Məhkəmə qərarları › İş №2(001)-2870/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2870/2021

17.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2870/2021 17.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8450 manat borc, 1000 manat mənəvi ziyan və 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, cavabdehi uzun müddətdir tanıyır və aralarında etibarlı münasibət mövcud olmuşdur. 06.06.2019-cu ildə ona 8450 manat borc pul vermişdir. Aralarında razılaşma olmuş, cavabdeh şəxsi məqsədləri üçün aldığı bu pulu bir ay ərzində qaytaracağını öhdəsinə götürmüşdür. Lakin bu günə qədər pulu geri qaytarmamışdır. Onun bu hərəkətləri nəticəsində maddi ziyanla yanaşı, 1000 manat məbləğdə dəyərləndirdiyi mənəvi ziyanda dəymişdir. Qeyd edilənlərə əsasən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 06.06.2019-ci il tarixli sadə yazılı formada tərtib olunmuş borcun etirafından görünür, Əliyeva (Ələkbərova) Məsməxanım Vaqif qızı İddiaçı 8450 manat borc aldığını və qarşılığında maaş və pensiya kartlarını qoyduğunu qeyd edərək, bunu imzası ilə təsdiq etmişdir (işin mübahisəsiz halıdır). - Məhkəmə Ekspertiza Mərkəzinin 30.08.2021-ci il tarixli, 9/4424 nömrəli ekspert rəyindən görünür ki, kassa mədaxil orderləri 06.06.2019-cu il tarixdən əvvəlki dövrlərdə verilən pul vəsaitlərinə dair ödənişləri əhatə edir. Buna görə də İddiaçı tərəfindən 06.06.2019-cu il tarixdə verilmiş 8450 manat məbləğində pul vəsaitinə görə Cavabdeh tərəfindən hər hansı məbləğdə ödəniş aparılmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -740-cı maddəsinə uyğun olaraq borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, Cavabdeh 06.06.2019-cu ildən sonrakı borcun ödənilməsinə dair heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş kassa mədaxil orderinin qəbzlərinin surətlərindən aydın olur ki, həmin qəbzlərin bir qismi İddiaçı (VÖEN: **********) adına olsa da, borcun verildiyi tarixdən, yəni 06.06.2019-cu il tarixdən əvvələ aiddir, digər qismi isə X3 (VÖEN: **********) adına ödənilmiş qəbzlərdir. Yəni cavabdeh tərəfindən təqdim edilmiş bu qəbzlər hazırki borc tələbi üzrə ödənişləri əks etdirmir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh əlyazma formasında borc müqaviləsi (borcun etirafı) əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh əlyazma formasında borc müqaviləsi əsasında iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddiaçının mənəvi ziyanın ödənilməsi barəsində iddia tələbini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsassızdır. Buna görə də iddianın həmin hissəsi rədd edilməlidir. Belə ki, şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını və psixi əzaba məruz qaldığını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 8450 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Ələkbərova (Əliyeva) Məsməxanım Vaqif qızından 8450 (səkkiz min dörd yüz əlli) manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 45 (qırx beş) manat ekspertiza xərcinin 22,50 (iyirmi iki manat əlli qəpik) manatı cavabdeh Ələkbərova (Əliyeva) Məsməxanım Vaqif qızından, qalan 22,50 (iyirmi iki manat əlli qəpik) manatı isə İddiaçı tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar