Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3089/2023 20.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xahiş edirəm” hissəsində qeyd etmişdir ki, “X3 etdiyi çıxışlarda qeyd edir ki,“mənim əlimdə İlhamın əleyhinə yeterilicə faktlar var. Ağlı başında olan adam ona hörmət etdikdə, bunun qiymətini bilməlidir. İlham normal adam deyil, o müalicə olunmalıdır. Müalicə edilsədə, heç sağalıb normal adam, insan səviyyəsinə gələ bilməyəcək. O çox ədəbsiz adamdır. Hər kəsə şər böhtan atır. O çox fırldaqçı adamdır, ondan buna, bundan ona sözlər deyir ki, mənim yanımda olun. Azərbaycan onun xasiyyətini bilən olsa heç ona salam da verməzlər. Onun tək buraxın yanına bilə getməyin. Burdan müraciət edib deyirəm ki, bizim yanımızda olmayıb, İlhamın yanında olub quruplaşma yaratsanız, bizimlə birləşməsəniz, siz də türmədə İlhamın yanında olacaqsınız. İlham vəsiqələrdən yığdığı pulları aparıb gizlədir və xərcləyir. Qadın və kişi xüsusiyyətlərinə fikir vermir. Mənim imzamı saxtalaşdıraraq müxtəlif təşkilatlara məktublar göndərib, iclaslarda iştirak etmədiyim halda mənim orda iştirak etdiyimi qeyd edib. O etdiyi bəzi gizli işləri mənim və yaxşı işləyən adamların adına yazır. Mən onun başına ağıl qoymaq istədim amma alınmadı. Möhür məndə olduğu halda onda olan saxta möhürün Azərbaycan və ingilis dilində surətini çıxarıb, qanunsuz işlərdə istifadə edir. İlham qız və qadınlara hörmətsizlik edir, onların mənəviyyatına xələl gətirir və xəcalət gətirən hərəkətlər edir. X2rından birinə eşq oxuyaraq, onunla ailə quracağına söz vermiş, lakin sonra onu aldatmışdır. Bir sözlə qadınlara dırmaşır. Bunla da qadınları hər addım da aldadır, İddiaçı 5-6 arvad almışdır, hətta onların heç biri ilə düzgün yaşamır. Təşkilatda olan qız uşaqlarından birinə arvadımı boşamışam, səninlə evlənmək istəyirəm demişdir. Lakin o qızı aldatmışdır”, “Facebook, Youtube, Dövlət Tv, sosial şəbəkələrində X5” İctimai Birliyinin adını yazanda X1 çıxışları X6 yaratdığı qeyri-qanuni YDDİB-nın “Ümumi yığıncağı” adlı qrupda səsləndirmişdir. Vaxtilə bizə məxsus olan “Ali məclis” adlı qrup və digər qruplar X8 tərəfindən bloklanmış, biz ora daxil ola bilmir, lakin ordada həmin səslər və videolar yerləşdirilmişdir. Nəzərinizə çatdırıram ki, qrupda 48 nəfər şəxslər ümumilikdə isə 200-ə yaxın şəxslər həmin videoları dinləyir. Cavabdeh tərəfindən mənim şərəf və ləyaqətimi alçaltdığına görə məndən üzr istəməsi, mənim barəmdə müxtəlif sosial şəbəkələrdə paylaşdığı şər və böhtan dolu çıxışların təkzib edilməsi barədə, həmin məlumatların dərc edildiyi kütləvi informasiya vasitələrində müvafiq təkzibin verilməsi və mənə vurduğu mənəvi ziyana görə 50.000 manat məbləğində pulun tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edəsəniz”. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində və iddia tələbində cavabdeh tərəfindən hansı sosial şəbəkədə hansı çıxışların edildiyini tam və dəqiq qeyd etməmiş, tələbini ümumi məzmunda göstərmiş, formal olaraq müxtəlif sosial şəbəkələrdə qeyd edilən çıxışların təkzib edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçının tələbi aydın və dəqiq deyil. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi, tələblər konkret və aydın olmalıdır. Başqa sözlə, prosessual qanunvericiliyin cavabdehə qarşı yönəlmiş tələbin iddia ərizəsində dəqiq və aydın göstərilməli olması onu nəzərdə tutur ki, cavabdeh ona qarşı yönəlmiş tələbin konkret nədən ibarət olduğunu müəyyən etməlidir. Təsadüfü deyildir ki, Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Bu isə yalnız o halda mümkündür ki, iddiaçı öz tələbini konkret şəkildə iddia ərizəsində göstərmiş olsun. Qeyd olunan Məcəllənin 151.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda bildirilir ki, qeyd edilən nöqsanlar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli 2(001)-2660/2023 saylı və 07 aprel 2023-cü il tarixli 2(001)-2784/2023 saylı qərardadları ilə iddiaçıya izah edilsə də, həmin nöqsanlar aradan qaldırılmadan təkrar verilmişdir. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizə mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, cavabdeh tərəfindən onun barəsində hansı sosial şəbəkələrdə(adı dəqiq göstərilməklə) hansı məlumatların (çıxışların) aydın və konkret təsvirlə yayıldığını qeyd etməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3089/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3089/2023
20.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver