Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3007/2021 05.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsi cəlb edilməklə) akt qeydinə düzəliş edilməsi barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən e t d i m: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən xx xxxx 2009-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində adının “Bacıxanım” deyil, “Bəyimxanım” kimi düzəliş edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, doğum haqqında təkrar şəhadətnamə almaq üçün Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin, Sumqayıt şəhər qeydiyyat şöbəsində ona bildirilmişdir ki, xx xxxx 1960-cı il tarixdə 88 saylı doğum haqqında akt qeydlərində onun adı “Bəyimxanım” kimi qeyd edilmişdir. Buna baxmayaraq, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən xx xxxx 2009-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində adı yanlış olaraq “Bacıxanım” kimi qeyd olunmuşdur. Lakin, onun təhsil haqqında şəhadətnaməsində adı “Bəyimxanım” kimi qeyd edilmişdir. Bu səbəbdən ona doğum haqqında təkrar şəhadətnamə verilmir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.7-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır; 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır; 340-cı maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 1-ci və 2-ci bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin İİ hissəsinə əsasən Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. Bu maddənin ikinci hissəsində göstərilən hallardan biri baş verdikdən sonra vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bir ay müddətində vəsiqəni verən orqana müraciət etməlidir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə əsasnamənin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Qeyd olunan əsasnamə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2013-cü il tarixli Fərmanı ilə təsdiq edilmişdir. Göründüyü kimi, məhkəmə xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır, hazırda isə ərizəçinin xahişi şəxsiyyət vəsiqəsinin üzərindəki məlumata düzəliş edilməsi ilə bağlıdır. Belə olan halda, ərizəçinin xahişinə məhkəmə icraatı qaydasında baxıla bilməz. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən görünür ki, vətəndaş şəxsiyyət vəsiqənin üzərindəki məlumatların səhv olduğunu müəyyənləşdirildikdə vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün vəsiqəni verən orqana müraciət etməlidir. Şəxsiyyət vəsiqəsinin verilməsi isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir; 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə izah edilməlidir ki, o, şəxsiyyət vəsiqəsi üzərindəki məlumata düzəliş edilməsi ilə bağlı bunu həyata keçirən inzibati orqana, yəni Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq qurumuna müraciət etməli, həmin orqan imtina etdikdə müvafiq tələblə inzibati məhkəməyə müraciət edilməlidir. Eyni zamanda, onu da izah etməyi zəruri hesab edirəm ki, ümumi məhkəməyə ərizə verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən 10 manat məbləğində dövlət rüsumu ödənilir. Həmçinin, qeyd edirəm ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində dövlət rüsumu ödəməkdən azad olunanların dairəsi göstərilmişdir. Lakin, qeyd olunan maddədə birinci qrup əlilliyi olan iddiaçılar (və ya ərizəçilər) dövlət rüsumu ödəməkdən azad olunanların dairəsinə aid edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsi cəlb edilməklə) akt qeydinə düzəliş edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə şəxsiyyət vəsiqəsi üzərindəki məlumata düzəliş edilməsi ilə bağlı bunu həyata keçirən inzibati orqana, yəni Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq qurumuna müraciət etmək hüququ, düzəliş edilməsindən imtina edildikdə isə müvafiq tələblə İnzibati məhkəməyə iddia vermək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3007/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3007/2021
05.03.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver