Məhkəmə qərarları › İş №2(001)-3050/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3050/2024

06.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3050/2024 06.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «icarə müqaviləsi mübahisələrinə» dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «icarə müqaviləsi mübahisələrinə» dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, iddia ərizəsi tərtib edilərkən mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilməmiş, Mülki Prosessual Məcəllənin 149-cu maddəsində imperativ formada sadalanan tərəflərin məlumatları ərizədə göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2-ci maddəsinə müvafiq olaraq, ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ... İddia hüquqi şəxs tərəfindən verilsə də, nə iddiaçının özünün, nə də cavabdehlərin məlumatları qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun göstərilməmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, cavabdeh qismində Cavabdeh1 qeyd olunsa da, iddia ərizəsində hüquqi şəxsə münasibətdə hər hansı tələb irəli sürülməmiş, əksinə, əizədə cavabdeh qismində qeyd olunmamış X1 və “Sumqayıt işıq idarəsində işləyən işçi Quliyev Nüsrət”ə münasibətdə tələblər irəli sürülmüşdür. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının tələbləri mücərrəd formada göstərilib və anlaşılmayan şəkildə ifadə olunub. Belə ki, tələblərin bir hissəsinə ümumiyyətlə mülki icraata qaydasında baxılmalı deyil (*ikinci bənd), iddia ərizəsinin mülki icraat qaydasında baxılmalı olan hissəsindən isə kimin kimdən nə tələb etməsi aydın deyil. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda sadalananlar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3044/2024 saylı qərardadında iddiaçıya izah edilərək, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 150 manat dövlət rüsumu geri qaytarılmış, lakin iddiaçı qərardadda qeyd olunanlara heç bir münasibət bildirmədən və qərardadı mübahisələndirmədən, demək olar ki, eyni iddia ərizəsini yenidən məhkəməyə vermişdir. Bundan əlavə qeyd etməyi zəruri hesab edirəm ki, mübahisənin mahiyyətindən göründüyü kimi, obyektiv olaraq mübahisənin hər iki tərəfi hüquqi şəxsdir və mübahisə tərəflərdən birinin digərinə təsərrüfat obyektlərini icarəyə verməsindən hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə olan halda ərizənin hansı əsaslarla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilməsi ərizənin məzmunundan və ərizəyə əlavə edilmiş sənədlərdən aydın deyil. Belə ki, Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.Beləliklə, yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlirəm ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «icarə müqaviləsi mübahisələrinə» dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 152.1.3, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «icarə müqaviləsi mübahisələrinə» dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumu geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar