Məhkəmə qərarları › İş №2(001)-3102/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3102/2021

12.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3102/2021 12.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səlimova Səadət Rəşid qızı iddiaçılar İddiaçı2 İbrahim oğlunun və İddiaçı1 Cavabdehnə qarşı vərəsəliyin qəbul edilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsinə və vərəsəliyin qəbulu müddətinin uzadılmasına dair iddia ərizələrini və əlavə olunmuş sənədləri araşdırıb MÜƏYYƏN ETDİM İddiaçılar İddiaçı2 İbrahim oğlu və İddiaçı1 Cavabdehnə qarşı vərəsəliyin qəbul edilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsinə və vərəsəliyin qəbulu müddətinin uzadılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, cavabdeh Cavabdeh Bakı şəhəri Binəqədi rayonu ərazisində rəsmi qeydə alınmadığından iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2.-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 39.2.-ci maddəsinə əsasən vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir. İstinad olunan prosessual normaların tələblərindən müəyyən olunur ki, miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsində baxılmalı, iddiaçılar hazırkı iddia ərizəsi ilə cavabdehin rəsmi qeydə alındığı ünvan üzrə məhkəməyə müraciət etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 152.1.3.-cü maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə geri qaytarmalıdır. Prosessual normanın tələbindən görünür ki, hakim iddia ərizəsinin mümkünlüyünü araşdırarkən iddiaçının aidiyyət qaydalarına riayət etməsini yoxlamalı, iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyilsə iddia ərizəsi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, hazırkı iddia ərizəsi geri qaytarılmaqla iddiaçılara cavabdehin rəsmi qeydə alındığı ünvan üzrə məhkəməyə, yəni İmişli Rayon Məhkəməsinə müraciət etmək hüquqları izah olunmalıdır. Belə ki, məhkəmə aidiyyəti qaydalarının pozulması son nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən “hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ”nun təminatını pozmuş olur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 31, 35, 152-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM İddiaçılar İddiaçı2 İbrahim oğlunun və İddiaçı1 Cavabdehnə qarşı vərəsəliyin qəbul edilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsinə və vərəsəliyin qəbulu müddətinin uzadılmasına dair iddia ərizələri geri qaytarılsın. İddiaçılara hazırkı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar