Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2871/2021 29.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Azsığorta ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında 1100 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1130 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Azsığorta ASC Cavabdeh qarşı subroqasiya qaydasında 1100 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1130 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Qaz 33021 yük markalı **-UH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azsığorta ASC-də Paz ********** nömrəli şəhadətnamə ilə 13.09.2019-cu il tarixdən 13.09.2020-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalanmışdır. Cavabdeh 21.08.2020-ci il tarixdə saat 13:35 radələrində etibarnamə olmadan idarə etdiyi Qaz 33021 yük markalı **-UH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Nəsimi rayonu A.Mustafayev küçəsi ilə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində cavabdehin idarə etdiyi nəqliyyat vasitəsi X3 məxsus Vaz 21154 markalı **-MB-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobili ilə toqquşaraq həmin avtomobilə maddi ziyan vurulmuşdur. Hadisə ilə bağlı Bakı şəhəri BYPİ-də araşdırma aparılmış və cavabdeh barəsində 28.08.2020-ci il tarixli YXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş və İXM-nin 327.1-cı və 332.1-ci maddələri ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, cavabdeh 40 manat cərimə edilmişdir. Azsığorta ASC tərəfindən Vaz 21154 markalı **-MB-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan 1100 manat məbləğində müəyyən edilərək, həmin məbləğ avtomobilin sahibinə ödənilmişdir. Etibarnamə olmadan avtomobili idarə edib, yol-nəqliyyat hadisəsi törədərək, üçüncü şəxsin əmlakına vurduğu ziyana görə Azsığorta ASC ödədiyi 1100 manatı cavabdehdən tələb edə bilər. Ona görə də ziyana görə Azsığorta ASC tərəfindən Vaz 21154 markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödənilmiş 1100 manatın, dövlət rüsumuna görə 30 manatın Cavabdeh Azsığorta ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı Azsığorta ASC-nin nümayəndəsi Ş.Xudiyev ərizə ilə məhkəməyə müraciət edərək mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərəkizahatında göstərmişdir ki, o, Qaz 33021 Yük markalı **-UH-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini 21.08.2020-ci il tarixdə saat 13-35 radələrində Nəsimi rayonu A.Mustafayev küçəsi ilə idarə edərkən Vaz 21154 markalı **-MB-*** qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə ziyan vurmuşdur. O, baş vermiş yol nəqliyyat hadisəsində təqsirli bilinərək inzibati qaydada cərimə edilmişdir. Nəqliyyat vasitəsinin mülkiyyətçisi ona etibarnamə verməsə də, hadisə baş verən vaxt onun yanında olmuşdur. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1.-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2.-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5.-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 24.05.2021-ci il tarixli 016-52813-1221 saylı məktubundan müəyyən olunur ki, X1 mülkiyyətində olan Qaz 33021 Yük markalı **- UH-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair X2 13.09.2019-cu il tarixdən 23.07.2022ci il tarixədək, Cavabdeh 07.11.2020-ci il tarixdən 12.07.2022-ci il tarixədək etibarnamə verilmişdir. Azsığorta ASC-nin Paz ********** nömrəli 13.09.2019-cu il tarixli şəhadətnaməsindən müəyyən olunur ki, X1 mülkiyyətində olan Qaz 33021 Yük markalı **-UH-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azsığorta ASC-də 13.09.2019-cu il tarixdən 13.09.2020-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmışdır. Bakı şəhəri DYPİ-nin 21.08.2020-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokolunun surətindən müəyyən olunur ki, Cavabdeh idarə etdiyi Qaz 33021 Yük markalı **-UH-*** qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrinə əsasən inzibati protokol tərtib olunmuşdur. Bakı şəhəri DYPİ-nin 21.08.2020-ci il tarixli TP3894551 saylı inzibati xəta vermə haqqında qərarının surətindən müəyyən olunur ki, Cavabdeh 21.08.2020-ci il tarixdə Nəsimi rayonu A.Mustafayev küçəsində idarə etdiyi Qaz 33021 Yük markalı **-UH-*** qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. 27.08.2020-ci il tarixli CML-2148\2020-AKT2471 saylı sığorta aktından müəyyən olunur ki, Azsığorta ASC-də 13.09.2019-cu il tarixdən 13.09.2020-ci il tarixədək icbari sığorta növündə sığortalanmış X1 mülkiyyətində olan Qaz 33021 Yük markalı **-UH-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi 21.08.2020-ci il tarixdə Nəsimi rayonunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Vaz 21154 markalı **-MB-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, Azsığorta ASC-nin müəyyən etdiyi ziyanın məbləği 1100 manat zərərçəkən E.R.Zeynalova ödənilməsi müəyyən edilmişdir. Azsığorta ASC-nin 25.08.2020-ci il tarixli qüsur aktından müəyyən olunur ki, 2011-cı il buraxılışlı Vaz 21150 markalı ** MB *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 1100 manat təşkil edir. Azsığorta ASC-nin 04.09.2020-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Azsığorta ASC sığorta ödənişinə görə R.B.Yunusova 1100 manat ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.07.2021-ci il tarixli 9\3764 saylı rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə, Azsığorta ASC-nin 25.08.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2011-cı il buraxılışlı Vaz 21150 markalı ** MB *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1100 manat müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanunun 50.1.-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 53.1.-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar. Həmin Qanunun 53.4.-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh Azsığorta ASCdə icbari sığorta növündə sığortalanan X1 mülkiyyətində olan Qaz 33021 Yük markalı **- UH-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edərək yol nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçı 1100 manat sığorta ödənişi ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanunun 25.1.-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2.-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyindən iddiaçının ona qarşı subroqasiya hüququ yaranmamışdır. Ona görə də iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyindən iş üzrə iddiaçının ödədiyi dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri iddiaçının özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Azsığorta ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında 1100 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1130 manatın tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Azsığorta ASC-dən iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2871/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2871/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver