Məhkəmə qərarları › İş №2(001)-313/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-313/2023

12.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-313/2023 12.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 vurduqları 4000 manat maddi, 1000 manat mənəvi zərər, 73 manat ödənilmiş dövlət rüsumu, vəkilə ödənilmiş 201 manat xərc olmaqla, ümumilikdə 5274 manat pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbini artıraraq, Cavabdeh1 və Cavabdeh2 vurduqları 4000 manat maddi, 1000 manat mənəvi zərər, 73 manat ödənilmiş dövlət rüsumu, vəkilə ödənilmiş 201 manat xərc olmaqla, ümumilikdə 5274 manat pulun tutulub ona verilməsi cavabdehlərə məxsus mənzildəki kanalizasiya xətlərinin təmir edilməsi və çirkab suların axıdılmasının dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 91 saylı mənzilin mülkiyyətçisidir. Mülkiyyətində olan mənzildə öz ailəsi ilə birlikdə yaşayır. Cavabdehlər o yaşadığı mənzilin bir mərtəbə yuxarıda yerləşən 94 saylı mənzildə yaşayırlar. Bir müddət əvvəl cavabdehlərə məxsus olan 94 saylı mənzildən onun mənzilinə və mənzilinin giriş hissəsinə (blok tərəfindən) kanalizasiya xəttinin nasazlığı nəticəsində çirkab su axıdılmışdır. Bunun nəticəsində mənzilinə maddi ziyan vurulmuşdur. Dəfələrlə cavabdehlərə həmin nasazlığı aradan qaldırılması və dəyən maddi ziyanın ödənilməsinə dair müraciətlər etmiş, lakin buna baxmayaraq cavabdehlər tərəfindən heç bir hərəkət edilməmişdir. Nəticədə ona maddi ziyan ilə birlikdə mənəvi ziyanda vurulmuşdur. Belə ki, cavabdehlərə ünvanladığı müraciətlər cavabsız qaldıqda və həmin nasazlıqlar aradan cavabdehlər tərəfindən qaldırılmadıqda o, əsəb,stress, iztirab, mənəvi sarsıntı keçirmişdir. Hal- hazıradək cavabdehlər tərəfindən heç bir hərəkət edilmir. Bununla bağlı o, Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. 5-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubu ilə ona cavab verilərək mülki qaydada məhkəməyə müraciət etməli olduğu tövsiyyə edilmişdir. xx.xx.2022-ci il tarixdə o, onların binasına baxan 102 saylı Mənzil-Kommunal İstismar Sahəsinə müraciət etmişdir. Mənzilinə baxış keçirildi və müəyyən olundu ki, bir mərtəbə yuxarıda yerləşən və cavabdehlərə məxsus olan 94 saylı mənzildən onun mənzilinə və mənzilinin giriş hissəsinə kanalizasiya xəttinin nasazlığı nəticəsində cirkab su axıdılır. Həmin tarixdə 102 saylı MKİS-nin mühəndisi, sahə nəzarətçisi və çilingəri tərəfindən bununla bağlı akt tərtib edildi. Akta əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh öz mənzilində hamamın yerini dəyişmişdir. Bundan sonrada o, həmin nasazlığın aradan qaldırılması üçün və dəyən maddi ziyanın ödənilməsi ilə bağlı cavabdehlərə bir daha müraciət etmişdir. Lakin cavabdehlər bir daha onun müraciətini cavabsız qoydular. Beləliklə dəyən maddi və mənəvi ziyanın cavabdehlərdən tutulub ona ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, həmin mənzili 5 ildir ki, almışdır. 4 il ərzində orda hər hansı su sızıntısı olmamışdır. Suyun evinə həddən artıq axdığı vaxtlarda qonşusunun evinə qalxmış, suyun axması ilə bağlı çəkilişlər etmişdir. Bütün bunlar məhkəməyə təqdim edilib. Hətta 94 saylı mənzildən 92 saylı mənzilə də, su axıdılır. 92 saylı mənzil onun yan qonşusu, 94 saylı mənzilin isə alt qonşusudur. Su sayğacları binanın şaxtasında yerləşsə də, dövlət tərəfindən həmin su sayğacları şaxtadan çıxarılaraq bloklarda yerləşdirildi. Həmin vaxt nə olubsa, turbalar zədələnmiş və evə suyun axıntısı artmışdır. Ola bilsin ki, sayğacların yeri dəyişdirildikdən sonra verilən suyun təzyiqi artmışdır. Su onun mənzilinə qonşunun sanuzelindən axır. Onlarda oranı bütünlükdə kafellə döşəyiblər. Dəfələrlə müraciət edərək, kafelləri söküb altındakı kanalizasiya turbalara baxılmalı olduğunu bildirsə də, qonşusu əksinə onun evindən söküntünün aparılmalı olduğunu bildirir. Hətta bir dəfə evin xanımı ona demişdir ki, bəlkə sənin gətiriyin usta turbaları zədələyəcək. Odur ki, yaranan şəraitdən sonra onların evində öz hesabına söküntü aparılması fikrindən daşınmışdır. 2023-cü ilin mart ayının 7-sindən sonra onun evinə su axıntısı olmamışdır. Bunu tam səmimiliyi ilə bildirir. Həmin vaxt hətta üst qonşunun evində təmir səsləri gəlmişdir. Həmdə hesab edir ki, evinə axan su kanalizasiya borusundan axan su ola bilməz belə ki, ola bilsin su trapdan axır. Çünki sızan su təmiz sudur və hər hansı pis qoxusu yoxdu. Bina köhnə bina olduğundan, kanalizasiya boruları bir neçə dəfə tutulur, qonşuların su idarəsinə müraciətindən sonra borular təmizlənir. Cavabdehin oğluna münasibətdə iddia verməsinin əsas səbəbi, cavabdehin ona münasibətdə kobud rəftarı olmuşdur.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddiaçının mənzili birinci mərtəbədə yerləşir. İkinci mərtəbədə yerləşən 94 saylı mənzilə isə hər hansı su axıntısı yoxdur. Deməli həmin məzilə yuxarı mərtəbələrdən su axıdılması ehtimalı yoxdur. xx.xx.2023-cü il tarixindən mənzilə su axıntısı dayanıb. Keçən məhkəmə prosesində ekspertə sual vermişdir ki, mənzilin su sustemində dəyişiklik var ya yox. Lakin ekspert həmin hissəyə baxış keçirməklə faktı müəyyən edə bilməmişdir. Cünki həmin hissə cavabdeh tərəfindən hörülmüşdür. İddiaçı hörülən yerin sökülməsini təklif etsə də, cavabdeh söküntünün iddiaçının özü tərəfindən, öz mənzilindən aşağıdan yuxarıya doğru edilməsini bildirib. Ekspertiza rəyində də, ekspert konkret olaraq göstərmir ki, su 94 saylı mənzildən axıdılmır. Əlavə şirkət cəlb etməklə həmin axıntının mənbəyini müəyyən etmək mümkün olmadı. Çünki müəyyən edilməsi üçün həmin anda axıntı olmalıydı. İddiaçının özü də, qızı da, bildirmişlər ki, 7 mart tarixindən 3 gün əvvəl qonşunun evindən tikinti səsləri gəlmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatınad bildirmişdir ki, doqquzuncu mərtəbədə təmir işləri getmişdir. Həmin vaxt təmirə görə daşlar ümumi kanalizasiya borusuna töküldüyündən, kanalizasiyaları tutuldu. Sonradan aidiyyəti şəxslər gəlib həmin kanalizasiya xəttini açdılar. Ola bilsin ki, kanalizasiya tutulduğundan orda turbalar dolub və su axa bilmədiyindən yuxarıya doğru qalxmışdır. Rəydə də, qeyd olunub ki, evə çirkab su axıb. Onlarının kanalizasiya xəttinin ümumi kanalizasiya xəttinə qoşulduğu hissə havada qalır. Əgər ordan su axmış olsaydı, onda onların evinə də, axmalı idi. Lakin onların evi qurudur. Trapla kanalizasiya xətləri aralıdır. Suyun axdığı hissə umumi kanalizasiya xəttinin, tualetin arxasına düşür. Atası usta çağırmışdır ki, gəlsin, qonşunun divarı nazik olduğundan onu söksün və arxasına baxsınlar. Lakin iddiaçı buna imkan verməmişdir.

7. Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaçının evinə suyun axıdılmasında onun günahı yoxdur. Evlərində 2 aboyluq hissə və bir balaca saxlama yeri zədələnib. Burda ümumiyyətlə 4000 manatlıq zərər yoxdur. Digər tərəfdən evlərində hər hansı bir təmir olmayıb, hamamın yeri dəyişdirilməyib. Evinə tekniki baxışda cəmi bir nəfər iştirak etmişdir. Ola bilsin ki, ümumi kanalizasiya boruların tutulduğu vaxt su onların evinə qədər qalxıb və sızıntı verib.

8. Cavabdeh X4 məhkəməyə təqdim etdiyi etirazını onunla əsaslandırmışdır ki, məhkəmənin icraatında iddiaçı X3 Cavabdeh1 və Cavabdeh2 ogluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(001)-5551/2022 saylı mülki iş vardır. İddiaçı cavabdehlərdən vurduqları 4000 manat maddi, 1000 manat mənəvi zərərin, 73 manat ödənilmiş dövlət rüsumu, vəkilə ödənilmiş 201 manat, ümumilikdə 5274 manatın tutulub ona verilməsini məhkəmədən xahiş etmişdir. Hesab edir ki, iddia tələbi tamamilə əsassızdır, buna görə də onunla bütövlükdə razı deyil. İddiaçı işin faktiki və hüquqi hallarını düzgün müəyyən etməməklə bərabər MM-nin 500-cü maddəsinin ziddinə olaraq mülkiyyətçi (Cavabdeh1 oglu) ilə bərabər onun oğlunu (Cavabdeh2 oglu) da cavabdeh kimi işdə cəlb etmişdir. İddiaçı nəzərdən qaçırmışdır ki, mülkiyyətçinin oğlu istifadə hüququ ilə mənzildə yaşasa da, o birgə öhdəlik üzrə məsuliyyət daşıya bilməz, çünki MM- nin 500.2. maddəsinin tələbinə görə birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Digər tərəfdən iddiaçı MKİS tərəfindən cavabdehin xəbəri olmadan tərtib edilmiş hansısa akta istinad edir ki, bu da tamamilə qanunsuz və əsassız bir sənəddir. Bu sənəd o zaman cavabdeh üçün hüquqi nəticələr dogura bilər ki, bu sənədin tərtib edilməsi zamanı cavabdeh də iştirak etmiş olaydı. Başqa bir məsələ ondan ibarətdir ki, dəfələrlə iddiaçıyla bu barədə söhbətləri olmuş, ona bildirmişlər ki, birlikdə bu problemi araşdıraq, əgər onun mənzilindən hər hansı bir zərər olmuşsa, onun aradan qaldırılmasına razıdır. Amma əfsuslar olsun ki, iddiaçı ümumi mülkiyyətdə olan dəhlizdə söküntü aparıb kanalizasiya suyunun axma mənbəyini müəyyənləşdirməyə imkan verməmişdir. İddiaçı iddia edir ki, guya cavabdeh evdə hamamın yerini dəyişdirmişdir və bu səbəbdən kanalizasiya suları axıb onun mənzilinə zərər vurmuşdur. Belə bir ag yalanı yazıb məhkəmədə cavabdehə qarşı yanlış fikir yaratmaq Mülki Məcəllənin 5.3 və 16.1 maddələrinin tələblərinin pozulmasıdır. Belə ki, bu maddələrin tələblərinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1. maddəsinin tələbinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İndiki halda isə iddiaçı mülki hüquqlardan sui istifadə etməklə yalnız cavabdehə ziyan vurmaq məqsədi güdür. İddiaçı kor-koranə şəkildə cavabdehin yuxarı mərtəbədə olmasına istinad edərək onun mənzilinə vurulan zərərə görə bilavasitə cavabdehi günahlandırması üçün məhkəməyə tutarlı sübutlar təqdim etməmiş, tələb etdiyi zərərin məbləgi haqqında hər hansı sübutu iddia ərizəsinə əlavə etməmiş, yalnız cavabdehin iştirakı olmadan qanunsuz tərtib edilmiş akta və öz fərziyyəsinə əsaslanaraq belə bir iddia ilə məhkəməyə müraciət etmişdir.

9. Məhkəmə iclasında iştirak edən cavabdeh X1 nümayəndəsi və vəkil izahatında bildirir ki, zərər ilə zərər vuran arasında səbəbli əlaqə olmalıdır. İddiaçı tərəfin çıxışları ehtimallara əsaslanır. Ekspert rəyində qeyd edir ki, vurulmuş zərərlə bağlı zərər vuranı müəyyən etmək mümkün deyil. Əgər ekspert zərər vuranı müəyyən edə bilməyibsə, iki qonşu arasında olan konfiliktə əsasən iddiaçının zərərin cavabdeh tərəfindən vurulmasın, vurulan zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etməsi haqlı deyil. Ekspertə sual vermişdir ki, su trapdan axarsa aşağı mərtəbəyə axmalıdır ya yox. Ekspert cavabında axmamalı olduğunu bildirib. Yaxı bəs aşağı mərtəbəyə axmayan su, necə ola bilər ki, yan qonşusuna axsın. Ekspertin rəyində qeyd etdiyi kimi suyun axması ümumi şaxtadan kanalizasiya borularından ola bilər. Əgər belədirsə, yenə də burada cavabdehdin heç bir günahı yoxdur. İddiaçı iddia edir ki, ayın 7-sinə kimi evdən səs gəlmişdir. Halbuki belə bir sübutu yoxdur. Həmçinin iddia edir ki, cavabdehin mənzilin alt qonşusuna da su axıntısı olur amma belə bir halla bağlı sübut yoxdur. Mənzil istismar tərəfindən təqdim edilən akt formal xarakter daşıyır. Əgər iş üzrə hər hansı sübut varsa bu sübut konkret olmalıdır. Sübut isə iş üzrə təqdim edilən ekspert rəyidir. Onunla da, məlum olur ki, axan suyun mənbəyini müəyyən etmək mümkün deyil. xx.xx.2023-cü il tarixində kanalizasiya xətti təmir olunmamışdı ki, su axma dayansın. Su axırdısa, həmin mənzildə yaşayışın olması, sanuzelin istifadə edilməsinə görə yenə də, axıntı olmalıydı. Evdə təmir işləri aparılmayıb. Bundan başqa mənzilin mülkiyyətçisi X2r. Mülkiyyətçi ola-ola dəyən zərərin mənzildə yaşayan başqa bir şəxsdən tutulması əsassızdır.

10. Əvvəlki məhkəmə iclasında dindirilən ekspert X6 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə tədqiqat obyektinə keçirilən baxış zamanı iddiaçının mənzilinin binanın 1-ci mərtəbəsində yerləşdiyi, cavabdehin mənzilinin isə iddiaçının mənzilinin üst tərəfində deyil, sağ tərəfində yeləşdiyi müəyyən olunmuşdur. İddiaçının mənzilinə baxış keçirməzdən əvvəl bayır divarlarının nəm olduğu açıq aşkar görünürdü. İddiaçının su sızmanın təsirinə məruz qalan divarları cavabdehin sanitar qovşağı ilə qonşu olan hissəsidir. İddiaçının mənzilinə baxış keçirilən zaman mənzilin dəhliz otağının tavanı, divarları, döşəməsi, anbar otağının tavanı, divarları, döşəməsi və yaşayış otağının divarı və tavanı sızan suyun təsirinə məruz qaldığı müəyyən olunmuşdur. Cavabdehin sanitar qovşağının su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrinin üzərində qüsur olmasa da şaxtadan keçən kanalizasiya borusunun üzərində korroziya izlərinin müşahidə olunduğunu müəyyən etmişdir. Görünür cavabdehə məxsus mənzildə kanalizasiya xəttində qüsurların olması səbəbindən iddiaçının mənzilinə cavabdehə məxsus mənzildən su axıdılır. Ümumiyyətlə bina köhnə olduğundan ümumi kanalizasiya xəttində qüsurlar var. Baxış zamanı cavabdehin mənzilindən aşağı mərtəbəyə suyun axıdılmasını müşahidə etməmişdir. Baxış zamanı trapa su töksələr belə suyun iddiaçının evinə axıdılmasını müşahidə etmək üçün uzun müddət lazımdır Cavabdehin mənzilində trap hamamın mərkəzində yerləşir. Kanalizasiya borularının çatlaması, birləşmə yerlərinin keyfiyyyətsiz bərkidilməsi, mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən mərtəbə arası örtük konstruksiyalarından su sızması baş verə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən olan RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2018-ci il tarixində 218 nörməli reyestr kitabının 22156 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, onun xx.xx.2022-ci il tarixində 5-ci PB-nə ütdiyi müraciəti qeydiyyata alınmışdır. Məsələ ilə bağlı mütəmadi olaraq mənzilinə su axıdaraq, əşyalarına zərər vuran 94 saylı mənzildə yaşayan qonşusu 01.040.1989-cu il təvəllüdlü X8 barəsində mülki qaydada məhkəməyə müraciət etməsi məqsədə müvafiqdir.

13. xx.xx.2022-ci il tarixli 102 saylı MKİS-in mühəndisi Elnur Nəsirov, Sahə nəzarətçisi Məhəmmədəli Məhərrəmov və çilingər Səfiyar Namazov tərəfindən tərtib edilən aktdan görünür ki, Ə.Naxçıvanı küçəsin 64 a saylı binanın 91 saylı mənzilinin sahibi X5 şikayəti ilə əlaqədar olaraq həmin mənzilə texniki baxış keçirilmişdir. Texniki baxış nəticəsində məlum oldu ki, Cavabdeh1 məxsus olan 94-cü mənzildən 91-ci mənzilə və bloka kanalizasiya xəttinin nasazlığı nəticəsində çikab su axıdılır. Bunun nəticəsində 91 saylı mənzilə və bloka maddi ziyan dəymişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, axıntının qarşısı alınmamışdır. Həmçinin Cavabdeh1 mənzil daxilində dəyişiklik etmiş, hamam hissənin yerini dəyişdirmişdir.

14. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti Binəqədi rayon Sukanal İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, onun yaşadığı mənzilin şaxtası ilə qalxan binadaxili dik dayaq kanalizasiya xəttində axıntı halının olması barədə Z-280 saylı, xx.xx.2022-ci il tarixli qeydiyyatla Binəqədi rayon Sukanal idarəsinə daxil olmuş müraciətinə baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, Ə.ünvan 4 ünvanında kanalizasiya xəttinə əməkdaşlar tərəfindən texniki baxış keçirilmişdir. Baxış zamanı 91 saylı mənzilin üst mərtəbəsində yerləşən mənzillərdən birində zirzəmidən şaxta ilə mənzillərə qalxan dik dayaq kanalizasiya xəttində axıntı olduğu müşahidə edilmişdir. Buna baxmayaraq, mənzil sahibi tərəfindən şərait yaradılmadığına görə axıntının qarşısının alınması mümkün olmamışdır. Üst mərtəbədəki mənzil sahibi tərəfindən müvafiq şərait yaradıldıqdan sonra (daşla hörülmüş şaxtanın sökülməsi) cari təmir işləri aparılaraq, axıntının qarşısı alınacaqdır.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2022-ci il tarixli, 10/7028 saylı ekspert rəyindən görünür ki, mülki iş materiallarına əlavə edilmiş aktda göstərilənləri, o cümlədən rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 64 A saylı evin 91 saylı mənzilinə həmin evin 94 saylı mənzilinə su axıldıldığını, bunun səbəbinin 94 saylı mənzilin kanalizasiya xəttində qüsurların (mərtəbəarası hissəsində) olması müəyyən edildi. Həmin kanalizasiya xətti (ümumi kanalizasiya xətti) yenisi ilə əvəz olunduqdan sonra su sızma hadisəsi sonlana bilər. Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 64 A saylı evin 91 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 2507 manat məbləğində olduğu müəyyən edildi. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:

16. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 64 A saylı evin 91 saylı mənzilində yaşayır. Mənzil xüsusi mülkiyyət hüququ ilə onun özünə məxsusdur. Cavabdehlərin mənzili iddiaçının sağ qonşusunun üstündə yerləşməklə 94 saylı mənzildir. Mənzilin mülkiyyətçisi Cavabdeh1dur, Cavabdeh2 isə onun oğludur və mənzilin paylı mülkiyyətçisi deyildir.

17. İddiaçı iddia edir ki, üst mərtəbədə yerləşən və Cavabdeh1 məxsus olan 94 saylı mənzildən onun evinə su axmış və su axma nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. 2023-cü ilin mart ayının 7 dən su axma sonlanmışdır, çünki həmin ərəfədə cavabdehin evində təmir işləri aparılmışdır. Onlar təmir səsləri eşitdiklərindən qonşunun mübahisəli məsələ ilə bağlı təmir işləri aparmağından şübhələnmiş və buna şahidlik etmək üçün cavabdehlərin qapısını döymüşdür. Lakin qapını açan olmamışdır.

18. Cavabdehlər isə iddianı qəbul etmirlər. Belə ki, onlar hesab edirlər ki, su axma onların kanalizasiya xəttində olan nasazlıqdan qaynaqlanmamışdır. Ehtimal edirlər ki, binanın kanalizasiya xətləri köhnə olmaqla sıradan çıxmışdır və bu onların təqsiri deyildir. Eyni zamanda ehtimal edirlər ki, 9-cu mərtəbədə yaşayan qonşularının təmiri zamanı daş qırıntılarını kanalizasiya borusuna toplaşması nəticəsində, kanalizasiya xəttində tıxanıqlıq yaranmış və xəttdə tökülən kanalizasiya suyunun maneəyə görə dolması nəticəsində iddiaçının mənzilinə daşmışdır. Lakin kanalizasiya xətti açıldıqdan sonra bu hal aradan qalxmışdır.

19. Bundan əlavə Cavabdeh2 iddiaya cavab verməli olmayan şəxs olaraq iddianı ona münasibətdə əsassız hesab etmişdir.

20. isə iddia edir ki, onun altındakı mənzilə su axıdılmırsa, onun mənzilinin altında yerləşməyən mənzilə su axıdılması mümkün deyildir. Su əslində binada olan ümumi kanalizasiya sistemindən qaynaqlanmışdır. Belə ki, 9-cu mərtəbədə aparılan təmir zamanı daş qırıntıları kanalizasiya xəttini tutmuşdur və nəticədə binanın kanalizasiya xəttinin sonu birinci mərtəbədə olduğundan, daşma nəticəsində iddiaçının evinə tökülmüşdür.

21. İddiaçı tərəf isə cavabdehlərin etirazının dəlilləri ilə razılaşmamış və bildirmişdir ki, ümumi kanalizasiya xəttinin tıxanıqlığı açıldıqdan sonra da su axma olmuş və bu ilin mart ayına qədər su axma davam etmişdir.

22. Tərəflər arasında mübahisənin xarakteri nəzərə alınaraq məhkəmə tərəfindən iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2022-ci il tarixli, 10/7028 saylı ekspert rəyi ilə müəyyən edildi ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 64 A saylı evin 91 saylı mənzilinə həmin evin 94 saylı mənzilinə su axıldılır və bunun səbəbi 94 saylı mənzilin kanalizasiya xəttində qüsurların (mərtəbəarası hissəsində) olmasıdır. Həmin kanalizasiya xətti (ümumi kanalizasiya xətti) yenisi ilə əvəz olunduqdan sonra su sızma hadisəsi sonlana bilər. Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 64 A saylı evin 91 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 2507 manat məbləğində olduğu müəyyən edilmişdir.

23. Bundan əlavə məhkəmə tərəfindən tərəflərə müstəqil mütəxəssis dəvət etməklə onlara qaranlıq qalan məsələlər barədə araşdırma aparmaları və mübahisənin məhkəmədən kənar həll edilməsi təklifi irəli sürülmüşdür. Lakin hər iki tərəf müstəqil mütəxəsəssisin faktiki olmayan su axma barədə araşdırma aparmasının mümkünsüz olduğunu bildirdilər. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

24. Əvvəla qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

25. İşin müəyyən edilmiş faktiki halları baxımından məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını mülki hüquq pozuntusundan irəli gələn zərər təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; - 1111.2-ci maddəsinə görə əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

26. Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.

27. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.

28. İşin mübahisələndirilən halı cavabdehlərin təqsiri ucbatından iddiaçıya zərər vurulmasıdır.

29. Məhkəmə işin müəyyən edilmiş halları baxımından hesab edir ki, iddiaçıya yuxarıda yerləşən qonşu mənzildən suyun axıdılması nəticəsində zərər vurulmuşdur.

30. Belə ki, xx.xx.2022-ci il tarixdə MKİS-in mühəndisi, shaə nəzarətçisi və çilingər AKT tərtib edərək su axma faktını təsdiq etmişlər və baxış zamanı bunun 94 saylı mənzildən qaynaqlandığını müşahidə etmişlər. Həmin AKT-da mənzilin daxilində hamam hissəsinin dəyişiklik edilmiş olması barədə qeyd ekspertiza tədqiqatı zamanı təqzib edilsə də, bu aktın sübut kimi qəbul edilməsini istisna etmir.

31. Bundan başqa xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən də iddiaçının mənzilinə baxış keçirilmiş və üst qonşudan su axıntı olduğu müşahidə edilmişdir. Lakin üst mərtəbədəki qonşu daşla hörülmüş şaxtanın sökülməsinə imkan vermədiyindən axıntının qarşısını almaq mümkün olmamışdır.

32. Bununla yanaşı ekspertiza tədqiqatı zamanı da 94 saylı mənzilin kanalizasiya xəttində qüsurların olması ehtimal edilmişdir.

33. Məhkəmə eyni zamanda qeyd edir ki, bu tip mübahisələrdə su axıtması ehtimal olunan qonşunun mənzilindəki kommunikasiya xətlərinin üstü açılmadan(söküntü işləri aparılmadan) faktiki vəziyyəti gözlə müşahidə etmək qeyri-mümkündür. Bu səbəbdən də bu cür iddiaların uğurluluğu yüksək ehtimalların əsasında formalaşan qənaətlərdən asılıdır. Eyni zamanda zərərçəkmiş şəxsin birtərəfli qaydada həmin qənaətləri yaratması mümkün olmur. Çünki zərər vurduğu ehtimal edilən şəxsin buna şərait yaratmaması mütləq həqiqətin (Mütləq həqiqət - dolğun və bitkin formada olan obyektiv həqiqətə deyilir. Mütləq həqiqət elə bir biliyə deyilir ki, elmin və praktikanın sonrakı inkişafının gedişində onu təkzib etmək mümkün olmur) müəyyən edilməsində çətinlik yaradır. Necə ki, hazırki mübahisədə də qonşu mənzilin mülkiyyətçisi buna şərait yaratmamışdır. Hansı ki, onun əleyhinə kifayət qədər sübut olduğu halda, iddia olunan komunikasiya xətlərinin üstünün açılmasına şərait yaratmayaraq, etirazının dəlillərini sübut etməyə çalışmamışdır. Halbuki, onun öz təqsirsizliyini sübut etdiyi halda dəymiş zərər barədə tələb hüququ da istisna edilmirdi.

34. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

35. Bu baxımdan məhkəmə birqayda olaraq olaraq su axıtmanın yuxarı qonşudan qaynaqlanmasının mümkünlüyünü, su axıdılan hissənin cavabdehin sanitar qovşağı ilə qonşu olan hissəsinə düşdüyünü, binada yaşayan digər mənzillərdə analoji halın müəyyən edilməməsini, cavabdehin müvafiq qurumlara şərait yaratmamasını nəzərə alaraq hesab edir ki, iddiaçıya 94 saylı mənzildən su axıdılması nəticəsində zərər vurulmuşdur. Bu səbəbdən də müvafiq otağı tutan şəxs, hazırki halda isə mənzilin mülkiyyətçisi Cavabdeh1 məsuliyyət daşımalıdır. Digər Cavabdeh2 münasibətdə isə iddia tələbi əsassız hesab edilməlidir.

36. Bununla yanaşı məhkəmə vurulmuş zərərin məbləği barədə iddiaçının tələbini qismən əsaslı hesab edir. Belə ki, iddiaçı vurulmuş zərərin məbləğinin həqiqətən 4000 manat olmasını sübut edə bilmir. Digər tərəfdən isə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində vurulmuş zərərin məbləğinin 2507 manat olduğu müəyyən edilmişdir. Odur ki, məhkəmə ekspertiza rəyini mötəbər sübut kimi dəyərləndirərək, hesab edir ki, vurulmuş maddi zərərin qismində 2507 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.

37. İddia tələbinin mənəvi zərərin tutulması hissəsini isə məhkəmə əsassız hesab edir.

38. Belə ki, iddiaçının baş vermiş hadisə nəticəsindən hansı mənəvi sarsıntı keçirməsi və ya hansı iztirablara məruz qalması barədə sübut təqdim edilməmişdir.

39. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

40. Bundan başqa iddiaçı tərəfin izahatlarını nəzərə alındıqda məhkəməyə məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixindən etibarən 94 saylı mənzildən 91 saylı mənzilə artıq hər hansı su axıntısı (sızıntısı) yoxdur.

41. Odur ki, “cavabdehlərə məxsus mənzildəki kanalizasiya xəttinin təmir edilməsi və çirkab suların axmasının dayandırılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə iddia tələbinin əsasını təşkil edən hal aradan qalxdığından həmin tələb əsassız hesab edilməlidir.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

43. Məhkəmə hesab edir ki, iddia üzrə iddiaçının məhkəməyə müraciət üçün hüquqi xidmətlərə çəkilən xərc kimi tələb ediyi 201 manat məbləğində vəsait keçirilmiş məhkəmənin hazırlıq və baxış iclaslarının sayı, mübahisənin mahiyyəti nəzərə alınmaqla ağlabatan deyil. Belə ki, iddia həmin hissədə qismən təmin edilməklə 100 manat məbləğində çəkilən xərc Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Tətbiq edilən prosessual normalar:

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

45. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

46. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

47. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

48. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

49. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 2507 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

50. Vəkilə göstərdiyi yardıma görə çəkilmiş xərcin əvəzi qismində 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir.

51. İddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasibətdə 35 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh1 tutularaq İddiaçı, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait isə Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************).

52. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh1 2507 (iki min beş yüz yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Vəkilə göstərdiyi yardıma görə çəkilmiş xərcin əvəzi qismində 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasibətdə 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar