Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2984/2021 27.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı(mübahisə predmeti barədə cəlb edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Qaçqınların və X4 Üzrə Dövlət Komitəsi) “yataqxanaya köçürülmə tələbi” nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı “yataqxanaya köçürülmə tələbi” nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2, Nəsrəddin Tusi adına 3 saylı yataqxananın 102 saylı otağına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ildən o, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi bina 28 “A” Nəsrəddin Tusi adına 3 saylı yataqxananın 102 saylı otağında yaşamış bacısı X2 ilə bir otaqda qalmışlar. Əvvəllərdə bacısı ilə birlikdə 20 Yanvar dairəsindəki yarmarkada al-ver etmişlər. 2020-ci ilin dekabr ayının 18-də bacısı Covid xəstəliyindən vəfat etmişdir. Bacısını dəfn etdikdən sonra onlar yataqxanaya, bacısının otağına gəlmişlər. O, evdə olmayan vaxt cavabdehlər bacısı otağının qıfılını sındırıb başqa qıfılla əvəz etmişlər. O dəfələrlə sahə müvəkkilinə müraciət etmişdir.Ona isə mübahisənin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Uzun müddət bacısı ilə birlikdə qeyd edilən otaqda məcburi köçkün kimi yaşamışdır. Hətta bacısı ağır xəstə olanda vəə xəstəxanaya gedəndə otağın açarınışəxsən ona vermiş və bildirmişdir ki, əgər sağalmasa bu otaqda onun yaşamasını istəyir. Cavabdehlər isə əsassız olaraq otağı zəbt etmişlər. Halbuki onların hər birinin 2 ayrıca evləri vardır. Onun isə qalmağa yeri belə yoxdur. İşin xüsusatlarını qonşuları və yataqxananın komendantı təsdiq edə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, bacısı Zemfira Məmmədova 2020-ci ilin dekabr ayında vəfat etmişdir. Ev bacısına məxsus olmuşdur. Həmin evi bacısı ona vəsiyyət edib. Bacısı xəstə olanda və xəstəxanaya gedəndə yanında o olmuşdur, bacısına o baxmışdır. Bacısı xəstəxanaya gedəndə evin açarını ona təhvil vermişdir. O, evdə olmayan zaman cavabdehlər evin qıfılını sındıraraq, başqa qıfılla əvəz etmişlər. Onun hazırda evi yoxdur. Cavabdehlərin isə hər birinin ayrıca evləri vardır. O onun orda yaşamasına imkan verilmədiyi təqdirdə, cavabdehlərin də orda yaşamağına etiraz edərək onların çıxarılmalı olduğunu bildirmişdir. Çünki cavabdehlər bacısına qarşı düzgün hərəkət etməmiş, hətta mərhum bacısının evində olan əşyaları belə satmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, ev bacısının olub. Həmin ev yataqxanadadır və 1 otaqdan ibarətdir. Evin kilidini o Vahidlə birgə dəyişmişdir. Evin əşyalarını qorumaq üçün dəyişmişlər Hazırda orada Vahid ailəsi ilə birgə yaşayır. Əgər evi bacısı Namiqə versəydi, notarial qaydada təsdiq olunan sənəd olardı. Evin açarını bacısı Namiqə vermişdi, çünki yanında Namiq qalırdı. Açarın Namiqə verilməsini inkar etmir. Cavabdeh1 04.06.2021-ci il tarixində iddia ərizəsinə yazılı etirazını təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiçı Namiq onun qardaşıdır. Bacısı X2 2020-ci il tarixində Covid-19 xəstəliyindən vəfat etmişdir. Zemfira uzun müddət ünvan 2, Nəsrəddin Tusi adına 3 saylı yataqxananın 102 saylı otağında yaşamışdır. Onlar hazırda həmin mənzildə məcburi köçkün kimi yaşayırlar. İddiaçı evli olmuş və ailəsi ilə birlikdə Bərdə rayonunda yaşamışdır. İçki aludəçisi olduğundan yoldaşından 2019-cu il tarixində ayrılmışdır. Namiqin Bərdədə evi var və hazırda həmin ünvanda yaşayış vardır. Bugünki günə kimi onlar ailəsi ilə birlikdə yaşamışlar. Bacısı xəstə olan zaman Namiqə hər hansı bir söz deməmiş, yalnız öz xəstəliyi ilə məşğul olmuşdur. Həmin otaqda onlar ailəsi ilə yaşayırlar. Rafiq adlı qardaşı isə arabir onlara gəlib yaşayır. Bundan başqa anası həmin əraziya yaın yataqxanada yaşayır. Anası bacısından əvvəl həmin ərazidə yaşamışdır. Həmin yataqxananın otağında anasına məxsus əşyalar vardır. Qardaşı Namiq anasına məxsus olan otağı sataraq anasını Bərdəyə aparmağa məcbur etmişdir. Onlar həmin əşyaları qoruyub saxlayırdılar. Həmin əşyalar anasının yadigarıdır. Namiq içki aludəçisi və tüfeyli həyat sürdüyünə görə anasından qalan otağə və anasına məxsus olmuş əşyaları sataraq içkiyə vermişdir. Artıq onlar iddiaçının eyni hərəkətləri bacısının otağı barədə də edəcəyindən əmindirlər. Bir müddət əvvəl onlar “qara bayram” verməyə gedəndə özbaşına yataqxananın otağına daxil olmuş və otağı qarət etmişdir. Bu barədə video və fotoçəkiliş də aparmışdır. İddianın rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən məhkəməyə göndərilən ərizədə qeyd edilmişdir ki, Komitə tərəfindən yalnız Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş qəsəbə və şəhərciklərdə yerləşən mənzillərdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında məskunlaşdırılması həyata keçirilir. Komitə tərəfindən məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşma yerlərində-keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda məskunlaşdırılması həyata keçirilmir. Eyni zamanda Komitənin üçüncü şəxslərin siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında da eyni hüquqi mövqe qeyd edilmişdir. İddia tələbinin mahiyyətindən və məhkəmə tərəfindən tədqiq edilmiş iş materiallarından müəyyən edilir ki, iddiaçı və cavabdehlər doğma qardaşlardır. Mübahisə predmeti onların mərhum bacıları X1 yaşamış olduğu və ünvan 2 ünvanda yerləşən Nəsrəddin Tusi adına 3 saylı yataqxananın 102 saylı otağına köçürülmədən ibarətdir. Faktiki olaraq həmin yataqxana otağından Cavabdeh1 ailəsi ilə birlikdə yaşayır. İşin mübahisəsiz halı mübahisə predmeti olan otaqda əvvəllər tərəflərin bacıları olan X1 yaşamış olması və Z.Məmmədovanın 18 dekabr 2020-ci ildə vəfat etməsidir. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçı ilk növbədə köçürülməsi istədiyi otağa dair subyektiv hüququnun olduğunu sübut etməlidir. Lakin müəyyən edilir ki, iddiaçının qeyd edilən yataqxana otağına dair hər hansı mülkiyyət, sahiblik və ya istifadəsini təqsidqləyən sənədi, müqaviləsi yoxdur. Eyni zamanda mərhum Z.Məmmədovanın da həmin otağa dair mülkiyyət hüququnu təsdiq edən sənədi və ya onunla bağlanmış icarə, sosial kirayə müqaviləsinin olduğu müəyyən edilmir. Sadəcə iddiaçı bacısının xəstə olduğu müddətdə orda qalaraq bacısına yardım etməsinə istinad edərək həmin yataqxananın otağına köçürülməsini tələb edir. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, iddiaçının həmin yataq otağına hər hansı subyektiv hüququ müəyyən edilmədiyindən və onun tələbinin qanuni əsası olmadığından iddia tələbi rədd edilməlidir. İddiaçının məhkəmə iclasında bildirdiyi “cavabdehlərin də orda yaşamağa hüququnun yoxdur” barədə etirazına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ilk öncə köçürülməsini və ya cavabdehlərin çıxarılmasını tələb etdiyi yaşayış otağına dair subyektiv hüququnun olduğunu sübut etməli, bundan sonra müvafiq tələbin hüquqi əsası araşdırılmalıdır. Lakin işin halları ilə iddiaçının mübahisə predmetini təşkil edən yaşayış otağına subyektiv hüququnun olması müəyyən edilmir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı cavabdehlərin mübahisə predmetində bacısına məxsus olan əşyaları qarət etməsi barədə polis orqanlarına və ya cavabdehlərin həmin mənzildə əsassız yaşamaları barədə müvafiq icra hakimiyyəti orqanlarına müraciət edə bilər. Belə ki, “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati, yardımçı və digər binalarda məskunlaşdırılması qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli, 200 saylı qərarı ilə təsdiq edilmişdir. Həmin qaydalarda qeyd edilmişdir ki, Məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.1 və 218.3-cü maddələrinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, sadalanan hüquq normalarına istinadən hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı(mübahisə predmeti barədə cəlb edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Qaçqınların və X4 Üzrə Dövlət Komitəsi) “yataqxanaya köçürülmə tələbi” nə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı(mübahisə predmeti barədə cəlb edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Qaçqınların və X4 Üzrə Dövlət Komitəsi) “yataqxanaya köçürülmə tələbi”-nə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2984/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2984/2021
27.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver