Məhkəmə qərarları › İş №2(001)-3062/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3062/2023

17.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3062/2023 17.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona 600(altı yüz) manat maddi ziyana görə, mənəvi ziyana görə 200 (iki yüz) manat, həmçnin ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 830(səkkiz yüz otuz) manat dəymiş ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində “Toyota” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində hərəkətdə olan zaman ona məxsus “Kia” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə ona çoxsaylı xəsarətləri yetirmişdir. xx.xx.2022-ci il tarixdə ekspertizanın verdiyi rəydə də açıqaşkar görünür ki, yol-nəqliyyat hadisəsi zamanı bədənində çox saylı xəsarət,alın nahiyəsində kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşahidə olunan qançırşişkinliyi müayinədən bir gün əvvəl əmələ gəlmişdir. Eyni zamanda toqquşma zamanı ona məxsus “Kia” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xeyli sayda zərər dəymişdir. Cavabdeh Nəsimi Rayon Məhkəməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Lakin cavabdeh ona dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi ziyan dəymişdir və bu mənəvi ziyana görə cavabdeh hər birinə üzr istəmək barədə məktub göndərməli və kompensasiya ödəməlidir. Cavabdeh iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, iddiaçıya dəymiş ziyan Sığorta şirkəti tərəfindən ödənilmişdir. Əgər narazıdırsa onu mübahisələndirərdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2811/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 22:00 radələrində “Toyota” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində hərəkət olan zaman “Kia” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sonuncunun avtomobilin sürücüsü İddiaçı bədən xəsarəti yetirmişdir. Bununla da, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş Ziyan Aktının surətindən görünür ki, İddiaçı ona məxsus olan **-KC-*** dövlət qeydiyyat nişanlı “Kia Cerato” avtomobili ilə "xxxx" MMC-nin avtomobili texniki xidmət servisinə müraciət etmiş və müraciət nəticəsində avtomobilə 1700 manat məbləğində ziyan dəymişdir . Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı tərtib edilmiş 5300/2022 saylı sığorta aktının surətindən görünür ki, "xxxx" ASC icbari sığorta ilə sığortalanmış Toyota Prius” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində “Kia Cerato” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan üzrə sığorta ödənişi 1100 (min yüz) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 1100 (min yüz) manat məbləğində ödəniş edilmişdir. 14 aprel 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 22:00 radələrində “Toyota Prius” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində hərəkət olan zaman “Kia Rio” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sonuncunun avtomobilin sürücüsü İddiaçı bədən xəsarəti yetirilmiş, eyni zamanda “Kia Rio” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. "xxxx" ASC-də icbari sığorta ilə sığortalanmış “Toyota Prius” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Kia Cerato” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan 1100 (min yüz) manat məbləğində müəyyən edilmiş və həmin məbləğ xx.xx.2022-ci il tarixdə Sığorta Şirkəti tərəfindən iddiaçı X1 ödənilmişdir. Lakin iddiaçı iddia ərizəsinə "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş Ziyan Aktı əlavə edilməklə, onun avtomobilə dəymiş ziyanın 1700 manat olmasını bildirərək, cavabdehdən 600 manat məbləğində maddi ziyanın tutulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.2-ci maddəsinə əsasən, sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Həmin Məcəllənin 925.3-cü maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Həmin Məcəllənin 925.4-cü maddəsinə əsasən, sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən, sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən, Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Həmin Qanunun 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat manat məbləğində müəyyən edilir. Görünüdüyü kimi baş vermiş yol nəqliyyat hadisəsi zamanı Sığorta Şirkəti tərəfindən “Kia Rio” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan 1100 manat müəyyən edilərək, həmin məbləğ xx.xx.2022-ci il tarixdə iddiaçıya ödənilməsinə baxmayaraq, iddiaçı həmin vaxt hesablanmış məbləğə hər hansı bir etiraz etməmiş, ödəniş aldıqdan 8 ay sonra yenidən avtomobilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün "xxxx" MMC-yə müraciət etmiş və həmin şirkət tərəfindən avtomobilə dəymiş ziyan 1700 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı dəymiş ziyan Sığorta şirkəti tərəfindən müəyyən edilərək, iddiaçıya ödənildiyindən "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş Ziyan Aktı mötəbər sübut kimi nəzərə alınmamalı və iddiaçının 600 manat məbləğində maddi ziyanın tutulması barədə iddia tələbi təmin edilməməlidir. 03 noyabr 2008-ci il tarixli mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə 200 manat məbləğində mənəvi zərərin tutulması üçün əsaslar müəyyən edilmədiyindən, idda tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar