Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2941/2025 25.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, ailəsi ilə Qala qəsəbəsində yaşayır, ailəlidir, iki övladı vardır. Ailədə yeganə işləyən odur. O, özü isə savadsız bir adamdır, mal-heyvan saxlayır. Bu məqsədlə 20 yanvar 2025-ci il tarixdə o, Cavabdeh adlı şəxsdən bir inək almışdır ki, saxlayıb südünü-qatığını satsın, bir təhər balaların çörək pulunu çıxartsın. Lakin atalar yaxşı deyib ki, sən saydığını say, gör fələk nə sayır. Sən demə Elmidarın ona satdığı inək xəstə imiş. 10 fevral 2025-ci il tarixdə inək ölmüşdür. Onda o, Elmidarın evinə gedərək, inəyə görə ona vermiş olduğu 4200 manat pul vəsaitini geri tələb etmişdir. Elmidar pulu qaytarmaqdan imtina etdikdə, o, məcbur olaraq polisə müraciət etmişdir. xx.xx.2025-ci il tarixli S-13-59-2/2-B-1460/11 №-li məktubla ona bildirmişdir ki, bu işlə əlaqədar mülki qaydada məhkəməyə müraciət etməlidir. Ona görə də, o, məcbur olaraq məhkəməyə müraciət etmişdir. Eyni zamanda o, 20 gün ərzində inəyin iynə-dəyirmanına, baytar həkimə 500 manata qədər pul xərcləmişdir. Bu 4700 manat pulu o, borc-xərc edtmiş, balalarının boğazından kəsib yığmışdır. O, həmin pulları Elmidarın dələduzluq edərək, ona xəstə inək satması nəticəsində itirmişdir. Odur ki, ümidi yalnız məhkəmənin ədalətli qərarınadır. Cavabdeh Vəliyev X1 rayonu ərazisində yaşadığından iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim etmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh ona vurduğu zərərə görə 4700 manat və iddia ərizəsinin verilməsinə görə onun tərəfindən ödənilmiş 67 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh əlavə olaraq bildirmişdir ki, Rusiya Federasiyasından 47 baş mal gətirilmiş, ilk inək seçilməklə iddiaçı tərəfindən ondan alınmış, cavabdeh aldığı inəyin 20 litr süd verəcəyinə zamin durmuş, inəyi aldıqdan bir ay keçdikdən sonra iddiaçı ona inəyin xəstələnməsi barədə məlumat vermiş, 46 baş malı da satdığını və onlarda heç bir problem olmamışdır. Bundan əlavə, cavabdeh 1000 manat məbləğində pul vəsaitini könüllü olaraq hallaşmaq məqsədilə iddiaçıya ödənilməsi barədə təklif irəli sürmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinin X2 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bölmə tərəfindən İddiaçı müraciətinə baxılmış və ona müraciətdə qeyd etdiyi xüsusatlar mülki xarakterli olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada iddia ərizəsi ilə məhkəmə instansiyasına müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin HSBX Mərkəzinin Abşeron Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış 07 may 2025-ci il tarixli, 3-22-1-2-1/3-5-125/2025 saylı məktubdan görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində Cavabdeh şəxsi təsərrüfatında saxladığı 47 baş İri buynuzlu heyvanlar Abşeron rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsi tərəfindən Epizootik plan əsasında davamlı olaraq xüsusi təhlükəli infeksion xəstəliklərə qarşı profilaktiki peyvənd edilir. Xidmət aparılan dövrdə həmin təsərrüfatda heç bir infeksion xəstəlik qeydə alınmamışdır. İş materiallarında olan fləşkartdan görünür ki, həmin fləşkartda tərəflər arasında hazırki mübahisə ilə bağlı “Whatsapp” mesajlaşma mübadilə sistemi vasitəsilə səs yazılarını özündə əks etdirən məlumatlar mövcuddur. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı 20 yanvar 2025-ci il tarixdə Cavabdeh özü seçməklə bir baş İri buynuzlu heyvanı (inək) 4200 manat məbləğində pul vəsaiti ödəməklə almış, 03 fevral 2025-ci il tarixdə heyvanın balası olmuş, 05 fevral 2025ci il tarixdə həmin heyvanın balası ölmüşdür. Daha sonra 13 fevral 2025-ci il tarixdə həmin İri buynuzlu heyvan ölmüşdür. İddiaçı cavabdeh tərəfindən ona xəstə heyvan – inək satılmasına əsaslanaraq Cavabdeh vurulmuş zərərə görə 4700 manat (4200 manat inəyə görə ödənilmiş pul vəsaiti və 500 manat inəyin sağalmasına çəkilmiş xərc) və iddia ərizəsinin verilməsinə görə onun tərəfindən ödənilmiş 67 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də, cavabdeh tərəfindən ona xəstə inəyin satılmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən iş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin HSBX Mərkəzinin Abşeron Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən verilmiş məktubla təsdiq edilmişdir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində Cavabdeh şəxsi təsərrüfatında saxladığı 47 baş İri buynuzlu heyvanlar Abşeron rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsi tərəfindən Epizootik plan əsasında davamlı olaraq xüsusi təhlükəli infeksion xəstəliklərə qarşı profilaktiki peyvənd edilmiş və xidmət aparılan dövrdə həmin təsərrüfatda heç bir infeksion xəstəlik qeydə alınmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh tərəfindən ona xəstə heyvan satıldığını və Dabaq xəstəliyi nəticəsində ölməsini iddia etsə də, heyvanın xəstə olması ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, iddia tələbi təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-2941/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2941/2025
25.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver