Məhkəmə qərarları › İş №2(001)-2942/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2942/2021

07.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2942/2021 07.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərləm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, İddiaçının vəkili X4, Cavabdeh Cavabdeh1, Cavabdeh Cavabdeh2, Cavabdeh2 Hacıəli oğlunun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mirasdan məcburi pay” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mirasdan məcburi pay” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras əmlakından – Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 1 ünvandakı evdən payının müəyyən olunması, müəyyən olunmuş paya mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan mülk mərhum atası Mehdiyev Hacıəlinin uzun müddət istifadəsində və mülkiyyətində olmuşdur. Həmin mülkin yerləşdiyi torpaq sahəsi atasının istifadəsinə verilmiş, sonradan həmin torpaq sahəsində ev inşa olunmuşdur. Atası həmin evdə ailəsi ilə birlikdə uzun müddət yaşamışdır. İddiaçı, cavabdeh M.Məmmədəli və mərhum qardaşı Arzu həmin evdə doğulub böyümüş, orda yaşamışlar. Atasının vəfatından sonra mülk iddiaçının mərhum anası Raziyə Əjdər qızının mülkiyyətinə keçmişdir. Raziyə Əjdər qızı 05.12.2018-ci ildə vəfat etmişdir. Mərhum anası xəstə olduğundan iddiaçı həmin mənzildə anasına qulluq etmiş, vəfatından sonrada həmin evdə yaşamış, faktiki mirası qəbul etmişdir. 2019-cu ilin sonlarında iddiaçı cavabdehlərdən miras payını tələb etdikdə isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onu evdən qovmuşlar. Bundan sonra iddiaçı məcbur olub üç uşağı ilə birlikdə qeydiyyatda olduğu ünvan 2 ünvandakı bir otaqlı evlərinə köçmüş, hazırdada həmin evdə yaşayır. Cavabdehlər könüllü olaraq ona pay vermək istəməmiş, bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili K.Bağırov iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbini qəbul etmədiklərini bildirdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil iddia tələbini qəbul etməyək bildirdi ki, mübahisəli ev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmamışdır. Bu səbəbdən də iddia tələbi rədd edilməlidir. Həmçinin məhkəməyə etiraz ərizəsi təqdim edərək, İddiaçı ərizəsi mirasın qəbulu üçün müəyyən edilmiş müddəti ötürülməklə verildiyindən ərizənin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır, buna görə də təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Ölüm haqqında şəhadətnamədən görünür ki, Raziyə Əjdər qızı 02 dekabr 2018-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 05.12.2018-ci il tarixdə 360 nömrə ilə qeyd edilmişdir. - doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.1966-cı il təvəlllüdlü X1 anası Raziyə Əjdər qızıdır. - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının X6 Ərazi Dairəsi üzrə Nümayəndələyi tərəfindən verilmiş 14-8/S-03 saylı, 28.12.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı M.S.ünvan 3 ünvanında 05.08.1982-ci ildən 22.11.1995-ci ilədək qeydiyyatda olub. - Bakı şəhəri İcra Hakimiyyəti Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 65 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışa əsasən, İddiaçı 4 mkr, M.Kazımovski küçəsi, ev 17, mənzil 24-də qeydiyyatdadır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 22.07.2021-ci il il tarixli məktuba əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 3 ünvanında yerləşən mənzilin qeydiyyata alınması dair məlumat aşkar edilməmişdir. - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Biləcəri Qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 892 nömrəli, 16.04.2021-ci il tarixli arayışa əsasən, Cavabdeh2, həyat yoldaşı X5, oğlu X2 və qardaşı oğlu Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 3 ünvanında qeydiyyatdadırlar. - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının X6 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş məktubdan görünür ki, qonşuların aktına əsasən Səlimova (Mehdiyeva) Mədinə Hacıəli qızının Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 3 ünvanında yaşamır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin - 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. -1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Vərəsəlik hüququnun əsasını miras qoyanın əmlakının vərəsələrə verilməsi təşkil edir. Bu hüquqi nəticənin əldə edilməsi üçün miras əmlak vərəsələr tərəfindən qəbul edilməlidir. -1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. -1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. -1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. -1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. -1197-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan şəxs miras qoyanın sağlığında ondan məcburi paya daxil edilmək şərti ilə aldıqlarının hamısını məcburi paya daxil etməyə borcludur. Məhkəmə qeyd edir ki, miras əmlaka miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrin toplusu daxildir. Hazırki məhkəmə mübahisəsinin predmetini təşkil edən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi, 162/23 saylı ev mülkiyyət kimi reyestrdən keçməmişdir. Odur ki, hazırda həmin evin statusu “özbaşına tikilidir”. Yəni, həmin tikiliyə heç kim mülkiyyət hüququ əldə etməmişdir(satmaq, bağışlamaq və s.). Bu da ona dəlalət edir ki, həmin özbaşına tikili mülki qanunvericiliyin obyekti olmamaqla miras açılan zaman miras kütləsinə aid olmamışdır. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mirasdan məcburi pay” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar