişdir. H.Bağırov S.Q.Mahmudova zəng etdikdə cavabdeh ona Qax rayonunun Güllük kəndində əkin əkmək üçün torpaq sahəsi təşkil edəcəyini bildirmişdir. O, 2018-ci ilin noyabr ayında H.Bağırovla birlikdə Qax rayonuna gedərək cavabdehlə görüşmüş, cavabdeh Qax rayonu Güllük kənd sakini Hidayət adlı şəxsə məxsus olan 23 hektar torpaq sahəsini ona göstərmiş və o, bu torpaq sahəsini bəyənib orada əkin əkmək qərarına gəlmişdir. Cavabdeh bu işdə böyük təcrübəsi olduğunu, uzun müddət kənd təsərrüfatı işləri ilə məşğul olduğunu, kartof, qarğıdalı, tütün və soya bitkisi əkdiyini ona demişdir. O, cavabdehlə bu işi görmək qərarına gəlmiş, şifahi razılaşmalarına əsasən işin görülməsi üçün o, pul qoymalı, əkin və digər işləri cavabdeh görməli, əldə olunan gəlir isə iki yerə bölünməli idi. Onun əkin üçün qoyacağı vəsaitə Cavabdehlik daşımalı idi. Cavabdeh ona bu torpaqda soya bitkisi əkməyin yaxşı effekt verəcəyini, soya bitkisinin yaxşı gəlir verdiyini dediyindən onlar Güllük kəndində İdayət adlı şəxsə məxsus torpaq sahəsində soya bitkisi əkmək qərarına gəlmiş, soya bitkisinin əkilib-becərilməsi və yığılması üçün smeta hazırlamış və işin görülməsi üçün qiymətləri cavabdeh demiş, o da yazmışdır. Belə ki, torpağın icarə haqqı 6900 manat, torpağın şumlanması - 23 ha x 35 manat - 805 manat, gübrə (Nitra Amafos) - 1 ha üçün 5 ədəd olmaqla bir ədədinin qiyməti 17 manat 23 x 5 - 1955 manat, toxum (soya) Serbiya sortu 1 ha üçün 240 manatlıq toxum olmaqla 5520 manat, torpağın rusilnik olunması 1 ha üçün 30 manat olmaqla - 23 ha x 30 manat ildə 2 dəfə 1380 manat, torpağın malalanması 1 ha 20 manat olmaqla 2-ci dəfə ütü mala çəkilməsi 920 manat, toxumun səpini və gübrənin verilməsi 1 ha 30 manat olmaqla 690 manat, torpağın kultivasiya olunması və Falyan gübrə vurulması 1 ha üçün 25 manat olmaqla 575 manat, alaq dərmanı və Falyan gübrəsi 1 ha sahəyə 7,5 Falyan olmaqla 1650 manat, Falyan gübrəsinin vurulması 1 ha sahə 15 manat olmaqla 345 manat, torpağın suvarılması 1 ha üçün 20 manat olmaqla 2 dəfə suvarma üçün 920 manat, gözətçi pulu 600 manat, məhsulun biçilməsi 1 ha sahə üçün kombayn pulu 60 manat olmaqla 1380 manat, cəmi 23640 manat olmaqla smeta hazırlanmış, yemləmə və əlavə xərclər hesablanmamışdır. O, Qax rayonu Güllük kəndində 23 hektar sahədə soya bitkisi becərmək üçün cavabdehə 13.03.2019-cu il tarixdə 15180 manat, 07.04.2019-cu il tarixdə 1700 manat, 21.04.2019-cu il tarixdə 1265 manat, 28.05.2019-cu il tarixdə 1000 manat, 04.06.2019-cu il tarixdə 1275 manat, 10.07.2019-cu il tarixdə 1400 manat, 12.07.2019-cu il tarixdə 1135 manat, 02.08.2019-cu il tarixdə 1000 manat, 04.08.2019-cu il tarixdə 210 manat və 05.08.2019-cu il tarixdə 250 manat olmaqla cəmi 24415 manat, yemləmə və əlavə xərclər üçün (jele) yemləmə ilə bağlı 713 və 345 manat, fəhlə pulu 70 manat, su maşını üçün 50 manat, suçunun pulu 460 manat, bit dərmanı 276 manat, bit dərmanının vurulması üçün 230 manat, su maşını 50 manat, fəhlə pulu 42 manat və əlavə xərclərə görə 300 olmaqla cəmi 2536 manat pul vermişdir. O, cavabdehə 26951 manatı şəxsən özünə ayrı-ayrı yerlərdə vermiş, 250 manatı isə 07.08.2019-cu il tarixdə poçt vasitəsilə göndərmişdir. Cavabdehə ümumilikdə 27201 manat pul verilmişdir. Cavabdeh ona verilən pulun 16880 manat hissəsinə imza ataraq qəbul etmişdir. Onun cavabdehlə yaxın münasibətləri yarandığından və cavabdehə etibar etdiyindən pulun qalan hissəsinin verilməsinə imza etdirməyə lüzum görməmişdir. O, cavabdehə məhsulun əkilməsində, gübrə verilməsində, suvarılmasında və yığılmasında iştirak etmək istədiyini bildirmiş, cavabdeh isə onun sahəyə getməsinə ehtiyac olmadığını, işi özünün aparacağını bildirmişdir. Cavabdeh bir neçə dəfə məhsulun şəklini çəkib ona göndərmiş, məhsulun bol olduğunu və bol məhsul götürəcəklərini yazmışdır. Məhsulun yığılması vaxtı o, Güllük kəndinə sahəyə baxmağa getmiş, sahədə yaxşı məhsul olduğunu görmüş, sahənin sahibi Hidayət ilə görüşmüş və Hidayət ona məhsulu biçmək lazım olduğunu bildirmiş, o, cavabdehə zəng edərək məhsulun biçilməli olduğunu bildirmiş, cavabdeh isə kombayn sürənlə danışdığını və biçiləcəyini bildirmişdir. O, 10 gün gözləyib cavabdehə zəng etmiş, cavabdehin məhsulun biçilməsi üçün getmək istəməməsi ona məlum olmuş, bundan sonra o, sahəyə gedərək sahədəki məhsulun çox hissəsinin biçilməsini, kombaynın xarab olub sahədə qaldığını görmüş, həmin vaxt Hidayət məhsulun İlqar adlı şəxs tərəfindən biçildiyini ona demişdir. O, İlqara zəng etdikdə İlqar ona bu sahənin onun tərəfindən əkildiyini, bu sahəyə 16000 manat xərclədiyini və məhsulun ona aid olduğunu bildirmiş, həmçinin cavabdehin burada hamını aldatmasını və hamıya borclu olmasını qeyd etmişdir. O, cavabdehlə görüşdükdə cavabdeh böyük kommersiya işləri ilə məşğul olduğunu, Rusiyadan, Türkiyədən və İrandan Azərbaycana kartof gətirdiyini və onu da özünün biznes sahəsinə cəlb edəcəyini bildirmiş, o, isə cavabdehin onu aldatdığını bildirərək cavabdehdən verdiyi pulları tələb etmişdir. Cavabdehin onun etibarından sui-istifadə edərək onu aldatdığı və xeyli miqdarda pulunu ələ keçirdiyi ona məlum olmuşdur. Cavabdeh İlqar adlı şəxsin əkdiyi əkin sahəsinin şəklini çəkərək ona göndərmişdir. O, cavabdehə verdiyi pulun 10000 manatını X5, 7000 manat hissəsini isə Pənah Bayramovdan borc almışdır. P.Bayramov xəstəliyə tutulduğu üçün o, məcbur qalaraq 12.02.2020-ci il tarixdə Unibank KB ASC-dən 3000 manat və 29.01.2021-ci il tarixdə 4000 manat kredit götürüb P.Bayramovun verdiyi borcu qaytarmışdır. Cavabdeh ona məxsus xeyli miqdarda pulu ələ keçirməklə yanaşı onun maddi ziyana da məruz qoymuşdur. Cavabdehin əməli nəticəsində o, xeyir götürə bilməmiş, halbuki başqa bir yerdə həmin puldan istifadə edib gəlir əldə edə bilərdi. Ona görə də cavabdehdən əldən çıxmış fayda ilə bağlı 10000 manat tələb edir. Cavabdehin əməli nəticəsində o, xeyli maddi ziyana məruz qalmış, əlavə gəlir və qazanc əldə edə bilməmiş, xeyli miqdarda yol pulu xərcləmiş, həmçinin bankdan götürdüyü kreditlə bağlı faizlər ödəmişdir. Bütün bunlara görə cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanı 3000 manat məbləğində dəyərləndirir. Baş verən hadisə ona çox ciddi təsir etmiş, aldadılması, xeyli miqdarda pul vəsaitindən məhrum olması əsəb gərginliyi keçirməsinə səbəb olmuş və cavabdehin əməli nəticəsində mənəvi zərərə məruz qalmış, sağlamlığı pozulmuşdur. Ona dəymiş mənəvi zərəri 10000 manat məbləğində qiymətləndirilir. Ona görə də Cavabdeh əkin üçün verdiyi 27201 manatın, əldən çıxmış faydaya görə 10000 manatın, dəymiş maddi ziyana görə 3000 manatın, mənəvi ziyana görə 10000 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X3 iddiaçı M.A.Mehtiyevin izahatını təsdiq etmişdir. Mülki iş üzrə 08.04.2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, 2017-ci il tarixdən Qax rayonu Güllük kənd ərazisində əhaliyə məxsus pay torpaqlarını icarəyə götürərək tütün, qarğıdalı və ya soya bitkiləri əkməklə təsərrüfat işləri ilə məşğul olur. O, iddiaçı X2 əvvəldən tanıdığı X20 vasitəsi ilə tanımışdır. 2019-cu il tarixdə Həsən ilə iddiaçı Qax rayonuna gələrək sonuncu təsərrüfat işləri ilə məşğul olmaq istəməsi barədə ona demişdir. Həmin vaxt iddiaçı qarğıdalı əkmək üçün pul vəsaiti ayıracağını, qalan işlərin onun tərəfindən görüləcəyini və əldə olunan gəlirin yarı böləcəyi barədə ona təklif vermişdir. O, iddiaçıya torpaq sahəsinin suya olan təlabatını ödəyə bilməyəcəyini deyərək soya bitkilərinin əkilməsini təklif etmişdir. İddiaçı onun təklifi ilə razılaşmışdır. Bundan sonra iddiaçı müxtəlif vaxtlarda hissə-hissə olmaqla ona ümumilikdə 16880 manat pul vermişdir. O, həmin məbləği soya bitkilərinin toxumunun alınması, əkilməsi, gübrə alınması və sair xərclər üçün xərcləmişdir. Bir müddət sonra ziyanverici həşəratların hücumu nəticəsində, dolu düşməsi nəticəsində torpaq sahəsində əkilmiş bitkilər məhv olmuşdur. O, bu barədə iddiaçıya məlumat verərək iddiaçını əkin sahəsinə dəvət etmiş, lakin iddiaçı gəlməkdən imtina etmişdir. O, həmin əkindən hər hansı bir gəlir əldə edə bilməmişdir. 2019-cu ilin oktyabr ayında o, iddiaçı ilə görüşüb baş vermiş hadisə barədə məlumat vermiş, iddiaçı ondan verdiyi pulun geri qaytarılmasını tələb etmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil məhkəməyə ünvanladığı 16.05.2021-ci il tarixli 442 saylı məktubdan müəyyən olunur ki, tərəflər bir yerdə, müştərək qaydada gəlir əldə etmək məqsədilə həmin təsərrüfatı qurmuş, iddiaçı tərəfindən 16000 manat məbləğində vəsait xərclənsə də, bundan daha artıq məbləğdə vəsait cavabdeh tərəfindən sözügedən təsərrüfata sərf edilmiş, nəticədə bütün təsərrüfat məhv olmuş və hər iki tərəfə də zərər dəymişdir. Bunu məhkəməyə təqdim edilmiş icra nümayəndəliyinin aktı, həmin prosesdə iştirak edən şəxslərin ərizələri, Bakı şəhəri Nizami RPİ-nin 21-ci PB-də aparılan araşdırmanın nəticəsinə dair sənədin surəti təsdiq edir. Ona görə də məhkəmə iclasının onun iştirakı olmadan keçirilib tərəflərin gəlirlərə şərik olduğu qaydada dəymiş zərərə görə də bir yerdə məsuliyyət daşıdıqlarını nəzərə alıb 16000 manatın yarıya bölünməsi, cavabdehdən 8000 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəməyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MM-nin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Unibank KB ASC-nin 12.02.2020-ci il tarixli 207666SBANK/19 saylı kredit müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, İddiaçı Unibank KB ASC-dən illik 28 % ödəmək, 48 ay müddətinə qaytarmaq şərtilə 3000 manat kredit götürmüş, 12.03.2020-ci il tarixdən 12.02.2024-cü il tarixədək əsas borca görə 3000 manat, faiz borcuna görə 2015,40 manat olmaqla cəmi 5015,40 manat ödəməlidir. Unibank KB ASC-nin 29.01.2021-ci il tarixli 126micNFT/21 saylı kredit müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, İddiaçı Unibank KB ASC-dən illik 28 % ödəmək, 15 ay müddətinə qaytarmaq şərtilə 4000 manat kredit götürmüş, 28.02.2021-ci il tarixdən 29.04.2022-ci il tarixədək əsas borca görə 4000 manat, faiz borcuna görə 788,21 manat olmaqla cəmi 4788,21 manat ödəməlidir. İddiaçı S.İddiaçı tərəfindən tərtib olunmuş Qax rayonu Güllük kəndində 23 ha sahədə soya bitkisi becərmək üçün çəkilməli olan xərclərə dair siyahıdan görünür ki, S.M.Mehdiyev 13.03.2019-cu il tarixdə 15180 manat, 07.04.2019-cu il tarixdə 1700 manat, 21.04.2019-cu il tarixdə 1265 manat, 28.05.2019-cu il tarixdə 1000 manat, 04.06.2019-cu il tarixdə 1275 manat, 10.07.2019-cu il tarixdə 1400 manat, 12.07.2019-cu il tarixdə 1135 manat, 02.08.2019-cu il tarixdə 1000 manat, 04.08.2019-cu il tarixdə 210 manat və 05.08.2019-cu il tarixdə 250 manat olmaqla cəmi 24415 manat, yemləmə və əlavə xərclər üçün (jele) yemləmə ilə bağlı 713 və 345 manat, fəhlə pulu 70 manat, su maşını üçün 50 manat, suçunun pulu üçün 460 manat, bit dərmanı üçün 276 manat, bit dərmanının vurulması üçün 230 manat, su maşını üçün 50 manat, fəhlə pulu üçün 42 manat və əlavə xərclərə görə 300 manat olmaqla cəmi 2536 manat verməsini qeyd etmişdir. İddiaçı tərəfindən tərtib olunmuş smetadan müəyyən olunur ki, Qax rayonu Güllük kəndində 23 ha sahədə soya bitkisi əkmək üçün torpağın icarə haqqı üçün 6900 manat, torpağın şumlanması üçün - 23 ha x 35 manat - 805 manat, gübrə üçün (Nitra Amafos) - 1 ha üçün 5 ədəd olmaqla bir ədədinin qiyməti 17 manat 23 x 5 - 1955 manat, Serbiya sortu soya toxumu üçün 1 ha üçün 240 manatlıq toxum olmaqla 5520 manat, torpağın rusilnik olunması üçün 1 ha üçün 30 manat olmaqla - 23 ha x 30 manat ildə 2 dəfə 1380 manat, torpağın malalanması üçün 1 ha 20 manat olmaqla 23 x 20 – 460 manat 2 dəfə ütü mala çəkilməsi 920 manat, toxumun səpini və gübrənin verilməsi üçün 1 ha 30 manat olmaqla 23 x 30 - 690 manat, torpağın kultivasiya olunması və Falyan gübrə vurulması üçün 1 ha üçün 25 manat olmaqla 23 x 25 - 575 manat, alaq dərmanı və Falyan gübrəsi üçün 1 ha sahəyə 7,5 Falyan olmaqla 1650 manat, Falyan gübrəsinin vurulması üçün 1 ha sahəyə 15 manat olmaqla 345 manat, torpağın suvarılması üçün 1 ha üçün 20 manat olmaqla 2 dəfə suvarma üçün 920 manat, gözətçi pulu 600 manat, məhsulun biçilməsi üçün 1 ha sahə üçün kombayn pulu 60 manat olmaqla 1380 manat, cəmi 23640 manat hesablanmış, yemləmə və əlavə xərclər hesablanmamışdır. Azərpoçt MMC-nin 07.08.2019-cu il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən müəyyən olunur ki, Mehtiyev X4 Sabir Qulam oğluna 250 manat göndərmişdir. İddiaçılə Cavabdeh arasında tərtib olunmuş qəbzdən müəyyən olunur ki, Cavabdeh Qax rayonu Güllük kəndində 23 ha sahədə soya bitkisi əkmək üçün hesablanmış xərclərdən 13.03.2019-cu il tarixdə 15180 manatı, 07.04.2019-cu il tarixdə 1700 manatı qəbul almışdır. Qəbzdən daha sonra görünür ki, M.S.Mehdiyev 21.04.2019-cu il tarixdə 1265 manat, 28.05.2019-cu il tarixdə 1000 manat, 04.06.2019-cu il tarixdə 1275 manat, 10.07.2019-cu il tarixdə 1400 manat, 12.07.2019-cu il tarixdə 1135 manat, 02.08.2019-cu il tarixdə 1000 manat, 04.08.2019-cu il tarixdə 210 manat və 05.08.2019-cu il tarixdə 250 manat olmaqla cəmi 24415 manat, yemləmə və əlavə xərclər üçün (jele) yemləmə ilə bağlı 713 və 345 manat, fəhlə pulu 70 manat, su maşını üçün 50 manat, suçunun pulu üçün 460 manat, bit dərmanı üçün 276 manat, bit dərmanının vurulması üçün 230 manat, su maşını üçün 50 manat, fəhlə pulu üçün 42 manat və əlavə xərclərə görə 300 manatı Cavabdeh verməsini qeyd etsə də, Cavabdeh tərəfindən bu vəsaitin alması imzası ilə təsdiq edilməmişdir. Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 02.09.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müəyyən olunur ki, X1 ərizəsi əsasında toplanmış HK-1/1823 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan daha sonra müəyyən olunur ki, araşdırma zamanı izahatı alınmış X6 bildirmişdir ki, 2018-ci ildə torpaq sahəsi götürüb əkinçiliklə məşğul olmaq istəmiş, bu barədə iş yoldaşı Zahidə bildirmiş, sonuncu da onu bu sahədə təcrübəsi olan Həsən Bağırovla tanış etmişdir. Bundan sonra onlar Həsən Bağırovun təklifi ilə Qax rayonunun Günlük kəndinə gedib Sabir adlı şəxslə görüşmüşlər. Sabir onlara Hidayət adlı şəxsə məxsus 23 ha torpaq sahəsi olan ərazini göstərmiş və o, həmin ərazini bəyənmişdir. X18 hər ay ona 1000 manat məvacib vermək şərti ilə əkin işlərinin görülməsinin cavabdehliyini daşıyacağı barədə şifahi olaraq razılaşsalarda, Sabir ilə görüşdükdən sonra Sabir bu işi öhdəsinə götürdüyü üçün əkin işlərini o, Sabirə həvalə etmişdir. Sabirlə belə razılaşmışlar ki, pulu o verəcək, lakin əkin, suvarma, biçin işlərini Sabir görəcəkdir. Bundan sonra 13.03.2020-ci il tarixdə Həsən, Həsənin qardaşı Məhəmmədlə birlikdə Sabirlə 20 Yanvar dairəsindəki Samovar çay evində Sabirlə görüşüb, ona 15180 manat pul vermiş, sonuncu pulu almasına dair onun kitabçasında imza etmişdir. Bundan sonra Sabirin istəyi ilə ona müxtəlif vaxtlarda ümumilikdə 26951 manat pul vermiş, həmin pulun 7000 manatını Pənah Bayramovdan borc olaraq vermişdir. Sabir ona müxtəlif şəkillər göndərərək əkinin məhsuldar olduğunu bildirmişdir. 2019-cu ilin sentyabr ayında biçin vaxtı o, Qax rayonuna gedib Hidayətlə görüşərkən sonuncu ona həmin torpaq sahəsinin İlqar adlı şəxsə məxsus olduğunu, həmin sahəyə 16000 manat pul xərcləndiyini, Sabirin isə Qax rayonunda bir neçə şəxslərə borcunun olduğunu bildirmişlər. O, Sabirlə görüşərkən sonuncu 23 ha sahədə deyil, başqa bir sahədə məhsul əkdiyini, lakin məhsulun yetişmədiyini demişdir. Qərardan daha sonra müəyyən olunur ki, iş üzrə izahatı alınmış X23 izahatında bildirmişdir ki, 2017-ci il tarixdən Qax rayonu Güllük kənd ərazisində əhaliyə məxsus pay torpaqlarını icarəyə götürərək tütün, qarğıdalı və soya bitkiləri əkməklə təsərrüfat işləri ilə məşğul olur. X2 əvvəldən tanıdığı X20 vasitəsi ilə tanımışdır. 2019-cu il tarixdə Həsən ilə Mirzakir Qax rayonuna gələrək sonuncu təsərrüfat işlər ilə məşğul olmaq istəməsi barədə ona demişdir. Həmin vaxt Mirzakir qarğıdalı əkmək üçün pul vəsaiti ayıracağını, qalan işlərin onun tərəfindən görüləcəyini və əldə olunan gəlirin yarı böləcəyi barədə ona təklif vermişdir. O, Mirzakirə torpaq sahəsinin suya olan təlabatı ödəyə bilməyəcəyini deyərək soya bitkilərinin əkilməsini təklif etmişdir. Mirzakir onun təklifi ilə razılaşmışdır. Bundan əlavə təbii fəlakət zamanı bitkilərin məhv olması və gəlir əldə etmək mümkün olmaması barədə Mirzakirə xəbərdarlıq etmiş, sonuncu qismətimizdə varsa hər şey yaxşı olacaq cavabını vermişdir. Həmin şifahi razılaşmada onların yanında heç kim olmamışdır. Bundan sonra Mirzakir müxtəlif vaxtlarda hissə-hissə olmaqla ona ümumilikdə 16880 manat pul vermişdir. O, həmin məbləği soya bitkilərinin toxumunun alınması, əkilməsi, gübrə alınması və sair xərclər üçün xərcləmişdir. Bir müddət sonra ziyanverici həşəratların hücumu nəticəsində torpaq sahəsində əkilmiş bitkilər məhv olmuşdur. O, bu barədə Mirzakirə məlumat verərək sonuncunu əkin sahəsinə dəvət etmiş, lakin Mirzakir gəlməkdən imtina etmişdir. O, Mirzakirə bitkilərin dərmanlaması üçün əlavə pul vəsaitinin lazım olduğunu demiş, sonuncu lazım olan işlərin görməsini, pulu isə sonradan ona ödəniləcəyini demişdir. O, bitkilərin dərmanlanması üçün 1200 manat pul xərcləmiş və bu barədə Mirzakirə demişdir. Lakin sonradan Mirzakir poçt vasitəsilə ona cəmi 250 manat pul göndərmişdir. O, həmin əkindən hər hansı bir gəlir əldə edə bilməmişdir. 2019-cu ilin oktyabr ayında Mirzakir ona zəng vuraraq onunla görüşmək istədiyini demiş, onlar metronun Q.Qarayev stansiyasının yanında Mirzakirlə görüşmüş və o, olanlar barədə sonuncuya məlumat vermişdir. Həmin vaxt Mirzakir ondan pulunu tələb etmişdir. O, isə verilən pulların əkin üçün xərcləndiyini, əlavə olaraq Mirzakirə qarşı heç bir dələduzluq hərəkətlərinin olunmadığını, sonuncudan ümumilikdə əkin-biçin üçün 17000 manat pul alındığını, məhsulun sonda zay olduğunu qeyd etmişdir. Fətullayev Hidayət Həzey oğlu, X11 və X23 tərəfindən tərtib olunmuş, tarixi qeyd olunmayan, aktdan görünür ki, təsərrüfatçı S.Q.Mahmudov H.H.Fətullayevə aid olan 23 ha torpaq sahəsində 2019-cu il mövsümü ərzində soya paxlalı bitki əkmiş və lazım olan bütün aqrotexniki qulluq göstərmişdir. Əvvəlki aylarda göstərilən aqrotexniki qulluq sayəsində çox gözəl soya bitkisi əmələ gəlmiş, belə nəticəyə gəlinmişdir ki, məhsuldarlıq yüksək olacaqdır. Onlar həmin sahələrin sulanmasını, qulluq göstərilməsini və gözətlənməsini təsərrüfatçı S.Q.Mahmudovla razılaşma əsasında öhdələrinə götürmüşlər. Lakin iyul ayında bir gün ərzində mənşəyi bilinməyən həşəratlar sahədəki soya bitkilərinin yarpaqlarını deşik-deşik etmiş, iyul ayının axırında isə güclü dolu məhsulun qalan hissəsini də məhv etmişdir. Ümumilikdə təkcə bu təsərrüfatdan başqa Qax, Zaqatala rayonlarında soya, qarğıdalı əkən təsərrüfatlara güclü maddi ziyan dəymiş, ziyan çəkənlərdən biri də S.Q.Mahmudov olmuşdur. Fətullayev Hidayət Həzey oğlu, X15, X23, X12 və X27 tərəfindən tərtib olunmuş, tarixi qeyd olunmayan, aktdan görünür ki, onlara məxsus torpaq sahəsi 2019-cu il mövsümü əkin vaxtı razılaşma əsasında S.Q.Mahmudova soya dənli bitkisinin əkibbecərilməsi üçün verilmişdir. 2017-ci ildə təsərrüfatçı S.Q.Mahmudov onlara məxsus həmin sahələrdə tütün bitkisi, 2018-ci ildə qarğıdalı birkisi, 2019-cu ildə soya dənli bitkisi əkib-becərmiş, onların heç bir narazılıqları olmamış, S.Q.Mahmudov dövlətin ayırdığı kənd təsərrüfatına yardım pulunu onlara bağışlamışdır. X16, X9 və X23 tərəfindən tərtib olunmuş 03.07.2020-ci il tarixli aktdan müəyyən olunur ki, S.Q.Mahmudov 2019-cu il tarixində 2 ha Gözbarax kənd ərazisində, 8 ha Mamrux kənd ərazisində soya bitkisi əkmişdir. X27, X21, X28, X7 və X29 tərəfindən tərtib olunan, tarixi olmayan, aktdan görünür ki, S.Q.Mahmudov 2019-cu ildə soya dənli bitkisi əkib-becərmək üçün kənd sakinlərinə məxsus olan fərdi torpaq sahələrini (23 ha) danışıq əsasında istifadəyə götürmüş, sahəyə hər cür aqrotexniki qulluq göstərildiyindən, lazım olan gübrə verildiyindən məhsuldarlığın yüksək olacağı gözlənilmiş, lakin dolu düşməsi nəticəsində təsərrüfata ciddi ziyan dəymiş, görülən tədbirlər sayəsində canlanma əmələ gəlmiş, lakin ziyan verici həşəratlar sahələrə ciddi ziyan vurmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxlər olan tərəflər, iddiaçının verdiyi pul vəsaiti ilə cavabdehin soya bitkisi əkib əldə ediləcək gəliri bərabər şəkildə bölmək barədə, şifahi razılaşmış, 2019-cu ildə cavabdeh iddiaçıdan bu məqsədlə 17130 manat almışdır. İddiaçı cavabdehə razılaşdıqları işin görülməsi üçün 17130 manat deyil, cəmi 27201 manat verməsini, cavabdeh isə etirazında özünün də vəsait sərf etməsini, lakin ziyanverici həşaratların, baş vermiş təbii hadisənin vurduğu ziyan nəticəsində məhsul əldə edə bilməməsini bildirsələr də istinad etdikləri bu hallara dair mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə araşdırması zamanı cavabdehin imzaladığı qəbzlə, cavabdehin adına göndərilən poçt qəbzi ilə iddiaçı tərəfindən cavadehə cəmi 17130 manat verilməsi öz təsdiqini tapmışdır. Məhkəmə məhsulun yararsız vəziyyətə düşməsini müəyyən edə biləcək sübut növü olaraq məhkəməyə təqdim olunan aktlara münasibət bildirib qeyd edir ki, tərtib olunduğu tarixləri müəyyən olunmayan, şəxsiyyətləri yalnız onları tərtib edən şəxslərə məlum olan, tərtib olunarkən iddiaçının iştirakı təmin edilməyən, tərtib olunduqdan sonra rəsmi qaydada surəti iddiaçıya təqdim olunmayan aktlar cavabdehin iddiaçının verdiyi pula tərəflər arasında olan razılaşmaya əməl etmək məqsədi ilə işlər görməsi, lakin ondan asılı olmayan səbəblərdən məhsulun yarasız vəziyyətə düşməsi qənaətinə gəlmək üçün əsas ola bilməz. Belə ki, məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş, öz etirazının əsası ola biləcək sübutları məhkəməyə təqdim etməmiş, məhsulun həqiqətən yarasız vəziyyətə düşməsi barədə vaxtında iddiaçını xəbərdar etməsi, hər hansı bir orqana məlumat verməsi barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla isə cavabdehin iddiaçı ilə olan razılaşmasından əlavə başqa şəxslərlə də kənd təsərrüfat işlərini görməsi müəyyən olunmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıdan aldığı 17130 manat pul vəsaitini tərəflər arasında olan razılaşmanın icrasına sərf etməsinə, məhsulun təbii hadisələr nəticəsində yarasız hala düşməsinə dair etirazında istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia ərizəsi, tərəflər arasında olan razılaşmanın icrası məqsədi ilə verilən pul tələbinə dair hissədə qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 17130 manat tutulmalıdır. Məhkəmə iddiaçının əldən çıxan gəlirlə bağlı tələbi üzrə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09.07.2009-cu il Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehin özündə saxladığı pul vəsaitindən gəlir əldə etməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə iddia tələbinin bu hissədə təmin edilməsini qeyri-mümkün hesab edir. Məhkəmə iddiaçının maddi ziyana görə cavabdehdən 3000 manat tələbini də sübuta yetirilə bilinməməsi əsası ilə təmin etmir. Belə ki, iddiaçı bu tələbini təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, özünə məxsus olan pul vəsaitini şifahi razılaşma əsasında cavabdehə verən iddiaçı öz seçimi nəticəsində keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir tutarlı sübutu məhkəməyə təqdim edə bilmədiyindən, MPM-in 77.1 və 14.2-ci maddələrinin tələbləri baxımından iddia ərizəsi bu hissədə sübuta yetirilməməsi əsası ilə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin mövcud olması aşkar olunmadığından məhkəmə iddiaçının iş üzrə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsinə dair vəsatətini təmin etmir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 17130 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 17160 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2860/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2860/2021
17.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver