Məhkəmə qərarları › İş №2(001)-2862/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2862/2021

02.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2862/2021 02.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh Məlikov adına 6 nömrəli Şəhər Xəstəxanasının nəznində yerləşən ərazi aidiyyəti üzrə Sahə Poliklinikasına qarşı (mübahisə predmeti barəsində müstəqil tələb erəli sürməyən İİİ şəxs Binəqədi rayon Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti cəlb edilməklə) “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Məlikov adına 6 nömrəli Şəhər Xəstəxanasının nəznində yerləşən ərazi aidiyyəti üzrə Sahə Poliklinikasının onu uzun müddət süründürməçliklə 6 ay pensiya hüququndan məhrum etdiyindən hər ay 100 manat pensiya haqqı və əlavə olaraq hər ay 50 manat baxıcı üçün nəzərdə tutulmuş, ümumilikdə 900 manat vəsaitin cavabdehdən tutularaq həmin məbləğin ona ödənilməsinə dair cavbdehin üzərinə vəzifə öhdəliyinin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, şəkərli diabet, böyrəklərin zədələnməsi xəstəliyindən əziyyət çəkən və başqa şəxslərin köməyinə ehtiyacı olan biridir. Uzun illərdir ki, bu xəstəliklə yoldaşlıq edir. O, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası tərəfindən təsdiq olunan 884 saylı xx xxxxxx 2020-ci il tarixli arayışa əsasən xx xxxxx 2020-ci il tarixdən xəstəxananın 2-ci hemodializ şöbəsində insulindən aslı olmayan şəkərli diabet, böyrəklərin zədələnməsi ilə Renal anemiya diaqnozu ilə həftədə 3 dəfə 4 saatlıq hemodializ seansları qəbul edir. Bununla əlaqədar normal həyat şəraitindən məhrumm olduğu üçün ağır xəstəliyi nəzərə alınaraq ona xx xxxxx 2020-ci il tarixdən 1-ci qrup əlillik verilməsi məqsədilə sənədləri tam şəkildə qeydiyyatda olduğu ərazi aidiyyəti üzrə sahə poliklinikasına göndərilmişdir. Lakin poliklinikanın onun sənədlərinə yanaşma tərzi onların maraqlarına uyğun gəlmədiyindən vəzifə səlahiyyətlərini aşaraq səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilən göndəriş natamam doldurulmuşdur. Belə ki, sənədləri Binəqədi rayon Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə göndərilərkən həkimin rəyində xəstənin hemodializ alması barədə SN-nin hemodializ reyestrində heç bir məlumat verilməmişdir. Halbuki, poliklinikaya göndərişində diaqnozu dəqiq v anlaqı şəkildə təsdiqini tapmışdır. Binəqədi rayon Dövlət Tibbi-Sosial Ekspertiza və Rrabilitasiya Xidmətinin imtinasından sonra o sahə poliklinikasının rəhbərliyinə şikayət edərək, yuxarı dövlət qurumlarına şikayət edəcəyini bildirdirkdə , poliklinikanın həkimi onun sənədlərində səhlənkarlığa yol verildiyini bildirərək yenidən xeyli müddətdən sonra sənədləri Binəqədi rayon Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə göndərilmiş və ona 1-ci qrup əlillik dərəcəsi verilmişdir. Göründüyü kimi onun təqaüd almaq hüququ 6 ay müddətinə (xx xxxxx 2020-ci il -xx xxxxxxx 2020-ci il ) cavabdeh tərəfindən bilə-bilə və qərəzli şəkildə pozulmuşdur. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı Qərarında qeyd olunmuşdur ki, “1. Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. 2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. 4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır.” Həmin Plenum qərarında qeyd olunmuşdur ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Plenum qərarında qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında isə qeyd edilir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Ümumi məhkəmələr və inzibati-iqtisadi məhkəmələr arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Bundan başqa, həmin Plenum qərarında qeyd olunmuşdur ki, inzibati mübahisə hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. İnzibati mübahisələr bir qayda olaraq, inzibati aktların qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, icra edilməsi, icra edilməməsi və ya ləğv edilməsi, həmçinin inzibati aktın qanunsuzluğunun tanınması, inzibati orqanın faktiki xarakterli hərəkətləri və s. ilə bağlıdır. Bundan başqa Ali Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, «İnzibati icraat haqqında» Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.” Beləliklə, hazırki iddia ərizəsi cavabdehin (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiya ödənilməsi ilə bağlı olduğundan, cavabdeh publik hüquqi şəxs olduğundan, mübahisə publik hüquq münasibətlərindən irəli gəldiyindən mübahisəyə inzibati icraat qaydasında İnzibati məhkəmələr tərəfindən baxılmalıdır və bu baxımdan məhkəmə hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı, iddiaçıya müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153-cü və 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Məlikov adına 6 nömrəli Şəhər Xəstəxanasının nəznində yerləşən ərazi aidiyyəti üzrə Sahə Poliklinikasına qarşı (mübahisə predmeti barəsində müstəqil tələb erəli sürməyən İİİ şəxs Binəqədi rayon Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti cəlb edilməklə) “dəymiş zərərin ödənilməsi” tələbinə dair ərizənin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar