Məhkəmə qərarları › İş №2(001)-2949/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2949/2025

01.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2949/2025 01.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, rəhbərlik etdiyi “SS Esthetic’' Satış Mərkəzindən özünü gözəllik salonunun rəhbəri kimi təqdim edən Cavabdeh ilə müqavilə bağlamış, razılaşmaya əsasən hissə-hissə ödəməklə (kredit yolu ilə) DPL Lazer cihazını tam yeni (işlək) vəziyyətdə almışdır. Ümümi dəyəri 14.500 manat, ilkin ödəniş 5.000 manat, 16 ay müddətinə ayda 593 manat ödənilməsini cavabdeh üzərinə öhdəlik olaraq götümüşdür. Tərəfindən bütün öhdəliklər, cihazın sazlığı, zəmanəti tam icra olunmuş, cihaz cavabdehə Gəncə şəhərində, Yevlax avtovağzalı adlanan ərazidə gözəllik salonunda təhvil verilmişdir. Cavabdeh tərəfindən ilkin ödəniş olaraq 5000 manat ödənilmişdir. Cihazın təhvil verilməsindən sonra cəmi 1243 manat gecikmələrlə 3 ay ödəniş etmiş və təssüflər olsun ki, Cavabdeh vədinə əməl etməmiş, ona daimi iş yeri kimi Gəncə şəhərində göstərdiyi gözəllik salonundan çıxaraq, onun etimadından sui istifadə etməklə lazer aparatını da götürüb ona hər hansı qaydada məlumat vermədən getmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh heç bir salonun rəhbəri olmamış, orada işləmir. Nə ödəniş etmək, nə də cihazı geri vermək istəmədiyi məlum olmuşdur. Tərəfindən dəfələrlə telefonuna zəng edilsə də, telefona cavab verilməmişdir. Cavabdeh əməllərindən məlum olur ki, onu aldatmış, cihazın harada olması da ona məlum deyildir. O, Azərbaycan Respublikasının mam hüquqlu vətəndaşıdır, MMC-nin rəhbəri kimi işlədiyi sahə üzrə qanuni olaraq vergi ödəyicisidir, dövlət büdcəsinə mənfəət verməkdədir. O, hesab edir ki, cavabdehin əməlləri (öhdəliyi icra etməməsi) onun gəlirlərinin azalması, əldən çıxmış fayda olaraq qiymətləndirilməlidir. Məsələ ilə bağlı DİN-nin müvafiq qurumlarına rəsmi müraciət olunmuş və Gəncə şəhər Polis İdarəsinin 2-ci polis şöbəsi işi araşdırarkən hazırki iş üzrə cavabdeh Elnarə İsmayılova güya cihazın nasaz olması səbəbindən işləyə bilməmiş, cihazın evdə olması barədə izahat vermişdir. Lakin cihazı qaytarmadığı üçün onun valideyni ilə əlaqə saxlanılmış, cavabdehin anası tərəfindən evdə heç bir cihazın olmadığı, Elnarənin isə Bakı şəhərində yaşadığı bildirilmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki iş üzrə cavabdehlə müqavilə bağlanarkən müqavilənin 6.2-ci bəndinə əsasən mübahisələrin həlli zamanı işin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində həll olunması qeyd olunmuş və Cavabdeh imzası ilə təsdiqlənmişdir. O, hesab edir ki, məsələ məhkəmə müstəvisində öz ədalətli həllini tapmalıdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh müqavilə üzrə ödənilməmiş 8357 manat əsas borcun, əldən çıxmış fayda olaraq 1000 manat pul vəsaitinin və 113.57 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh eyni zamanda lazer aparatı üçün ümumilikdə 6500 manat olmaqla, ondan ilkin olaraq 5000 manat, daha sonra hissə-hissə 1150 manat məbləğində ödəniş etdiyini, müəyyən müddət sonra aparatın işləmədiyini, məcbur olaraq aparatı başqa usta vasitəsilə düzəltdirdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin iddiaçının nümayənədəsi və eyni zamanda vəkili Nümayəndə Binəqli oğlu “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməklə, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının və ya onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 057 saylı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi və ona əlavə olunmuş razılaşmadan görünür ki, Cavabdeh dəyəri 14500 manat olan Cuanto Lazer cihazı satılmışdır. Müqaviləyə əsasən Cavabdeh ilkin olaraq 5000 manat məbləğində ödəniş etmiş, qalan 9500 manat məbləğində pul vəsaitini 16 ay müddətinə aylıq 593 manat olmaqla, ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. Eyni zamanda razılaşmanın 1.3-cü bəndinə əsasən, alıcı müqaviləni imzalamaqla xx.xx.2023-cü il tarixli, 057 nömrəli müqavilə ilə aldığı Cuanto Lazer cihazın tam işlək vəziyyətdə təhvil aldığını, Cuanto Lazer cihazında yaranan nasazlığın başqa usta və ya kənar şəxslər tərəfindən təmir və s. hərəkətləri ilə zəmanət hüququnu itirdiyini, alınan malın geri qaytarılmayacağını qəbul etmişdir. İş materiallarında olan Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X1 tərəfindən qəbul edilmiş 06 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdir. Həmin qərardan görünür ki, izahatı alınmış Cavabdeh bildirmişdir ki, ünvan 1 ünvanında tək yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. 2023-cü ilin oktyabr ayında SS.Esthetic satış mərkəzindən dəyəri 14500 manat olan DPL Lazer cihazını ilkin ödəniş 5000 manat və aylıq ödənişi 593 manat olmaqla, 16 ay müddətinə kreditlə götürərək Gəncə şəhəri Yevlax Avtovağzalı ərazisinə yaxın gözəllik salonunda icarəyə yer götürmüş Lazer epilasiyası məqsədilə işlətmişdir. O, SS.Esthetic satış mərkəzindən həmin cihazı alan zaman kompaniya olduğunu, cihazın üzərində əlavə olaraq Elektro Epilasiya cihazının veriləcəyi ona bildirilsə də, həmin cihaz ona verilməmişdir. O, 1-ci ayın ödənişini vaxtında ödəsə də, sonrakı aylarda maddi sıxıntıları olduğu üçün ödənişləri vaxtında ödəyə bilməmişdir. O, 2024-cü ilin aprel ayında həmin cihazda nasazlıq olması səbəbindən işləyə bilmədiyini, bu barədə SS.Esthetic satış mərkəzinə məlumat verdikdə şirkət rəhbərliyi ona gecikmədə olan qalan ayların ödənişi edildiyi təqdirdə cihazı təmir ediləcəyi bildirilmişdir. O, həmin cihazın nasaz vəziyyətdə yaşadığı evdə olduğunu və cihazın şirkət tərəfindən təmir olunacağı təqdirdə aylıq 593 manat ödənişi vaxtı-vaxtında ödəyəcəyini bildirmişdir. İş materallarında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh 10 gün müddətinə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə belə qənaətə gəlir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki işin materialları, cavabdehin məhkəmə iclasında verdiyi izahatı və Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin TB-nin 06 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarında cavabdeh tərəfindən verilmiş izahatla təsdiq edilir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqısatqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh ilkin olaraq 5000 manat ödəməklə, 16 ay müddətinə hər ay 593 manat ödəmək şərtilə ümumi dəyəri 14500 manat olan lazer cihazı satılmışdır. Cavabdeh tərəf 3 ay müddətinə aylıq ödənişləri həyata keçirmiş, sonradan müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, 057 nömrəli müqaviləyə əsasən 8357 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə cavabdeh tərəfin “lazer aparatının qüsurlu şəkildə ona təhvil verilməsi və ya cihazda nasazılığın olması” dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf həmin faktları təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmiş, sözügedən aparatı müqavilənin 3.1.3-cü bəndinin tələblərinə əməl etməmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən “əldən çıxmış fayda olaraq 1000 manat məbləğində pul tələbi” həmin hissəsində mötəbər sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 8357 (səkkiz min üç yüz əlli yeddi) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 113.57 manat dövlət rüsumunun 89%-i, yəni 101 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 11%-i, yəni 12.57 manatı iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar