Məhkəmə qərarları › İş №2(001)-300/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-300/2025

03.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-300/2025 03.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 04 oktyabr 2017-ci il tarixli 31 nömrəli müqaviləyə əsasən satıcı Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və T.Şıxəliyev küçələrinin kəsişməsində inşa etdiyi yaşayış binasından 3 otaqlı 32 nömrəli, ümumi sahəsi 123.2 m2 olan mənzili müvafiq ödəniş müqabilində onun, yəni “alıcı İddiaçıM”nin mülkiyyətinə verməlidir. Satıcı, binanın tikintiquraşdırma işlərini “Dövlət Baş Ekspertiza” tərəfindən razılaşdırılmış layihə sənədlərinə uyğun, layihəçi - "xxxx" MMC qüsursuz və qüvvədə olan tikinti norma və qaydalarına uyğun yerinə yetirməyi və alıcıya təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən ümumi sahəsi 123.2 m2 olan mənzilin 100 m2 əvəzləşmə yolu ilə ödənilmiş, qalan 23.2 m2 hər 1 m2 1200 manat olmaqla, alıcı cəmi 27840 manat məbləğində pul vəsaiti ödəməli idi. Bu gün etibarı ilə onun tərəfindən (Alıcı) 24000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Lakin Cavabdeh MMC tərəfindən mənzili təhvil verdikdən sonra ölçmə aparılarkən mənzilin ümumi sahəsinin 123.2 kv.metr deyil, Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş layihədəki kimi - 109.4 kv.metr olması müəyyən edilmişdir. ((Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiya Qərarı № 07(xx/xx/2012). “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanma qaydaları” (maddə 3, bənd 3,2 və 3,3)). Beləliklə, Cavabdeh MMC müqavilənin şərtlərini pozaraq, ona təhvil verilən mənzilin ümumi sahəsini öhdəlik götürdüyü 123.2 m2-dən 13.8 m2 az, yəni 109.4 m2 təhvil vermişdir. Bu səbəbdən də, onun borcunun 23.2 m2 x 1200 = 27840 manat yox, 9.4 m2 x 1200 = 11280 manat olması aşkar edilmişdir. Yəni o, 12720 manat məbləğində artıq ödəniş həyata keçirmişdir. Bütün bunlara baxmayaraq Cavabdeh MMC ona 3840 manat məbləğində borcunun olmasını və həmin borcu ödəməsə ona müvafiq arayışın verilməyəcəyini bildirmişdir və bu günə qədər həmin arayışı verməmişdir. Bu səbəbdən də, o, mənzilin çıxarışını ala bilmir, ailə üzvləri ilə həmin mənzildə yaşamaqlarına baxmayaraq onlar qeydiyyata düşə bilmirlər. O, cavabdehlə aralarında yaranmış mübahisəni sözügedən müqavilənin 6-cı maddəsini əsas tutmaqla danışıqlar yolu ilə həll etmək üçün şirkətin rəhbərliyinə dəfələrlə şifahi və yazılı qaydada müraciət etsə də, hər hansı bir cavab ala bilməmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh MMC-nin 04 oktyabr 2017-ci il tarixli 31 nömrəli müqavilənin şərtlərini pozmaqla ona vurulmuş ziyanın, mənzil haqqının onun tərəfindən artıq ödənilmiş 12720 manatın və ödənilmiş 129 manat dövlət rüsumunun, cəmi 12849 manat məbləğində pul vəsaitinin ona geri qaytarılması və müvafiq arayışın verilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X1 əsl Cavabdeh MMC ilə əvəz edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən hazırki iş üzrə cavabdeh X3 əsl Cavabdeh MMC ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, məhkəməyə bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi və artırılması barədə ərizə təqdim edərək, sonuncu ərizəsində ona məxsus olan mənzil üçün artıq alınan 14868 manat məbləğində pul vəsaitinin, mənəvi zərərə görə 5000 manat pul vəsaitinin, 2020-ci il tarixdən pul vəsaiti qaytarılan tarixədək pul məbləğinin ödənilməsinin gecikdirildiyi hər il üçün illik 5% hesablanmaqla müəyyən olunan vəsaitin və ödənilmiş 144 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq ona qaytarılması və mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışının verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə MMC-yə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə iddia müddətinin ötürülməsi barədə ərizə təqdim edərək, İddiaçı tərəfindən iddia müddətinin ötürülməsini əsas gətirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı Nümayəndə məhkəmədənkənar qaydada tərəflə danışıqlar apardıqlarını, ona mübahisənin barışıq yolu ilə həll edilməsi istiqamətində müəyyən məbləğdə ödənişin təklif edildiyini, lakin iddiaçının razılaşmadığını bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 04 oktyabr 2017-ci il tarixli 31 saylı müqavilənin surətindən görünür ki, satıcı Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci binanın 6-cı mərtəbəsində yerləşən 32 saylı 3 otaqlı ümumi sahəsi 123.2 kv.m olan mənzili alıcının mülkiyyətinə verir, alıcı isə mənzilin hər kvadrat metri üçün 1200 manat ödəməyi öz öhdəsinə götürür. Alıcı tərəfindən 100 kv.m sahə əvəzləmə yolu ilə ödənilmiş, 23.2 kv.m sahənin ödənişi olunmalıdır. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən müəyyən edilmişdir ki, “Satıcı” aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihə sənədlərinə müvafiq olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə yerinə yetirilmiş vəziyyətdə “Alıcı”ya təhvil verməyi ğz öhdəsinə” götürmüşdür. Sözügedən müqavilənin 2.2.1-ci bəndinə əsasən “Alıcı” yuxarıda göstərilən yaşayış binasının 1-ci binanın 6-cı mərtəbəsində yerləşən, 32 saylı 3 otaqlı mənzilin ümumi sahəsi 123.2 kv.metrdən ibarət olan mənzilin hər kv.m üçün 1200 manat ödəməyi öhdəsinə götürür. 100 kv.metr sahə əvəzləmə yolu ilə ödənilmiş, 23.2 kv.m sahənin ödənişi olunmalıdır. “Alıcı” ümumi məbləğ – 27840 manat ödəməlidir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən “Satıcı” müqavilənin 2.1-ci bəndində göstərilən tikinti-quraşdırma işlərini 24 ay ərzində tamamlayıb “Alıcı”ya təhvil verir. Həmin Müqavilənin 3.3-cü bəndində nəzərdə tutulmuşdur ki, “Alıcı” mənzilin dəyərini tam ödəmədiyi halda mənzildə təmir işləri apara bilməz. Həmin Müqavilənin 5.4-cü bəndində isə mənzilin ölçüsünün bina hazır olduqdan sonra hesablana bilməsi imkanı nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13 yanvar 2025-ci il tarixli, 10/6754 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və T.Şıxaliyev küçələrinin kəsişməsində inşa olunan və yaşayış binasında yerləşən 3 otaqlı, 32 nömrəli mənzilin ümumi sahəsinin 107.61 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və T.Şıxaliyev küçələrinin kəsişməsində inşa olunan və yaşayış binasında yerləşən 3 otaqlı, 32 nömrəli mənzilin ümumi sahəsi divarlarının və arakəsmələrinin altındakı sahə, dəhliz və eyvanların sahəsi, şaxtalar, habelə yardımçı sahə daxil edilməklə 123.16 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və T.Şıxəliyev küçələrinin kəsişməsində inşa olunan və yaşayış binasında yerləşən 3 otaqlı, 32 nömrəli mənzilin sahəsinin 107.61 kv.metr təşkil etdiyini nəzərə alaraq, sözügedən mənzilin ümumi sahəsi ilə müqavilədə göstərilən sahəsi (123.2 kv.m) arasında 15.59 kv.metr fərq olduğu müəyyən edilmişdir. İş materiallarında olan qəbzlərin və arayışın surətlərindən görünür ki, İddiaçı tərəfindən müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə ümumilikdə 24000 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin hesabına mədaxil edilmiş və ödənilmişdir. Məhkəmə ilk növbədə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.2-373.4-cü maddələri). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2 maddələri). Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini təfsir edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə hüquqi təbiətinə görə podrat müqaviləsinin əlamətlərini ehtiva edən müqavilə olduğu üçün hazırki iddianın həlli üçün mülki qanunvericiliyin podratla bağlı normaları tətbiq edilməli və iddia müddətinin tətbiq edilməsinə münasibətdə Mülki qanunvericiliyin 776.1-ci maddəsinə istinad edilməlidir. Belə ki, həmin maddədə qeyd edilmişdir ki, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Mülki Məcəllənin 776.2-ci maddəsinə əsasən əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. İddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, hazırki mülki işdə iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə podrat müqaviləsi olduğundan, cavabdeh tərəfindən müqavilə öhdəliyinin pozulması, yəni mənzilin ölçüsünün müqavilə ilə nəzərdə tutulduğundan az ölçüdə faktiki olduğu podratçı tərəfindən mənzil iddiaçıya təhvil verildikdən sonra, yəni 2020-ci ildə məlum olduğundan iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.(maddə 389.1) Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir (maddə 390.5). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır (maddə 405). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. (maddə 385.1) Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsi) Podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (maddə 752.1). Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir (maddə 752.2) Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur (maddə 756.1). Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (maddə 762.1) Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. (maddə 762.2) Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur (maddə 762.3). Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır (maddə 762.4). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı təmin edilməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. ... Öhdəlik hüququnda isə müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir”. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydalarının 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir. Açıq yerləşgələrin (balkon, lociya, terras, eyvan) sahələri onların daxili konturu boyu (binanın divarı ilə məhəccər arasında) məhəccərin yerləşdiyi sahə nəzərə alınmadan hesablanmış ölçüləri üzrə müəyyən edilir. Həmin Qaydaların 3.8-ci bəndinə müvafiq olaraq mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Beləliklə, iş materiallarında olan sübutlarla təsdiq edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında 04 oktyabr 2017-ci il tarixli 31 saylı podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən satıcı Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1ci binanın 6-cı mərtəbəsində yerləşən 32 saylı 3 otaqlı ümumi sahəsi 123.2 kv.m olan mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə mənzilin hər kvadrat metri üçün 1200 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Alıcı tərəfindən 100 kv.m sahə əvəzləmə yolu ilə ödənilmiş, 23.2 kv.m sahənin ödənişi isə öhdəlik olaraq götürülmüşdür. Müqavilə şərtlərinə nəzər yetirilsə, “Satıcı” göstərilən tikinti-quraşdırma işlərini layihə sənədlərinə müvafiq olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə yerinə yetirilmiş vəziyyətdə “Alıcı”ya təhvil verməyi, “Alıcı” yuxarıda göstərilən yaşayış binasının 1-ci binanın 6-cı mərtəbəsində yerləşən, 32 saylı 3 otaqlı mənzilin ümumi sahəsi 123.2 kv.metrdən ibarət olan mənzilin hər kv.m üçün 1200 manat ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər 100 kv.metr sahənin əvəzləmə yolu ilə ödənilməsi, geri qalan 23.2 kv.m sahənin ödənişinin həyata keçirilməsi barədə razılığa gəlmişlər. “Alıcı”nın ümumi ödəməli olduğu məbləğ – 27840 manat kimi müəyyən edilmişdir. Bundan başqa, həmin müqavilənin 3.1-ci bəndinə əsasən “Satıcı” müqavilənin 2.1-ci bəndində göstərilən tikintiquraşdırma işlərini 24 ay ərzində tamamlayıb “Alıcı”ya təhvil verməyi, 3.3-cü bəndində “Alıcı”nın mənzilin dəyərini tam ödəmədiyi halda mənzildə təmir işlərinin apara bilməməsi, həmin müqavilənin 5.4-cü bəndində isə mənzilin ölçüsünün bina hazır olduqdan sonra hesablana bilməsi imkanı nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13 yanvar 2025-ci il tarixli, 10/6754 nömrəli ekspert rəyi ilə təsdiq edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və T.Şıxaliyev küçələrinin kəsişməsində inşa olunan və yaşayış binasında yerləşən 3 otaqlı, 32 nömrəli mənzilin ümumi sahəsinin 107.61 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və T.Şıxaliyev küçələrinin kəsişməsində inşa olunan və yaşayış binasında yerləşən 3 otaqlı, 32 nömrəli mənzilin ümumi sahəsi divarlarının və arakəsmələrinin altındakı sahə, dəhliz və eyvanların sahəsi, şaxtalar, habelə yardımçı sahə daxil edilməklə 123.16 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və T.Şıxəliyev küçələrinin kəsişməsində inşa olunan və yaşayış binasında yerləşən 3 otaqlı, 32 nömrəli mənzilin sahəsinin 107.61 kv.metr təşkil etdiyini nəzərə alaraq, sözügedən mənzilin ümumi sahəsi ilə müqavilədə göstərilən sahəsi (123.2 kv.m) arasında 15.59 kv.metr fərq olduğu müəyyən edilmişdir. İş materiallarında olan qəbzlər və arayışla təsdiq edilmişdir ki, hazırki iş üzrə İddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər qismən icra edilmiş, yəni onun tərəfindən müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə ümumilikdə 24000 manat məbləğində pul vəsaiti ödənilmiş və "xxxx" MMC-nin hesabına mədaxil edilmiş, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər qüsurlu şəkildə icra edilsə də, iddiaçı tərəfindən Cavabdeh MMC-yə müqavilə üzrə 14868 manat məbləğində pul vəsaiti artıq ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 14868 (on dörd min səkkiz yüz almış səkkiz) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməlidir. Tərəflər arasında bağlanmış müqavilə üzrə sözügedən mənzilə dair “borcun olmaması” barədə maliyyə arayışının iddiaçıya verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması hissəsində məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarlarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Konstitusiya Məhkəməsinin Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında Plenum qeyd etmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (maddə 139.1) Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. (maddə 139-1.1.6) Bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir. (maddə 144-1.5) Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər tam şəkildə yerinə yetirildiyindən və pay haqqının tam ödənilməsi haqqında arayışın təqdim edilməsi mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün zəruri olduğundan, iddia tələbi həmin hissədə əsaslı olduğu üçün təmin edilməli, tərəflər arasında bağlanmış müqavilə üzrə sözügedən mənzilə dair “borcun olmaması” barədə maliyyə arayışının iddiaçıya verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Məhkəmə iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında aşağıdakılar göstərilmişdir: “... mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Beləliklə, məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: ziyanın vurulması; ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; əvvəlki iki elementlər arasında səbəbli əlaqə; ziyanvuranın təqsiri. Məhkəmə belə qənaətə gəlir ki, hazırkı işdə qeyd olunan dörd elementin mövcudluğu obyektiv olaraq öz təsdiqini tapmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bununla yanaşı məhkəmə iddiaçının “gecikdirilmiş vaxt üçün illik 5% faizin ödənilməsi” tələbini də əsaslı hesab etmir və qeyd edir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: " ... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə hesab edir ki, iddia tələbi “gecikdirilmiş vaxt üçün illik 5% faizin ödənilməsi” hissəsində əsaslandırılmadığılndan və mötəbər sübutlarla təsdiq edilmədiyindən həmin hissədə təmin edilməməlidir. Beləliklə, bilavasitə məhkəmə iclasında tədqiq olunmuş sübutlara və yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 14868 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq, İddiaçı ödənilməli, cavabdeh tərəfindən iddiaçıya borcunun olmaması barədə maliyyə arayışının verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 14868 (on dörd min səkkiz yüz almış səkkiz) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və T.Şıxaliyev küçələrinin kəsişməsində inşa olunan və yaşayış binasında yerləşən 3 otaqlı, 32 nömrəli mənzilə dair “borcun olmaması” barədə maliyyə arayışının İddiaçı verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar