Məhkəmə qərarları › İş №2(001)-3006/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3006/2024

14.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3006/2024 14.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı (Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzilin boşaldılması və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini azaldaraq məhkəmədən X4 məxsus ünvan 1 ünvanında yerləşən 23 saylı mənzil üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, həmin mənzilin sökülməsi, İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət 23 saylı mənzilinin yerində, çox mərtəbəli yaşayış binası olan 4 saylı evin/binanın 4-cü mərtəbəsində olan 407 saylı, 3 otaqlı yeni mənzilin, ümumi (oxdan-oxa) 104 m2, içdən-içə 94 m2 olan mənzilin cavabdeh X1 mülkiyyətinə verilməsi, mənzilin sahə nisbətlərinin əvəzləşdirilməsi nəticəsində 39.55 m2 sahənin hər m2 üçün 1200 manat olmaqla cavabdehlərə 47 460 manat kompensasiyanın verilməsi, X4 hər ay ödənilməli olan 400 manat kirayə haqqı məbləğinin artırılaraq 450 manat olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli, 8 saylı qərarının icrasının təmin edilməsi məqsədi ilə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 29 yanvar 2016-cı il tarixli, 18 saylı Sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yerləşən 1.2179 ha torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir və bununla bağlı Binəqədi rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında müqavilə imzalanmışdır. "xxxx" MMC təşkilati hüquqi formasını dəyişərək hazırda MTK kimi fəliyyət göstərməkdədir və “RELT HOUSE" MTK "xxxx" MMC-nin hüquqi varisidir. "RELT HOUSE” MTK Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 29 yanvar 2016-cı il tarixli, 18 saylı Sərəncamının və Binəqədi rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında imzalanmış müqaviləyə əsasən "RELT HOUSE” MTK sözügedən ərazidə yaşayan sakinlərlə danışıqlar aparmaqla qarşılıqlı razılaşmaya əsasən həmin sakinlərə tikiləcək yeni yaşayış binasından ev və ya mənzilinin qarşılığında kompensasiya verməklə ərazidə olan sakinlərin köçürülməsi işlərinə başlamış və prosess hazırda davam etməkdədir. Aparılmış işlər nəticəsində ərazidə yaşayan sakinlərin əksəriyyəti ilə müqavilələr imzalanmış, ilkin razılıqlar əldə olunmuşdur. Lakin bir neçə sakinlər də var ki, ilkin razılıqlar olsa da sonradan yaranmış vəziyyətdən istifadə edərək Şirkətdən evinin dəyərinin 2-3 qatını tələb etmək məqsədi ilə qanunsuz zəbt etdikləri əraziləri də əlavə edərək külli miqdarda məbləğ tələb edirlər. Biz isə MTK olaraq belə hallarda sakinlərə bu işlərin yalnız MTK-nın maddi maraqlarına xidmət etmədiyini, əsas olaraq şəhərin hazırki görünüşünə xələl gətirən istismar vəziyyəti keçmiş və əsasən qəzalı vəziyyətdə olan binaların əvəzinə müasir tələblərə cavab verən, müasir və şəhərin görnüşünü müasir tələblərə uyğunlaşdırılmasına yönəldiynii izah edirlər. Bəzi sakinlər tərəfindən mülkiyyətlərindən sui-istifadə kimi hallar isə köçürülmüş digər sakinlərin mənzillə təmin olmasını uzatmaqla yanaşı şirkətə də hər gün külli miqdarda maddi ziyan vurmaqdadır. Əgər belə davam edərsə nəzərdə tutulmuş layihəni yekunlaşdırmaq mümkünsüz ola bilər. Həmin fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 60% -100% (arası) artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 400 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən bir çox ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Bunlardan savayı sakinlərin qanunsuz, mülkiyyətindən tam kənar zəbt etdiyi ərazilər də iddiaçı tərəfindən razılaşdırılmaqla nəzərə alınır. Lakin, Cavabdeh (Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 7 ünvanında yerləşən 62.10 kv.m ü/s ibarət 23 saylı mənzili) iddiaçıdan kirayə haqqı almaqla müvəqqəti başqa yaşayış yerinə köçməsi və yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən (individual razılıqla 50%-100% artıq) təmirli mənzili qəbul etməkdə razılıq əldə etmək mümkün olmamışdır. Tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehlə razılıq əldə etməyin mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. İddiaçı olaraq artıq maliyyə itkilərinə məruz qalırlar. İllərdir ki, öz yaşayış sahələrinin yaxşılaşdırılmasını gözləyən və artıq şirkətlə müqavilə bağlamış şəxslər cavabdeh kimi bir neçə sakinlərin hüquqdan suiistifadə hallarına görə öz arzularına çata bilmirlər. Binanın tikilməsi barəsində Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 18 saylı Sərəncamının göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi sərəncamın tərəfimizdən icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir. Cavabdeh həmin mənzildə yaşamır. Başqasına kirayə verib. Onun dediyi kimi heç nə itirmir, illərlə məhkəmələrdə süründürəcəyini və istədiyini alacağını aşkar formada bəyan edir. Həmin binalar istismar müddətini başa vuduğu üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin verdiyi arayışa əsasən qeyd edilən ev/bina qəzalı vəziyyətdədir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, “P” formada tikilməli olan yaşayış kompleksinin 2 binası sökülərək artıq yerində yeni bina tikilmişdir, üçüncü binanın isə 37 sakini ilə razılığa gəlinsə də cavabdehlə yanaşı başqa 2 mənzil mülkiyyətçisi ilə mübahisələri davam edir. Hansı ki, nəzərdə tutulan üçüncü binanın uzun müddətdir ki tikilə bilməməsi, onların və digər mülkiyyətçilərin hüquqlarını pozur. Cavabdeh istismara yararsız olan binada yerləşən 62 kv.m mənzilinə görə onlardan 400 min manat pul tələb edir. Bu formada hüquqdan sui-istifadə etməklə, yüzlərlə şəxsin hüquqlarının pozulmasına səbəb olur. MTK da hər gecikdirilən gün üçün xeyli məbləğdə zərərə uğrayır. Cavabdeh məhkəməyə göndərdiyi teleqramında mübahisənin məhkəmədən kənar həllində maraqlı olduğunu desə də, inandırıcı deyil. Çünki iddianın məhkəməyə daxil olduğu 7 ay ərzində o, bir dəfə də MTK-ya müraciət etməmiş, əksinə uzun illərdir binanın söküntüsünə mane olmuşdur. Eyni zamanda analoji işlərlə bağlı artıq formalaşmış məhkəmə təcrübəsi vardır.

4. Sonuncu məhkəmə iclasında iştirak etməyərək, mübahisənin məhkəmədən kənar həllində maraqlı olduğunu bildirən və iclasın təxirə salınmasını xahiş edən cavabdehin nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etmişdir. Etirazını isə belə əsaslandırmışdır ki, ona təklif edilən kompensasiya ilə razılaşmır. Belə ki, pilot layihənin məqsədi onun rifahının yaxşılaşmasına yönəlmişdir. Əgər edilən təklif onun rifahını yaxşılaşdırmırsa o mülkiyyətindən məhrum edilə bilməz. O isə MTK-dan 400 min manat tələb edir. Ya da 400 min manat dəyərində həmin binadan ev istəyir. Bundan əlavə artıq 8 ildir ki, aralarında mübahisə vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli qərarının icrasının təmin edilməsi məqsədilə Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yerləşən 3 binanın yerində İddiaçı MMC tərəfindən 5 il müddətində yeni binalar tikib təhvil verməli idi. Lakin 8 il keçməsinə baxmayaraq, iddiaçı hələ də, 3-cü binanı tikməmişdir. Belə olan halda artıq Nazirlər Kabinetinin müvafiq qərarı qanunsuzdur. Onun mənzilinin sahəsi 120 kv.metrdir. Hətta tam təmirlidir. İlk gündən mənzilin pulunun verilməsini bildirmiş, yeni tikilən binadan mənzil istəməmişdir. Hazırda həmin ərazi yaxınlığında yeni tikilən mənzilin təmirsiz 1 kv.metrinin dəyəri 2000 manat təşkil edir. Lakin onun mənzili tam təmirlidir və 1 kv.metrinin dəyəri 3000 manat təşkil edir. Hesab edir ki, iddiaçının binanı tikməyə hazırda maddi imkanları yoxdur və iddiaçının binanı tikməsinə güvənmir. İddiaçıdan binanın hansı vəsaitlə tikilməsi barədə maliyyə arayışının məhkəməyə təqdim etməsini tələb edir. Bundan başqa iddiaçı mənzilə görə çox pul istədiyini bildirirsə, ona vermək istədiyi qiymətə həmin binadan ev versin. Ondan başqa heç kim mülkiyyətini qiymətləndirə bilməz. Ev qəzalı vəziyyətdə deyil. 2 il əvvəl qəzalı olduğu üçün binanın sökülməsi bildirilmişdir. Lakin Azərbaycan Respublikasının FHN-nin Tikintidə X3 Agentliyi 2018-ci ilin oktyabr ayında 7 saylı binaya vizual baxış keçirmişlər. İddiaçı 400000 manat verdiyi təqdirdə mənzildən çıxmağa razıdır. Mənzili sonuncu dəfə 10 il əvvəl təmir etmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 62.10 kv.metr qeyd edilsə də, mənzili binanın 3-cü mərtəbəsində yerləşir və yuxarı mərtəbə yerləşən mənzillərin ümumi sahəsi 1-ci mərtəbədə yerləşən mənzillərin ümumi sahəsindən 4-5 kv.metr çox olur.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 62.1 kv.m olan mənzil Cavabdeh xüsusi mülkiyyətindədir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyat aparılmışdır.

7. İddiaçı MTK-nın Nizamnaməsindən görünür ki, Kooperativ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin çevrilməsi nəticəsində yenidən təşkil edilmiş və onun hüquqi varisidir.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında qeyd edilmişdir ki, Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon icra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon icra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon icra Hakimiyyəti və Xəzər Rayon icra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabma inşa ediləcək çoxmənzilli yaşayış binalan üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını həyata keçirsinlər.

9. Bakı şəhər Binəqədi RİH Başçısının xx.xx.2016-cı il tarixli sərəncamının surətindən görünür ki, Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində 1,2179 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir. Həmin sərəncamda İddiaçı MMC-yə Binəqədi rayonu, Azadlıq Prospekti 5,7,9 saylı yaşayış binalarının sökülməsi, sakinləri ilə qarşılıqlı razılaşma əsasında yeni mənzillə təmin edilənədək kirayə haqqının verilməsi və.s həvalə edilmişdir.

10. Binəqədi Rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanan xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, tərəflər Binəqədi rayonu, Azadlıq prospekti və Zahid Qənbərov küçələrinin kəsişməsində yerləşən binanın tikintisi üçün NK qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və Rayon İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın verilməsi və.s barədə razılığa gəlmişlər. Şirkət müqavilə üzrə üzərinə öhdəlik götürmüşdür ki, binaların tikinti üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinləri ilə müqavilənin tarixindən 2 ay müddətindən gec olmayaraq tam razılıq əldə edərək, müqavilələr imzalayacaqdır; yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək həmin sakinlərə yaxın ərazilərdə şəraitli müvəqqəti yaşayış yerləri üçün kirayə haqqı verəcəkdir; binaların tikintisi üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 15-25 faiz artıq sahəsi olan, orta təmirli və razılaşdırılmış mərtəbələrdə mənzil sahəsi ilə təmin edəcəkdir; sakinlərə verilən sahələrin cəmi çıxıldıqdan sonra qalan sahənin 10 faiz təşkil edən hissəsini RİH-nin sərəncamına verəcəkdir və.s. Həmin müqavilədə qeyd edilmişdir ki, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öz öhdəliklərini icra edənədək qüvvədədir.

11. Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı MMC ilə Binəqədi Rayon İcra Hakimiyyəti arasında bağlanmış müqavilə və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 18 saylı Sərəncamı hal-hazırda qüvvədədir və bağlanmış müqavilənin şərtlərinə əməl edilməsi tövsiyyə edilir.

12. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərdövləttikintilayihə” DLİ-nin xx.xx.2018-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçələrinin kəsişməsində yerləşən 7 saylı yaşayış binası texniki cəhətdən yararsız vəziyyətdədir.

13. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli hesabatına əsasən, X4 məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7-də yerləşən 23 saylı mənzilin bazar dəyəri 118.000 manat təşkil edir.

14. Məhkəmə Ekspertiza Mərkəzinin 9/51xx-xx/4956 №-li, xx.xx.2024-cü il tarixli EKSPERT RƏYİNDƏN görünür ki, ünvan 1 ünvanında yerləşən 23 saylı mənzilin artırmasız içdən-içə sahəsi 64.2 m2 müəyyən olunur. Həmin mənzilin artırılmış hissəsinin içdən-içə sahəsi 39.55 m2 müəyyən olunur. Həmin mənzilə verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli **********73-05101-093004 reyestr nömrəli çıxarışa əsasən , X1 mülkiyyətinə verilmiş ümumi sahəsi 62.1 m2 olan 23 saylı mənzilin mövcud orta bazar dəyərinin təqribən 85000,0 manat məbləğində olduğu müəyyən edilir. Qeyd olunur ki, artırmalar nəzərə alındıqda 23 saylı mənzilin faktiki vəziyyət üzrə orta bazar dəyəri təqribən 142500,0 manat məbləğində müəyyən edilir. ünvan 1 ünvanına yaxın ərazilərdə yerləşən, yeni tikilən binalarda təmirli mənzillərin 1 m2-nin dəyərinin təqribən 2200 manat, təmirsiz mənzillərin 1m2-nin dəyərinin isə təqribən 1745 manat olduğu müəyyən edilmişdir. ünvan 1 ünvanına yaxın ərazilərdə yerləşən mənzillərin aylıq kirayə haqqı təqribən 450,00 manat müəyyən edilir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

15. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçələrinin kəsişməsində yerləşən 7 saylı yaşayış binası istismar müddətini bitdiyindən, şəhərin görkəminə xələl gətirdiyindən və istifadə üçün texniki cəhətdən yararsız olduğundan NK-nin xx.xx.2016-cı il tarixli qərarına əsasən həmin binanın sökülməsi və yerində yeni binanın inşa edilməsi nəzərdə tutulmuşdur. Həmin qərarın icrası ilə bağlı BRİH qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkəti ilə razılıq əldə edilmiş və bu barədə İddiaçı MMC ilə BRİH arasında müqavilə bağlanmışdır. NK-nin həmin qərarından irəli gələrək BRİH xx.xx.2016cı il tarixli sərəncam vermiş və Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində 1,2179 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilmiş və Binəqədi rayonu, Azadlıq prospekti 5,7,9 saylı yaşayış binalarının sökülməsi və.s MMC-yə tapşırılmışdır.

16. Binəqədi rayonu, Azadlıq prospektində 5 və 9-cu binalar sökülsə də, 7-ci bina hal-hazırədək sökülə bilməmişdir. Belə ki, həmin binanın əksər sakinləri ilə MTK arasında razılıq əldə edilsə də, cavabdeh və bir neçə sakinlə razılıq əldə edilməmişdir. Cavabdeh iddiaçının təklif etdiyi kompensasiya məbləğini qəbul etmir və iddiaçıdan ya 400 min manat, əks halda həmin dəyərdə mənzilin verilməsini tələb edir. İddiaçı isə cavabdehin tələb etdiyi kompensasiyanı hüquqdan sui-istifadə hesab edir və digər şəxlərin hüquqlarının pozulması kimi qiymətləndirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

17. İşin faktiki hallarından görünür ki, iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi və Mülki Məcəllənin 203-cü maddəsi təşkil edir.

18. Bununla bağlı Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin qərarlarında formalaşmış hüquqi təcrübəyə nəzər yetirək.

19. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).

20. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin Vİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi).

21. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısının dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı).

22. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisi ilə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı).

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi dövlət orqanlarının əmlakdan dinc istifadəyə hər hansı müdaxiləsinin qanuni olmasını tələb edir. Həmin maddənin birinci bəndinin ikinci cümləsi əmlakdan məhrumetmənin “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməsinə icazə verir (İatridis Yunanıstana qarşı iş üzrə 1999-cu il 25 mart tarixli Qərar § 58; Yunanıstanın keçmiş kralı və digərləri Yunanıstana qarşı iş üzrə 2000-ci il 23 noyabr tarixli Qərar; Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar).

24. Mülkiyyətə müdaxilənin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilmə şərti dövlətdaxili hüquq normalarında özbaşınalıqdan müdafiəni təmin edən kifayət qədər əlçatan və dəqiq normaların mövcud olmasını və onlara riayət edilməsini tələb edir (X5rşı iş üzrə 1986-cı il 8 iyul tarixli Qərar § 110; Vistins və Perepjolkins Latviyaya qarşı iş üzrə 2012-ci il 25 oktyabr tarixli Qərar § 95).

25. Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniowski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun, §147-148, 150; Scordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart, § 93 tarixli Qərarları). Tələb edilən ədalətli balansa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (Böyük Palatanın X7rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli Qərarı, § 115). Bundan əlavə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə görə, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ya ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Həmin Məcəllənin 4.2-ci maddəsində Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri kimi göstərilmişdir.

26. Həmin Məcəllənin 17.5-ci maddəsinə əsasən, ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır.

27. Yuxarıda göstərilən mövqedən də aydın olduğu kimi mülkiyyət hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Bu mənada dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusion şərtlərə cavab verdikdə, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Bununla belə mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.

28. Nazirlər Kabinetinin yuxarıda qeyd edilən Qərarı da insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi məqsədini daşıyır. Bu istiqamətdə hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakların mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması tikinti şirkətlərinin üzərinə bir vəzifə kimi qoyulur.

29. Hazırki işdə isə yaranmış mübahisəni göstərilən meyarlar üzrə yoxladıqda məhkəmə o qənaətə gəlir ki, iddiaçının tələbi əsaslıdır.

30. Belə ki, əvvəla hazırkı mübahisə baxımından iddiaçının hazırkı tələblərlə çıxış etməsi cavabdehin mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Çünki tərəflər arasında cavabdehə məxsus mənzilin sökülməsi ilə bağlı ixtilaf yoxdur. Yəni cavabdeh də istismar müddəti ötmüş binanın sökülməsinin zərurətdən irəli gəldiyinin, bina sakinlərinin böyük əksəriyyətinin razı olduğunun fərqindədir. Hansı ki, həmin bina 1926-cı ildə tikilmişdir və istismar müddəti başa çatmışdır. Eyni zamanda şəhərin memarlıq görkəminə xələl gətirir, mövcud şəhərsalma normalarına cavab vermir və nəticə etibarı ilə texniki cəhətdən qəzalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı mübahisədə mülkiyyət hüququna müdaxilənin qanuniliyinin, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilib-edilmədiyinin yoxlanılmasına zərurət yoxdur. Bununla belə, tərəflər arasında kompensasiyanın həcmi barəsində mübahisə vardır və məhkəmə araşdırmasının predmetini hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması və müdaxilənin mütənasibliyi təşkil edir.

31. Bununla bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı aşağıdakı təcrübəyə nəzər yetirək.

32. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

33. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 iyun 2021-ci il tarixli qərarında qey edilmişdir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.

34. İşin hallarından müəyyən edildiyi kimi cavabdehin mülkiyyətində olan mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan hissəsi 62.1 kv.m-dir və ekspert rəyində həmin mənzilin artırmasız içdən-içə sahəsi 64.2 kv.m-dir. İddiaçı isə bunun əvəzində ona içdən-içə 94 kv.m mənzil təklif edir. Göründüyü kimi iddiaçı cavabdehə mövcud vəziyyətdən təxminən 50 faiz daha çox verir. Bundan başqa iddiaçının evinin bazar qiyməti 142500 manat təşkil edir, halbuki, iddiaçı ona ümumi sahəsi 104 kv.m olan mənzil verir və həmin ərazidə təmirli yeni binaların 1 kv.m 2200 manat təşkil edir, bu isə 228000 manat edir. Hərçənd ki, cavabdeh iddiaçının öz mənzillərini bundan da baha satdığını bildirir. Bu isə əksinə cavabdehin mənafeyinə uyğun olan haldır.

35. Bundan əlavə iddiaçı cavabdehin qanunsuz artırdığı 39.55 kv.m hissəsin hər kvadratmetrinə 1200 manat verir. Hansı ki, bu məbləğ qanuni tikilinin dəyərinin yarısından da çoxdur.

36. Bundan başqa cavabdehə də məlumdur ki, həmin binaların əksər sakinləri ilə iddiaçı arasında razılıq əldə edilmişdir və iddiaçı hər ay onlar qarşısında üzərinə düşən öhdəliyini icra etməyə məcburdur. Əgər iddiaçı üzərinə götürdüyü öhdəliyini icra edə bilməzsə, həmin şəxslərin hüquqları pozulacaqdır. Bununla belə, cavabdeh öz davranışları ilə iddiaçının digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla yanaşı, onun həmin sərəncamdan irəli gələn hüquqlarının həyata keçirməsinin qarşısını alır, digər çoxsaylı sakinlərin mənzil hüquqlarının vaxtında təmin olunmasına əngəl törədir, mənzilinə görə aşkar tənasübsüz əvəz əldə etməyə məcburetməyə çalışır.

37. Bu səbəbdən də məhkəmə cavabdehin hərəkətlərini hüquqdan sui-istifadə hesab edir. Hansı ki, Mülki Məcəllənin 16.1-ci maddəsində qeyd edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.6-cı maddəsində qeyd edilmişdir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

38. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, iddiaçının cavabdehə təklif etdiyi əvəz (kompensasiya) qeyd olunan sahə ilə bağlı mövcud təcrübəyə uyğun olmaqla, kifayət qədər ədalətli və ağlabatandır.

39. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MTK tərəfindən sökülərək əvəzində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq Prospekti 7 ünvanında yeni tikiləcək 4 saylı binanın 4-cü mərtəbəsində 407 saylı, 3 otaqlı, ümumi sahəsi 104 kv.m(içdən-içə 94 kv.m) olan təmirli mənzil verilməklə, əlavə artırılmış hissənin əvəzinə 47460 manat kompensasiya və mənzildən çıxarıldığı vaxtdan yeni təmirli mənzil təhvil verilənədək hər ay 450 manat kirayə haqqı ödənilməklə cavabdeh X1 ünvan 5 ünvanında olan 23 saylı mənzil üzərində mülkiyyət(sahiblik, istifadə, sərəncam) hüququna xitam verilməlidir. Tətbiq edilən prosessual normalar:

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

41. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

42. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

43. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

44. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

45. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı MTK tərəfindən sökülərək əvəzində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq Prospekti 7 ünvanında yeni tikiləcək 4 saylı binanın 4-cü mərtəbəsində 407 saylı, 3 otaqlı, ümumi sahəsi 104 kv.m(içdən-içə 94 kv.m) olan təmirli mənzil verilməklə, əlavə artırılmış hissənin əvəzinə 47460 manat kompensasiya və mənzildən çıxarıldığı vaxtdan yeni təmirli mənzil təhvil verilənədək hər ay 450 manat kirayə haqqı ödənilməklə cavabdeh X1 ünvan 5 ünvanında olan 23 saylı mənzil üzərində mülkiyyət(sahiblik, istifadə, sərəncam) hüququna xitam verilməli, ödənilmiş dövlət rüsumu İddiaçı MTK-ya aid edilməlidir.

46. Bundan əlavə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat vəsait də iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı MTK tərəfindən sökülərək əvəzində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq Prospekti 7 ünvanında yeni tikiləcək 4 saylı binanın 4-cü mərtəbəsində 407 saylı, 3 otaqlı, ümumi sahəsi 104 kv.m(içdən-içə 94 kv.m) olan təmirli mənzil verilməklə, əlavə artırılmış hissənin əvəzinə 47460 (qırx yeddi min dörd yüz altmış) manat kompensasiya və mənzildən çıxarıldığı vaxtdan yeni təmirli mənzil təhvil verilənədək hər ay 450 (dörd yüz əlli) manat kirayə haqqı ödənilməklə cavabdeh X1 ünvan 5 ünvanında olan 23 saylı mənzil üzərində mülkiyyət(sahiblik, istifadə, sərəncam) hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza xərcinin əvəzi qismində 100 (yüz) manat vəsait İddiaçı MTK-dan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar