Məhkəmə qərarları › İş №2(001)-2871/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2871/2024

06.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2871/2024 06.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 31 mart 2017-ci il tarixli 31/A4-M! Saylı müqavilə və xx.xx.2023-cü il tarixli 1 saylı əlavə üzrə 2160 manat məbləğində kompensasiya ödənişi və 9600 manat kirayə haqqı, ümumilikdə 11760 manat və ödənilmiş 126 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında müqavilə üzrə əlavə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndində göstərilənlərə müvafiq olaraq, ünvan 1 ünvanında yaşayış binasının tikintisi üçün payçı hazırki müqavilə ilə müəyyən edilən 31 mart 2017-ci il tarixli 31 nömrəli müqavilə əsasında mənzilini ünvan 1 ünvanında yerləşən, dövlət reyestrində çıxarışda göstərilmiş 43.3 kv.m olan ümumi sahəsinə şirkət tərəfindən əlavə güzəşt edilməklə 70 kv.m (bu müqavilə üzrə 68.2 kv.m) şirkətə təqdim edir, şirkət bu mənzilin müqabilində 18 noyabr 2020-ci il tarixli 200 nömrəli əmrə və təqdim etmə protokoluna müvafiq olaraq 68.2 kv.m və binanın tikintisi və tikintisi başa çatdıqdan sonra həmin binanın 4-cü mərtəbəsində ümumi sahəsi layihə 68.2 kv.m təşkil edən, 1 otaqlı A1 saylı təmirli mənzili payçıya təqdim edilməsini öhdəsinə götürür. Həmin müqaviləyə edilmiş xx.xx.2023-cü il tarixli, 1 saylı əlavəyə əsasən, əmlak mülkiyyətçisinə ödənilməmiş aylıq kirayə haqqı 35 ay müddətinə 14000 azn və yaranmış olan 1.8 kv.m dəyəri 1200 manat olmaqla 2160 manat təşkil edir. Kirayə haqqından 4400 manat əvvəlcədən ödənilmişdir. Qalan 9600 manat və 1.8 kv.m olan fərqinin əvəzi 2160 manat , ümumi 11760 manat "xxxx" MMC tərəfindən sakin İddiaçı 3 ay müddətində ödənilməsi qeyd olunmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçıya mənzil təhvil verilmiş olsa da, digər öhdəliklər yerinə yetirilməmişdir. Eyni zamanda Binəqədi Rayon Məhkəməsinin 2(001)-1398/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi icraya yönəldildikdən sonra 4400 manat pul məbləği ödənilmiş, daha sonra cavabdehlə şifahi olaraq danışıqlar aparılmış, lakin söz verilməsinə baxmayaraq 9600 manat ödənilməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mənzil onlara təhvil verilib, hal-hazırda mənzildə təmir işləri gedir, cavabdehin nümayəndəsi Elvin adlı şəxs əvvəlcə pulun olmadığını deyərək məsələni uzatsa da, daha sonra telefonlarına cavab verməmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

5. Birinci tərəfin "xxxx" MMC ikinci tərəfin İddiaçı olduğu xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən MMC ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli 54 mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada ikinci tərəfə əlavə güzəşt edilməklə ümumi sahəsi 70 kv.m olan 2 otaqlı təmirli mənzili mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Bundan əlavə yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 400 manat kirayə haqqı verilməsi də müqavilənin şərtlərindən biri olmuşdur.

6. xx.xx.2023-cü il tarixdə həmin müqaviləyə 1 nömrəli əlavə edilmiş və "xxxx" MMC ödənilməmiş qalıq qalan kirayə haqqından 9600 manat və təhvil verilən mənzildə olan 1.8 kv.m fərqin dəyəri kimi 2160 manat məbləği 3 ay müddətində İddiaçı ödəməyi öhdəsinə götürmüşdür.

7. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilmişdir. Tətbiq edilən maddi hüquq normaları:

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

10. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur;

11. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

12. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin;

13. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

14. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

15. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmənin mövqeyi:

16. Tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən 3 ay müddətində iddiaçıya 11760 manat pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyini icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Odur ki, cavabdehin hərəkətləri öhdəliyin lazimi qaydada icra edilməməsi kimi qiymətləndirilməli və o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etməlidir. Tətbiq edilən prosessual normalar:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

18. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

19. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

20. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır;

21. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

22. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 11760 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

23. Eyni zamanda iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 126 manat məbləğində pul vəsaiti də cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

24. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 11760 (on bir min yeddi yüz altmış) manat məbləğində pul vəsaiti və 126 (yüz iyirmi altı) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar