Məhkəmə qərarları › İş №2(001)-3001/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3001/2024

22.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3001/2024 22.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, X4 katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışlar ki, Cavabdeh1 onların qonşuluğunda yaşayır, digər Cavabdeh2 isə Ramizin tanışıdır. xx.xx.2019-cu il tarixdə cavabdehlər maddi çətinliyə düşdükləri üçün 3000 (üç min) manat məbləğində pul vəsaitini borc almış və həmin borcu 11 ay müddətində geri qaytaracaqlarını öhdələrinə götürmüşlər. Lakin, dəfələrlə cavabdehlərdən pulu geri qaytarmalarını istəsələr də, onlar müxtəlif bahanələrlə borcu geri qaytarmamışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında məhkəməyə bildirdi ki, Cavabdeh1 onun qonşusudur. O, Cavabdeh2 Ramiz vasitəsilə tanımışdır. Cavabdeh1 ona 1500 manat pul borclu idi. Digər Cavabdeh2 Ramizin borcunun 1400 manat məbləğini ödəmiş, 100 manatını isə Ramiz ödəmişdir. O, Ramizin sözünə görü Ceyhuna 3000 manat məbləğində borc pul vermişdir. Ceyhun buna dair öz əli ilə qəbz yazıb vermişdir. Lakin, 2022-ci ildən hər dəfə borcunu istəməyinə baxmayaraq cavabdehlər borcu ödəmir. Digər İddiaçı2 onun qızıdır və o, xəstəliyi ilə əlaqədar müalicədə və ya ölkədən kənarda olduqda borcun cavabdehlərdən tutularaq Səbinəyə qaytarılmasını istəyir. İddiaçı2 izahatında məhkəməyə bildirdi ki, o, iddiaçının qızıdır. Cavabdehlərə pulu anası verib. Anası xəstədir, xəstəliyi ilə əlaqədar müalicəyə getməlidir. Anası olmadığı müddətdə pulun ona ödənilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və məhkəməyə bildirmişdir ki, iddiaçının ona ilk dəfə verdiyi 3000 manatı əlbəəl özünə qaytarıb. Qonşusu ilə birlikdə lotoreya oynayıb, hər ay əlavə faiz ödəmişdir. 3000 manatın əvəzinə 9000 manat qaytarıb. Sonradan iddiaçı borc şəklində 300 ABŞ dolları verib ona və indi düşünür ki, o pulu götürdüyü vaxtdan etibarən faizlər hesablanacaq, onları da ödəyəcək. Razılaşmışdılar ki, hər ay 150-200 manat ödəsin və iddiaçı fikirləşir ki, faiz üst-üstə gələcək, 3000 manata gəlib çıxacaq. Pulu götürdüyü gün Ramiz işdə idi, iş yerindən qol çəkdiyi kağızı taksi ilə göndərib. Həmin vərəqdə öz imzasını çəkdi, ondan sonra iddiaçı 3000 manatı verdi, az bir müddətə 1500 manat borcu da bağladı, 3000 manatın faizini də ödədi. Bacısı və oğlu ilə getdilər 28 May metrosu yaxınlığında 3000 manatı iddiaçıya ödədi. Qonşusu Dilarə ilə 500 manat lotoreya yazdırdı, ordan pul götürəndə 500 manatı faizdən çıxdı. Sonradan 500 manat borc qaldığını dedi, bir müddət sonra iddiaçıdan 300 dollar aldı, o zaman iddiaçı ona dedi kağıza 2500 manat yazsın, o da onun ürəyi rahat olsun deyə 3000 manat yazdı. Cavabdeh2 ona verilən suallara cavab olaraq bildirdi kİ, pulu iddiaçıya ödəyəndə bacısı və oğlu yanında olub. Bacısı bankdan pul götürüb, gedib borcu ödəmişlər. Qalan borcunu ödəmək üçün bankdan kredit götürəcək, borcunun bir hissəsini ödəyəcək. Sonra isə aybaay 100-200 manat ödəyəcək. Ən azı 1000 manat kredit götürəcək, krediti götürəndə 500 manat ödəyəcək. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlardan göründüyü kimi, iddiaçılar birinci dəfə eyni iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-695/2024 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardadda qeyd olunmuşdur ki, “ ... Məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəməyə bildirdi ki, İddiaçı1 ona qarşı məhkəmədə iddia qaldırdıqda o, sinirlərinə hakim ola bilməmiş və kəskin reaksiya vermişdir. Lakin borcunun olmasını danmır və borcun hissə-hissə ödənilməsinə dair İddiaçı1 ilə razılığa gəlmişdir”. İş materiallarında olan əlyazma qəbzlərin surətlərindən görünür ki, Cavabdeh1 Cavabdeh2 şahidliyi ilə İddiaçı1 xx.xx.2019-cu il tarixdə 3000 manat, Cavabdeh2 İddiaçı1 xx.xx.2022-ci il tarixdə 3000 manat məbləğində pul almışlar. Cavabdeh2 məhkəmə iclasında bildirdiklərindən göründüyü kimi, o, əlyazmanı şəxsən yazıb imzalamasını inkar etmir, lakin bildirir ki, 3000 manatı məbləği sırf İddiaçı1 rahat olsun deyə yazmış, əslində həmin vaxt götürdüyü borc 300 ABŞ dolları olmuşdur. Lakin bununla yanaşı cavabdeh məhkəməyə bildirdi ki, borcunu aşağıdakı qaydada qaytaracaq: ilkin olaraq kredit götürüb 500 manat, sonra isə aybaay 100-200 manat ödəyəcək. Borcu cəmi 300 ABŞ dolları olduğu təqdirdə, ödənişlərin niyə bu şəkildə olacağını cavabdeh məhkəməyə izah edə bilməmiş, həmçinin etdiyi ödənişlərə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə müvafiq olaraq, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi üzrə pul məbləğinin iddiaçılardan X2 tərəfindən Cavabdeh2 verilməsi və Cavabdeh2 tərəfindən pulun qaytarılmaması işin mübahisələndirilməyən halları olduğundan (*Cavabdeh2 yalnız qalan borcun məbləğini mübahisələndirir), iddia ərizəsi qismən – məhz 3000 manat məbləğində pulun Cavabdeh2 tutularaq İddiaçı1 ödənilməsi hissəsində təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 3000 (üç min) manat məbləğində pul və 51 (əlli bir) manat ödənilmiş dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı1 ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar