Məhkəmə qərarları › İş №2(001)-3121/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3121/2025

04.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3121/2025 04.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, bir neçə müddətdir ki, müğənnilik fəaliyyəti ilə məşğuldur. “Roma” ləqəbli Cavabdeh (bundan sonra Cavabdeh) ilə tanışlığı da Faiq adlı çoxdan tanıdığı bir şəxsin vasitəsilə olmuşdur. Faiqi isə cavabdehlə tanış edən şəxs Emin Rüstəmov olmuşdur. Belə ki, Cavabdeh ona Binəqədi rayonu ərazisində yerləşən “Kainat” (yeni adı Qrand Hall) şadlıq sarayında bir il daimi olaraq müğənnilik etmək üçün səhnə yerinin boş olduğunu bildirərək, əvəzində şadlıq sarayında yerləşən səhnəni bir illik icarəyə götürmək üçün ona 4500 manat pul ödənilməsini bildirmişdir. Həmin ərəfələrdə əlavə gəlirə ehtiyacları olduğu üçün bu təklifi tanışları, yəni birlikdə fəaliyyət göstərdikləri Vahab Hüseynov və Faiq adlı şəxslərə bildirmişdir. Onlar da bu təkliflə razılaşdıqdan sonra 2000 manat pul onun tərəfindən qoyulmaq şərtilə, ümumilikdə 4500 manat pulu 2023-cü ilin noyabr ayında X1 və X2 şahidliyi ilə cavabdehə vermişdir. Həmin şadlıq sarayında fəaliyyətə başladıqdan sonra cavabdeh restoranda xına yeri üçün əlavə aksessuarların lazım olacağını bildirmiş və əlavə olaraq ondan 250 manat pul almışdır. Ümumilikdə onun tərəfindən cavabdehə həmin sözü gedən şadlıq sarayında bir il ərzində səhnə yerinin icarəyə götürülməsi üçün verilən pulun məbləği 2250 manat təşkil etmişdir. Lakin bu hadisələrin üzərindən iki aya yaxın vaxt keçdikdən sonra ona məlum olmuşdur ki, həmin şəxsin, yəni Cavabdeh özü belə adı keçən şadlıq sarayının daimi işçisi olmamışdır. Cavabdeh bir il müddətində həmin şadlıq sarayında müğənnilik edilməsi üçün səhnənin icarəyə götürmələrinə baxmayaraq iki aya yaxın vaxt keçdikdən sonra şadlıq sarayının rəhbər şəxsləri Cavabdeh adlı şəxsin artıq orada çalışmadığını və bu səbəbdən də, oradan uzaqlaşmalarını onlara bildirmişlər. Beləliklə, cavabdeh öz üzərinə düşən öhdəliyi icra etmədiyinə görə o, şəxsən ödəmiş olduğu 2250 manat pulun ona geri qaytarılmasını ona bildirmişdir. Lakin Cavabdeh yenə də onu dəfələrlə aldadaraq pulu gah tam şəkildə kimdənsə borc alaraq geri qaytaracağını, gah da mülkiyyətində olan evi sataraq qaytaracağını bildirmişdir. Bu faktı həmin ərəfələrdə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə “Whatsapp” mobil tətbiq vasitəsi ilə aralarında olan yazışmalar da sübuta yetirir. “WhatsApp” mobil tətbiqindən çıxarılmış həmin yazışmaları özündə əks etdirən çıxarışlar və Cavabdeh başqa şəxslərə “WhatsApp” tətbiqindən atmış olduğu səsləri özündə əks etdirən CD disk iddia ərizəsinə əlavə edilmişdir. O, cavabdehə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh ona pulunu geri qaytarmamış, hətta o, və yaxınları ona hədə-qorxu gəlmək fikirinə düşmüşlər. Bu səbəbdən də, o, onun əməlinin dələduzluq əməli kimi qiymətləndirmiş və məcbur qalaraq Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət edərək öz şikayətini bildirmişdir. Onun həmin şikayəti araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə göndərilmişdir. Araşdırma gedən zaman kənardan güya ona olan borcunu hissə-hissə geri qaytarmaq görüntüsü yaratmaq üçün cavabdeh ona bir dəfə 250 manat və 100 manatda bir dəfə olmaqla 2250 manat borcundan 350 manat pulu geri qaytarmış, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin təhqiqatçısı, polis mayoru X4 tərəfindən onun vermiş olduğu şikayətlə bağlı material üzrə xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. O, həmin qərarın qanunsuzluğundan “məhkəmə nəzarəti” qaydasında Binəqədi Rayon Məhkəməsinə şikayət vermiş, lakin yenə də cavabdeh yalan vədlər verərək, pulu ona geri qaytarılması məsələsini ortaya atdığı üçün Binəqədi Rayon Məhkəməsinin 6(001)-175/2024 saylı, xx.xx.2024-cü ıl tarixli qərarı ilə onun vermiş olduğu şikayət təmin edilməmiş, bir daha bu məsələnin mülki xarakterli məsələ olması məhkəmənin qərarında vurğulanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sözügedən həmin qərarının qəbul edilməsindən 4 aydan artıq vaxt keçməsinə baxmayaraq, Cavabdeh ona bir qəpik də olsun pul geri qaytarmamışdır. Halbuki, o, həmin pulu Bankdan faizə götürmüş və buna görə də əlavə olaraq 200 manat faiz borcu ödəmişdir. Cavabdeh özü də bunu yaxşı bildiyi üçün ona narahat olmamasını, banka olan borcunu ödəyəcəyini bildirmişdir. Bundan əlavə, cavabdehin ona qarşı etmiş olduğu qanunsuz hərəkətləri nəticəsində məhkəmə nəzarəti qaydasında vermiş olduğu şikayətin hazırlanması və digər zəruri hərəkətlərin aparılmasında hüquqi xidmət üçün 200 manat da yenə öz cibindən pul xərcləmişdir. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, Cavabdeh tərəfindən 2250 manat pulun verilməsi və indiyədək o, pulun ona qaytarılmaması şahid ifadələri, bundan əlavə, “WhatsApp” yazışmaları və səs yazıları, eyni zamanda cavabdehin Binəqədi RPİ-nin 4-cü PB-də vermiş olduğu izahatı ilə öz təsdiqini tapır. Beləliklə, o, hesab edir ki, cavabdehin qanunsuz əməli nəticəsində iddiaçı olaraq vermiş olduğu puldan qalıq olaraq geri qaytarılmalı olan 1900 manat, hüquqi xidmətlərlə əlaqədar olaraq ödənilmiş 200 manat, banka faiz borcu olaraq ödəmiş olduğu 200 manat və dövlət rüsumu olaraq məhkəməyə ödənilmiş 45 manat olmaqla, ümumilikdə 2345 manat pul vəsaiti Cavabdeh alınaraq ona ödənilməlidir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehin qanunsuz əməli nəticəsində iddiaçı olaraq cavabdehə vermiş olduğu puldan qalıq olaraq geri qaytarılmalı olan 1900 manat, hüquqi xidmətlərlə əlaqədar olaraq ödənilmiş 200 manat, banka faiz borcu olaraq ödənilmiş 200 manat və dövlət rüsumu olaraq məhkəməyə ödənilmiş 45 manat olmaqla, ümumilikdə 2345 manat pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərdiyi xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən qəbul edilmiş 09 aprel 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdir. Həmin qərardan görünür ki, izahatı alınmış Cavabdeh bildirmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və şadlıq saraylarında administrator işi ilə məşğul olmuşdur. Mehriban, Faiq və Vahab adlı şəxsləri tanıyır, belə ki, onlar da şadlıq saraylarında müsiqi fəaliyyətini göstərirlər. 2023-cü ilin oktyabr-noyabr ayında o, onlarla Yasamal rayonunda yerləşən Qismət şadlıq sarayında işləmiş, onlar həmin şadlıq sarayında müsiqi işini görürmüşlər, özü də administrator işləyirmiş, 2023-cü ilin noyabr ayının sonunda onlar həmin şadlıq sarayından çıxmışlar və Binəqədi rayonunda yerləşən “Qrand Halİ” şadlıq sarayında işə başlamışlar. “Qrand Halİ” şadlıq sarayını Qamil adlı şəxslə şərik olaraq icarəyə götürmüşlər. Şadlıq sarayında müsiqi işi ilə məşğul olan Mehriban, Faiq və Vahab adlı şəxslərə hər toydan 200 manat maaş verirmişlər. O, Mehriban, Faiq və Vahab adlı şəxsləri şadlıq sarayında işə götürmək üçün ümumilikdə onlardan bir il müddətində şadlıq sarayında işləməkləri üçün 4500 manat pul istəmiş, onlar da ona hissə-hissə olmaqla 4500 manat pul vermişlər. Lakin 2024-cü ilin yanvar ayından onlar orada işi dayandırmışlar və toy olmadığı üçün şadlıq sarayından çıxmışlar. Bundan başqa Mehribandan həmin şadlıq sarayında 150 manat da borc almış, Mehriban, Faiq və Vahab adlı şəxslərin ona verdikləri 4500 manat pulu özünün şəxsi işlərinə xərcləmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001)-175/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞnin təhqiqatçısı, polis mayoru X4 tərəfindən qəbul edilmiş 09 aprel 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. İş materiallarında olan CD disk və whatsapp yazışmalarından məlum olur ki, Cavabdeh İddiaçı olan pul vəsaitinin qaytaracağına dair söz vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (maddə 1091.2) Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. (maddə 1092.3) Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. (maddə 1093.1) Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materialları, iddiaçının məhkəmə iclasında verdiyi izahatı və Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin 09 aprel 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarında cavabdeh tərəfindən verilmiş izahatla təsdiq edilir ki, Cavabdeh heç bir qanuni əsas və ya müqavilə olmadan İddiaçı ümumilikdə 2250 manat məbləğində pul almış, həmin məbləğdən 350 manatı geri qaytarmış, 1900 manat məbləğində pul vəsaitini hazırki günədək iddiaçıya geri qaytarmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya 1900 manat məbləğində maddi zərərin vurulması mülki işdə olan sübutlarla təsdiq edildiyi üçün, iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh 1900 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən “hüquqi xidmətlərlə əlaqədar olaraq ödənilmiş 200 manat və faiz borcu olaraq ödəmiş olduğu 200 manat tələbi” həmin hissəsində mötəbər sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1900 (bir min doqquz yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 45 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar