Məhkəmə qərarları › İş №2(001)-2943/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2943/2022

29.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2943/2022 29.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyaları və əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyaları və əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı xx.xx.2009-cu ildə cavabdehlərin yaxın qohumu X6 ilə faktiki nikaha daxil olmasına baxmayaraq rəsmi nikahı xx.xx.2014-cü il tarixdə 1 saylı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. İddiaçı R.C.Musayevlə birgə nikahından iki övladı xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X7 doğulmuşdur. İddiaçı R.C.Musayevlə faktiki ailə qurduğu vaxtdan etibarən, həmin dövrdə Cavabdeh2 mülkiyyətində olmuş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşamaqla onunla birgə təsərrüfat aparmışdır. 2012-ci ildə Cavabdeh1 həyat yoldaşından ayrılaraq azyaşlı uşaqları ilə birlikdə sözügedən fərdi yaşayış evinə, digər cavabdehin Cavabdeh2 yanına qayıtmış, başqa yerdə yaşamağa evi olsa da, həmin dövrdən başlayaraq mütəmadi iddiaçı və onun ailə üzvləri ilə birlikdə yaşamışdır. İddiaçı cavabdehlərlə birgə yaşadığı dövrdə aralarında söz-söhbətlər yarandığından cavabdehlərin tələbi ilə iddiaçı iki azyaşlı uşağıilə birlikdə bir neçə il bundan əvvəl sözügedən fərdi yaşayış evinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, yarımzirzəmisinə köçməyə məcbur olmuşdur. İddiaçı cavabdehlərin yaxın qohumu R.C.Musayevlə nikaha daxil olarkən onlar iddiaçıya nişan üzüyü, brilyant qaşlı dəst (qarnitur - üzük, sırğa, qolbaq və boyunbağı), cavabdehlərin qohumu tərəfindən əlavə bir üzük, habelə iddiaçının öz qohumları tərəfindən ona qızıl seplər, sırğa, klon, qolbaq və üzük hədiyyə olunmuşdur. Cavabdehlərlə birgə təsərrüfat apardığı dövrdə sözügedən qızıl-zinət əşyaları Cavabdeh2 tələbi ilə onda saxlanılırdı. İddiaçı toy məclislərinə və arasıra digər tədbirlərə gedən zaman həmin zinət əşyalarını istifadə etmiş, tədbirlərdən qayıtdıqdan sonra Cavabdeh2 iddiaçıya hədiyyə olunmuş zinət əşyalarını alıb xüsusi yerdə saxlamışdır. 2018-ci ildən sonra iddiaçıya qızılları verilmir. Yaşadığı fərdi yaşayış evinin 2-ci mərtəbəsindən həmin evin yarımzirzəmisinə köçdükdən sonra iddiaçı ona məxsus qızıl-zinət əşyalarını özündə saxladığını bildirən Cavabdeh1 onları ümumiyyətlə iddiaçıya verməmişdir. Nikaha daxil olan zaman iddiaçıya hədiyyə olunmuş brilyant qaşlı dəst komplektin (qarnitur - üzük, sırğa, qolbaq və boyunbağı) Cavabdeh1, habelə bacısı Mətanət tərəfindən istifadə olunmasının şahidi olmuşdur. Ailəsinin dağılmaması üçün, habelə yaşadığı zirzəmidən uşaqları ilə birlikdə çıxarılmaması üçün iddiaçı cavabdehlərin hərəkətlərinə dözmüş, zinət əşyalarını onlardan tələb etməmişdir. Fikirləşmişdir ki, qızıllarını tələb etsə, onu evdən çıxaracaqlar. Çünki, cavabdehlərin onu evdən çıxartmaq istəklərinin olması iddiaçıya bəlli idi. Cavabdehlərin müdaxiləsi nəticəsində iddiaçının həyat yoldaşı ilə ailə münasibətləri soyumuş, R.C.Musayev azyaşlı uşaqlarının saxlanmasında iştirak etməmiş, bu səbəbdən iddiaçının tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aliment tutulmuşdur. Cavabdehlərin sonrakı təkidləri nəticəsində R.C.Musayevlə iddiaçının nikahı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. R.C.Musayev bir müddət əvvəl ölkəni tərk etmiş və cavabdehlərin təkidi ilə aliment ödəməkdən yayınmışdır. Nikaha daxil olarkən və nikahdan sonrakı dövründə Cavabdeh2 özü və qohumu, habelə iddiaçının qohumları tərəfindən iddiaçıya hədiyyə edilmiş qızılzinət əşyaları aşağıdakılardan ibarətdir: qiyməti 400 manat, çəkisi 5 qram, 583 əyarlı Rusiya istehsalı olan nişan üzüyü, qiyməti 320 manat, çəkisi 4 qram, 585 əyarlı, Türkiyə istehsalı olan üzük, qiyməti 5000 manat, çəkisi 30 qram, 750 əyarlı, İtaliya istehsalı olan brilyant qaşlı komplekt (üzük, sırğa, qolbaq və boyunbağı), qiyməti 800 manat, çəkisi 10 qram, 583 əyarlı, Rusiya istehsalı olan sep, qiyməti 400 manat, çəkisi 5 qram, 585 əyarlı, Türkiyə istehsalı olan sep, qiyməti 560 manat, çəkisi 7 qram, 585 əyarlı, Türkiyə istehsalı olan sırğa, qiyməti 240 manat, çəkisi 3 qram, 585 əyarlı, Türkiyə istehsalı olan klon, qiyməti 880 manat, çəkisi 11 qram, 585 əyarlı, Türkiyə istehsalı olan qolbaq, qiyməti 800 manat, çəkisi 10 qram, 585 əyarlı, Türkiyə istehsalı olan üzük. Zinət əşyaları naturada, yaxud da dəyəri pul formasında cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Bundan başqa, ailə qurub cavabdehlərin yaşadığı fərdi yaşayış evinə köçən zaman iddiaçının valideynləri tərəfindən iddiaçıya hədiyyə edilmiş eni 2,5 metr, uzunluğu 3,0 metr, qiyməti 600 manat olan yun xalça, habelə qiyməti 200 manat olan qazan dəsti də cavabdehlərin istifadəsindədir. Bu əşyaların qiymətini iddiaçı müəyyən etmişdir. Ona görə də adıçəkilən qızıl-zinət əşyalarının, yun xalçanın və qazan dəstinin cavabdehlərdən alınıb iddiaçıya verilməsi, bu mümkün olmadığı təqdirdə həmin əşyaların dəyərinin pul formasında cavabdehlərdən tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, nikaha daxil olarkən ona oğlan evi tərəfindən qiyməti 5000 manat olan brilyant qaşılı sep, sırğa, üzük, qolbağdan ibarət qızıl dəsti, nişan üzüyü hədiyyə olunmuşdur. Bundan başqa həyat yoldaşının xalası ona qızıl üzük hədiyyə etmiş, anası isə ona iddia ərizəsində qeyd etdiyi qızılları hədiyyə etmişdir. Toydan sonra 2009-cu ildə o, qızıllarını saxlamaq üçün qaynanasına vermişdir. Qaynanası ilə münasibəti yaxşı olmuş, baldızı Sona nikahı pozulduqdan sonra onların yaşadıqları evə köçəndən sonra münasibətləri pozulmuşdur. Təxminən 2-3 il əvvəl qızılları onda olmuş, həmin vaxt qaynanası Pərvanənin Ruslana qızılları Sevildən al deməsini eşitmişdir. Ruslan ondan qızılları 3-4 dəfə istəmiş, o isə qzıllar onda olsa da verməmək üçün qızıllarının anasında olmasını demişdir. Ruslan qızılları təkidlə tələb etdiyindən o, Ruslanın onu vurmaması üçün küçəyə qaçmışdır. Lakin Ruslan küçədə dəmirlə onu başından vurmuşdur. Həmin vaxt Məleykə adlı qonşu qadın ona yaxınlaşmış, mübahisənin səbəbini soruşmuş, o, Ruslanın ondan qızıllarını tələb etməsini demiş, Məleykə onu evinə gətirmiş, qızılları Ruslana verməsini, evinə söz-söhbət salmamasını məsləhət bilmişdir. Bundan sonra o, Məleykənin yanında döşəyin altından qızıllarını götürüb Ruslana vermişdir. Həmin vaxt Məleykə də qızıllara baxmışdır. O, gün Ruslana verdiyi qızıllar anasının ona aldığı qızıllar idi. Sonuncu dəfə o, qızıllarını 7-8 ay əvvəl toya taxmışdır. Bundan sonra baldızı Mətanətin ona məxsus üzüyü taxmasını görmüş, bu barədə Ruslana demiş, Ruslan əvvəl qızılları satmasını desə də, sonradan qızılların Mətanətdə olmasını, ara sakitləşdirkdən sonra qızılları alıb ona qaytarcağını demişdir. Uşağının müalicəsinə çox az vəsait sərf olunduğundan müalicəyə görə onun qızılları satılmamışdır. O, uşaqları ilə birlikdə qaynanasına məxsus evdə yaşadığından evdən çıxarılmaması üçün bu vaxtadək qızıllarını tələb etməmişdir. Hazırda onun evdən çıxarılması barədə iddia ilə məhkəməyə müraciət edildiyi üçün o, da qızıllarını tələb edir. Mənzildən şıxarılmasına dair iddia verilməsəydi, o da qızıl tələbi ilə məhkəməyə müraciət etməzdi. Anasının ona hədiyyə etdiyi xalçadan istifadə edilməmiş, həmin xalça bükülü vəziyyətdə cavabdehlərin yaşadığı evdə saxlanmışdır. Qaynanasının onun qapısına atdığı köhnə xalça isə həmin xalça deyildir. Tələb etdiyi qazan dəsti isə 2022-ci ilin yanvar ayınadək cavabdehlərin şəklini təqdim etdikləri yerdə olsa da, sonradan oradan götürlmüşdür. Sonuncu məhkəmə iclasından sonra qaynanası ona hücüm çəkmiş, onu evə buraxmamış, cavabdehlərin vəkili Mehman polislə birlikdə onun yaşadığı zirzəmiyə gələrək evdən çıxmasını ona demişdir. Qızıllarını Sonaya verməsə də, iddia ərizəsində onunda cavabdeh qismində göstərməsinin səbəbi Sonanın onun evdən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi olmuşdur. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, İddiaçı onun oğlu X2 arvadı olmuşdur. Sevil Ruslana qoşulub qaçdığından, Sevil Ruslanın ikinci arvadı olduğundan, maddi imkanları olmadığından o, gəlinə bahalı qızıl almamışdır. Belə ki, Sevil nişan üzüyü, bacısı dəyəri 100-120 manat olan üzük hədiyyə etmişdir. Sevilə qızıl dəst verilməmişdir. Toy günündə Sevil başqasına məxsus qızılları müvəqqəti taxmışdır. Toy günü onun restorana 1000 manat borcu qalmışdır. Nikahda olduğu vaxt Sevil əlində 60-80 manat pulu olanda özünə qızıl almışdır. Belə ki, Sevil qızıl almağa gedəndə onu da aparmış, qızıl alarkən çatmayan 10-15 manatı o, vemişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Sevilin onun oğlu ilə nikahı pozulmuş və azyaşlı nəvələrinin saxlanması üçün onun oğlu tərəfindən saxlanılması üçün aliment ödənilməsinə dair qətnamə qəbul edilmişdir. Bundan başqa ididaçı İddiaçı qısa bir müddətdə R.C.Musayevlə xx.xx.2014-cü ildən xx.xx.2022-ci il tarixədək nikahda olmuş, psixoloji durumunda problemlər olduğu üçün qalmaqal və zidiyyətlərlə müşayiət olunan hərəkətlərə yol vermiş, mütəmadi olaraq azyaşlı uşaqlarını və ailəsini tərk edərək evdən getmiş, aylarla valideynlərinin himayəsində yaşamış və nəticədə ailənin dağılmasına və nikahın pozulmasına gətirib çıxarmışdır. İddiaçı qısa müddətdə R.C.Musayevlə nikahda olduğu və nikahın pozulduğu dövrdə onlarla təsərrüfatın idarə olunmasında iştirak etməmiş, R.C.Musayev tərəfindən uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 manat olmaqla cəmi 350 manat məbləğində aliment ödənsə də iddiaçı uşaqlarının saxlanılması üçün pul xərcləməmiş, Cavabdeh1 mülkiyyətində olan və ona məxsus fərdi yaşayış evində yaşamaqla Cavabdeh1 mülkiyyət və mənzil hüquqlarını pozmuşdur.Xəstə yoldaşının əsəbləşməməsi üçün Sevil uşaqları ilə birlikdə 2015-c ildən evin birinci mərtəbəsində yaşayır, özünə məxsus bütün əşyaları ora yığmışdır. Daha sonra 2019-cu ilin oktyabr-noyabr aylarında nəvəsi X7 ağciyər pnevmaniyası diaqnozu ilə Xətai Klinikasına yerləşdirilmiş, onun müalicəsi üçün pula ehtiyac yaranmış, R.C.Musayev və İddiaçı pul tapa bilmədikləri üçün qızıl-zinət əşyalarını Moskva Univermağı Ticarət Mərkəzindəki qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olan dükana lom qiymətinə təhvil vermişlər. Həmin vaxt Sevillər uşağının müalicəsi üçün qızıllarını satmaq istəmədiyindən Ruslan Sevilə sillə vurub qızıllarını almışdır. R.C.Musayev faizə pul axtaran zaman həm Mətanət İsmayılovadan, həm də Çingiz Kazımzadədən pul istəmişdir. Pul əldə edə bilmədikləri üçün R.C.Musayev və İddiaçı sonunda qızıl-zinət əşyalarını Moskva Univermağına təhvil vermişlər. Bu hadisədən qohumlar və qonşular da məlumatlı olmuşlar. İddiaçı heç bir zaman qızıl-zinət əşyalarının saxlanması üçün ona və ya Cavabdeh1 verməmiş, iddiaçının qızıl-zinət əşyalarından onların xəbəri olmamış və qızılzinət əşyalarının yerindən yalnız R.C.Musayevin və iddiaçı S.E. Musayevanın məlumatlı olmuşdur. 2022-ci ilin may ayında Sevil toyda iştirak edib və qızıllarını taxmışdır. İddiaçı Cavabdeh1 məişət əşyaları tələbi ilə bağlı qeyd edir ki, tələb olunan eni 2,5 metr, uzunluğu 3,0 metr olan yun xalça, habelə qazan dəsti iddiaçının onun oğlu ilə nikahda olduğu müddətdə hamının ümumi istifadəsində olmuşdur. 2009-2015-ci ilədək Sevil xalçasını yuxarı mərtəbədə, daha sonra birinci mərtəbədə işlədib. Nikah pozulduqdan sonra isə İddiaçı qazan dəstini Cavabdeh1 məxsus daşınmaz əmlakın birinci mərtəbəsində ağzı bağlı şəkildə qutularda saxlayır, yun xalça isə iddiaçının özünün istifadəsindədir. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə İddiaçı fərdi yaşayış evindən çıxarılmasına dair Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və bu iddia tələbi məhkəmənin icratındadır. Bundan sonra İddiaçı şər və böhtan xarakterli hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də İddiaçı iddia tələbinin tam qanunsuz, əsassız və şər və böhtan xarakterli olduğundan rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, onun Sevillə heç vaxt yaxın münasibəti olmamışdır. Ona görə də Sevilin qızılları, xalçası, qazanları barədə heç bir məlumatı yoxdur. Mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 6-cı sıra, 32 saylı evdən Sevilin çıxarılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən Sevil ona və onun anasına qarşı bu iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sevil xarakter etibarı ilə özünə məxsus qızılları və digər əşyaları başqa şəxsə verən şəxs deyildir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkli və nümayəndəsi Vəkil2 cavabdehlərin izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, o, cavabdehlərin vəkili kimi tərəflər arasında baş vermiş münaqişə ilə bağlı polisin tərəfləri yaşadıqları evdə izahatların alınmasında iştirak etmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2.-ci maddəsini mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4.-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, qızı İddiaçı qaynanası və əri ilə münasibətləri həmişə yaxşı olmuş, baldızları isə daim Sevilin ailəsinə müdaxilə etmişlər. Sevilə toy hədiyyəsi olaraq oğlan evi qızıl dəsti vermişdir. Həmin dəstə 583 əyarlı qızıldan hazırlanan sep, qolbağ, sırğa, üzük daxil olmuşdur. Hədiyyə verilərkən oğlan evi dəstin qiymətinin 5000 manat olmasını demişdir. Qızıl dəstin çəkisi ona məlum deyildir. Sevilə ərinin xalası Şəfiqə 583 əyarlı 4-5 qram qızıldan hazırlanmış qaşılı üzük bağışlamışdır. Daha sonra Sevilə 3 ədəd qaşı olan 7 qram 750 əyarlı qızıldan hazırlanan nişan üzüyü bağışlanmışdır. O, qızı Sevilə 583 əyarlı qızıldan hazırlanan çəkisi 10 qarm olan sep, çəkisi 3 qaram olan klon, qardaşları 583 əyarlı qızıldan hazırlanan çəkisi 10 qram olan qolbağ, çəkisi 6-7 qram olan qaşsız sırğa, nəvəsinin adgünündə 583 əyarlı 3-4 qram qızıldan hazırlanan sep, 585 əyarlı 10 qram qızıldan hazırlanan sadə qaşılı üzük hədiyyə etmişdir. O, Sevilə 2009-cu ildə 200-300 manata xalça almışdır. Həmin xalçanı Sevilin qaynanası məhkəməyə müraciət edildikdən sonra Sevilin yaşadığı evin qapısının qarşısına atmışdır. Bundan başqa o, qızına 2009-cu ildə 100 ABŞ dollarına 4 ədəd qazandan ibarət dəst almışdır. Qazan dəstinin rəngi deyəsən qara, qırmızı güllü olmuşdur. Sevilə məxsus qızıllar uşağın müalicəsi ilə bağlı satılmamış, həmin qızıllar Sevilin baldızı Mətanətdədir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, o, Pərvanənin qonşusudur. Dəqiq tarixini xatırlamadığı vaxt küçədən səs eşitmiş, küçəyə çıxarkən Ruslanın Sevilin başından vurmasını, Sevilin başının qanamasını görmüşdür. Həmin vaxt Sevil ona Ruslanın ondan qızıllarını almasını demiş, Sevilə məxsus qızılları isə o, görməmişdir. O, sahə müvəkkilinə müraciət etmək istəsə də, sahə müvəkkili yerində olmamışdır. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, 1988-ci ildən Sevilin anası ilə qonşudur. O, xırda qızıl alveri ilə məşğuldur, Vəkil1 onun vəkili olmuşdur. Təxminən 3-4 il əvvəl, o, 3 dəfə Sevilə 585 əyarlı 7 qram qızıldan 300-340 manata sırğa, 585 əyarlı 5 qram qızıldan qiymətini xatırlamadığı sep, 585 qram 3 qram qızıldan qiymətini xatırlamadığı klon satmışdır. Hər üç qızıl əşyanın pulunu Sevil ona hissə-hissə vermişdir. 2009-cu ildə o, Sevilə hədiyyə olunmuş qızıl dəstini görmüşdür. Hazırkı təcrübəsinə əsasən həmin qızıl dəstin çəkisinin 25 qram olmasını deyə bilər. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, qardaşı Ruslan Sevillə ailə qurarkən gəlinə sırğa və üzükdən ibarət qızıl dəst və nişan üzüyü hədiyyə olunmuşdur. Hədiyyə olunan qızılın əyyarını və qiymətini bilmir, həmin əşyaları onun anası Pərvanə almış, dəst sirkon qaşlı olmaqla ucuz qiymətə alınmışdır. Xalası Şəfiqə də Sevilə qızıl üzük hədiyyə etmişdir. Sevilin toyda taxdığı sep onun Şəfiqə xalasına məxsus olmuş və Sevil həmin sepi görünüş üçün müvəqqəti taxmışdır. Sevil özünə məxsus qızıllarını həmişə özündə saxlamışdır. Xarakterinə görə Sevil qızıllarını saxlamaq üçün heç kimə verməz. Təxminən 2-3 il əvvəl qardaşı oğlunun müalicəsi ilə bağlı xərci Ruslan çəkmiş, hər gün müalicə və müayinəyə 100-150 manat xərclənmiş, müalicə uzun müddət davam etdiyindən Sevil qızıllarını da satmışdır. Lakin hansı qızılların satılması ona məlum deyildir. Sevil qızıllarını satmaq üçün vermədiyindən Ruslanın Sevili vurması barədə o, da eşitmişdir. 2016-cı ildən münasibətlər pozulduğu üçün Sevil uşaqları ilə birlikdə evin birinci mərtəbəsində yaşayır. Onda Sevilə məxsus qızıl əşyaları yoxdur. O, heç vaxt Sevilin qızıllarından istifadə etməmişdir. Əksinə bir neçə il əvvəl Sevil onun qızıl sırğasını taxmış, sırğanın birini itrimişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddia tələbində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı iddia ərizəsində, izahatında tələb etdiyi qızıl-zinət əşyalarının, bir ədəd xalçanın, qazan dəstinin cavabdehlərdə olmasını iddia etsə də, bu halı təsdiq edə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddia ərizəsində sadalanan əşyalarını cavabdehlərdən tələb edən iddiaçı özü izahatında həmin əşyaların bir hisəsinin keçmiş əri Ruslan tərəfindən ondan alınmasını, həmin əşyaların baldızı Mətanətdə olmasını göstərmişdir. Bundan başqa iddiaçının şahidi olan anası iddiaçının qızıllarının baldızı Mətanətdə olmasını, digər şahidi Ş.A.Qarayeva qızılların Ruslan tərəfindən alınmasının iddiaçının sözlərindən ona məlum olmasını, digər şahid isə iddiaçıya qızıl dəstin hədiyyə edilməsini bilməsini məhkəməyə bildirmişdir. Məhkəmə araşdırması zamanı isə müəyyən olunmuşdur ki, bir ünvanda yaşayan tərəflər əvvəllər birgə təsərrüfat aparsalarda sonradan iddiaçı cavabdehlərlə bir ünvanda yaşamaqda davam etsə də, onlarla birgə təsərrüfat aparmamışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, iddiaçı iddia ərizəsində tələb etdiyi əşyaların mövcud olmasını, həmin əşyaların cavabdehlərdə olmasını sübuta yetirə bilmədiyindən, məhkəməyə təqdim olunan fotoşəkillər, şahid ifadələri iddia tələbində istinad olunan halların sübuta yetirilmiş hesab edilməsi qənaətinə gəlinməsi üçün əsas olmadığından, iddiaçı izahatında hazırkı tələblə məhkəməyə müraciət etməsinin səbəbinin ona qarşı qaldırılan mənzildən çıxarılma tələbindən müdafiə olunmaq məqsədi daşımasını qeyd etdiyindən iddia ərizəsi təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı çəkisi 5 qram, 583 əyarlı Rusiya istehsalı, qiyməti 400 manat olan nişan üzüyünün, çəkisi 4 qram, 585 əyarlı, Türkiyə istehsalı qiyməti 320 manat olan üzüyün, çəkisi 30 qram, 750 əyarlı, İtaliya istehsalı, qiyməti 5000 manat olan brilyant qaşlı dəstin (üzük, sırğa, qolbaq və boyunbağı), çəkisi 10 qram, 583 əyarlı, Rusiya istehsalı, qiyməti olan 8000 manat sepin, çəkisi 5 qram, 585 əyarlı, Türkiyə istehsalı, qiyməti 400 manat olan sepin, çəkisi 7 qram, 585 əyarlı, Türkiyə istehsalı, qiyməti 560 manat olan sırğanın, çəkisi 3 qram, 585 əyarlı, Türkiyə istehsalı, qiyməti 240 manat olan klonun, çəkisi 11 qram, 585 əyarlı, Türkiyə istehsalı, qiyməti 880 manat olan qolbağın, çəkisi 10 qram, 585 əyarlı, Türkiyə istehsalı, qiyməti 800 manat olan üzüyün, cəmi qiyməti 9400 manat olan qızıl-zinət əşyalarının, habelə eni 2,5 metr, uzunluğu 3,0 metr, qiyməti 600 manat olan yun xalçanın, qiyməti 200 manat olan qazan dəstinin, cəmi qiyməti 800 manat olan məişət əşyalarının alnıb ona verilməsinə, bu mümkün olmadıqda həmin əmlakların dəyəri olan 10200 manatın tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar