Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3018/2022 09.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Smile by Dr.Bakhtiyar MMC-yə qarşı xx.xx.2021-ci il tarixli 12 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsinə, bu barədə onun əmək kitabçasında qeydin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə, xx.xx.2021-ci il tarixdən məcburi iş buraxmaya görə 7 ay x 450=3150 manat əmək haqqının, hüquqi xidmətə görə 120 manatın, dövlət rüsumuna görə 100 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Smile by Dr.Bakhtiyar MMC-yə qarşı əmək kitabçasında yazılmış 70-ci maddəsinə əsasən sözlərinin öz ərizəsi ilə işdən azad edilsin sözləri ilə əvəz edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə, işsiz qaldığı müddət üçün 2400 manat, məhkəmə xərclərinə görə 220 manat olmaqla cəmi 2620 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı cavabdeh Smile by Dr.Bakhtiyar MMC-yə qarşı olan tələblərini dəqiqləşdirərək xx.xx.2021-ci il tarixli 12 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsinə, bu barədə onun əmək kitabçasında qeydin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə, xx.xx.2021-ci il tarixdən məcburi iş buraxmaya görə 7 ay x 450 =3150 manat əmək haqqının, hüquqi xidmətə görə 120 manatın, dövlət rüsumuna görə 100 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Smile by Dr.Bakhtiyar klinikasında xx.xx.2019-cu il tarixdə əmək fəaliyyətinə başlamış və bu klinikada iş saatının çox olması və əmək haqqının az olması səbəbindən öz ərizəsi ilə işdən azad olunmuşdur. Bir müddət fasilə verdikdən sonra həmin kilinika ona zəng edib yenidən işə dəvət edərək əmək haqqında nisbətən artım olduğunu demiş, o, təklifi qəbul edərək işə başlamışdır. O, 1 il 1 ay qarşılıqlı hörmət və heç bir problem olmadan həmin müəssisədə çalışmışdır. Lakin rəhbərlik tərəfindən iş vaxtından əlavə 1 saat da işləməli olduğu ona bildirilmişdir. O isə Nümayəndə 8 saatdan artıq işlədiyini, əlavə 1 saat işləməsinin onun hüquqlarını pozduğunu, deyib əlavə 1 saat işləməkdən imtina etmişdir. Bundan sonra direktor Nümayəndə ona mədəniyyətsizlik etmə, çıx otaqdan deyib onu otağından qovmuş, bundan sonra o, əmək müqaviləsində müəyyən olunmuş iş saatına uyğun işləmiş, cavabdeh isə onu işdən qovmaq məqsədi ilə başqa işçilərdən fərqli qaydalar tətbiq etməyə başlamışdır. Bütün bunlara baxmayaraq o, öz işini itirməmək üçün işini layiqincə yerinə yetirməyə çalışmışdır. O, öz şəxsi əşyasını götürmək üçün qarderoba düşərkən bundan istifadə edən rəhbərlik guya onun həmin saatda işdə olmadığını, iş rejiminə əməl etmədiyini səbəb gətirərək ona eyni gündə xəbərdarlıq etmədən həm töhmət vermiş, həm də onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişdir. Rəhbərliklə münasibəti pozulduğundan o, öz ərizəsi ilə işdən çıxmaq istəmiş, amma qarşı tərəf ona əmək haqqının əlavə 50 manat artırılacağını bildirərək, qalıb işini davam etdirməyini təklif etmişdir. O, bu təkliflə razılaşsa da, cavabdeh onu aldadaraq xx.xx.2021ci il tarixdə 12 saylı əmrlə onu Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən azad etmişdir. Baxmayaraq ki, onun klinikada gördüyü işlərdən nə işəgötürənə, nə də işçilərə heç bir ziyan dəyməmişdir. O, Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən 8 bəndin hər hansı birini əks etdirən hərəkət etməmişdir. Əksinə olaraq, iş funksiyasını, vəzifələrini məsuliyyətlə və artıq saatlarla yerinə yetirmişdir. Bir il işlədiyi halda ona məzuniyyət günləri düzgün hesablanmadığından cavabdeh onun şikayəti əsasında cərimə edilmişdir. Smile by Dr.Bakhtiyar MMC-də müəssisə rəhbərinin özünəməxsus iş qrafiki ilə nizamlanan həftədə 50-55 saatdan ibarət iş saatı müəyyən olunduğundan o, 1 il işlədikdən sonra məzuniyyətə 7 gün buraxılmaqla hər gün iş saatından artıq işləmiş, məzuniyyəti isə 15 gün hesablanmışdır. Ona 1 il işlədikdən sonra məzuniyyət götürməsinə icazə verilmişdir. Rəhbərliyin qərəzli rəftarı ona mənəvi zərər vurmaqla onun sarsıntı və stress keçirməsinə, sağlamlığına zərər vurmasına səbəb olmuşdur. Kaska taxılmaması barədə işçilər Nümayəndə nömrəsinə sms yazmış, direktor cavab vermədiyindən onlar bunu razılıq olaraq qəbul etmişlər. Ona görə o, həmin vaxt kaska taxmamışdır. O, özünə məxsus əşyanı qarderobdan götümək məqsədi ilə iş yeri olan sterilizasiya otağını tərk etmişdir. Cavabdehə məxsus telefondan istifadə ediyinə görə isə o, Nümayəndə üzr istəmişdir. Halhazırda o, yeni işə qəbul edilmişdir. Cavabdehlə işləmək istəmir. Ona görə də, cavabdeh Smile by Dr.Bakhtiyar MMC-nin xx.xx.2021-ci il tarixli 12 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsinə, bu barədə onun əmək kitabçasında qeydin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə, xx.xx.2021-ci il tarixdən məcburi iş buraxmaya görə 7 ay x 450=3150 manat əmək haqqının, hüquqi xidmətə görə 120 manatın, dövlət rüsumuna görə 100 manatın cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X13 İddiaçı izahatını təsdiq edərək izahatında göstərmişdir ki, cavabdeh Nümayəndə tərəfindən İddiaçı barəsində tətbiq olunmuş 70-ci maddənin “ç” bəndini pandemiya dövründə qərəzli şəkildə və qanunsuz olaraq tətbiq etmişdir. Çünki İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərində göstərilən əməllər Smile by Dr.Bakhtiyar MMCdə çalışarkən pozulmamışdır. Bundan əlavə iddiaçının elektron ünvanına töhmətin elanı barədə nə yazılı, nə də şifahi bildiriş göndərilməmişdir. Halbuki 70-ci maddənin tətbiq olunması barədə və əmək müqavilələrinin qüvvəyə minməsi, qüvvədən düşməsi barədə elektron poçta məlumat daxil olmuşdur. Bağlanmış müqaviləyə əsasən işçinin əlavə saat qalıb işləməsi qarşılıqlı razılaşmalar əsasında olmalıdır. Lakin tamamilə müqavilədən kənar olaraq iş qrafiklərinə əlavə müdaxilələr edərək, həftədə 36 saat işləmək əvəzinə 45- 50 saat iş tətbiq edilmişdir. Yeni iş saatları tətbiq olunduqda onun müqabilində isə əmək haqqının yenə də əmək müqaviləsi normaları pozularaq düzgün hesablanmaması narazılıqlar yaradaraq iddiaçını artıq saat işləməkdən imtina etməyə vadar etmişdir. İddiaçı öncədən müdiriyyətə bildirmişdir ki, saat 19:00-dan sonra işləmək imkanı yoxdur. İddiaçı Nümayəndə otağının qapısını döyüb icazə istəyərək otağına daxil olub daha əvvəllər bildirdiyi kimi, 19:00-dan əlavə iş yerində qala bilməyəcəyini demişdir. Nümayəndə kobud cavabından sonra İddiaçı həkimi tək qoymamaq üçün iş yerində qalmış, lakin direktora bundan sonra iş saatından əlavə qala bilməyəcəyini bildirsə də Nümayəndə iddiaçını eşitmək istəmədiyini demişdir. Bundan sonra səhəri gün, yəni 2021-ci il sentyabrın əvvəlində İddiaçı başqa işçilərdən fərqli olaraq yeni iş rejimi tətbiq edilmiş, iddiaçının işi həkim asistentliyindən sterilizasiyada alət paketləmə işinə əvəz olunmuşdur. Digər işçilər klinika daxilində iş otaqlarını tərk edə bildikləri halda bu iddiaçı üçün qadağan edilmişdir. İddiaçı iş vaxtı inzibati binanı, yəni iş yerini tərk etməmiş, sadəcə olaraq qarderoba düşərək lazım olan əşyanı götürüb yenidən iş otağına qayıtmışdır. Həmçinin, iddiaçının Əmək Müfəttişliyinə şikayət etməsinin səbəbi məzuniyyət haqqının gec verilməsi deyil, qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin düzgün tətbiq edilməməsi, Nümayəndə iş saatlarının müəssisənin özünə sərf etdiyi kimi müəyyən olunması, iş saatlarına görə əmək haqqının düzgün hesablanmaması və yeddi gün məzuniyyətdə olduğu halda on beş gün hesablanması olmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə klinikada mühasib işləyən N.Oruczadəyə yaxınlaşaraq prinsipli iş yerində işləmək istəmədiyini bildirərək işdən azad olmaq istədiyini bildirmişdir. Mühasib isə münasibətlərinin əvvəlki vəziyyətə qayıdacağını bildirərək əmək haqqının 50 manat artırılacağını demişdir. Həmçinin onu da əlavə etmişdir ki, Nümayəndə ölkə xaricində olduğundan dediklərini rəsmiləşdirə bilmir. Lakin bu sözlərə baxmayaraq, qərəzli şəkildə xx.xx.2021-ci il tarixdə iddiaçıya 3 töhmət elan olunmuş, səhəri gün isə işə getdiyi zaman İddiaçı 70-ci maddənin “ç” bəndi tətbiq olunaraq işdən azad edilmişdir. N.Oruczadə iddiaçıya son haqq-hesab zamanı 7 gün məzuniyyətdə olduğu halda 15 gün məzuniyyətdə olduğunu bildirmişdir. Mühasib iddiaçıdan 3 töhmətin verilməsi haqqında sənədi imzalamağı istəmiş, o isə imzalayacağı sənədlərin surətini tələb etmiş, verilmədikdə isə sənədləri imzalamaqdan imtina etmişdir. Bunun nəticəsində son haqq-hesab zamanı iddiaçıya 8 günlük əmək haqqı verilməmişdir. Saat 19:45 radələrində iddiaçı iş yerini deyil, otağı tərk etdikdə klinikada İddiaçı və resepsiondan başqa heç kim olmadığından otağı kiməsə təhvil vermək mümkün olmamışdır. Nümayəndə gənclərin qanunları dəqiq bilməmələrindən sui-istifadə edir. Valideyin olaraq o, Nümayəndələ görüşmək istəsə də, Nümayəndə onu qəbul etməmişdir. Hal-hazırda İddiaçı yeni iş yerində çalışır. Yeni işə qəbul olunarkən işəgötürənin rəhbəri valideyn olaraq onu da qəbul etmiş, əmək müqaviləsinin şərtlərini birlikdə müzakirə etmişlər. İddiaçı yeni iş yerində çalışır və heç bir problemlə üzləşmir. Bu səbəbdən İddiaçı əmr ləğv edildikdən sonra cavabdehlə işləmək istəmir. İşçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə bir və ya bir neçə vəzifə, ixtisas yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq iş və ya göstərməli olduğu xidmətlərin dairəsi anlaşılır. İddiaçı isə öz əmək funksiyasını yerinə yetirmişdir. Yəni qəsdən, səhlənkarlıqla, etinasızlıqla heç bir xəstəyə, işçilərə və ya müəssisəyə ziyan vurmamışdır. Tibbi ləvazimatları təmiz saxlamış, həim göstərişlərini sözsüz yerinə yetirmişdir. Müsəssisədə ümumiyyətlə işçidən soruşulmadan həftədə 50-55 saat iş qrafiki olmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə öz ərizəsinə əsasən, işdən çıxmaq istəsə də, onunla əmək müqaviləsinə xitam verilməmişdir. Rəfbərliyin iddiaçı ilə qərəzli davranışı iddiaçıya mənəvi ziyan vurmaqla, əsəbi sarsıntı keçirməsinə səbəb olmuşdur. İddiaçının keçirdiyi sterslər nəticəsndə sağlamlığına zərər vurulmuşdur. Ona görə də iddia tələblərini dəqiqləşdirərək İddiaçı barəsində tərtib edilən xx.xx.2021-ci il tarixli 12 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsinə, bu barədə iddiaçının əmək kitabşasında qeydin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə, xx.xx.2021-ci il tarixdən məcburi iş buraxmaya görə 7 ay x 450=3150 manat əmək haqqının, hüquqi xidmətə görə 120 manatın, dövlət rüsumuna görə 100 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh Smile by Dr.Bakhtiyar MMC-nin direktoru Nümayəndə iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Smile by Dr.Bakhtiyar klinikasının işçisi olmuş İddiaçı Elşad qızının iddia ərizəsində qeyd etdiyi fikirlər tamamilə əsassız və yalandır. Belə ki işçi klinikada işlədiyi zaman tibb kollecində sonuncu kurs tələbəsi olmuş və son il olduğu üçün praktikası başlamışdır. Bu zaman iddiaçı klinikaya yaxınlaşaraq praktikası olduğu üçün Dövlət Təhlükəsizlik Xidmətinin Hospitalında staj keçəcəyini bildirmişdir. O, direktor kimi təhsilə önəm verdiyini bildirərək bunu xoş qarşılamış, praktikası bitdikdən sonra nə vaxt istəsə klinikaya yaxınlaşmasını və onu təkrar işlə təmin edəcəyini bildirmişdir. İddiaçı təqribən avqust ayının sonları klinikada işləyən tibb bacısından boş vakansiya olub-olmamasını soruşmuş və boş vakansiya olduğundan danışıqlar üçün klinikaya gəlmişdir. Qarşılıqlı razılaşma əsasında iddiaçı xx.xx.2020-ci il tarixdən klinikada tibb bacısı olaraq işə başlamış, iyul ayının ortasına qədər işçi normal iş fəaliyyətini icra etmişdir. Lakin İddiaçı son zamanlar ona verilən tapşırıqları düzgün və vaxtında yerinə yetirməyə etiraz etdiyi üçün dəfələrlə şifahi xəbərdarlıq almışdır. Şifahi xəbərdarlıq nəticəsində işçi ərizə yazıb işdən çıxmaq istədiyini bildirmiş, işçiyə bununla bağlı heç bir etirazın olmayacağı cavabı verilmişdir. Daha sonra işçi yaxınlaşaraq ərizə yazmaq istəmədiyini, kollektivdən və işindən razı olduğunu, işini düzgün və vaxtında yerinə yetirəcəyini bildirmişdir. İddiaçı 23 iyul tarixdən başlayaraq işinə qeyri-ciddi yanaşaraq müəyyən səhvlərə yol vermişdir. O, direktor kimi işləmək istəmirsə ərizə yazıb işdən çıxmasını iddiaçıya bildirmiş, işçi isə səhvlərini bir daha təkrarlamayacağını deyərək üzr istəmiş və işinə daha ciddi yanaşacağını bildirmişdir. İşçiyə edilən güzəştlərə baxmayaraq o, işinin gətirdiyi məsuliyyəti heç cür dərk etməmiş və eyni səhvləri törətməyə davam etmişdir. Belə ki, çox kəskin pulpit ağrısı (kəskin pulpit - bu zaman mütləq sinir çıxardılmalı və kanal müalicəsi edilməlidir) ilə saat 18:30-da klinikaya müraciət edən pasientin müalicəsinin həmin gün ediləcəyini bildiyi zaman iddiaçı işləməkdən imtina etmişdir. Təcili hal yaranan pasientin qəbulu üçün klinikada direktor, həkim (Saiq Qəhrəmanov- endodont stomatoloq) və resepsion qaldığı halda iddiaçı təhkim olunduğu otağın asistenti olaraq pasienti həkimlə birlikdə qəbul etmək əvəzinə işləməkdən imtina etmiş, həkimi otaqda tək qoyaraq, direktorun otağına icazəsiz girib çox gec olduğunu və bu saatda işləməyəcəyini bildirmişdir. O, işçinin etdiyi hörmətsizliyin qarşılığında sakit halda iddiaçıya pasientin ağrılı vəziyyətdə təcili hallarda gəldiyi və həqiqətən onun müalicəsini sonraya saxlamağın mümkün olmadığı hallarda tibb işçiləri olaraq ona yardım edib köməklik göstərməyin ən əsas borcları olduğunu izah etmişdir. Buna baxmayaraq işçi öz sözlərinə davam etdiyindən o, iddiaçının otaqdan çıxmasını tələb etmişdir. İddiaçının etdiyi bu hörmətsizliyin qarşısında o, iddiaçıya hörmət edərək heç bir intizam tənbehi verməmiş, əksinə üzrlü hesab etmişdir. Lakin işçi ona edilən bu qədər güzəştdən də heç bir nəticə çıxarmamışdır. İddiaçı daha sonra etdiyi səhvlərə görə ƏMnin 186-cı maddəsinin 1-ci hissəsinin "xxxx" bəndinə əsasən 2 dəfə, 186-cı maddənin 1-ci hissəsinin "xxxx" bəndinə əsasən 1 dəfə intizam tənbehi almışdır. İşçinin intizam tənbehi almasının əsas səbəbləri pandemiya qaydasını pozaraq pasientlə iş zamanı qoruyucu vasitədən (üzü qoruyan kaskadan) istifadə etməməsi, işlədiyi yeri heç bir məlumat vermədən tərk etməsi və sonuncu dəfə sterilizasiyada alətlərin şəkillərini çəkmək üçün istifadə olunan klinikaya məxsus telefondan öz şəxsi işləri üçün istifadə etməsi olmuşdur. Pandemiyanın tüğyan etdiyi dövrdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri ilə əlaqədar dövlətin və Səhiyyə Nazirliyinin əhalinin sağlamlığı üçün bir sıra aldığı yeni qərarlar, göstərdiyi yüksək diqqət və qayğıya əsasən, klinikada direktorun əmrinə əsasən 2020-ci ilin mart ayından etibarən sanitariya-gigiyena qaydalarını daha da gücləndirmişdir. Belə ki, əvvəllər tibb bacıları və həkimlər iş zamanı maska, əlcək və kalpakdan istifadə edirdilərsə, xüsusi karantin rejimi dövründə personalın və pasientlərin təhlükəsizliyinin yüksək şəkildə təmin edilməsinə görə maska, əlcək və kalpakdan başqa məcburi kaska istifadəsinin də tətbiqinə başlanılmışdır. Kaskanın əhəmiyyətli dərəcədə önəmli olduğunu bütün xidmət sahəsindəki personalın istifadəsindən anlamaq mümkün olduğu halda, klinikanın bütün tibb bacıları iş fəaliyyəti zamanı bu qaydanı pozmuş və özbaşlarına kaska taxmağı dayandırmışlar. Bunun nəticəsi olaraq pandemiya qaydalarını pozduqları üçün İddiaçı, Fatimə Quliyeva, Zemfira Ağayeva və Aygün Cəfərova töhmət almışdır. İddiaçı digər inzibati tənbeh almasına səbəb olan iş yerini əsassız tərk etməsi olmuşdur ki, bu da yolverilməz haldır. İddiaçı işlədiyi sterilzasiya otağı klinikanın ən önəmli bölməsidir (pasientlərin sağlamlığı üçün istifadə olunan bütün alətlər orada xüsusi məhlullar və dərmanlar ilə steril olunur, daha sonra avtoklav paketləri ilə paketlənib avtoklava qoyulur və yekunda tam istifadəyə hazır hala gətirilir) və aparatlar işlədiyi zaman orda olan tibb bacısı gördüyü işi və alətləri digər tibb bacısına təhvil verməmiş və ya getmək istədiyi vaxt bütün aparatları söndürməmiş, qapını kilidləməmiş otağı boş qoyub heç bir yerə gedə bilməz. İddiaçı işlədiyi sterilzasiya otağını heç kimə məlumat vermədən, əvəzedici tibb bacısı qoymadan əsassız olaraq tərk etmişdir. Sterilizasiya otağının boş və qapısının açıq olduğunu klinikanın direktoru olaraq o, kamera-nəzarə sistemindən klinikaya baxdığı zaman görmüş və dərhal resepsionla əlaqə saxlayaraq sterilizasiya otağının tibb bacısının harada olduğunu soruşmuşdur. Resepsion tibb bacısının qarderobda olduğunu bildirmişdir. Daha sonra İddiaçı iş saatı bitmədiyi üçün təkrar sterilizasiya otağına keçmişdir. İntizam tənbehi ilə bağlı isə qeyd edir ki, klinika 3 mərtəbədən ibarətdir və daxili qaydalara əsasən tibb bacıları kliniki sahələrdə, klinikanın 1ci və 2-ci mərtəbəsində öz şəxsi telefonlarından istifadə edə bilməzlər (1-ci mərtəbə personala aid olduğu üçün orada telefonun istifadəsində heç bir məhdudiyyət yoxdur). Buna səbəb işin keyfiyyətinə zərər verən halların baş verməməsi, pasientlərin narahatçılığına yol verən hadisələrin olmamasıdır. Bu qaydaları bilən İddiaçı öz şəxsi instagram və whatsapp hesabını sterilizasiyada alətlərin şəkillərini çəkmək üçün istifadə olunan iş telefonunda icazəsiz və gizli aktivləşdirərək istifadə etmişdir. X1 da eyni səhvi etdiyi üçün töhmət almışdır. xx.xx.2021-ci il tarixdə tibb bacılarının iclası zamanı həftəlik iş gedişatının nəzarətinə baxış üçün kamera sistemi açıldıqda iddiaçının sterilizasiya otağında telefon ilə nəsə yazdığı görünmüşdür. Bununla əlaqədar o, telefonun ona gətirilməsini tələb etmiş, daha sonra telefon ona gətirildikdə işçiyə Kamran adlı şəxsdən ard-arda zəng və mesajlar gəlməyə başlamışdır. Klinikanın daxilində işçinin belə bir hərəkəti yolverilməzdir və klinikanın nizam-intizam qaydalarına tamamilə ziddir. Səhvlərinin dəfələrlə güzəştə gedilməsinə baxmayaraq, iddiaçının son davranışı və 3-cü töhmət alması nəticəsində o, iddiaçı ilə xx.xx.2020-ci il tarixdə bağlamış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. Yuxarıda tənbeh aldıqları üçün adları qeyd olunan digər işçilər səhvlərindən nəticə çıxararaq üzr istəmiş və hal-hazırda da işlərinə çox məsuliyyətlə yanaşaraq klinikada işləməyə davam edirlər. İddiaçı xx.xx.2021-ci il tarixdə əsassız olaraq işdən azad edilməsini əsas göstərərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə məktub yazaraq klinikadan şikayət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti işçinin şikayətini araşdırmış və işçinin işdən çıxarılmasında heç bir əmək pozunutusuna yol verilmədiyini aşkarlamışdır. Lakin, araşdırmalar zamanı işçinin məzuniyyətə çıxdığı zaman ona üç gün öncədən veriləcək olan məzuniyyət ödənişinin öncədən deyil, əmək haqqı ilə eyni vaxtda ödəndiyi aşkarlanmışdır. Əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə qanun pozuntusuna yol verildiyi üçün klinika 700 manat məbləğində cərimələnmişdir. İşçi işlədiyi dövr üçün 15 gün əmək məzuniyyətindən istifadə etmiş, yerdə qalan 17 məzuniyyət gününün ödənişi son-haqq hesabı zamanı ona ödənmişdir. İşçinin əmək məzumyyətinə çıxdığı zaman məzuniyyət ödənişi vaxtında deyil gec ödənilməsinin səbəbi avqust ayında işdən çıxan işçilərin son haqq-hesablarının və digər işçilərin əmək haqqı ödənişlərinin edilməsi, xx.xx.2021xx.xx.2021-ci il tarixləri arası mühasibin məzuniyyətdə olması və həmçinin cari hesabda kifayət qədər vəsaitin olmamasıdır ki, bu da belə bir halın yaranmasına səbəb olmuşdur. İddiaçı məzuniyyətə çıxan zaman ərizə ilə müraciət etməmiş, sadəcə olaraq şifahi formada bu istəyini bildirmiş və müəssisənin cari hesabında pul olmadığı ona bildirilmişdir. İşçi qeyd olunan hal ilə şifahi formada razılaşdığı üçün məzuniyyət əmri ilə o, məzuniyyətə buraxılmışdır. Ödənişin gec olunmasına baxmayaraq işçinin əmək məzuniyyəti və həmin ay üçün əmək haqqı ödənişi düzgün hesablanaraq xx.xx.2021-ci il tarixdə iddiaçının kart hesabına köçürülmüşdür. Onun işəgötürən kimi işçinin valideynlərini qəbul etmək vəzifəsi olmasa da, o, iddiaçının atasını qəbul etmək istəsə də, iddiaçı buna ehtiyacın olmadığını bildirmişdir. Bu halı iddiaçı ilə aparılan yazışmalar təsdiq edir. İddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmadığı əmək müfəttişi tərəfindən aparılan araşdırma zamanı da öz təsdiqini tapmadığından iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib iddia ərizəsinin təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən: Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər:
2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri.
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 187. İntizam tənbehinin verilməsi qaydaları.
1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Maddə 189. İntizam tənbehinin verilməsi şərtləri:
1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. İşəgötürən Smile by Dr.Bakhtiyar MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətsiz əmək müqaviləsindən müəyyən olunur ki, işçi aylıq əmək haqqı 260 manat olmaqla tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən işçi əmək müqaviləsinin ayrılmaz tərkib hissəsi olan vəzifə təlimatındakı öhdəlikləri yerinə yetirir. Əmək müqaviləsinin 3.3-cü bəndinə əsasən işçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir. Əmək müqaviləsinin 3.7-ci bəndinə əsasən işçi işəgötürənin əmlakına qayğı ilə yanaşmalı, əmək funksiyalarını yerinə yetirdiyi zaman işəgötürənin maraqlarını sədaqətlə qorumalı, işəgötürənin maraqlarını hər hansı şəxsin maraq və üçüncü tərəflərin maraqlarından üstün tutmalı, özünün bütün hərəkətlərini istinasız olaraq işəgötürənin xeyrinə olmasını təmin etməlidir. İddiaçı xx.xx.2000-ci il tarixdə tanış olaraq etiraz etməməsini öz imzası ilə təsdiq etdiyi Smile by Dr.Bakhtiyar MMC-nin xx.xx.2020-ci il tarixli personal üçün daxili qaydalarının 1-ci bəndindən müəyyən olunur ki, tibb bacılarının klinikanın tibbi sahəsində, yəni 1-ci və 2-ci mərtəbələrdə kalpak (baş örtüsü), uniformada tam olması, pasientlə iş aparılan zaman maska, əlcək və kaskanın olması şərtdir. Smile by Dr.Bakhtiyar MMC-nin personal üçün daxili qaydalarının 3-cü bəndindən müəyyən olunur ki, kliniki sahədə, yəni 1-ci və 2-ci mərtəbələrdə tibb bacılarına şəxsi mobil telefonlardan istifadə etmək qadağandır. Smile by Dr.Bakhtiyar MMC-nin mühasibi X5, həkimləri X6, X2, X7 və X8 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan müəyyən olunur ki, klinikanın tibb bacısı İddiaçı iş vaxtı ona verilən vəzifə öhdəliyini düzgün yerinə yetirməmiş, bundan əlavə pasientlə işlədiyi zaman maska və kaskadan düzgün istifadə etməyərək Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini kobud şəkildə pozmuşdur. İddiaçı Smile by Dr.Bakhtiyar klinikasının direktoru Nümayəndə yazdığı izahatdan müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə 1-ci otaqda kondisioner işləmədiyi üçün isti olduğundan kaska taxmamışdır. Smile by Dr.Bakhtiyar MMC-nin xx.xx.2021-ci il tarixli 1T saylı əmrindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini kobud şəkildə pozduğuna görə Smile by Dr.Bakhtiyar klinikasının tibb bacısı İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-ci maddəsinin 1-ci hissəsinin "xxxx" bəndinə əsasən, töhmət verilmişdir. İddiaçı Smile by Dr.Bakhtiyar klinikasının direktoru Nümayəndə yazdığı xx.xx.2021-ci il tarixli izahatdan müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə soyunma otağına ehtiyacı olan əşyanı götürmək üçün enmişdir. İddiaçı Smile by Dr.Bakhtiyar klinikasının direktoru Nümayəndə yazdığı xx.xx.2021-ci il tarixli izahatdan müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə xəstə ilə işləyib alətləri götürərək sterilizasiya otağında düşmüş, cədvələ baxmadığından növbədə xəstənin olduğunu bilməmiş, otağı təmiz vəziyyətdə qoyub sterilizasiya otağına düşmüşdür. Smile by Dr.Bakhtiyar MMC-nin mühasibi X5, həkimi Nümayəndə, qeydiyyatçısı X9 və tibb bacısı X10 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktdan müəyyən olunur ki, klinikanın tibb bacısı İddiaçı xx.xx.2021-ci il tarixində iş vaxtı ona verilən vəzifə öhdəliyini düzgün yerinə yetirməmiş, heç bir məlumat vermədən və yerinə əvəzedici tibb bacısı qoymadan iş yerini tərk etmişdir. Smile by Dr.Bakhtiyar MMC-nin xx.xx.2021-ci il tarixli 2T saylı əmrindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə heç bir məlumat vermədən və yerinə əvəzedici tibb bacısı qoymadan əsassız olaraq iş yerini tərk etdiyindən Smile by Dr.Bakhtiyar klinikasının tibb bacısı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinin "xxxx" bəndinə əsasən, töhmət verilmişdir. Smile by Dr.Bakhtiyar MMC-nin mühasibi X5, həkimləri X6, X2, X7 və X8 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan müəyyən olunur ki, klinikanın tibb bacıları İddiaçı, Fatimə Quliyeva, Aygün Cəfərova və Zemfira İbrahimova direktor Nümayəndə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri ilə əlaqədar personalın və pasientlərin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar xx.xx.2021-ci ildə tərtib etdiyi daxili nizam-intizam qaydalarını pozmuşlar. Smile by Dr.Bakhtiyar MMC-nin mühasibi X5, həkimləri Nümayəndə, X6, tibb bacıları X10 və X4 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan müəyyən olunur ki, klinikanın tibb bacısı İddiaçı iş vaxtı ona verilən vəzifə öhdəliyini düzgün yerinə yetirməmiş və klinikaya aid telefondan öz şəxsi işləri üçün istifadə etmişdir. Smile by Dr.Bakhtiyar MMC-nin xx.xx.2021-ci il tarixli 3T saylı əmrindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixində iş vaxtı klinikaya aid telefondan öz şəxsi işləri üçün istifadə etdiyinə görə Smile by Dr.Bakhtiyar klinikasının tibb bacısı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinin "xxxx" bəndinə əsasən, töhmət verilmişdir. Smile by Dr.Bakhtiyar MMC-nin xx.xx.2021-ci il tarixli 12/X saylı əmrindən müəyyən olunur ki, Smile by Dr Bakhtiyar klinikasının tibb bacısı İddiaçı əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallara yol verdiyi üçün onunla bağlanan əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, xx.xx.2021-ci il tarixdə ləğv edilmiş, İddiaçı istifadə etmədiyi 17 məzuniyyət gününə görə pul əvəzinin və son haqq-hesabının ödənilməsi qərara alınmışdır. Smile by Dr.Bakhtiyar MMC-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli 6 saylı məktubdan müəyyən olunur ki, işəgötürən Smile by Dr.Bakhtiyar klinikasının işçisi İddiaçı son zamanlar ona verilən tapşırıqları düzgün və vaxtında yerinə yetirməyə etiraz etdiyi üçün dəfələrlə ona şifahi xəbərdarlıq etməsini, şifahi xəbərdarlıq nəticəsində işçi ərizə yazıb işdən çıxmaq istədiyini bildirmiş və ərizə yazmaq istəyirsə bununla bağlı heç bir etirazın olmayacağı ona bildirilmiş, daha sonra işçi yaxınlaşaraq ərizə yazmaq istəmədiyini, kollektivdən və işindən razı olduğunu, işini düzgün və vaxtında yerinə yetirəcəyini bildirmişdir. Lakin işçi 23 iyul tarixdən başlayaraq işinə qeyri-ciddi yanaşaraq müəyyən səhvlərə yol vermişdir. Bu səhvlərindən sonra işçi ƏM-nin 186-cı maddəsinin 1-ci hissəsinin "xxxx" bəndinə əsasən 2 dəfə, 186-cı maddənin 1-ci hissəsinin "xxxx" bəndinə əsasən 1 dəfə intizam tənbehi almışdır. İşçinin intizam tənbehi almasının əsas səbəbləri pandemiya qaydasını pozaraq pasientlə iş zamanı qoruyucu vasitədən (üzü qoruyan kaskadan) istifadə etməməsi, işlədiyi yeri heç bir məlumat vermədən tərk etməsi və sonuncu dəfə sterilzasiyada alətlərin şəkillərini çəkmək üçün istifadə olunan klinikaya məxsus telefondan öz şəxsi işləri üçün istifadə etməsi olmuşdur. Klinika daxili qaydalara əsasən tibb bacıları tibbi sahədə, klinikanın 1-ci və 2-ci mərtəbəsində öz şəxsi telefonlarından istifadə edə bilməzlər. İddiaçı bu qaydanı bildiyi üçün öz şəxsi instagram və whatsapp hesabını sterilzasiyada alətlərin şəkillərini çəkmək üçün istifadə olunan iş telefonunda aktivləşdirərək istifadə etmişdir. İşçi İddiaçı ilə birlikdə digər işçi A.F.Cəfərova da eyni səhvi etdiyi üçün töhmət almışdır. xx.xx.2021-ci il tarixdə tibb bacılarının iclası zamanı həftəlik iş gedişatının nəzarətinə baxış üçün kamera sistemi açıldıqda, işçinin sterilzasiya otağında telefon ilə nəsə yazdığı görünmüş və bununla əlaqədar direktor telefonun ona gətirilməsini tələb etmişdir. Direktor Nümayəndə telefona baxmaq üçün açdıqda, işçiyə Kamran adlı şəxsdən ard-arda zəng və mesajlar gəlməyə başlamışdır. Klinika daxilində işçinin belə bir hərəkəti yolverilməzdir və klinikanın nizam-intizam qaydalarına tamamilə ziddir. Səhvlərinin dəfələrlə güzəştə gedilməsinə baxmayaraq işçinin son davranışı nəticəsində onunla xx.xx.2020-ci il tarixində bağlamış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşçi işlədiyi dövr üçün 15 gün əmək məzuniyyətindən istifadə etmiş, istifadə etmədiyi 17 məzuniyyət gününün ödənişi son-haqq hesabı zamanı ona ödənmişdir. X12 Xidmətinin Bakı şəhər idarəsinin inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli MN № ******* saylı protokolundan müəyyən olunur ki, İddiaçı müraciətinə baxılarkən işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinin 5-ci bəndinin tələblərinin pozulması müəyyən edildiyindən Nümayəndə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi aşkar olunmuşdur. İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli MN № ******* saylı qərardan müəyyən olunur ki, Smile by Dr.Bakhtiyar MMC tərəfindən İddiaçı əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verildiyindən Nümayəndə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinib 700 manat cərimə olunmuşdur. Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, İddiaçı Luxen Dent MMC-də aylıq əmək haqqı 350 manat olmaqla kiçik tibb bacısı vəzifəsində işləyir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədiqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, işəgötürən Smile by Dr.Bakhtiyar MMC ilə işçi İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanan müddətsiz əmək müqaviləsinə işəgötürən Smile by Dr.Bakhtiyar MMC-nin təşəbbüsü ilə xx.xx.2021-ci il tarixli 12/X saylı əmrlə İddiaçı əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallara yol verdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı işəgötürənin xx.xx.2021-ci il tarixli 12/X saylı əmrində qeyd olunan əsasın mövcud olmadığını, yəni onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallara yol verdiyini bildirsə də, məhkəmə araşdırması zamanı bu halı sübuta yetirə bilməmişdir. Belə ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli 12/X saylı əmr qəbul edənədək cavabdehin iddiaçı barədə qəbul etdiyi və qüvvədə olan intizam tənbehinin verilməsinə dair daha üç əmri vardır. Bu əmrlər iddiaçı tərəfindən mübahisələndirilməmiş, iddiaçı həmin əmrlərin verilməsinə əsas olan halların baş verməsini izahatında təsdiq etmiş, bu əmrlər verilərkən işəgötürənə öz izahatını yazıb vermiş, iddiaçının izahatı ilə yanaşı cavabdehin digər işçilərinin tərtib etdikləri aktlarla da həmin əmrlərdə qeyd olunan işçinin əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallara yol verməsi öz təsdiqini tapmışdır. Belə ki, Smile by Dr.Bakhtiyar MMC xx.xx.2021-ci il tarixli 1T saylı əmri ilə xx.xx.2021-ci il tarixdə epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini kobud şəkildə pozduğuna görə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-ci maddəsinin 1-ci hissəsinin "xxxx" bəndinə əsasən, intizam tənbehi olaraq töhmət vermiş, daha sonra xx.xx.2021-ci il tarixli 2T saylı əmrlə xx.xx.2021-ci il tarixdə heç bir məlumat vermədən və yerinə əvəzedici tibb bacısı qoymadan əsassız olaraq iş yerini tərk etdiyinə görə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinin "xxxx" bəndinə əsasən, intizam tənbehi olaraq ikinci dəfə töhmət verilmiş, daha sonra xx.xx.2021-ci il tarixli 3T saylı əmrlə xx.xx.2021-ci il tarixdə iş vaxtı klinikaya aid telefondan öz şəxsi işləri üçün istifadə etdiyinə görə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinin "xxxx" bəndinə əsasən, intizam tənbehi olaraq töhmət verilmişdir. Məhkəmə tədiqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanan əmək müqaviləsinə əsasən, işçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələri və əmək müqaviləsi ilə müəyyən edilən əmək funksiyalarını vaxtında, keyfiyyətlə yerinə yetirməyi, Smile by Dr.Bakhtiyar MMC-nin xx.xx.2020-ci il tarixli personal üçün müəyyən olunan daxili qaydalarına əməl etməyi öhdəsinə götürsə də, 2021-ci ilin iyul-sentyabr aylarını əhatə edən dövr ərzində iddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarına, müəssisədaxili intizam qaydalarına əməl etmədiyindən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğundan Smile by Dr.Bakhtiyar MMC-nin İddiaçı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli 12/X saylı əmri qanuni və əsaslıdır, ona görə də iddia tələbləri təmin edilə bilməz. Məhkəmə iddiaçının bir gündə barəsində bir neçə əmrin qəbul edilməsi dəlilinə münasibət bildirib qeyd edir ki, əmək qanunvericiliyinin yuxarıda istinad olunan normalarına əsasən, işçiyə bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilə bilər. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər və intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Cavabdehin əmrlərindən müəyyən olunur ki, əmrlərin hər biri ayrı-ayrı tarixlərdə baş vermiş intizam xətasına görə işiçinin izahatı alınaraq verilmişdir. Əvəllər baş vemiş intizam xətasına görə intizam tənbehinin verilməsi müddəti keçmədən eyni gündə bir neçə əmrin qəbul edilməsi qanunla qadağan edilən hal olmadığından iddiaçının bu dəlili də əsassızdır, məhkəmə tərəfindən qəbul edilmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyi üçün məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ
İddiaçı Smile by Dr.Bakhtiyar MMC-yə qarşı xx.xx.2021-ci il tarixli 12 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsinə, bu barədə onun əmək kitabçasında qeydin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə, xx.xx.2021-ci il tarixdən məcburi iş buraxmaya görə 7 ay x 450=3150 manat əmək haqqının, hüquqi xidmətə görə 120 manatın, dövlət rüsumuna görə 100 manatın tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova