Məhkəmə qərarları › İş №2(001)-2881/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2881/2021

26.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2881/2021 26.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçı xxx oğlunun, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı xxx oğlunun Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 cəlb edilməklə) pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı xxx oğlu iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 8.000 manat məbləğində pulun qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci ildə “xxxx” MTK-dan mənzil almaq qərarına gəlmişdir. Mənzili almaq üçün kifayət qədər maddi vəsaitə sahib olmadığına görə, mənzili ipoteka ilə almaq məcburiyyətində qalmışdır. Lakin ipoteka üçün Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış zəruri idi. Bu məsələ ilə bağlı “xxxx” MTKnın direktoru Cavabdeh ilə görüşmüş və direktor belə qərara gəlmişdir ki, mənzili “xxxx” MTK-da baş mühasib vəzifəsində çalışan X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirib sonra ona satsın. O, mənzili ipoteka krediti ilə alacaqdır və bunu öncədən direktora demişdir. Razılaşmalarına əsasən, mənzilin qiyməti 205.000 manat müəyyən edilmişdir. “xxxx” MTK-nın direktoru Cavabdeh ondan müəyyən sənədləşmə işlərinin həyata keçirilməsi üçün ilkin ödəniş olaraq 10.000 manat məbləğində pul tələb etmişdir. O da öz növbəsində ondan istənilən məbləğdən 8.000 manat məbləğində pulu şəxsən Cavabdeh təqdim etmişdir. Bununla da sözləşdikləri kimi mənzil 05 iyun 2020-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır. İpoteka krediti ilə mənzili almaq üçün sənədləri banka təqdim etdikdən sonra direktor Cavabdeh mənzil ilə bağlı vergi ödənişlərini də onun edəcəyini bildirmişdir. O, buna etiraz edərək göstərmişdir ki, onların danışığında mənzilin konkret qiyməti nəzərdə tutulub və o, yalnız həmin məbləği ödəyə bilər, vergini ödəmək isə, alıcının yox, satıcının vəzifəsidir. Lakin, direktor bununla razılaşmadığı üçün onların arasındakı sövdələşmə baş tutmadı və o, mənzili ala bilmədi. Çünki vergi məbləği onun üçün kifayət qədər böyük bir məbləğ idi. Ona deyilənə görə, vergi olaraq 5.448 manat ödənilməli idi. Alqı-satqı baş tutmadığı üçün iddiaçı “xxxx” MTK-nın məsul şəxslərindən, xüsusi ilə də Cavabdeh mənzil ilə bağlı etdiyi 8.000 manat məbləğində ödənişin qaytarmasını tələb etmişdir. Lakin, cavabdeh müxtəlif bəhanələrlə ödənişi geri qaytarmaqdan imtina edir, həmin məbləğin sənədləşməyə sərf olunduğunu bildirir. Halbuki, daşınmaz əmlakın dövlət reyestrində əmlakın qeydiyyatdan keçməsi üçün qanunvericiliklə müəyyən edilmiş bəlli dövlət rüsumları vardır ki, həmin rüsumlar da belə fantastik məbləğdə deyil. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdeh ilə onun arasında olan sövdələşmənin səs yazısı da mövcuddur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, onun cavabdehlə olan danışıqları telefon vasitəsilə qeydə alınırdı, lakin bu barədə cavabdeh məlumatlı deyildi. O, cavabdehdən mənzili 205.000 manata alacaqdı. Həmin məbləğin 110.000 manatını ilkin olaraq ödəyəcəkdi, qalan məbləğ isə ipoteka ilə rəsmiləşdirilməli idi. İlkin olaraq cavabdehə 8.000 manat pul ödəmiş, lakin həmin ödənişi rəsmiləşdirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, tərəflər arasında pulun ödənilməsi ilə bağlı razılaşma olmasaydı iş üzrə üçüncü şəxs X1 adına MMC tərəfindən verilən sənədlər iddiaçıda olmazdı. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfindən ona hər hansı məbləğdə pul ödənilməmişdir. İddiaçı ilə aralarında bir neçə dəfə danışıqlar olmuş, lakin sonra iddiaçının nişanlısı ilə münasibətləri pozulduğuna görə mənzilin alqı-satqısı baş tutmamışdır. Abdullayeva Bəhriyyənin sənədlərinin iddiaçıda olması iddiaçı tərəfindən ona pul ödənilməsini təsdiq edəcək sənədlər deyildir. Belə ki, iddiaçı evi ipoteka vasitəsilə rəsmişədirəcəkdi, lakin bunu edə bilməmişdir. Mənzilə görə vergi ödənişlərini isə o deyil, qanuna əsasən vergi xidməti tələb edir. Mənzil hazırda Abdullayeva Bəhriyyənin adına deyil, artıq Tofiq adlı başqa bir şəxsə satılmışdır. İddiaçının istinad etdiyi səs yazılarından isə onun xəbəri yoxdur və hansı şəraitdə yazılmasını da bilmir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: “xxxx” Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının 16-a nömrəli, 01 dekabr 2020-ci il tarixli protokolundan çıxarışdan görünür ki, vətəndaş X4 MTK-ya üzv qəbul olunmaqla və MTK-nın ünvan 1 ünvanında yerləşən 1 girişli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 205 kv.m, yaşayış sahəsi 113,51 kv.m olan 4 otaqlı 5 saylı mənzilin payçısı olması təsdiq edilmişdir. “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 01 dekabr 2020-ci il tarixli arayış və maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən 1 girişli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 205 kv.m, yaşayış sahəsi 113,51 kv.m olan 4 otaqlı 5 saylı mənzil X2 məxsusdur və həmin mənzilin pay dəyəri payçı X4 tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, 1197-ci məhəllə, ev 1A, 5 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X1 adına qeydiyyatdan keçirilmiş və bu barədə 23 dekabr 2020-ci il tarixdə qeydiyyat aparılmışdır; 13 fevral 2021-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İş materiallarından müəyyən olunur ki, “xxxx” MTK-ya məxsus olmuş Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, 1197-ci məhəllə, ev 1A, 5 saylı mənzil 23 dekabr 2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmış və bununla bağlı ona dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı həmin mənzilə görə cavabdehə 8.000 manat məbləğində pul verdiyini iddia etsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, habelə qeyd olunan hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. İddiaçı sübut növü kimi onunla cavabdeh arasında olan danışıqların səs yazılarına istinad etsə də, məhkəmə qeyd edir ki, həmin səs yazıları məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİİ hissəsinə əsasən öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı xxx oğlunun Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 cəlb edilməklə) pul tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı xxx oğlunun Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 cəlb edilməklə) pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar