Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2916/2024 04.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, cavabdehin nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi və ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair mülki işə 04 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, 7ci Mkr/n, S.S.Axundov küçəsi, 31123-cü məhəllə, İİİ blok, 17-ci mərtəbədə yerləşən 1 otaqlı, 367 saylı mənzilin bolşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdeh tərəfindən ödənilmiş pul vəsaitinin ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrarayon, S.S,Axundov küçəsi 31123-cü məhəllə, İİİ blok, 17-ci mərtəbədə yerləşən 1 otaqlı, 367 saylı mənzilə dair, müqavilə üzrə ödənişi tamamlamadığı üçün ona rəsmi qaydada müraciət edilərək xahiş edilmişdir ki, aralarında rəsmiləşdirilmiş 19 mart 2012 -ci il tarixli müqaviləyə əsasən “Sifariş”çi tərəfindən ödənişlər vaxtında keçirilmədiyi təqdirdə “podratçı” həmin mənzili başqa şəxslərə satmaq hüququnu özündə saxladığı üçün, həmin müqavilənin 8.1-ci bəndinə uyğun olaraq, müqavilə şərtləri pozulduğu üçün, mənzil boşaldılaraq təhvil verilməli və cavabdeh tərəfindən ödənilmiş pul vəsaiti isə geri qaytarılmalıdır. Cavabdeh mənzili boşaldaraq təhvil vermədiyi üçün, məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Həmçinin iddia ərizəsinə əlavə edilən ödəniş qəbzlərindən görünür ki, Cavabdeh müqavilə öhdəliklərini vaxtında icra etməmişdir. Hesab edirik ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrarayon, S.S,Axundov küçəsi 31123-cü məhəllə, İİİ blok, 17-ci mərtəbədə yerləşən 1 otaqlı, 367 saylı mənzil boşaldılaraq iddaçıya təhvil verilməli və cavabdeh tərəfindən ödənilmiş pul vəsaiti isə ona geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Vəkil iddia tələbinə etiraz edərək göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə məbləğ cavabdeh borcunu tam olaraq ödəmiş, iddiaçı isə buna etiraz etməmişdir. Müqavilə üzrə öhdəliklərin gecikdirilərək ödənilməsi ilə bağlı isə tərəflər arasında heç vaxt mübahisə olmamışdır. Bu müddət ərzində cavabdeh bütün kommunal ödənişləri həyata keçirmişdir. Hazırda iddiaçı hüquqdan süi istifadə edir. O, həmçinin məhkəməyə ünvanlandığı iddia tələbinə yazılı etirazını müdafiə edərək göstərmişdir ki, Cavabdeh İddiaçı (VÖEN: **********) ilə 19 mart 2012-ci il tarixində çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə bağlayıb. Müqavilə bağlanılan zaman iddiaçı podratçı qismində çıxış edərək fərdi sahibkar kimi müqaviləyə imza ataraq, möhür vurub. Lakin müqaviləyə və müqaviləyə 1 saylı Əlavəyə vurulan möhürün xaricində fiziki şəxs kimi iddiaçının adı və vöen-i qeyd edilsə də, möhürün daxilində Yüksəl İnşaat Mənzil-1 Tiikinti Kooperativinin adı qeyd edilib. Müqvailəyə görə iddiaçı ünvan 1cü məhəllədə tikilməkdə olan vaşayış binasının 3-cü blokunda, XVİİ mərtəbədə, ümumi sahəsi 68 kv.m-dən ibarət olan 1 otaqlı R nömrəli mənzilin tikilib təhvil verməsini öhdəsinə götürüb. Müqavilənin qiyməti 47600 manat olmaqla, 12 ay müddətinə bağlanıb. Sonradan bina tikilib qurtarandan sonra iddiaçıya bildirilib ki, ünvan dəyişdirilib və ona məxsus mənzil ünvan 1cü məhəllədə tikilən çoxmənzilli yaşayış binasının 401 saylı blokunda, 17-ci mərtəbədə 1 otaqlı 367 nömrəli mənzildir. Nəhayət, bina tikilibyekunlaşmış, sakin kimi cavabdeh mənzilini təmir etdirirək hal-hazırda da həmin mənzildə yaşamaqdadır. Cavabdeh mənzilin dəyərini 12 aya ödəməsə də, iddianın verildiyi tarixə tam ödəniş edərək öz öhdəliyini 100 % yerinə yetirmişdir. Bununla bağlı ödəniş qəbzləri mövcuddur. Mənzilin dəyərini cavabdeh iddiaçının (o cümlədən Yüksəl İnşaat MTK-nın) kassasına ödəmiş və ona hər ödənişə görə sözügedən mənzilin dəyərinin ödənilməsi barədə imzalı, möhürlü qəbz və ya arayış verilib. Bina istismara qəbul edildiyindən və artıq sakinlərin öz mülkiyyətlərini dövlət reyestrində qeydiyyata aldırdığından (reyestrdən çıxarış), mənzilə dair borc olmadığından mənzilinə çıxarışın alınması üçün maliyyə arayışının, ümumi yığıncağın qərarının (plan-cizgi əlavə edilməklə) verilməsi ilə bağlı müraciət edib. Lakin iddiaçı mənzilə dair həmin sənədlərin verilməsindən imtina edərək, əvvəl 2000 manat ödəniş, daha sonra isə 20.000 (iyirmi min) gecikməyə görə ödəniş tələb ediblər. Həmin ödənişlərin hansı əsasla, müqavilənin hansı bəndinə, qanunvericiliyin hansı müddəasına əsasən 11 ildən sonra istəmələrini əsaslandıra bilməyərək, hər hansı yazılı cavab verməyiblər. Mənzil almaq üçün müqavilə ilə müəyyən edilmiş pul vəsaitini tam ödəmiş şəxsdən hər hansı əlavə ödənişin tələb edilməsi tamamilə qanunsuzdur. Nəticə etibarı ilə, Cavabdeh Binəqədi Rayon Məhkəməsində iş üzrə iddiaçıya və "xxxx" MTK-va qarşı "Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov kiiçəsi, ev 401, Ə 367 nömrəli mənzilinə dair iddiaçı Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün həmin mənzilin ona verilməsinə barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (plan-cizgi əlavə edilməklə) və borcunun olmaması barədə maliyyə arayışını verilməsi ohdəliyini cavabdehlər İddiaçı və "xxxx" MTK-nin üzvlərinin üzərinə qoyulması tələbinə dair iddia qaldırmışdır. Həmin iş icraata götürülərək baxılıb e-2(001)- 1449/2024) və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilib. Həmin qətnamədən apelyasiya şikayəti verilmərsə, qüvvəyə minəcək və nəticədə indiki iddia əhəmiyyətsiz olacaq. Əgər şikayət verilərsə, bu indiki iddiaya baxılmanı bu dövr ərzində dayandırılması üçün əsas olacaqdır. O, həmçinin qeyd etmişdir ki, iddiada göstərilən tələbin heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçı ərizəsində müqavilə öhdəliklərinin pozulması və konkret olaraq 12 ayda ödənilməli olan pulun gecikdirilməsi və müqavilənin əlavə şərtlərinə uyğun olaraq Podratçının mənzili satmaq hüququnun olması göstərilib. Məhkəmənin nəzərinə çatdırır ki, müqavilənin həmin bəndi aşağıdakı kimidir: "Sifarişçi tərəfindən tikinti işlərinin ödəmə haqqının vaxtında keçirilmədiyi halda, gecikdirilən ödəməyə görə bank farizinə uyğun olaraq cərimə olunur. Bu halda Podratçı həmin mənzili başqa şəxsə satmaq hüququnu özündə saxlayır. Göründüyü kimi bu şərt əlavə şərtdir və gecikdirmə halında əvvəl cərimənin tətbiq edilməsini, daha sonra isə mənzilin digər şəxsə satılması hüququnun olmasını bildirir. Qəbzlərdən də göründüyü kimi, mənzilin dəyəri vaxtaşırı olmaqla bır neçə ilə ödənilib və bu 12 il ərzində iddiaçı cavabdehə qarşı hər hansı bir etiraz bildirməmiş, cərimə hesablamamış və mənzilin digər şəxsə satılması hüququndan istifadə etməmişdir. Tam əksinə, cavabdeh mənzilin vaxtaşırı ödənişini etmiş, qəbz almış, mənzilə bütün kommunal xidmətlər verilmiş, mənzil təmir edilmiş və bu günə kimi də cavabdeh həmin mənzildə tam hüquqlu mülkiyyətçi kimi yaşamaqda davam edir. Bu isə o deməkdir ki, iddiaçı müqaviləni bəyənmiş, vaxtında olmayan ödənişləri gecikmə kimi yox, müqavilənin uzadılması kimi qəbul etmişdir. Mülki Məcəllənin 358.2-ci maddəsinə əsasən Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Bundan başqa Mülki Məcəllənin 16.1.ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi Mülki Məcəllənin 560.3.4-cü maddəsində hüquqdan sui-istifadənin qadağan edilməsi əsaslarından biri kimi təsbit edilib. İddiaçının bu hərəkəti də hüquqdan sui-istifadədir. Cavabdeh müqavilə ilə üzərinə qoyulmuş öhdəlikləri tam yerinə yetirmişdir. Belə ki, müqavilədə göstərilən və tərəflərin razılaşdığı mənzilin dəyərini 100% ödəmişdir. Bu ödəniş qəbzləri və e-2(001)- 1449/2024 iş üzrə qətnamə ilə öz təsdiqini tapır və hüquqi fakt olaraq preyudisiallıq təşkil edir. Hesab edir ki, mənzil almaq üçün müqavilə ilə müəyyən olunmuş pul vəsaitini tam ödəmiş şəxsdən 12 il sonra mənzilin tələb edilməsi tamamilə qanunsuz tələbdir və qətiyyən təmin edilə bilməz. iddiaçı bu iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyil. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ: müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstərilənləri nəzərə alaraq işə mahiyyəti üzrə baxılıb iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - “Podratçı” olaraq İddiaçı ilə “Sifarişçi” adlanan Cavabdeh arasında bağlanmış 19 mart 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”dən görünür ki, “Podratçı” Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., S.S.Axundov küçəsi, 3123cü məhəllədə tikilməkdə olan yaşayış binasının 3-cü blokunda 17-ci mərtəbədə 1 otaqlı R nömrəli, ümumi sahəsi 68 kv.metr olan mənzilin tikintisini öz öhdəsinə götürmüş, mənzilin qiyməti 47600 manat müəyyən edilmiş, müqavilə imzalanarkən “Sifarişçi” mənzilin ümumi dəyərinin 21 faizini ödəməyi, qalan 79 faizini isə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə “Podratçı” qismində İddiaçı tərəfindən imzalanmış, "xxxx" MTK-nın möhürü ilə təsdiq edilmişdir. - Həmin Müqavilənin 8.1-ci bəndənə görə “Sifarişçi” tərəfindən tikinti işlərinin ödəmə haqqının vaxtında keçirilmədiyi halda, gecikdirilən ödəməyə görə bank faizinə uyğun olaraq, cərimə olunur. Bu halda “Podratçı” həmin mənzili başqa şəxsə satmaq hüququnu öz üzərində saxlayır. “Sifarişçi” həmin mənzildən imtina etdiyi halda onun tərəfindən ödənilmiş məbləğ, mənzil başqa şəxsə satıldıqdan sonra 10 (on) gün müddətində “Sifarişçi”yə qaytarılır. - İddiaçı tərəfindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., S.S.Axundov küçəsi, 3123-cü məhəllədəki yaşayış binasında 3-cü blok, 17-ci mərtəbədə 367 nömrəli mənzil Cavabdeh məxsusdur. - Ödəniş qəbzlərindən (arayışlardan) görünür ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci Mkr/n, S.S.Axundov küçəsi, 31123-cü məhəllə, İİİ blok, 17-ci mərtəbədə yerləşən 1 otaqlı, 367 saylı mənzillə bağlı 2012-ci ildən 2023-cü ilədək hissəvi şəkildə ödənişlər edilmiş və hazırda müqavilə üzrə öhdəliyi tam icra olunmuşdur (tam ödəniş edilmişdir). - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 1449/2024 saylı (qanuni qüvvəsini almış) qətnaməsindən görünür ki, Cavabdehlər İddiaçı və "xxxx" Mənzil-Tikinti Kooperativinə (MTK) qarşı, (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) “sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmiş və məhkəmənin qeyd edilən qətnaməsi ilə iddia təmin edilərək, ünvan 2 ünvanında yerləşən mənzilə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün həmin mənzilin ona verilməsi barədə mənziltikinti kooperativinin üzvlərinin ümumi yığıncağının qərarının (plan-cizgi əlavə edilməklə) və borcunun olmaması barədə maliyyə arayışının verilməsi öhdəliyi cavabdehlər İddiaçı və "xxxx" Mənzil-Tikinti Kooperativinə həvalə olunması və iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun müştərək qaydada İddiaçı və "xxxx" MTK-dan Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: -16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. - 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1-ci və 139-1.1.6-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsas hesab olunur. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. - 442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 527.1-ci maddəsinə əsasən Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. - 528.1-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. - 113.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. - 113.2-ci maddəsinə əsasən, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk olaraq qeyd edir ki, hazırki iddia tələbinin əsasını Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrarayon, S.S,Axundov küçəsi 31123-cü məhəllə, İİİ blok, 17-ci mərtəbədə yerləşən 1 otaqlı, 367 saylı mənzilə dair müqavilə üzrə ödənişi tamamlamaması, buna görə də həmin müqavilənin 8.1-ci bəndində göstərilən öhdəliyin pozulması təşkil edir. İş materialları ilə müəyyən edilmişdir ki, “Podratçı” olaraq İddiaçı ilə “Sifarişçi” adlanan Cavabdeh arasında bağlanmış 19 mart 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqaviləyə əsasən “Podratçı” Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., S.S.Axundov küçəsi, 3123-cü məhəllədə tikilməkdə olan yaşayış binasının 3-cü blokunda 17-ci mərtəbədə 1 otaqlı R nömrəli, ümumi sahəsi 68 kv.metr olan mənzilin tikintisini öz öhdəsinə götürmüş, mənzilin qiyməti 47600 manat müəyyən edilmiş, müqavilə imzalanarkən “Sifarişçi” (Cavabdeh) mənzilin ümumi dəyərinin 21 faizini ödəməyi, qalan 79 faizini isə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müəyyən edilmişdir ki, sözü gedən Müqavilənin 8.1-ci bəndənə görə “Sifarişçi” tərəfindən tikinti işlərinin ödəmə haqqının vaxtında keçirilmədiyi halda, gecikdirilən ödəməyə görə bank faizinə uyğun olaraq, cərimə olunur. Bu halda “Podratçı” həmin mənzili başqa şəxsə satmaq hüququnu öz üzərində saxlayır. “Sifarişçi” həmin mənzildən imtina etdiyi halda onun tərəfindən ödənilmiş məbləğ, mənzil başqa şəxsə satıldıqdan sonra 10 (on) gün müddətində “Sifarişçi”yə qaytarması nəzərdə tutulmuşdur. Bundan əlavə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci Mkr/n, S.S.Axundov küçəsi, 31123-cü məhəllə, İİİ blok, 17-ci mərtəbədə yerləşən 1 otaqlı, 367 saylı mənzillə bağlı 2012-ci ildən 2023-cü ilədək hissəvi şəkildə ödənişlər edilmiş və hazırda müqavilə üzrə öhdəlik tam icra olunmuşdur. Yəni Cavabdeh hazırda yuxarıda qeyd edilən mənzilin alınması ilə bağlı iddiaçıya borcu qalmamışdır. Bununla yanaşı İddiaçı tərəfindən verilmiş arayışda Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., S.S.Axundov küçəsi, 3123-cü məhəllədəki yaşayış binasında 3-cü blok, 17-ci mərtəbədə 367 nömrəli mənzilin Cavabdeh məxsus olması qeyd edilmişdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi Cavabdeh onunla iddiaçı arasında bağlanmış 19 mart 2012-ci il tarixli müqaviləyə tam əməl edərək üzərinə götürdüyü öhdəliyi hissəhissə ödəməklə tam olaraq yerinə yetirmişdir. Yəni hazırda Cavabdeh tərəfindən Müqavilə üzrə öhdəliklərin tam olaraq icra edilməsi işin mübahisəsiz halıdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçı onunla cavabdeh arasında bağlanmış Müqavilənin 8.1-ci maddəsinə istinad etməkdə də, haqlı olmamışdır. Belə ki, həmin Müqavilənin qeyd edilən bəndində göstərilmişdir ki, “Sifarişçi” tərəfindən tikinti işlərinin ödəmə haqqının vaxtında keçirilmədiyi halda, gecikdirilən ödəməyə görə bank faizinə uyğun olaraq, cərimə olunur. Bu halda “Podratçı” həmin mənzili başqa şəxsə satmaq hüququnu öz üzərində saxlayır. “Sifarişçi” həmin mənzildən imtina etdiyi halda onun tərəfindən ödənilmiş məbləğ, mənzil başqa şəxsə satıldıqdan sonra 10 (on) gün müddətində “Sifarişçi”yə qaytarılır. Göründüyü kimi qeyd edilən bənd müqavilə üzrə ödənişlər gecikdiriləcəyi təqdirdə ilk olaraq cərimənin tətbiq edilməsini, daha sonra isə mənzilin digər şəxsə satılması hüququnun olmasını bildirir. Hazırki işdə isə ödəniş qəbzləri ilə müəyyən edilir ki, Cavabdeh mənzilin vaxtaşırı ödənişini etmiş, qəbz almış, mənzilə bütün kommunal xidmətləri ödəmiş, mənzili təmir etdirmiş və hazırki vaxtadək də, o, mübahisəli mənzildə yaşamaqda davam edir. Bütün bu sadalananlar isə onu deməyə əsas verir ki, tərəflər arasında ödənişin vaxtında və ya gecikdirilməklə ödənilməsində heç bir mübahisə olmamışdır. Bu hal işə əlavə edilmiş və hazırda qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-1449/2024 saylı qətnaməsi ilə də, sübuta yetirilmişdir. Məhkəmə həmçinin xüsusilə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin qeyd edilən mənzlin müqavilədə nəzərdə tutulduğu vaxtdan gec ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə yazılı və ya şifahi etiraz bildirilməmiş, cərimə hesablanmamış və mənzilin digər şəxsə satılması barədə xəbərdarlıq edilməmişdir. Əgər edilmişdirsə, bununla bağlı iddiaçı tərəfindən məhkəmə heç bir rəsmi sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci Mkr/n, S.S.Axundov küçəsi, 31123-cü məhəllə, İİİ blok, 17-ci mərtəbədə yerləşən 1 otaqlı, 367 saylı mənzilin bolşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdeh tərəfindən ödənilmiş pul vəsaitinin ona geri qaytarılması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci Mkr/n, S.S.Axundov küçəsi, 31123-cü məhəllə, İİİ blok, 17-ci mərtəbədə yerləşən 1 otaqlı, 367 saylı mənzilin bolşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdeh tərəfindən ödənilmiş pul vəsaitinin ona geri qaytarılması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2916/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2916/2024
04.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver