Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3062/2022 27.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı2, onun və İddiaçı1 vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və "xxxx" İnşaat” MMC-yə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 7-ci mikrorayon, ev 3C, mənzil 18-ə (yeni qaydalarla: AZ1115, Bakı şəhəri, Binəqədi rayonu, X7 küçəsi 263-M 4, mənzil 6) verilmiş 12 yanvar 2021-ci il tarixli, ********** qeydiyyat nişanlı “çıxarışın” etibarsız hesab edilməsi və həmin mənzilə onların mülkiyyət hüququnun tanınması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulub onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili və nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" İnşaat” MMC-ni də hazırki iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında 19 sentyabr 2006-cı il tarixdə bağlanmış müqavilənin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək, bildirmişdir ki, onun keçmiş qudası olan Cavabdeh1 ilə aralarında olan razılığa əsasən həmin vaxt nikahda olan qızı və cavabdehin oğlunun, uşaqları ilə birlikdə ailə olaraq yaşamaları üçün mənzil almaq qərarına gəlmişdilər. Bu məqsədlə o, xx.xx.2006-cı il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 3C saylı evin, 18 saylı mənzilini almış, lakin həmin müqavilə onun keçmiş qudası olan Cavabdeh1 adına rəsmiləşdirmişdir. Mənzil üçün ilk olaraq 17.600 ABŞ dolları, sonra isə 3 dəfəyə, hər dəfə 3.000 ABŞ dolları olmaqla 9.000 ABŞ dolları məbləğində pul ödəmişdir. Həmin mənzildə onun qızı öz ailəsi ilə yaşamışdır. Lakin sonradan onların münasibətlərində yaranmış problemlər nəticəsində aralarında bağlanmış nikah xx.xx.2022-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Hazırda qızı qeyd edilən mənzildə yaşamır, lakin qızına məxsus bütün əşyalar həmin mənzildədir və qızı mənzildə pasport qeydiyyatındadır. 2021-ci ilin iyul ayında onlara məlum olmuşdur ki, cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis idarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq, onun qızının həmin mənzildən pasport qeydiyyatından çıxarılmasını tələb etmişdir. Həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-8866/2021 saylı qərardadı ilə iddia mümkünsüz hesab edilmişdir. Eyni zamanda, bilmişdilər ki, mənzillə bağlı xx.xx.2006-cı il tarixdə daha bir müqavilə imzalanmış və həmin müqavilə artıq cavabdeh tərəfindən imzalanmışdır. Bundan sonra da cavabdeh mənzilə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmışdır. Halbuki, sərhəd xidmətinin məlumatına əsasən cavabdeh xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikasında olmamışdır. Ümumiyyətlə cavabdeh həmin mənzildə heç vaxt yaşamamış, həyat yoldaşı ilə birlikdə uzun müddət Rusiya Federasiyasında yaşamışdır. Hazırda da başqa mənzildə yaşayır. Mənzil onun qızının öz ailəsi ilə yaşaması üçün alındığından, mənzilə dair müqavilə onun tərəfindən imzalandığından, mənzilin dəyərinin 26.700 ABŞ dolları hissəsi onun tərəfindən ödənildiyindən onların, xüsusilə də qızının həmin mənzildən pay almaq hüququ yaranmışdır. Bu səbəbdən cavabdehlər arasında bağlanmış müqavilə ləğv edilməlidir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili və nümayəndəsi Vəkil1 iddianı və iddiaçı X1 mövqeyini müdafiə edərək, bildirmişdir ki, mübahisəli mənzilin alqısatqısına dair xx.xx.2006-cı il tarixli müqavilə məhz İddiaçı2 tərəfindən imzalanmış və mənzilin dəyərinin ödənilməsi ilə bağlı öhdəliklər ilk olaraq onun tərəfindən icra edilərək, ümumilikdə 26.700 ABŞ dolları məbləğində pul ödənilmişdir. Mənzildə məhz həmin müqaviləyə əsasən təhvil verilmədir. Bu səbəbdən cavabdehlər arasında sonradan, xüsusilə də xx.xx.2006-cı il tarixi ilə və cavabdehin ölkədə olmadığı bir halda həmin mənzilə dair yenidən müqavilə bağlaması mümkün deyil. Cavabdehlər biri birinin qarşısında bu müqavilə üzrə hər hansı öhdəlik götürə bilməzlər və icra edə bilməzlər. Beləliklə, cavabdeh sonradan imzaladığı xx.xx.2006-cı il tarixli müqavilə üzrə hər hansı öhdəlik icra etmədiyindən həmin müqavilə ləğv edilməlidir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək və iddiaya qarşı təqdim etdiyi etirazı müdafiə edərək, bildirmişdir ki, xx.xx.2006-cı il tarixli müqavilə Cavabdeh1 tərəfindən imzalanmış və müqavilənin predmeti olan mənzilin dəyəri də məhz onun tərəfindən ödənilmişdir. Həmin müqavilə əsasında da xx.xx.2008-ci il tarixdə mənzilə dair Cavabdeh1 adına Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən 024897 nömrəli order verilmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı2 məhkəməyə verdiyi izahatında da bildirmişdir ki, o, özü 2020-ci ildə bütün sənədləri Cavabdeh1 verərək, onu çıxarış almağa göndərmişdir. Bununla belə, həmin mənzillə bağlı iddiaçılar hər hansı məbləğdə pul ödəməmiş və mənzilə dair cavabdehin adına çıxarışın verilməsindən iddiaçıların xəbəri olmuşdur. İddiaçı1 və X3 və onların uşaqları bir gün də olsun həmin mənzildə yaşamamışdılar, onların mənzildə əmlakları yoxdur. İddiaçıların mübahisələndirdiyi xx.xx.2006-cı il tarixli müqavilə cavabdehlər "xxxx" MTK ilə Cavabdeh1 arasında bağlandığından iddiaçıların bu müqavilənin ləğvini tələb etmək üçün ümumiyyətlə subyektiv hüququ yoxdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 MTK məhkəmənin dəfətrxanası vasitəsi ilə iddiaya qarşı etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, "xxxx" MTK ilə Cavabdeh1 arasında xx.xx.2006-cı il tarixdə 18 saylı mənzilə dair alqı-satqı müqaviləsi bağlanmış və xx.xx.2008-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Cavabdeh1 024897 saylı order təqdim olunmuşdur. Həmin orderdə ailə tərkibi barədə məlumatda Cavabdeh1 adı göstərilmişdir. Mənzilin tək payçısı məhz bu şəxs olmuş və payçı olaraq mənzilin pay haqqını tam ödəmişdir. Bu səbəbdən mənzilə dair mülkiyyət hüququ əldə etmək üçün kooperativ tərəfindən zəruri sənədlər ona təqdim edilmişdir və nəticədə o, mənzilə dair mülkiyyət hüququ əldə etmişdir. Müqavilənin bağlanmasından 16 il keçdikdən sonra kooperativin tanımadığı və payçısı olmayan İddiaçı2 MTK-ya qarşı iddia qaldırmışdır. Bu şəxs kooperativ üçün kənar şəxsdir və kooperativə qarşı iddia qaldırmaq üçün onun hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Məhkəmə, Cavabdeh2 MTK-nın etirazını və məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasını nəzərə alıb, işə bu cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı İddiaçı2 tərəfindən təmin edilmiş şahid X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, İddiaçı2 90-cı illərdən tanıyır. Cavabdeh2 MTK-da 2007-ci ilin sonunadək baş mühasib vəzifəsində işləmiş, eyni zamanda, kooperativ tərəfindən inşa edilmiş mənzillərin alqı-satqısında iştirak etmişdir. Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında xx.xx.2006-cı il tarixdə bağlanmış müqaviləni kooperativin adından o, imzalamış, Cavabdeh1 adından isə müqaviləni həmin vaxt məhz İddiaçı2 imzalamışdır. Müqavilənin predmeti olan mənzilə görə də məhz İddiaçı2 tərəfindən 17.700 ABŞ dolları məbləğində pul ödənilmiş və bununla bağlı o, İddiaçı2 maliyyə arayışı vermişdir. Bundan sonra İddiaçı2 tərəfindən 2-3 dəfə də ödənişlər edilmiş və xatırladığına görə onun tərəfindən əlavə olaraq təxminən 10.000 ABŞ dolları məbləğində pul verilmişdir. Sonradan Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında eyni mənzilə dair yenidən müqavilə bağlanmışdır. Belə ki, İddiaçı2 tərəfindən imzalanmış müqavilədə mənzilin sahəsi düzgün göstərilməmiş və mənzilin sahəsi Cavabdeh1 ilə bağlanmış müqavilədə dəqiqləşdirilmişdir. Hər iki müqavilədə olan yazılar ona aiddir. Mənzilə görə sonuncu dəfə İddiaçı2 tərəfindən hansı tarixdə pulun ödənildiyini və bu məsələrlə bağlı sonuncu dəfə onu nə vaxt gördüyünü xatırlamır. Məhkəmə, tərəfləri, habelə şahidi dinləyib, iddiaya qarşı təqdim edilmiş etirazların məzmununu nəzərə alıb, habelə məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” Müqaviləsinə əsasən Cavabdeh2 MTK Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində tikilməkdə olan binada 18 saylı mənzili Cavabdeh1 verməyi, Cavabdeh1 isə həmin mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyərini (40.951 ABŞ dolları) Cavabdeh2 MTK-ya ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh2 MTK-nın arayışına əsasən qeyd edilən 18 saylı mənzil üçün xx.xx.2006-cı il tarixdə 17.700 ABŞ dolları məbləğində pul ödənilmişdir. Cavabdeh2 MTK-nın digər arayışlarına əsasən həmin mənzilə görə xx.xx.2007-ci il tarixdə 2.000 ABŞ dolları, xx.xx.2007-ci il tarixdə 1.500 ABŞ dolları və xx.xx.2007-ci il tarixdə 1.515 ABŞ dolları məbləğində pul ödənilmişdir. Həmin mənzilə dair Cavabdeh1 xx.xx.2008-ci il tarixdə Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən ******* saylı order verilmiş və ailə tərkibi qismində yalnız bu şəxs göstərilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə Cavabdeh1 mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır və hazırda mənzil onun mülkiyyətindədir. Həmin mənzilə dair cavabdehlər arasında eyni tarixli başqa bir müqavilə də imzalanmışdır. Bu müqavilələr biri birindən mənzilin sahəsi, dəyəri, alıcının imzası baxımından fərqlənir. Müqavilələrin hər ikisi Cavabdeh1 adına rəsmiləşdirilsə də, onlardan biri İddiaçı2, digəri isə İddiaçı1 tərəfindən imzalanmışdır. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh1 müvafiq olaraq keçmiş qudası və gəlinidir. Onun oğlu ilə İddiaçı1 arasında bağlanmış nikah xx.xx.2022-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Hazırda iddiaçılar Cavabdeh1 və Cavabdeh2 MTKya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında əldə edilmiş razılığa əsasən qeyd edilən mənzilin İddiaçı1 ilə onun həyat yoldaşının (cavabdehin oğlunun) uşaqları ilə birlikdə yaşaması üçün alındığını, mənzildə məhz onların yaşadığını, İddiaçı1 əşyalarının bugünədək həmin mənzildə yerləşdiyini, onun mənzildə pasport qeydiyyatında olduğunu, qeyd edilən mənzilə dair xx.xx.2006-cı il tarixli müqavilənin Cavabdeh1 adına rəsmiləşdirildiyini, lakin onun adından İddiaçı2 tərəfindən imzalandığını, mənzilə görə İddiaçı2 tərəfindən ümumilikdə 26.700 ABŞ dolları məbləğində pulun ödənildiyini, sonradan isə bu mənzillə bağlı Cavabdeh1 eyni tarixli yeni müqavilənin bağlandığını və onun mənzilə dair öz adına çıxarış aldığını bildiklərini, cavabdehlər arasında sonradan, xüsusilə də xx.xx.2006-cı il tarixi ilə və cavabdehin ölkədə olmadığı bir halda həmin mənzilə dair yenidən müqavilə bağlanmasının qeyri-mümkün olduğunu, həmin müqavilə üzrə cavabdehlərin biri birinin qarşısında hər hansı öhdəlik götürməsinin və icra edilməsinin mümkün olmadığını bildirir və cavabdehin sonradan imzaladığı xx.xx.2006-cı il tarixli müqavilə üzrə hər hansı öhdəlik icra etmədiyindən həmin müqavilənin ləğv edilməsini xahiş edir. Cavabdehlər iddianı qəbul etmir, müqavilənin Cavabdeh1 tərəfindən imzalandığını, mənzilin dəyərinin onun tərəfindən ödənildiyini, mənzilə dair ona 2008-ci ildə order verildiyini, 2021-ci il tarixdə isə mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığını və mənzilin hazırda onun mülkiyyətində olduğunu, İddiaçı1 mənzildə heç vaxt yaşamadığını, orada ona aid əşyaların olmadığını, ümumiyyətlə iddiaçıların bu müqaviləni mübahisələndirməyi üçün subyektiv hüquqa malik olmadıqlarını bildirirlər və iddianın rədd edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423-cü maddəsinə istinadən qeyd edir ki, bu maddədə müqavilənin ləğv edilməsi üçün tərəflərin məhkəməyə müraciət etməsi qaydası müəyyən edilmişdir. İmperativ xarakterli bu normaya əsasən maraqlı tərəf cavab üçün müddət müəyyən etməklə, habelə müəyyən etməməklə (bu halda 30 günlük müddət götürülür) əvvəlcə müqavilənin ləğv edilməsi təklifini qarşı tərəfə verməlidir. Qarşı tərəfin müəyyən edilmiş müddət ərzində bu təklifdən imtinası, habelə təklifi cavabsız qoyması (müddət müəyyən edilmədiyi halda 30 gün keçdikdən sonra) maraqlı tərəfə müqavilənin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ verir. Mülki Məcəllənin bu, eyni zamanda müqavilənin ləğvi və bundan irəli gələn məsələləri tənzimləyən 421-ci, 422-ci və 424-cü maddələrinin məzmunundan göründüyü kimi, müqavilənin ləğvi tələbini müqavilənin tərəfləri, yəni iradə ifadəsi bildirməklə müqaviləni bilavasitə bağlamış şəxslər irəli sürə və mübahisələndirə bilərlər. Bununla belə, məhkəmə mülki qanunvericiliyin bu tələblərini nəzərə alaraq, vurğulayır ki, hazırda iddiaçılar tərəfindən mübahisələndirilən (iddiaçılar məhz cavabdehlər tərəfindən imzalanmış xx.xx.2006-cı il tarixli müqaviləni mübahisələndirir) xx.xx.2006-cı il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin ləğvi tələbini həmin müqaviləni bağlamış (imzalamış), yəni onun tərəfləri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC biri birinə qarşı irəli sürə bilər. İddiaçılar bu müqavilənin tərəfi olmadığından (onu imzalamadığından) cavabdehlərə qarşı həmin müqavilənin ləğv edilməsi tələbi ilə bağlı iddia qaldıra bilməz. Belə olan halda, iddiaçılar tərəfindən Mülki Məcəllənin 423-cü maddəsi ilə müəyyən edilmiş prosedura (pretenziya qaydasına) riayət edilməməsi də hüquqi baxımdan öz əhəmiyyətini itirir. Bununla bağlı məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə göstərilənləri nəzərə alıb, hesab edir ki, xx.xx.2006-cı il tarixli müqavilənin tərəfi olmadığından iddiaçılar cavabdehlərə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil. Bu hal da öz növbəsində onların iddiasının rədd edilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və "xxxx" İnşaat” MMC-yə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və "xxxx" İnşaat” MMC-yə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı2 və İddiaçı1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-3062/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3062/2022
27.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver