Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2953/2021 09.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi (atası) X1, Cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisi X5 iştirakı ilə İddiaçı cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı “sənədlərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci bina, 3-cü giriş, 12-ci mərtəbəsində yerləşən 28 saylı mənzilinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın əldə edilməsi üçün “xxxx” Mənzil Tikinti Kooperativinin üzərinə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və protokoldan çıxarışın ona verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi (atası) X3 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 4-cü bina, 1-ci giriş, 12-ci mərtəbəsində yerləşən 28 saylı mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın əldə edilməsi üçün “xxxx” Mənzil Tikinti Kooperativinin üzərinə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və protokoldan çıxarışın İddiaçı verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (atası) X3 iddia tələbinin və tələbin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxx” MTK-nın qanuni təmsilçisi X7 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında mübahisə binada göstərilən kommunal xidmətin dəyərinin iddiaçı tərəfindən ödənilməməsi nəticəsində yaranmışdır. Belə ki, iddiaçının “xxxx” MTK-ya hazırda ödənilməmiş 3.000- 4.000 manat məbləğində kommunal xidmət borcu yaranmışdır. Bu səbəbdən iddia üzrə tələb edilən sənədlər iddiaçıya təqdim edilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı payçı, cavabdeh “xxxx” MTK-nın isə “icraçı” kimi göstərildiyi 13.07.2009-cu il tarixli müqaviləyə əsasən icraçı ünvan 2 ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 1-ci bina, 3-cü blok, 12-ci mərtəbəsində yerləşən 28 saylı mənzili payçıya təhvil verməyi, payçı isə mənzilin ümumi dəyərini təşkil edən 55.223 manat məbləğində pulu icraçıya ödəməyi barədə öhdəlik götürmüşlər. Bundan sonra iddiaçı cavabdehə ərizə ilə müraciət edərək, kooperativ üzvlərinin ümumi yığıncağının qərarının və protokoldan çıxarışın 15 iş günü ərzində ona verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya hər hansı sənəd təqdim edilməmişdir. İddiaçı mənzilin dəyərini tam ödəyərək aldığını, mənzili aldığı gündən etibarən mənzilə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etsə də, cavabdeh tərəfindən hər hansı tədbirin görülmədiyini, cavabdehin təhvil-təslim aktını imzalamaqdan və mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan sənədləri təqdim etməkdən imtina etdiyini bildirir və mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın əldə edilməsi üçün cavabdehin üzərinə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və protokoldan çıxarışın ona verilməsi öhdəliyinin qoyulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, iddiaçı tərəfindən ödənilməmiş kommunal borcun olduğunu, bu səbəbdən sənədlərin iddiaçıya təqdim edilmədiyini bildirir və iddianın rədd edilməsini xahiş edir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin bu məbləğin əvəzinin cavabdehdən tutulmasını tələb etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 109-2.1-ci maddəsinə əsasən kooperativin nizamnaməsini qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə üzvlük haqqı və əmlak pay haqqı ödəyən 16 yaşına çatmış fiziki şəxslər və (və ya) hüquqi şəxslər kooperativin üzvü ola bilərlər; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir; 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Məhkəmə, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, mənzilin dəyərini tam ödəmiş iddiaçı koooperativə üzv qəbul olunmaya bilməz. Cavabdeh özü də iddiaçı ilə aralarında bağlanmış müqavilənin 2.1-ci maddəsinin 5-ci hissəsinə əsasən mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün bütün zəruri tədbirlərin həyata keçirilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Məhkəmə, cavabdeh tərəfin mövqeyi ilə bağlı qeyd edir ki, ödənilməmiş kommunal borcun olması mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün payçıya aidiyyəti sənədlərin təqdim edilməməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 223-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 3 ünvanında yerləşən 16 mərtəbəli 4 nömrəli yaşayış evinin (binasının), 1-ci girişinin (blokunun) 12-ci mərtəbəsində yerləşən 28 saylı mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın əldə edilməsi üçün mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və ümumi yığıncağın protokolundan çıxarışın İddiaçı verilməsi öhdəliyi cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmalı, bu hərəkətlər cavabdeh “xxxx” MTK-nın hüquqi ünvanı üzrə onun qanuni təmsilçisi tərəfindən hazırki mülki iş üzrə qəbul olunmuş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığı gündən sonra 30 gün ərzində edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən 16 mərtəbəli 4 nömrəli yaşayış evinin (binasının), 1-ci girişinin (blokunun) 12-ci mərtəbəsində yerləşən 28 saylı mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın əldə edilməsi üçün mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və ümumi yığıncağın protokolundan çıxarışın İddiaçı verilməsi öhdəliyi cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinin üzərinə qoyulsun. Həmin hərəkətlər cavabdeh “xxxx” MTK-nın hüquqi ünvanı üzrə onun qanuni təmsilçisi tərəfindən hazırki mülki iş üzrə qəbul olunmuş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığı gündən sonra 30 gün ərzində edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-2953/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2953/2021
09.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver