Məhkəmə qərarları › İş №2(001)-288/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-288/2025

13.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-288/2025 13.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair (açar sözlər: borc tələbi) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 16000 manat məbləğində pul vəsaitinin və mənə vurduğu 1500 manat dəyərində mənəvi zərərin və ödənilmiş 169 manat dövlət rüsumunun cavabdehdən tutularaq onaödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, bacısı qızı Cavabdeh 2022-ci ildə onlara gəlib ondan Binəqədidə ev tikdirdiyindən evin qalan xərclərinin görülməsi üçün 16000 (on altı min) manata ehtiyacı olduğundan kömklik etməyini xahiş etmiş, 4-5 aya onun pulunu qaytaracağını bildirmişdir. Həmin vaxt Cavabdeh qardaşı Rafiq də ona narahat olmamağını, pulun qaytarılacağını söz vermişdir. O, cavabdehin bacısı qızı olduğundan, vəziyyətinin acınacaqlı olduğunu görüb həmin pulu ona vermişdir. Aradan bir müddət keçsə də Əfsanə dediyi vaxtda pulu qaytarmamışdır. O, cavabdehdən pulu almaq üçün evlərinə getmiş, nəticədə də ondan polisə şikayət edilmişdir. Bu barədə polisdə araşdırma aparılmış və mülki məsələ olduğundan məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Həmin vaxt Cavabdeh pulu qaytacağına söz verdiyindən ondan heç olmasa bu barədə yazılı kağız verməyini tələb etmiş, Cavabdeh gedib və öz şəxsiyyət vəsiqəsinin arxasına öz xətti ilə ondan 16000 (on altı min) manat pul almasını öz imzası ilə təsdiq etməsi barədə qəbz yazıb gətirib ona vermişdir. Aradan bir müddət keçsə də, o, Cavabdeh pulunu ala bilməmiş, nəticədə cavabdeh ona “get ver məhkəməyə hər ay 50 manat ödəyərəm” demişdir. Bundan sonra cavabdehin pulu qaytarmayacağından əmin olduğundan məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, mən də məcbur olub məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. İİ. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh həmin pul vəsaitini onun qardaşını X2 yanında onun şahidliyi ilə almışdır. Hazırda cavabdehdən pulunu ala bilmir. Cavabdeh pulunun olmadığını, həmin pulu Pərvanə adlı qadına alıb verdiyini, lakin Pərvanənin pulu qaytarmayaraq ölkədən qaçdığını bildirsə də, cavabdeh oğlu əsgərlikdən gəlməsi münasibəti ilə restoranda ətrafına qonaqlıq təşkil edir. Hər kəsə də bildirir ki, guya o faizə pul verir. O, cavabdehə dəfələrlə demişdir ki, “gəl Pərvanı xanıma qarşı məhkəmədə iddia qaldıraq pulumuzu geri alaq”. Əfsanə ona deyib ki, Pərvanə pulu götürüb qaçmışdır. O, Pərvanəyə qarşı iddia qaldırsaydı polisə və ya məhəkəməyə müraciət edərdi. Lakin cavabdeh Pərvanəyə qarşı polisə müaciət etmiş və bildirmişdir ki, pul ona geri qaytarılsın. Lakin onun pulunu geri ödəmir. Ona bildirdi ki, pulla bağlı məhkəməyə müraciət etməyini və məhkəmə qərarı ilə pulu ödəcəyini bildirmişdir. Cavabdeh qəbzi onun iştirakı ilə yazmamışdır, pulu qaytarmadığı üçün və qaytacağına söz vedrdiyindən yazılı qaytaracağı vaxtı göstərməsini tələb etmiş, sonradan hazırki əlyazma qəbz cavabdeh tərəfindən ona verilmişdir. Bu səbəbdən həmin imzanın cavabdehə məxsus olmaması şübhə doğurmur. Cavabdehlə aralarında whatsapp programı vasitəsi ilə danışıq olub, ona səs atıb. Hər birində cavabdeh məhkəməyə verməyini və məhkəmə nə müəyyən etsə hissə hissə ödəyəcəyini etiraf etmişdir. Bu səbəbdən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ev şəraitində aldığı xəsarətlə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının işçtirakı ilə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh verdiyi izahatında bildirdi ki, onun iddiaçı hər hansı bir borcu yoxdur. İddiaçının dediklərinə etiraz edir. Belə ki, iddiaçının bildirdikləri hamısı yalan ifadələrdir. İddiaçı hər kəsə faizlə pul verir. Hazırki mübahisə də, iddiaçı 16000 manatı Pərvanə xanıma vermişdir. Pərvanə xanıma 3000 manat, 5000 manat pulu hissə-hissə vermişdir. Qəbzdəki imza və yazılar ona aid deyil. Pərvanəyə pul verəndə yanlarında sadəcə Pərvanəni tanıyan şəxs kimi iştirak etmişdir. 16000 manat bütöv şəkildə verilməmişdir. Əlavə olaraq bildirmişdir ki, həqiqətən də iddiaçının təqdim etdiyi səs və yazışma onunla iddiaçı arasında aparılmışdır. Həmin səsdə və yazıda işlətdiyi ifadələr iddiaçınnı təkidlə işlədiyi xəstəxanaya gələrək səs-küy salması və kollektiv içində nüfuzdan düşməməsi səbəbi ilə işlətmişdir. İddiaçı xəstəxanaya gəlmişdir və ondan 16000 manatı istəmiş, nəticədə iddiaçıya sms yazmışdır. Polisə verdiyi izahatla bağlı onu deyə bilər ki, dörd-beş nəfər onun vasitəsi ilə Pərvanəyə pul vermiş, daha sonra şikayəti nəticəsində həmin şəxslərin pulu qaytarılmışdır, hazırda Pərvanənin heç kimə borcu yoxdur. Ərizədə qeyd etdiyi 69000 manatın içində Raya xanımın 16000 manatı yoxdur. Raya xanım verdiyi pul başqa pulun faizi idi. Onda hər hansı bir qəbz yoxdur. Onunla İddiaçı arasında əvvəllər başqa pul məsələsi olmamışdır. İddianı qəbul etmir. Bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində bildirmişdir ki, cavabdeh Əfsanə xanım onun yanında 4 il işləmişdir. Heç bir yalnış hərəkətini görməmişdir. İddiaçı xanım isə faizə pul verən kimi tanıyır. Bir neçə şəxsə faizə pul verməsi barədə məlumatı var. Hətta bir dəfə də ondan Aygün xanıma verdiyi pulun geri alınması barədə köməklik etməyini istəmişdir. O, isə buna cavab olaraq bildirmişdir ki, “pulu verəndə məndən məsləhət almışdın?” Cavabdeh ona bildirmişdir ki, xalası onu məhkəməyə vermişdir. İddiaçı ondan cavabdehdən pulun alınmasına görə köməklik istəməmişdir. O, əvvəlki məhkəmə vaxtı çöldə əyləşəndə eşitdi ki, 32000 manat barədə mübahisə vardır. Əvvəllər münasibətləri yaxşı idi. Faizə pul verib alandan sonra mübahisələri pozulmuşdur. 32000 manatı məhkəmənin dəhlizində dayanarkən eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadısində bildirdirmişdir ki, iddiaçı doğma bacısı, cavabdeh isə digər bacısının qızıdır. Həmişə hər iki tərəflə mehriban münasibəti olsa da, son vaxtlar cavabdehlə münasibətlərində soyuqluq var. Belə ki, həqiqətən də cavabdeh İddiaçı evin tikilməsində pul lazım olduğu üçün onun iştirakı ilə bacısı Raya Əfsanəyə pul vermişdir. Daha sonra Əfsanənin pulu qaytarmadığını nəticədə Raya və Əfsanə arasında mübahisələrin yarandığını eşitmiş, bir neçə dəfə bu barədə Əfsanə ilə söhbət edərək pulu qaytarmalı olduğunu bildirmişdir. Hətta bir neçə ay bundan əvvəl Əfsanə anası ilə onun yaşadığı evə gələrək məhkəmə iclasında şahid olmamasını xahiş etmişdir. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - xx.xx.2023-cü il tarixli qəbzin-sadə yazılı müqavilənin (əlyazma) sürətindən görünür ki, İddiaçı Cavabdeh 16000 manat məbləğində pul vermişdir. 20 iyunda söz verir ki, 3 gün müddətində ödəyəcəkdir. -məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş və cavabdeh tərəfindən qəbul edilmiş whatsapp programı vasitəsi xx.xx.2023-cü il tarixdə aparılan yazışmada qeyd olunur. “1 saat qabaq sənə xəbər edəcəm” “apar ver məhkəməyə” “get yoxlatdır gör mən evi nə ilə tikdirmişəm” “niyə vermirsən ” “nə vaxtsa maaş qalxar mən verəcəm, mənim pulum yoxdur, mənə də heç kim köməklik etmir” “qoy nə edirsən elə” “yaxsı xalasan edərsən” “fikirləşmə insan kimi sənə sözümü dedim ki, iyulda maaş artacaq loteriya oynuyub verəcəm.” -məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş və cavabdeh tərəfindən qəbul edilmiş whatsapp programı vasitəsi cavabdeh tərəfindən iddiaçıya göndərilmiş səs yazısında məhkəməyə verməyini və məhkəmənin təyin etdiyi məbləği hissə-hissə ödəyəcəyini səsləndirmişdir. -Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyun 2025-ci il tarixli 4/652 nömrəli məhkəmə xətşünaslıq ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, mülki işin materiallarının 8-ci vərəqində olan xx.xx.2023-cü il tarixli borc qəbzində “Mən Cavabdeh” yazıları ilə başlayıb “...Muxtarova” yazıları ilə bitən yazılardan və həmin yazıların aşağı hissəsində “Ə” hərfinin qarşısındakı imza –Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə müvafiq olaraq, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında həqiqətən pulun alınması ilə bağlı şifahi razılaşma olmuş, nəticədə cavabdeh iddiaçının hesabına 16000 manat olmaqla əsassız varlanmışdır. Cavabdeh iddiaçı ilə aralarında belə bir sövdələşmənin olmamasını, pul almadığını bildirsə də, məhkəməyə təqdim edilmiş tərəflərin həqiqiliyini təsdiq etdiyi səs yazıları və sms yazışmaları tərəflər arasında pulun alınması ilə bağlı mübahisənin olmasını təsdiq edir. Qeyd edilən sms yazışmaları ilə bağlı əvvəlki məhkəmə iclasında cavabdeh Pərvanənin İddiaçı götürdüyü borcun aylıq faizini Rayaya vermək üçün ona verdiyini və özünün həmin faiz məbləğini xərclədiyi üçün Raya faiz məbləğini tələb edərkən iyulda qaytaracağını, həmin məbləğin 200-300 manat təşkil etdiyini bildirsə də, sonuncu məhkəmə iclasında sənədlərin tədqiqi zamanı fərqli izahat verməklə Rayanın 16000 qaytarılması ilə bağlı iş yerində saldığı səs-küyün qarşısını almaq məqsədi ilə 16000 manatı qaytaracağını deməyə məcbur olduğunu bildirmişdir. Məhkəmə 23 iyun 2025-ci il tarixli 4/652 nömrəli məhkəmə xətşünaslıq ekspertizasının rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymətləndirərək qeyd edir ki, məhkəmə iclasında iddiaçı təqdim edilmiş qəbzin onun iştirakı ilə yazılmadığını, tələbi əsasında cavabdehin sonradan həmin qəbzi ona təqdim etdiyini bildirdiyindən, həmçinin qeyd edilən qəbz xx.xx.2023-cü il tarixdə verilməsi ilə tərəflər arasında olan sms yazışmaların xx.xx.2023-cü il tarixdə aparıldığından qeyd edilən sadə yazılı qəbzdə imzanın cavabdehə məxsus olmaması iddianın rədd edilməsinə əsas ola bilməz. Cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 tərəflər arasında olan sövdələşmənin birbaşa şahidi olmadığından, həmçinin iddiaçı və cavabdeh arasında mübahisə barədə cavabdehin ondan şahid kimi dəvət edilməsi barədə müraciəti zamanı məlumatlı olması, məhkəmə iclasında ifadəsi zamanı əvvəlki məhkəmə iclaslarında cavabdehlə birlikdə məhkəməyə gəldiyindən məhkəmənin inzibati binasının dəhlizində əylıəşdiyindən məhkəmə iclasında tərəflər arasında olan 32000 manat pul məsələlərini eşitdiyini bildirdiyindən onun ifadəsi sübutlar sırasından çıxarılmalı, sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Həmçinin məhkəmə iclasında digər şahid X3 ifadəsi ilə tərəflərin arasında pul sövdələşməsi ilə bağlı mübahisənin olması, həqiqətən iddiaçının cavabdehə pul verməsi, qaytarmadığından onun şahid kimi məhkəməyə çağırılmasının qarşısını almaq məqsədi ilə yaşadığı mənzilə getməsi işin həqiqi halının mövcudluğunu təsdiq edir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. Məhkəmə iddiaçının mənəvi ziyana görə tələbini əsaslı hesab etmir, mənəvi ziyan tələbinin təmin edilməməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 16000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 16000 (on altı min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 140 (yüz qırx) manat hissəsi tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar