Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-295/2025 14.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 51820 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlər Anar və Səbinə Ələkbərovlarla təxminən 2023-cü ilin oktyabr ayının əvvəllərində onlara məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış evini söküb yerində yeni ev inşa etməyi razılaşmışlar. Onların razılaşmasında nəzərdə tutulmuşdur ki, o, tikinti materiallarını almalı, usta-fəhlə tapıb işi gördürməli, sonra alınan tikinti materiallarının pulunu və görülən işə görə briqadirlərin, ustaların, fəhlələrin, yük daşımalarının və s. pulunu cavabdeh olan sifarişçilər ona ödəyəcəklər. Razılaşmaya uyğun olaraq o, öz üzərimə düşən vəzifəni yerinə yetirmiş, fəhlə-usta briqadası tutub Anar və Səbinə Ələkbərovlara məxsus olan ünvan 1 ünvanında yerləşən köhnə evi sökdürmüş və söküntü materiallarını daşıtdırmışdır. Köhnə evin söküntüsünə və söküntü materiallarının daşınmasına görə cavabdehlərdən Cavabdeh1 ona 7000 manat pul ödəmişdir. Sonra tutduğu fəhlə-usta briqadası cavabdehlərə məxsus olan sökülmüş köhnə evin yerində cavabdehlərin sifarişi əsasında yeni ev inşa etməyə başlamışlar. Cavabdehlər Anar və Səbinə Ələkbərovların sifarişi əsasında köhnə evin sökülməsinə və yeni evin inşa edilməsinə görə o, ümumilikdə 58820 manat pul sərf etmişdir. Belə ki, Anar və Səbinə Ələkbərovlara məxsus olan ünvan 1 ünvanında yerləşən köhnə evin sökülməsinə və söküntü materiallarının daşınmasına görə - 7000 manat, beton (25x90) alınmasına görə 2250 manat, betontökmə işlərinə görə 5000 manat, pompa aparatının kirayəsinə görə 500 manat, mismar alınmasına görə 300 manat, dupil alınmasına görə 200 manat, qum alınmasına görə 400 manat, sement alınmasına görə 1850 manat, şeben, atsep, qumla styajka edilməsinə görə 250 manat, əlcək alınmasına görə 120 manat, dam örtüyü üçün taxta materialının alınmasına görə 2500 manat, dam örtüyü üçün şifer materialının alınmasına görə 4000 manat, işçilərə muzd haqqı olaraq 3800 manat, styajka vurulmasına görə işçilərə 1000 manat, suvaq vurulmasına görə işçilərə 3000 manat, prorab nəzarətinə görə 5000 manat, pilləkən inşa edən işçilərə muzd haqqı olaraq 2000 manat, hörgü puluna görə işçilərə 3750 manat, kərpic (3000x0,45) alınmasına görə 1350 manat, ev üçün armatur (5 ton) alınmasına görə 6000 manat, taxta alınması və arendaya görə 5000 manat, işçilərin yemək puluna görə 1800 manat, dəmir qapı alınmasına görə 1400 manat, plastik pəncərə alınmasına görə 350 manat olmaqla, ümumilikdə 58820 manat pul xərcləmişdir. Lakin, cavabdehlərin sifarişini yerinə yetirəndən sonra, yəni onların sifarişi əsasında onlara məxsus olan köhnə evi sökdürüb yerində onların istədiyi kimi yeni evi inşa etdirəndən sonra cavabdehlər aralarında olan razılaşmanı pozmuşlar, öz üzərlərinə düşən vəzifəni yerinə yetirməkdən yayınmağa başlamışlar, aldığı tikinti materiallarının pulunu və görülən işlərə görə briqadirlərin, ustaların, fəhlələrin, yük daşımalarının və s. pulunu cavabdehlərdən istəyəndə, cavabdehlərdən Cavabdeh1 köhnə evin sökülüb, söküntünün daşınması üçün ona cəmi 7000 manat pul ödəmiş və demişdir ki, o, bu evə görə bankdan ipoteka ilə pul götürməli idi və həmin kredit pulla sifariş verdikləri tikilən ev üçün alınan materialların pulunu, görülən işlərin pulunu ödəyəcəkdi. Lakin, həyat yoldaşı Cavabdeh2 evə görə ipoteka ilə kredit götürülməsinə razılıq vermədiyi üçün görülən işlərin pulunu və yeni tikilən evdə istifadə olunan tikinti materiallarının pulunu, ustaların, fəhlələrin pulunu vermək olmur. Beləliklə, Anar və Səbinə Ələkbərovlara məxsus olan ünvan 1 ünvanında yerləşən köhnə evin sökülməsinə və söküntü materiallarının daşınmasına, tikinti materiallarının alınmasına, nəqliyyat xərclərinə, pompa kirayəsinə, usta və fəhlələrin gördükləri işin muzd haqqı ilə əlaqədar siyahıda göstərdikləri işlərə görə tərəfindən 58820 manat pul xərclənməsinə baxmayaraq, cavabdehlərdən Cavabdeh1 evin sökülməsinə və söküntünün daşınmasına görə ona cəmi 7000 manat pul ödəmişdir, lakin evin inşa edilməsi məqsədilə xərclənmiş 58820 manat puldan qalan 51820 manat pulu cavabdehlər ona ödəmirlər. O, cavabdehlərdən dəfələrlə evin inşa edilməsinə görə çəkdiyi xərclərə görə pulunu istəsə də, heç bir nəticəsi olmamışdır, cavabdehlər müxtəlif bəhanələrlə ona pulu ödəməkdən yayınırlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 izahatında bildirdi ki, iddianı qəbul edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, cavabdehin iddiaçıya ümumiyyətlə borcu yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Ev üçün çəkilən xərclərə dair aktdan görünür ki, ümumilikdə təmir üçün 58820 manat məbləğində vəsait xərclənmişdir. Qaimə fakturalardan görünür ki, təmir üçün xx.xx.2023-cü il tarixdə 340 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat, xx.xx.2023-cü il tarixdə 82,70 manat, xx.xx.2023-cü il tarixdə 1339 manat, xx.xx.2023-cü il tarixdə 695 manat, xx.xx.2023-cü il tarixdə 1411,4 manat, xx.xx.2023-cü il tarixdə 75 manat, xx.xx.2023-cü il tarixdə 1725 manat, xx.xx.2023cü il tarixdə 536 manat, xx.xx.2023-cü il tarixdə 1924 manat, xx.xx.2023-cü il tarixdə 581 manat, 350 manat, xx.xx.2023-cü il tarixdə 3020 manat, xx.xx.2023-cü il tarixdə 180 manat, xx.xx.2023-cü il tarixdə 277 manat, xx.xx.2023-cü il tarixdə 96 manat, 1570 manat, xx.xx.2023-cü il tarixdə 590 manat, xx.xx.2023-cü il tarixdə 4000 manat, 500 manat, 1400 manat məbləğlərində materiallar alınmışdır. AN-İ seriyalı ******* saylı, xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 46,6 kv.m olan fərdi yaşayış evini tam mülkiyyət üzrə ona məxsus hissəsini 50000 manata Cavabdeh2 satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi xx.xx.2023-cü il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində yerləşən 304 saylı evdə beton işlərinin görüldüyü, divarların hörüldüyü, dəmir-beton konstruksiyalı pilləkən inşa edildiyi, dam hissəsinin taxta konstruksiyalarla yığılaraq üzərinə metal təbəqənin (Çerepitsa) vurulduğu, damın kənarlarına navalça quraşdırıldığı, yeni giriş qapısının quraşdırıldığı müəyyən olunmuşdur. Smeta üzrə aparılmış hesablamalar əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində yerləşən 304 saylı evdə aparılan təmir-tikinti işlərinin dəyəri 28468 manat məbləğində müəyyən olunmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində yerləşən 304 saylı evinin texniki parametrlərinin (mərtəbəliyi, hündürlüyü) və evdə yeni tikintisi aparılmış aşırımlar arasında olan məsafələrin (4,9m-5,6m) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 60-cı maddəsində göstərilən parametrlərə uyğun olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 247 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X1 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. İş materiallarından göründüyü kimi, iddiaçı və cavabdehlər ünvan 1 ünvanında yerləşən yaşayış fərdi yaşayış evinin sökülüb yerinə yeni evin inşa edilməsi barədə razılaşmışlar. İddiaçı razılaşma ilə öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdehlər üzərilərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Belə ki, cavabdehlər iddiaçı tərəfindən yerinə yetirilən xidmətlərin dəyərini ödəməmişlər. Bu halı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 da məhkəmə iclasları zamanı etiraf etmişdir. Məhkəmə iddia tələbinin 51820 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclaslarında tədqiq olunmuş sübutlardan, həmçinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, smeta üzrə aparılmış hesablamalar əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində yerləşən 304 saylı evdə aparılan təmir-tikinti işlərinin dəyəri 28468 manat məbləğində müəyyən olunmuşdur. Lakin iddiaçı tərəfindən təmir-tikinti işlərinin və s. xərclərin dəyərinin 51820 manat məbləğində olması sübuta yetirilməmişdir. Halbuki, prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təmir baarədə danışıqlar iddiaçı və Cavabdeh1 arasında olsa da, digər cavabdeh, yəni mülkiyyətçi Cavabdeh2 bu barədə məlumatı olmuşdur və təmir tikinti işləri nəticəsində onun mülkiyyəti yaxşılaşmaya doğru getmişdir. Bu halda, cavabdehlər birgə məsuliyyət daşımalıdırlar. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 28468 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatın dəyərini təşkil edən 100 manat məbləğində vəsait Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 28468 (iyirmi səkkiz min dörd yüz altmış səkkiz) manat məbləğində vəsait alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-295/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-295/2025
14.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver