Məhkəmə qərarları › İş №2(001)-3005/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3005/2024

16.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3005/2024 16.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti cəlb edilməklə) “mənzil üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi və sair” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MTK Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti cəlb edilməklə) “mənzil üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi və sair” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 7 ünvanında yerləşən 15 saylı mənzil üzərində onun mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, həmin mənzilin boşaldılması və sökülməsi, həmin mənzilin yerində tikiləcək çoxmərtəbəli yaşayış binası olan 4 saylı binanın 3-cü mərtəbəsində olan 307 saylı 3 otaqlı yeni mənzilin ümumi (oxdan-oxa) sahəsi 104.35 kv.m, içdən-içə sahəsi 94 kv.m olan mənzilin cavabdehin mülkiyyətinə verilməsi, mənzilin sahə nisbətlərinin əvəzləşdirilməsi nəticəsində 24.8 kv.m sahənin hər kv.m-nə görə 1200 manat kompensasiya olmaqla 29.760 manat vəsaitin cavabdehə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək “Relt House" MTK tərəfindən cavabdehə cəmi hər ay cəmi 450 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli, 8 saylı qərarının icrasının təmin edilməsi məqsədi ilə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 29 yanvar 2016-cı il tarixli, 18 saylı Sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yerləşən 1.2179 ha torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir və bununla bağlı Binəqədi rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında müqavilə imzalanmışdır. "xxxx" MMC təşkilati hüquqi formasını dəyişərək hazırda MTK kimi fəliyyət göstərməkdədir və “Relt House" MTK "xxxx" MMC-nin hüquqi varisidir. "Relt House” MTK Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 29 yanvar 2016-cı il tarixli, 18 saylı Sərəncamının və Binəqədi rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında imzalanmış müqaviləyə əsasən "Relt House” MTK sözügedən ərazidə yaşayan sakinlərlə danışıqlar aparmaqla qarşılıqlı razılaşmaya əsasən həmin sakinlərə tikiləcək yeni yaşayış binasından ev və ya mənzilinin qarşılığında kompensasiya verməklə ərazidə olan sakinlərin köçürülməsi işlərinə başlamış və prosess hazırda davam etməkdədir. Aparılmış işlər nəticəsində ərazidə yaşayan sakinlərin əksəriyyəti ilə müqavilələr imzalanmış, ilkin razılıqlar əldə olunmuşdur. Lakin bir neçə sakinlər də var ki, ilkin razılıqlar olsa da sonradan yaranmış vəziyyətdən istifadə edərək Şirkətdən evinin dəyərinin 2-3 qatını tələb etmək məqsədi ilə qanunsuz zəbt etdikləri əraziləri də əlavə edərək külli miqdarda məbləğ tələb edirlər. Onlar isə MTK olaraq belə hallarda sakinlərə bu işlərin yalnız MTK-nın maddi maraqlarına xidmət etmədiyini, əsas olaraq şəhərin hazırki görünüşünə xələl gətirən istismar vəziyyəti keçmiş və əsasən qəzalı vəziyyətdə olan binaların əvəzinə müasir tələblərə cavab verən, müasir və şəhərin görünüşünü müasir tələblərə uyğunlaşdırılmasına yönəldiyini izah edirlər. Bəzi sakinlər tərəfindən mülkiyyətlərindən suiistifadə kimi hallar isə köçürülmüş digər sakinlərin mənzillə təmin olmasını uzatmaqla yanaşı şirkətə də hər gün külli miqdarda maddi ziyan vurmaqdadır. Əgər belə davam edərsə nəzərdə tutulmuş layihəni yekunlaşdırmaq mümkünsüz ola bilər. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 60% -100% (arası) artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 400 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən bir cox ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Bunlardan savayı sakinlərin qanunsuz, mülkiyyətindən tam kənada zəbt etdiyi ərazilər də İddiaçı tərəfindən razılaşdırılmaqla nəzərə alınır. Lakin, cavabdeh X4 (Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 7 ünvanında yerləşən 63.47 kv.m ü/s. ibarət 15 saylı mənzili) iddiaçıdan kirayə haqqı almaqla müvəqqəti başqa yaşayış yerinə köçməsi və yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən (individual razılıqla 50%-100% artıq) təmirli mənzili qəbul etməkdə razılıq əldə etmək mümkün olmamışdır. Tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Fərdi yaşayış evlərdən bəziləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. İddiaçı olaraq artıq maliyyə itkilərinə məruz qalırlar. İllərdir ki, öz yaşayış sahələrinin yaxşılaşdırılmasım gözləyən və artıq şirkətimizlə müqavilə bağlamış şəxslər cavabdeh kimi bir neçə sakinlərin hüquqdan sui-istifadə hallarına görə öz arzularına çata bilmirlər. Binanın tikilməsi barəsində Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 18 saylı Sərəncamının göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi sərəncamın tərəfimizdən icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir. Xüsusən qeyd etmək istərdi ki, cavabdeh həmin mənzildə yaşamır. Başqasına kirayə verib. Onun dediyi kimi heç nə itirmir, illərlə məhkəmələrdə süründürəcəyini və istədiyini alacağını aşkar formada bəyan edir. Həmin binalar istismar müddətini başa vuduğu üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin verdiyi arayışa əsasən qeyd edilən ev/bina qəzalı vəziyyətdədir. Cavabdehin hüquqlarından suiistifadə etməsi gələcəkdə digər sakinlərində həyatını və təhlükəsizliyini riskə atması, təhlükə altında qoyması deməkdir. Belə ki, sözügedən ünvanda yerləşən 3 mərtəbəli 5, 7, 9 -nömrəli binalar 1930-cu ildə inşa edilmişdir. O, cavabdehə məxsus şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə münasib təklifdir. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmadığından yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikintisinin icrasına maneçilik yaranır. Qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin məzil-məişət şəraitinin yaxşılaşdırılması şəxslərin mənafeyinə və ümumi maraqlara xidmət etməklə mülkiyyət hüquqlarının əsassız və ədalətsiz məhdudlaşdırılması hesab edilə bilməz. X1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi. Azadlıq prospekti 7 ünvanında yerləşən 15 saylı mənzil çixarışa əsasən aydın olur ki, ü/s. 63.47 kv.m- dir, qarunsuz tikilisi (artırması) isə 29 kv.m -dir. “Relt House" MTK-nın təqdim etdiyi 3 otaqlı mənzil 104.35 kv.m. təşkil edir. İddiaçı “Relt House" MTK, mənzilin faktiki sahəsindən 25 % artıq sahəli mənzil təqdim etdiyi nəzərə alınsa cavabdeh (63.47 kv m. +25%) 79.33 kvm mənzillə təmin edilməlidir. Qeyd edilən 29 kvm qanunsuz tikiliyi nəzərə alaraq, veriləcək mənzil sahəsi nisbəti ilə əvəzləşdirildikdə (104.35 kv.m- (79.37 kvm + 29 kvm)) 3.98 kv metr əlavə qanunsuz tikili qalır ki, hər kv m-nə 1200 manat kompensasiya MTK tərəfindən təklif edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının mübahisəli mənzilə təklif etdiyi qiymət çox aşağıdır. İddiaçı özəl şirkətdir, tikdikləri binalar hər tərəfdən çat verir. Bundan əlavə cavabdeh iddiaçının bina tikməsini gözləmək istəmir, öz mənzilinin əvəzinə dövlət reyestrində qeydə alınmış çıxarışlı, təmirli mənzil istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 63.47 kv.m olan mənzil Cavabdeh xüsusi mülkiyyətindədir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyat aparılmışdır. İddiaçı MTK-nın Nizamnaməsindən görünür ki, Kooperativ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin çevrilməsi nəticəsində yenidən təşkil edilmiş və onun hüquqi varisidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında qeyd edilmişdir ki, Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon icra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon icra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon icra Hakimiyyəti və Xəzər Rayon icra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binalan üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını həyata keçirsinlər. Bakı şəhər Binəqədi RİH Başçısının xx.xx.2016-cı il tarixli sərəncamının surətindən görünür ki, Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində 1,2179 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir. Həmin sərəncamda İddiaçı MMC-yə Binəqədi rayonu, Azadlıq Prospekti 5, 7, 9 saylı yaşayış binalarının sökülməsi, sakinləri ilə qarşılıqlı razılaşma əsasında yeni mənzillə təmin edilənədək kirayə haqqının verilməsi və.s həvalə edilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanan xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, tərəflər Binəqədi rayonu, Azadlıq prospekti və Zahid Qənbərov küçələrinin kəsişməsində yerləşən binanın tikintisi üçün NK qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və Rayon İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın verilməsi və.s barədə razılığa gəlmişlər. Şirkət müqavilə üzrə üzərinə öhdəlik götürmüşdür ki, binaların tikinti üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinləri ilə müqavilənin tarixindən 2 ay müddətindən gec olmayaraq tam razılıq əldə edərək, müqavilələr imzalayacaqdır; yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək həmin sakinlərə yaxın ərazilərdə şəraitli müvəqqəti yaşayış yerləri üçün kirayə haqqı verəcəkdir; binaların tikintisi üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 15-25 faiz artıq sahəsi olan, orta təmirli və razılaşdırılmış mərtəbələrdə mənzil sahəsi ilə təmin edəcəkdir; sakinlərə verilən sahələrin cəmi çıxıldıqdan sonra qalan sahənin 10 faiz təşkil edən hissəsini RİH-nin sərəncamına verəcəkdir və.s. Həmin müqavilədə qeyd edilmişdir ki, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öz öhdəliklərini icra edənədək qüvvədədir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərdövləttikintilayihə” DLİ-nin xx.xx.2018-ci il tarixli rəyinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçələrinin kəsişməsində yerləşən 7 saylı yaşayış binası texniki cəhətdən yararsız vəziyyətdədir. Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı MMC ilə Binəqədi Rayon İcra Hakimiyyəti arasında bağlanmış müqavilə və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 18 saylı Sərəncamı halhazırda qüvvədədir və bağlanmış müqavilənin şərtlərinə əməl edilməsi tövsiyyə edilir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli hesabatına əsasən, Cavabdeh məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7-də yerləşən 15 saylı mənzilin bazar dəyəri 118.000 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli hesabatına əsasən, Cavabdeh məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7-də yerləşən 15 saylı mənzilin bazar dəyəri 115.000 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin 10/5505-9/5690 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən 15 saylı mənzilin artırmasız içdən-içə sahəsi 60.6 m2 təşkil etdiyi müəyyən olunur. Həmin mənzilin artırılmış hissəsinin içdən-içə sahəsi 24.8 m2 müəyyən olunur. Həmin mənzilə verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli **********73-05101-093022 reyestr nömrəli çıxarışa əsasən, Cavabdeh mülkiyyətinə verilmiş ümumi sahəsi 63.47 m2 olan 15 saylı mənzilin mövcud orta bazar dəyərinin təqribən 87000,0 manat məbləğində olduğu müəyyən edilir. Qeyd olunur ki, artırmalar nəzərə alındıqda 15 saylı mənzilin faktiki vəziyyət üzrə orta bazar dəyəri təqribən 117000 manat məbləğində müəyyən edilir. ünvan 4 ünvanına yaxın ərazilərdə yerləşən, yeni tikilən binalarda təmirli mənzillərin 1 m2-nin dəyərinin təqribən 2200 manat, təmirsiz mənzillərin 1m2-nin dəyərinin isə təqribən 1745 manat olduğu müəyyən edilmişdir. ünvan 4 ünvanına yaxın ərazilərdə yerləşən mənzillərin aylıq kirayə haqqı təqribən 450,00 manat müəyyən edilir. Tədqiqatın dəyəri 100 manat təşkil edir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ-V bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 203.5-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında göstərilmişdir ki, Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısının dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarında qeyd olunmuşdur ki, Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisi ilə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi dövlət orqanlarının əmlakdan dinc istifadəyə hər hansı müdaxiləsinin qanuni olmasını tələb edir. Həmin maddənin birinci bəndinin ikinci cümləsi əmlakdan məhrumetmənin “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməsinə icazə verir (İatridis Yunanıstana qarşı iş üzrə 1999-cu il 25 mart tarixli Qərar § 58; Yunanıstanın keçmiş kralı və digərləri Yunanıstana qarşı iş üzrə 2000-ci il 23 noyabr tarixli Qərar; Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar) Mülkiyyətə müdaxilənin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilmə şərti dövlətdaxili hüquq normalarında özbaşınalıqdan müdafiəni təmin edən kifayət qədər əlçatan və dəqiq normaların mövcud olmasını və onlara riayət edilməsini tələb edir (X5rşı iş üzrə 1986-cı il 8 iyul tarixli Qərar § 110; Vistins və Perepjolkins Latviyaya qarşı iş üzrə 2012-ci il 25 oktyabr tarixli Qərar § 95). Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniowski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun, §147-148, 150; Scordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart, § 93 tarixli Qərarları). Tələb edilən ədalətli balansa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (Böyük Palatanın X7rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli Qərarı, § 115). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə görə, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Həmin Məcəllənin 4.2-ci maddəsində Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri kimi göstərilmişdir. Həmin Məcəllənin 17.5-ci maddəsinə əsasən, ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 iyun 2021-ci il tarixli qərarında qey edilmişdir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçələrinin kəsişməsində yerləşən 7 saylı yaşayış binasının istismar müddəti bitdiyindən, şəhərin görkəminə xələl gətirdiyindən və istifadə üçün texniki cəhətdən yararsız olduğundan NK-nin xx.xx.2016-cı il tarixli qərarına əsasən həmin binanın sökülməsi və yerində yeni binanın inşa edilməsi nəzərdə tutulmuşdur. Həmin qərarın icrası ilə bağlı BRİH qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkəti ilə razılıq əldə edilmiş və bu barədə İddiaçı MMC ilə BRİH arasında müqavilə bağlanmışdır. NK-nin həmin qərarından irəli gələrək BRİH xx.xx.2016-cı il tarixli sərəncam vermiş və Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində 1,2179 ha torpaq sahəsi İddiaçı MMCnin daimi istifadəsinə verilmiş və Binəqədi rayonu, Azadlıq prospekti 5,7,9 saylı yaşayış binalarının sökülməsi və.s MMC-yə tapşırılmışdır. Lakin Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 7-ci bina hal-hazırədək sökülə bilməmişdir. Belə ki, həmin binanın əksər sakinləri ilə MTK arasında razılıq əldə edilsə də, cavabdeh və bir neçə sakinlə razılıq əldə edilməmişdir. Cavabdeh iddiaçının təklif etdiyi kompensasiya məbləğini qəbul etmir və iddiaçıdan daha çox kompensasiya ödənilməsini tələb edir. İddiaçı isə cavabdehin tələb etdiyi kompensasiyanı hüquqdan sui-istifadə hesab edir və digər şəxlərin hüquqlarının pozulması kimi qiymətləndirir. Hazırki işdə isə yaranmış mübahisəni göstərilən meyarlar üzrə yoxladıqda məhkəmə o qənaətə gəlir ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, əvvəla hazırkı mübahisə baxımından iddiaçının hazırkı tələblərlə çıxış etməsi cavabdehin mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Çünki tərəflər arasında cavabdehə məxsus mənzilin sökülməsi ilə bağlı ixtilaf yoxdur. Yəni cavabdeh də istismar müddəti ötmüş binanın sökülməsinin zərurətdən irəli gəldiyinin, bina sakinlərinin böyük əksəriyyətinin razı olduğunun fərqindədir. Hansı ki, həmin bina 1926-cı ildə tikilmişdir və istismar müddəti başa çatmışdır. Eyni zamanda şəhərin memarlıq görkəminə xələl gətirir, mövcud şəhərsalma normalarına cavab vermir və nəticə etibarı ilə texniki cəhətdən qəzalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı mübahisədə mülkiyyət hüququna müdaxilənin qanuniliyinin, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilib-edilmədiyinin yoxlanılmasına zərurət yoxdur. Bununla belə, tərəflər arasında kompensasiyanın həcmi barəsində mübahisə vardır və məhkəmə araşdırmasının predmetini hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması və müdaxilənin mütənasibliyi təşkil edir. İşin hallarından müəyyən edildiyi kimi cavabdehin mülkiyyətində olan mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan hissəsi 63.47 kv.m-dir və ekspert rəyində həmin mənzilin artırmasız içdən-içə sahəsi 60.6 kv.m-dir. İddiaçı isə bunun əvəzində ona içdən-içə 94 kv.m mənzil təklif edir. Göründüyü kimi iddiaçı cavabdehə mövcud vəziyyətdən daha çox verir. Bundan başqa iddiaçının evinin bazar qiyməti 117000 manat təşkil edir, halbuki, iddiaçı ona ümumi sahəsi 104,35 kv.m olan mənzil verir və həmin ərazidə təmirli yeni binaların 1 kv.m 2200 manat təşkil edir, bu isə 229.570 manat edir. Bundan əlavə iddiaçı cavabdehin qanunsuz artırdığı 24.8 kv.m hissəsin hər kvadratmetrinə 1200 manat verir. Hansı ki, bu məbləğ qanuni tikilinin dəyərinin yarısından da çoxdur. Bundan başqa cavabdehə də məlumdur ki, həmin binaların əksər sakinləri ilə iddiaçı arasında razılıq əldə edilmişdir və iddiaçı hər ay onlar qarşısında üzərinə düşən öhdəliyini icra etməyə məcburdur. Əgər iddiaçı üzərinə götürdüyü öhdəliyini icra edə bilməzsə, həmin şəxslərin hüquqları pozulacaqdır. Bununla belə, cavabdeh öz davranışları ilə iddiaçının digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla yanaşı, onun həmin sərəncamdan irəli gələn hüquqlarının həyata keçirməsinin qarşısını alır, digər çoxsaylı sakinlərin mənzil hüquqlarının vaxtında təmin olunmasına əngəl törədir, mənzilinə görə aşkar tənasübsüz əvəz əldə etməyə məcburetməyə çalışır. Bu səbəbdən də məhkəmə cavabdehin hərəkətlərini hüquqdan sui-istifadə hesab edir. Hansı ki, Mülki Məcəllənin 16.1-ci maddəsində qeyd edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.6-cı maddəsində qeyd edilmişdir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, iddiaçının cavabdehə təklif etdiyi əvəz (kompensasiya) qeyd olunan sahə ilə bağlı mövcud təcrübəyə uyğun olmaqla, kifayət qədər ədalətli və ağlabatandır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı MTK tərəfindən sökülərək əvəzində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq Prospekti 7 ünvanında yeni tikiləcək 4 saylı binanın 3-cü mərtəbəsində 307 saylı, 3 otaqlı, ümumi sahəsi 104,35 kv.m (içdən-içə 94 kv.m) olan təmirli mənzil verilməklə, əlavə artırılmış hissənin əvəzinə 29.760 manat kompensasiya və mənzildən çıxarıldığı vaxtdan yeni təmirli mənzil təhvil verilənədək hər ay 450 manat kirayə haqqı ödənilməklə Cavabdeh ünvan 6 ünvanında olan 15 saylı mənzil üzərində mülkiyyət (sahiblik, istifadə, sərəncam) hüququna xitam verilməli, mənzil cavabdeh tərəfindən boşaldılmalı, ödənilmiş dövlət rüsumu İddiaçı MTK-ya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat vəsait də iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. İddiaçı MTK tərəfindən sökülərək əvəzində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq Prospekti 7 ünvanında yeni tikiləcək 4 saylı binanın 3-cü mərtəbəsində 307 saylı, 3 otaqlı, ümumi sahəsi 104,35 kv.m (içdən-içə 94 kv.m) olan təmirli mənzil verilməklə, əlavə artırılmış hissənin əvəzinə 29.760 (iyirmi doqquz min yeddi yüz altmış) manat kompensasiya və mənzildən çıxarıldığı vaxtdan yeni təmirli mənzil təhvil verilənədək hər ay 450 (dörd yüz əlli) manat kirayə haqqı ödənilməklə Cavabdeh ünvan 6 ünvanında olan 15 saylı mənzil üzərində mülkiyyət (sahiblik, istifadə, sərəncam) hüququna xitam verilsin və mənzil cavabdeh tərəfindən boşaldılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən cəmi 100 (bir yüz) manat məbləğində vəsait İddiaçı MTK-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar