Məhkəmə qərarları › İş №2(001)-295/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-295/2022

12.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-295/2022 12.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunu sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi “daşınmaz əmlaka mülkiyyətdən istifadə hüququna maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 12 dekabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən, 0,098072 ha. ölçülü, 859a saylı bağ sahəsindən mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halları aradan qaldırmaq məqsədilə həmin ərazinin real bölgüsünün aparılması və cavabdehlərin mülkiyyətində olan torpaq sahələri ilə ayırıcı sərhəd çəpərlərinin müəyyən edilərək iddiaçının faktiki yerinin dəqiqləşdirilməsi, eləcə də, cavabdehlərin həmin bağ sahəsindən istifadəsindən qanunsuz sahibliyinə son qoyularaq iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi, iddiaçının həmin bağ sahəsindən istifadəsinə mane olan cavabdehlərin həmin bağ sahəsindən məcburi çıxarılması və iddiaçıya mülkiyyət hüququ üzrə çəpər və ya yol çəkilməsi, bağ sahəsinə giriş üçün qapı və darvaza qoyulması və s. texniki işlərin görülməsi üçün müvafiq şəraitin yaradılmasının cavabdehlərin üzərinə öhdəlik kimi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 iddianı müdafiə etdiklərini bildirərək, izahatında göstərdi ki, iddiaçı Bakı şəhəri 4 saylı notariat ofisində təsdiq edilmiş 07 may 2013-cü il tarixli, ******* nömrəli alğı-satqı müqaviləsi ilə cavabdehlərin ümumi birgə mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 0,098072 ha. sahəli, 859a saylı bağ sahəsini əldə etmişdir. Bağ sahəsi iddiaçının adına dövlət qeydiyyatına alınmış, buna dair müvafiq çıxarış verilmişdir. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin təqdim etdiyi 15 may 2013-cü il tarixli, 048847 saylı müvafiq sənədlə torpaq sahəsinin planı və ölçüsü təsdiq edilmiş və orada torpaq sahəsinin əsas göstəriciləri, döngə koordinatları müəyyən edilmişdir. Lakin, cavabdehlər alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi tarixindən etibarən yeni mülkiyyətçiyə bağ sahəsindən istifadə hüququna mane olmuşlar. Belə ki, iddiaçıya verilmiş bağ sahəsi cavabdehlərin ümumi torpaq sahəsinin arasında yerləşdiyi üçün, həmin bağ sahəsi ilə cavabdehlərin torpaq sahəsi arasındakı sərhəd zolağı cavabdehlər tərəfindən qərəzli şəkildə ayrılmamışdır. Beləliklə, cavabdehlər öz torpaq sahələri ilə iddiaçının torpaq sahəsinə olan çəpərin çəkilməsinə, darvaza və qapının açılmasına mane olmaqla iddiaçının mülkiyyət hüququnun, xüsusilə istifadə hüququnun həyata keçirilməsinə mane olurlar. Məhkəmə tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin faktiki sahə ilə üstüstə düşüb-düşməməsinin müəyyənləşdirilməsi məqsədi ilə ekspertiza təyin edilsə də, cavabdehlər ekspertin əraziyə daxil olmasına maneçilik törətdiklərindən Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən ekspertizanın aparılması mümkün olmamışdır. Belə olan halda onlar “X3” MMC-yə müraciət etmişlər, texniki vasitələrlə torpaq sahəsinin yeri müəyyənləşdirilmiş, rəsmi sənədlərdə göstərilən sahə ilə üst-üstə düşdüyü müəyyənləşdirilmişdir. Həmin rəydən də görünür ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Sonda Vəkil1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Vəkil2 iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, sözügedən torpaq sahəsi formal olaraq iddiaçının adına alğı-satqı edilmişdir. Belə ki, iddiaçı cavabdehlərə faizlə borca pul vermiş, borcun təminatı kimi həmin torpaq sahəsi iddiaçının adına alğı-satqı edilmişdir. İddiaçıya olan borc qaytarıldıqdan sonra iddiaçı həmin torpaq sahəsini cavabdehlərin mülkiyyətinə verməli idi. İddiaçı özü də bunu bildiyindən, uzun illərdir ki, həmin torpaqla bağlı heç bir iddiası olmamış, orada heç bir inşa və s. işlər həyata keçirməmişdir. Çünki, iddiaçı özü də o torpaq sahəsində maraqlı olmamışdır. Bu isə onu sübut edir ki, alğı-satqı formal xarakterli olmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın keçirilməsi ilə bağlı cavabdehlər tərəfindən heç bir maneə törədilməmiş, əksinə ekspert həmin əraziyə gəlməmişdir. Sonda Vəkil2 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Digər cavabdehlər, habelə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Mülki iş materiallarında olan: - 07 may 2013-cü il tarixli, AN-İ ******* nömrəli “daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən görünür ki, Cavabdeh1, X6 və X5 və İbrahimov X4 Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 01 may 2013-cü il tarixdə verilmiş, 01/1583 çıxış nömrəli arayışa əsasən hüquq müəyyənedici sənəd üzrə ümumi birgə mülkiyyət hüququ əsasında mülkiyyətlərində olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 0,098072 ha.-dan ibarət 859a saylı bağ sahəsini 30000 manata İddiaçı satmışlar. - ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən notairat kontorunun hesabına 107 may 2013-cü il tarixdə alğı-satqı ilə bağlı 30000 manat pul mədaxil edilmişdir. - RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 859a saylı, 0,098072 ha. ölçülü bağ sahəsi xx.xx.2013-cü il tarixdə İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəmə tərəfindən mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən, 0,098072 ha. ölçülü, 859a saylı bağ sahəsinin hazırki vəziyyətdə İddiaçı aid hissədə ayırıcı xətlər və nöqtələrin yeri və bölgüsü müəyyən edilsin.

2. Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən, 0,098072 ha. ölçülü, 859a saylı bağ sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən koordinatlar alğı-satqı müqaviləsi və İddiaçı adına verilən Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda göstərilən torpaq sahəsinin ölçüsünə uyğundurmu, uyğun deyilsə, hansı hissələrdə kəsişir?

3. “Torpaq sahəsinin planı və ölçüsü” və digər sənədlərlə təsdiq edilmiş İddiaçı torpaq sahəsi ilə cavabdehlərə məxsus torpaq sahələrinin ayırıcı sərhəd nöqtə və koordinatları hansılardır?

4. İddiaçı torpaq sahəsindən çıxış qapısı və darvazanın qoyulması və üçün qonşu torpaq sahələrindən keçid açılması məqsədi ilə servitut nəzərdə tutula bilərmi? “X3” MMC-nin 27 sentyabr 2022-ci il tarixli, 109 saylı rəyində göstərilmişdir ki, tədqiqat obyektinə baxış keçirilmiş, müəyyən məlumatlar əldə edilmiş, fotoşəkillər şəkilmiş, ekspertiza tədqiqatına təqdim olunmuş materiallardan istifadə edilmişdir. Tədqiq olunan bağ torpaq sahəsi faktiki olaraq piyada və nəqliyyat üçün nəzərdə tutulmuş gediş-gəliş yolu ilə həmsərdəddir. Bağ sahəsinə giriş-çıxış yolu həmin gediş-gəliş yolu tərəfdən mişar daşından hörülmüş hasarın üzərində yerləşən metal darvaza vasitəsilədir. Metal darvazanın üzərində qıfıl asıldığına görə, bağ sahəsinə daxil olub içəridən baxış keçirilməsi mümkün olmamışdır. Buna baxmayaraq, bağ sahəsinin sənəd üzrə nəzrədə tutulmuş sərhədləri “Google Earth” proqramının ortofoto (aerokosmik çəkiliş) görüntüləri üzərində dəqiqləşdirilmişdir. Dəqiqləşdirmə zamanı müəyyən olunmuşdur ki, 859a saylı bağ torpaq sahəsi planda əsasən dördbucaq şəklində olub, hasara alınmış ərazinin hüdudları daxilindədir və boş vəziyyətdədir, yəni orada hər hansı tikili mövcud deyildir. Ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq göstərilmişdir ki: - (birinci sual üzrə) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş AA seriyalı, 048847 nömrəli, **********89 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində əks olunmuş döngə nöqtələrinin “X” və “Y” koordinatları və döngə nöqtələri arasındakı metrlə məsafələrə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən, İddiaçı mülkiyyətində olan 0,098072 ha. ölçülü 859a saylı bağ sahəsinin hazırki vəziyyətdə sərhədləri, o cümlədən ayrıc xətləri üzrə bölgüsü müəyyən edilmişdir (rəyə sxem əlavə edilir). - (ikinci sual üzrə) Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən, 0,098072 ha. ölçülü 859a saylı bağ sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən döngə nöqtələrinin koordinatlarının müvafiq alğı-satqı müqaviləsində və İddiaçı adına verilmiş RX seriyalı, ******* nömrəli çıxarışda göstərilən torpaq sahəsinin ölçüsünə (sahəsinə) uyğun olduğu müəyyən edilir. - (üçüncü sual üzrə) Ekspertiza tədqiqatına yalnız İddiaçı aid sənədlər təqdim olunmuşdur. Cavabdehlərə məxsus torpaq sahələrinə dair hüquq müəyyənedici və texniki sənədlər tədqiqata təqdim olunmadığına görə, həmin sənədlərin tədqiq edilməsi və bununla da, sualdakı məsələnin həlli mümkün deyildir. - (dördüncü sual üzrə) İddiaçı mülkiyyətində olan 859a saylı, 0,098072 ha. ölçülü bağ torpaq sahəsinə daxil olmaq üçün yol yeri və qapı (metal darvaza) mövcud omduğundan, İddiaçı mülkiyyətində olan 859a saylı bağ torpaq sahəsindən çıxış qapısının və darvazanın qoyulması üçün qonşu torpaq sahələrindən keçid açılması məqsədi ilə servitutu nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, iddiadan belə müəyyən olunur ki, tələb aşağıdakılardan ibarətdir: 1) Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən, 0,098072 ha. ölçülü, 859a saylı bağ sahəsindən mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halları aradan qaldırmaq məqsədilə həmin ərazinin real bölgüsünün aparılması; 2) cavabdehlərin mülkiyyətində olan torpaq sahələri ilə ayırıcı sərhəd çəpərlərinin müəyyən edilərək iddiaçının faktiki yerinin dəqiqləşdirilməsi, eləcə də, cavabdehlərin həmin bağ sahəsindən istifadəsindən qanunsuz sahibliyinə son qoyularaq iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi; 3) iddiaçının həmin bağ sahəsindən istifadəsinə mane olan cavabdehlərin həmin bağ sahəsindən məcburi çıxarılması; 4) iddiaçıya mülkiyyət hüququ üzrə çəpər və ya yol çəkilməsi, bağ sahəsinə giriş üçün qapı və darvaza qoyulması və s. texniki işlərin görülməsi üçün müvafiq şəraitin yaradılmasının cavabdehlərin üzərinə həvalə edilməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə əsasən isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İddia tələbinin Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən, 0,098072 ha. ölçülü, 859a saylı bağ sahəsindən mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halları aradan qaldırmaq məqsədilə həmin ərazinin real bölgüsünün aparılması və cavabdehlərin mülkiyyətində olan torpaq sahələri ilə ayırıcı sərhəd çəpərlərinin müəyyən edilərək iddiaçının faktiki yerinin dəqiqləşdirilməsi, habelə cavabdehlərin iddiaçıya məxsus bağ sahəsindən çıxarılmaları hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli sahə xx.xx.2013-cü il tarixdən iddiaçının mülkiyyətində olmaqla ona səlahiyyətli orqanlar tərəfindən RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, xx.xx.2013-cü ildə həmin torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək həmin planda torpaq sahəsinin əsas göstəriciləri və döngə nöqtələri koordinatlar göstərilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sərhədləri məlumdur və mülkiyyətçi olaraq qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Sözügedən sahədə iddiaçının müəyyən olunmuş sərhədlər çərçivəsində hasar (çəpər) inşa etməsində hər hansı maneənin olması, habelə cavabdehlərdən tərəfindən torpaq sahəsinin zəbt olunması iş üzrə müəyyən edilmir və buna görədə iddia tələbinin yuxarıda qeyd olunan hissələri təmin edilə bilməz. İddia tələbinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair çəpər və ya yol çəkilməsi, bağ sahəsinə giriş üçün qapı və darvaza qoyulması və s. texniki işlərin görülməsi üçün müvafiq şəraitin yaradılması hissəsini məhkəmə aşağıdakılara görə əsaslı sayır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmə cavabdehin nümayəndəsinin izahatında göstərilən xüsusatlarla bağlı qeyd edir ki, hazırki iddia tələbinin əsasını iddiaçının öz mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadəsinin təmin olunması təşkil edir. İddiaçı ilə cavabdehlər arasında bağlanmış alğı-satqı müqaviləsi hazırki mülki iş üzrə iddianın mahiyyətindən kənar olduğundan, mübahisələndirimir, habelə, cavabdehin nümayəndəsi tərəfindən həmin müqavilə ilə bağlı məhkəmə qaydasında mübahisə olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla cavabdehlər tərəfindən maneənin mövcudluğu iş üzrə əldə edilmiş rəydən də görünür. Belə ki, həmin rəydə qeyd olunmuşdur ki, “tədqiq olunan bağ torpaq sahəsi faktiki olaraq piyada və nəqliyyat üçün nəzərdə tutulmuş gediş-gəliş yolu ilə həmsərdəddir. Bağ sahəsinə giriş-çıxış yolu həmin gediş-gəliş yolu tərəfdən mişar daşından hörülmüş hasarın üzərində yerləşən metal darvaza vasitəsilədir. Metal darvazanın üzərində qıfıl asıldığına görə, bağ sahəsinə daxil olub içəridən baxış keçirilməsi mümkün olmamışdır.”.Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə sərbəst daxil olmağa yaradılan əsassız maneələr aradan qaldırılmalı, bağ sahəsinə giriş üçün qapı və darvaza qoyulması və həmin sahədə digər təmir-tikinti işlərinin görülməsi üçün müvafiq şəraitin yaradılması cavabdehlərin üzərinə həvalə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən, 0,098072 ha. ölçülü, 859a saylı bağ sahəsinə sərbəst daxil olmağa Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən yaradılan əsassız maneələr aradan qaldırılsın, bağ sahəsinə giriş üçün qapı və darvaza qoyulması və həmin sahədə digər təmir-tikinti işlərinin görülməsi üçün müvafiq şəraitin yaradılması Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 üzərinə həvalə olunsun. İddia digər hissələrdə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar