Məhkəmə qərarları › İş №2(001)-292/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-292/2024

27.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-292/2024 27.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, İlk iddia üzrə İddiaçı cavabdeh X6 qarşı “mənzilin təmirinə xəcləmiş pul” tələbinə dair ilk iddia və qarşılıqlı iddia üzrə iddiaçı X3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı “mənzilin alınması üçün ödənilmiş və mənzilin təmirinə xərclənmiş pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilərək, ünvan 1 ünvanında olan yaşayış binasındakı 1-ci giriş, 16-cı mərtəbədə yerləşən 2 otaqlı, 163 saylı mənzilin alınması üçün ödənilmiş 57.000 (əlli yeddi min) manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən və mənzilin təmir işlərinə xərclənmiş 70.000 (yetmiş min) manat pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli «yaşayış binasında mənzil tikintisi haqqında» müqaviləyə əsasən ünvan 2 ünvanında olan yaşayış binasındakı 1-ci giriş, 16-cı mərtəbədə yerləşən 2 otaqlı, 163 saylı mənzilini cavabdeh "xxxx" MMC-dən 57000 manat pul ödəməklə almışdır. Həmin vaxt mənzil tam təmirsiz və yaşayış üçün yararsız vəziyyətdə olmuşdur. Mənzili aldıqdan sonra mənzilin təmir işləri həyata keçirilməyə başlanılmış və mənzil yaşayış üçün tam yararlı vəziyyətə gətirilmişdir. Mənzilin tam təmir olunması üçün tərəfindən 70.000 manat pul xərclənmişdir. Bildirir ki, ünvan 2 ünvanında yerləşən sözügedən mənzilə köçüb orada yaşamağa başladıqdan az müddət sonra ona məlum olmuşdur ki, onun "xxxx" MMC-yə 57000 manat tam dəyəri ödənilməklə əldə etdiyi mənzilə dair onunla müqavilə bağlanmazdan əvvəl Cavabdeh ilə müqavilə bağlanmış və mənzil həmin şəxsə satılmışdır. Bundan sonra iddiaçı Cavabdeh "xxxx" MMC-yə və ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC- tərəfindən onun adına verilmiş xx.xx.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ailə üzvləri ilə birlikdə həmin mənzildən məcburi çıxarılmaları və mənzilin təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7500/2017 saylı 19 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, onunla "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixə bağlanmış müqavilənin etibarsız sayılması, onun Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsində) "xxxx" MTK tərəfindən tikilmiş yaşayış binasının 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 115,3 kv.metr olan 2 otaqdan ibarət 163 saylı mənzildən çıxarılması, həmin mənzilin və giriş qapısının açarlarının Cavabdeh təhvil verilməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7500/2017 saylı 19 oktyabr 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. "xxxx" MMC ilə sözügedən mənzilə dair müqavilə bağlanan zaman həmin mənzilin ondan əvvəl başqa şəxsə satılmasından məlumatsız olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7500/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onun vicdanlı alıcı olması öz təsdiqini tapmışdır. Cavabdeh ilk əvvəl təmirə çəkilmiş xərclərin onun tərəfindən ödənilməsi ilə bağlı onunla razılığa gələcəyinə söz versə də, sonradan vədinə əməl etməyərək, həmin məbləğin məhkəmə vasitəsi ilə tələb etməsini məsləhət görmüşdür. ünvan 2 ünvanında olan yaşayış binasında yerləşən eyni mənzillərin müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə satılmasında təqsirkar olan şəxslər barəsində cinayət işi başlanılmış və həmin şəxslərə məhkəmənin hökmü ilə cəza təyin edilmişdir. Göründüyü kimi "xxxx" MMC tərəfindən aldadılması nəticəsində həm sözügedən mənzilin əldə edilməsi üçün MMC-yə ödənilmiş 57000 manat məbləğində puldan,həm də hazırda həmin mənzilin təmir olunması üçün tərəfindən xərclənmiş 70.000 manat puldan məhrum olmuşdur. Sahibkarlıq fəaliyyəti olan "xxxx" MMC mülki qanunvericiliyin tələblərinə zidd olaraq öz vəzifələrini vicdanla həyata keçirməmiş, nəticədə MMC-nin təqsirli hərəkəti nəticəsində o, mənzilindən məhrum olmuş, lakin mənzilin alınması üçün tərəfindən ödənilmiş 57.000 manat MMC tərəfindən ona qaytarılmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkməsinin 2(011)-7500/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, onunla "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilmişdir. Hazırda qüvvədə olan həmin qətnamədən görünür ki, məhkəmə hesab etmişdir ki, cavabdehlər göstərilən mənzillərə görə pul vəsaitlərinin ödənilməsini təsdiq edən sənədlərin əsillərini məhkəməyə təqdim etmədiklərindən, o cümlədən ödədikləri pulları hazırki araşdırma zamanı cavabdeh "xxxx" MMC-dən tələb etmədiklərindən, o cümlədən ödədikləri pulları hazırki araşdırma zamanı cavabdeh "xxxx" MMC-dən tələb etmədiklərindən, mübahisəli mənzillərə dair cavabdehlər arasında bağlanmış müqavilə etibarsız hesab edilsə də, onlardan irəli gələn məsələlər həll edilmədən saxlanılmalıdır. Lakin bu hal cavabdehlərin həmin məbləğləri digər cavabdeh olan "xxxx" MMC-dən tələb etmək hüququnu məhdudlaşdırmır. Göründüyü kimi onunla "xxxx" MMC arasında 04 fevral 2017-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilsə də, onun Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbindən çıxış edərək, MMC-yə ödənilmiş 57000 manat məbləğində pulun qaytarılmasını tələb etmək hüququ vardır. Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, 18 ay 25 gün x 600 manat = 11.300 manat vurulmuş ziyan, ödənilmiş dövlət rüsumunun əvəzi 120+1300 manatın 0,3 faizi=124 manat, vəkilə ödənilmiş 200 manat qonorar olmaqla,11623,9 manat pul məbləğinin cavabdeh İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ilk iddia tələbini qəbul etmir. Belə ki, Xətai Rayon Məhkəməsinin 2(011)-7500/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı qeyd olunan ünvanda yerləşən 163 saylı mənzildən çıxarılması qət olunmuş, qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini almış, icra prosesinə başlanılmış, lakin İddiaçı mənzildən çıxmaqdan imtina etmişdir. Ona vurulmuş ziyanla bağlı ona qarşı Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-437/2022 saylı 28 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən X2 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr üçün ona vurulmuş ziyana görə 18517,20 manat və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmiş, qətnamə icraya yönəldilmiş, lakin bu günə qədər cavabdeh həmin məbləği ödəməmişdir. Cavabdeh çoxsaylı məcburi icra hərəkətlərindən sonra-xx.xx.2023-cü il tarixdə ona məxsus mənzildən çıxarılmış və mənzil ona təhvil verilmişdir. Pul məbləği isə ödənilməmiş qalmışdır. Hazırda o, cavabdehə qarşı 2022-ci ilin yanvarından mənzildən çıxan günə qədər, yəni xx.xx.2023-cü il tarixə qədər vurulmuş ziyanın əvəzini tələb edir. Belə ki, əvvəllər ona məxsus mənzildə kirayədə yaşamaq üçün kirayə haqqı 530 manat təşkil etdiyi halda, hazırda 600 manat təşkil edir.2022-ci il üzrə 12 ay, 2023-cü il üzrə 6 ay 25 gün kirayə haqqını 600 manatdan hesablasalar, aşağıdakı məbləğ alınır:18 ay 25 gün x 600 manat =11.300 manat. Ödənilmiş dövlət rüsumu 120+1300 manatın 0,3 faizi=124 manat. Vəkilə ödənilmiş qonarar-200 manat, cəmi 11623,9 manat. Cavabdehin təqsirindən 2017-ci ildən 2 otağı üç otağa genişləndirdiyi üçün ona məxsus mənzildən istifadə etmək hüququndan məhrum olmuşdur. Həmin mənzili almaqda məqsədi ondan ibarət olmuşdur ki, mənzili kirayəyə verib kirayə haqqı ilə ailəsini dolandırsın. Göstərdiyi kimi cavabdeh mənzili zəbt edib yaşadığından 2017-ci ildən xx.xx.2023-cü ilə kimi əmlakından məhrum olmaqla, əldə edəcəyi gəlirdən də məhrum olmuşdur. Göstərdiyi bu hallar iddia ərizəsinə əlavə etdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə tam sübuta yetirilir. xx.xx.2024-cü il tarixdə ilk iddia üzrə İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mənzilin alınması üçün ödənilmiş 57.000 manat pulun "xxxx" MMC-dən tutulması hissəsində iddia tələbini müdafiə etmir, qalan hissədə isə iddiasını müdafiə edir. Məhkəmə iclasında iddiaçı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddianı müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş qarşılıqlı iddia üzrə iddiaçı və onun (vəkili) məhkəmə iclasında iştirak etməmişlər. Qarşılıqlı iddia üzrə iddiaçının vəkili məhkəmə iclasının təxirə salınması barədə vəsatətlə müraciət etsə də, vəsatət təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının qarşılıqlı iddia üzrə iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ilk iddia üzrə İddiaçı izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə ilk və qarşılıqlı iddialar qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 04 fevral 2017-ci il tarixli “yaşayış binasında mənzil tikintisi” haqqında müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşmiş "xxxx" MMC-nin tikilməkdə olan binasında 163 nömrəli mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili əqbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzil xx.xx.2017-ci il tarixli imtina ərizəsinə əsasən addan-ada keçirilmişdir. Mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlanma işləri görülmədən, bilavasitə alıcının özünə verilir. Göstərilən mənzilin ümumi dəyəri 57000 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşən yaşayış binası "xxxx" MMC-yə məxsudur. Bu binanın, 16 mərtəbəsində ümumi sahəsi 115 kv.m olan 2 otaqlı, 163 saylı mənzilin pay dəyərindən 57.000 manatı alıcı İddiaçı tərəfindən ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7500/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsində) "xxxx" MTK tərəfindən tikilmiş yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 115,3 kv.metr olan, 2 otaqdan ibarət olan 163 saylı mənzilə dair 23 avqust 2008-ci il tarixdə X7 ilə "xxxx" MTK arasında bağlanmış müqavilənin, X7 barəsində "xxxx" MTK-nın üzvlüyünə qəbul, mənzillərin və qeyri-yaşayış sahələrinin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının xx.xx.2008-ci il tarixli qərarının, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, İddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsində) yerləşən, "xxxx" MTK tərəfindən tikilmiş yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 115,3 kv.metr olan, 2 otaqdan ibarət olan 163 saylı mənzildən çıxarılması və həmin mənzilin və giriş qapılarının Cavabdeh təhvil verilməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)- 5682/2018 saylı qətnaməsindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7500/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-976/2019 saylı qərarından görünür ki, "xxxx" MMC tərəfindən verilmiş kasassiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-437/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı vurulmuş maddi ziyana görə 18517.20 manat Cavabdeh xeyrinə, X4 18517.20 manatın X1 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, cavabdehlər başqasına(iddiaçılara) məxsus mənzilləri təhvil verməməklə, onlara maddi ziyan vururlar. İddiaçılar uzun müddətdir ki, onlara məxsus mənzillərdən istifadə edə bilmirlər. Qətnamə 07 fevral 2019-cu il tarixdən qanuni qüvvəsini almışdır və xx.xx.2022-ci il tarixinədək(hazırki qətnamə qəbul edilən günədək) 34 ay 28 gün müddət ərzində icra edilməmişdir. Qeyd olunan mənzillər üzrə kirayə haqqı 530 manat təşkil etdiyindən dəymiş zərər bu qaydada hesablanmalıdır: 34 ay x 530 manat=18020 manat, +28 gün üçün 497.70 manat. 18020 manat+497.70=18517.20 manat. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, hər bir iddiaçıya dəyən maddi ziyan hissəsində iddia qismən, 18517.20 manat hissədə təmin olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3577/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)- 437/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 0110 nömrəli hesabatdan görünür ki, ünvan 3 ünvanında olan yaşayış binasındakı 1-ci giriş, 16-cı mərtəbədə yerləşən ümumi sahəsi 115 kv.m olan 163 saylı mənzilinin 2022-ci ilin yanvar ayından 2023-cü ilin iyul ayına olan müddətdə orta aylıq kirayə haqqı tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təqribən 600 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2024-cü il tarixli rəyindən görünür ki, ünvan 3 ünvanında olan yaşayış binasının 1-ci giriş, 16-cı mərtəbəsində yerləşən 163 saylı mənzildə təmir işlərinin aparıldığı müəyyən edilmişdir. Həmin mənzil üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 34141 manat məbləğində olduğu müəyyən edilmişdir. ünvan 3 ünvanında olan yaşayış binasının 1-ci giriş, 16-cı mərtəbəsində yerləşən 163 saylı mənzilin aylıq icarə haqqı-orta bazar qiyməti təxminən 550 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin 27 may 2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7500/2017 saylı 19 oktyabr 2017-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə xitam verilmişdir. Həmin qərardan və eləcə də, xx.xx.2023-cü il tarixli Aktın surətindən görünür k, xx.xx.2023-cü il tarixli akta əsasən "xxxx" MTK tərəfindən tikilmiş yaşayış binasının 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 115.3 kv.metr olan 2 otaqdan ibarət olan 163 saylı mənzil Cavabdeh etibarnamə üzrə nümayəndəsi X5 təhvil verilmişdir. xx.xx.2023-ci il tarixli mədaxil qəbzindən görünür ki, ilk iddia iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 418 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2023-ci il tarixli mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 124 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7500/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsində) "xxxx" MTK tərəfindən tikilmiş yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 115,3 kv.metr olan, 2 otaqdan ibarət olan 163 saylı mənzilə dair İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilmiş və həmin qətnamə əsasında verilmiş icra vərəqəsi xx.xx.2023-cü il tarixdə icra edilərək, həmin tarixdə mənzil Cavabdeh təhvil verilmişdir. Hazırda mübahisəli mənzilin qanuni sahibi Cavabdehdır. Bundan əlavə o da müəyyən olundu ki, mənzil İddiaçı istifadəsində olarkən onun tərəfindən təmir etdirilmişdir. Hazırda ilk iddia üzrə İddiaçı mənzilin təmir işlərinə xərclənmiş 70000 (yetmiş min) manat pulun Cavabdeh onun xeyrinə tutulmasını tələb edir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbini qəbul etmədiyini və məhkəmə qətnaməsi mövcud olduğu təqdirdə İddiaçı ona məxsus mənzildə yaşadığına görə 18 ay 25 gün x 600 manat = 11.300 manat vurulmuş ziyanın İddiaçı onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə ilk iddia tələbi ilə, yəni “mənzildə aparılmış təmir işlərinə görə 70.000 manat məbləğində pulun Cavabdeh tutulması” ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, mübahisəli mənzilin iddiaçı tərəfindən təmir edilməsi və yaşayış üçün əlverişli şəraitə salınması, lakin mübahisəli mənzilin hazırda Cavabdeh sahibliyində və istifadəsində qalması nəticəsində sonuncu əsassız olaraq varlanmışdır. Bu səbəbdən məhkəmə iddia tələbini mübahisəli mənzilin təmirinə çəkilmiş xərclərin Cavabdeh tutulmasını əsaslı hesab edir. Təmirə çəkilmiş xərclərin dəyərinə gəldikdə isə, məhkəmə ekspert rəyini mötəbər sübut kimi nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia bu hissədə qismən təmin edilməli, mənzilin təmirinə çəkilmiş xərcə görə 34.141 manat məbləğində vəsait ilk iddia üzrə Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. İlk iddia üzrə cavabdeh tərəfindən məhkəməyə evə dair fotoşəkillər təqdim edilərək, iddiaçının məcburi icra vasitəsi ilə mənzildən çıxarılarkən mənzildə olan bütün aksessuarları qəsdən, qərəzli şəkildə divar bərabərində kəsib aparıldığı və təmirə ziyan vurulması qeyd edilmiş olsa da məhkəmə bu arqumentlərlə bağlı qeyd edir ki, Cavabdeh bunları təsdiq edəcək hər hansı mötəbər sübutu (təhvil təslim aktı və sair) məhkəməyə təqdim edə bilməmişdir. Halbuki həmin mənzilin təhvil alınması icra vərəqəsinin icrası zamanı icra məmurunun və hal şahidlərinin iştirakı ilə baş tutmuş və həmin vaxt aktın tərtib edilməsi imkan xaricində olmamışdır. Bundan əlavə, həmin fotoşəkillərin hansı tarixdə çəkilməsi ilə bağlı sübutların məhkəməyə təqdim edilməsi Cavabdeh təklif edilsə də həmin sübutlar məhkəməyə təqdim edilməmiş, bununla da fotoşəkillərin hansı tarixdə çəkildiyi müəyyən olunmamışdır. Həmçinin, aksessuarlar ayrıla bilən əşyalar (yaxşılaşdırma) olduğundan, onların aparılması iş üçün hər hansı əhəmiyyət kəsb etmir. Ekspert də rəy verərkən həmin materialların qiymətini hesablamamışdır. Məhkəmə qarşılıqlı iddia tələbi ilə, yəni məhkəmə qətnaməsi mövcud olduğu təqdirdə İddiaçı ona məxsus mənzildə yaşadığına görə 18 ay 25 gün x 600 manat = 11.300 manat vurulmuş ziyanın İddiaçı onun xeyrinə tutulması ilə əlaqədar isə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Mülki Məcəllənin 1091-ci maddəsinin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Mülki Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Qarşılıqlı iddia tələbinin maddi-hüquqi əsasını Mülki Məcəllənin yuxarıda qeyd edilən maddələri təşkil edir. Qeyd edilən maddi hüquq normaları mülkiyyətçinin əşyanın onun sahibliyində olmadığı müddətdə əldən çıxmış faydanı əsassız varlanmış qanunsuz sahibdən tələb etmək hüququnu müəyyən etmişdir. Belə ki, həmin maddələrə görə əşya üzərində hüquqa malik olan şəxsin tələbi ilə qanunsuz sahibin əşyanın onda olduğu vaxt ərzində götürdüyü və ya götürməli olduğu bütün gəlirləri qaytarmaq və ya əvəzini ödəmək, əşyanın onda olması ilə bağlı yaranan zərərin əvəzini ödəmək vəzifəsi müəyyən olunmuşdur. Qeyd edildiyi kimi, Cavabdeh mübahisəli mənzilin qanuni sahibidir, cavabdeh isə sözügedən mənzildə hər hansı hüquqi əsas olmadan yaşamağa davam etməklə, Cavabdeh milli və beynəlxalq qanunlarla müəyyən edilmiş mülkiyyət hüquqlarını pozmuş olduğundan, onun pul tələbi barədə iddiası əsaslı hesab edilir. İşin materiallarından göründüyü kimi, mübahisəli mənzilin xx.xx.2023-cü il tarixə qədər İddiaçı sahibliyində olması, onun ailə üzvləri birlikdə həmin mənzildə yaşaması işin mübahisəsiz halıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli qətnaməsi ilə ona xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək dəymiş ziyan hesablanaraq, İddiaçı tutulmuş, lakin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində də, yəni 17 ay 27 gün müddətində cavabdeh tərəfindən mənzilin təhvil verilməməsi ilə əlaqədar maddi ziyan dəymişdir. Mübahisəli mənzil üzrə kirayə haqqı məhkəmə tərəfindən keçirilmiş ekspertiza rəyləri nəzərə alınmaqla, ortalama qiymət kimi 575 manat ((600+550):2=575) müəyyən edilməli və dəymiş zərər aşağıdakı qaydada hesablanmalıdır: 17 ay x 575 manat = 9775 manat, 27 gün üçün 513 manat. 9.775 manat+513 manat=10.288 manat. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçıya dəymiş maddi ziyanın tutulması hissəsində iddia qismən təmin edilməli və 10.288 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq, Cavabdeh ödənilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə təmirə çəkilmiş xərcə görə 34.141 manat məbləğində pul vəsaiti tutulmalı, ilk iddia qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia qismən təmin edilməli, cavabdeh İddiaçı 10.288 manat məbləğində pul vəsaiti iddiaçı Cavabdeh xeyrinə tutulmalı və qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilk iddia tələbi qismən təmin edildiyindən iddiaçının iddia qaldırılması üçün ödədiyi 418 manat məbləğində dövlət rüsumunun 204 manatı ilk iddia üzrə Cavabdeh tutularaq ilk iddia üzrə İddiaçı ödənilməlidir. Həmçinin qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 124 manat məbləğində dövlət rüsumunun 111 manatı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı vəkilə ödənilmiş 200 manat qonorarın tutulmasını xahiş etsə də, bununla əlaqədar sübutları məhkəməyə təqdim etmədiyinə görə həmin xərc qarşılıqlı iddia üzrə cavabdehdən tutula bilməz. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsaitin 50 manatı İddiaçı, 50 manat isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə təmirə çəkilmiş xərcə görə 34.141 (otuz dörd min yüz qırx bir) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 204 (iki yüz dörd) manatı tutulsun. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Cavabdeh xeyrinə vurulmuş maddi ziyana görə 10.288 (on min iki yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 111 (bir yüz on bir) manatı tutulsun. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsaitin 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar