Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2923/2022 08.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “vəzifəli şəxslərin qeyri-qanuni hərəkətlərindən və çıxardıqları qərardaddan şikayət barədə” tələbinə dair iddia ərizəsinə ona əlavə olunmuş sənədlərlə birlikdə məhkəmənin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “vəzifəli şəxslərin qeyri-qanuni hərəkətlərindən və çıxardıqları qərardaddan şikayət barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onların - İddiaçı1 inzibati qaydada 1000 (bir min) manat cərimə edilməyi barədə çıxarılmış 11.02.2022-ci il tarixli MN-0280234 nömrəli, İddiaçı2 inzibati qaydada 1000 (bir min) manat cərimə edilməyi barədə 11.02.2022-ci il tarixli MN-0280236 nömrəli qərarların əsassız olması və qeyri-qanuniliyi ilə əlaqədar ləğv edilmələri haqqında qərardad çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 21.01.2022-ci il tarixdə onlar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Qaradağ rayonu, 29-cu km adlanan yerdə, Xəzər sahili ərazidə özlərinə məxsus avtomobildə əyləşmişlər. Bu zaman iki nəfər yaxınlaşdı. Salamlaşdıqdan sonra onlar bildirdilər ki, "biz Ekologiya Nazirliyinin əməkdaşlarıyıq. Qaradağ rayon polis idarəsinin əməkdaşları ilə birgə reyd keçirdirik, zəhmət olmasa maşına baxış keçirilməsinə icazə verin". Onlara bildirdilər ki, onsuz da maşınları quma batıb, buyurub baxa bilərlər.. Onlar avtomaşının salonuna və yük yerinə baxış keçirən zaman yük yerində olan onlara məxsus ov silahlarıni gördülər. Bundan sonra silahlarının qanuni olub-olmamasını müəyyən etmək üçün tüfənglərin sənədlərini vermələrini tələb etdilər. Onlar da, ov tüfənglərinin sənədlərini və şəxsiyyət vəsiqələrini onlara təqdim etmişlər. Bundan sonra bildirdilər ki, "tüfənglərini götürəcəklər, formal olaraq bu belə olmalıdır, yoxlayacaqlar görək tüfənglərdən atəş açılıb ya yox. Çünki kənardan baxırlar. Arxamızca gəlin, tüfənglərinizi yolda sizə qaytaraq. Sizin tüfənglərin saxlanılmasına heç bir əsas yoxdur. Avtomobilinizdə qeyri-qanuni heç bir şey aşkar olunmadı." Əməkdaşlara inandıqlarından onlarla getmişlər. Yolda onlar bildirdilər ki, “axşam gəlib silahlarınızı idarədən götürəcəksiniz” Dedikləri vaxtda zəng edildikdə isə özünü Rəvan kimi tanıdan şəxs bildirmişdir ki, sabah- 22.01.2022-ci il tarixində gəlsinlər. Onlarda 11 saylı idarəyə getmişlər. Orada bir sənədə imza edib onları yola salmışlar. Tüfəngləri götürdükdən sonra idarədən ayrılmışlar. Bundan sonra poçt vasitəsilə ünvanlarına məktub gəlmişdir. Həmin məktubda qeyd edilir ki, 03.02.2022-ci il tarixdə keçirilən komissiyada iştirak etməlidirlər. Ancaq həmin məktub onların ünvanına 04.02.2022-ci il tarixdə çatdırılıb. 04.02.2022-ci il tarixdə məktub çatdıqdan sonra 11 saylı idarəyə zəng etmişlər. Oradan bildirildi ki, gözləyin, sizi yenidən çağıracaqlar. Bundan sonra bir daha onlara nə məktub gəlmədi, nə də telefonla zəng edilmədi. Lakin inzibati xətanın törədilməsindən 3 ay 4 gün keçəndən sonra hər ikisinin ünvanına 24.02.2022-ci il tarixdə məktub daxil oldu. Həmin məktubla tanış olduqdan sonra məlum oldu ki, guya ona- İddiaçı1 21.11.2021-ci il tarixdə MN ******* saylı protokol, ona- İddiaçı2 isə 21.11.2021-ci il tarixli MN-1201450 saylı protokol tərtib olunub. İddiaçı1 hamin protokol əsasında 11.02.2022-ci il tarixli MN-0280234 saylı qərar ilə İnzibati Xatalar Məcəlləsinin 272.3-cü maddəsi əsasında inzibati qaydada 1000 (bir min) manat cərimə, İddiaçı2 qeyd edilən protokol asasında 11.02.2022-ci il tarixli, MN-0280236 saylı qərar ilə İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi əsasında inzibati qaydada 1000 (bir min) manat cərimə tətbiq olunub. Onlar tətbiq olunmuş cərimə ilə heç cür razılaşmırlar. Çünki biz heç bir inzibati xəta törətməmiş və törətmək fikirləri də olmayıb. Ekologiya Nazirliyinin 11 saylı Regional İdarəsi əməkdaşları tərəfindən avtomobillərinə baxış keçirilərkən hər ikisinə məxsus ov tüfəngləri qablaşdırılmış halda avtomobilin yük yerində olub. Avtomobildə heç nə aşkar olunmayıb. Sadəcə onları aldadaraq barələrində qeyri-qanuni protokol tərtib olunub və xəbərləri olmadan inzibati cərimə tədbirinə məruz qalmışlar. Cərimə tətbiq olunarkən heç bir tutarlı və əsaslı fakta isitnad olunmamışdır. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. 103.2-ci maddəsinə əsasən İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıların mübahisələndirdiyi məsələ inzibati xəta haqqında protokol əsasında qəbul edilən qərardır. İnzibati xətalar haqqında işlər üzrə qərardan mülki icraat qaydasında deyil, inzibati xətalar xətalara dair işlər üzrə icraat qaydasında şikayət verilməsi nəzərdə tutulmuşdur və mövcud iddia ərizəsinə mülki icraat qaydasında məhkəmədə baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, ərizəyə mülki icraat qaydasında deyil, inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olduğundan iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, iddiaçıya müvafiq protokolun və ya qərarın ləğvi ilə bağlı səlahiyyətli orqana və ya inzibati xətalara dair işlər üzrə icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264cü, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “vəzifəli şəxslərin qeyri-qanuni hərəkətlərindən və çıxardıqları qərardaddan şikayət barədə” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya müvafiq protokolun və ya qərarın ləğvi ilə bağlı səlahiyyətli orqana və ya inzibati xətalara dair işlər üzrə icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2923/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2923/2022
08.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver