Məhkəmə qərarları › İş №2(001)-314/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-314/2022

18.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-314/2022 18.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 12-ci sıra 12 saylı fərdi yaşayış evinin paylarına uyğun naturada ayrılmasına dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 12-ci sıra 12 saylı fərdi yaşayış evinin paylarına uyğun naturada ayrılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, anası Ayşə Namazovanın 06.01.2006-cı il tarixdə ölümündən sonra Bakı şəhəri 44 saylı dövlət notariat kontoru tərəfindən vərəsəlik işi açılmış, bundan sonra onun, bacı və qardaşlarının miras əmlak Bakı şəhəri Binəqədi rayonu R.Ə.Rəsulzadə qəsəbəsi 12-ci sırada yerləşən 12 saylı fərdi yaşayış evində hər birinin ¼ hissədə paylarına dair mülkiyyət hüquqları qeydə alınmışdır. Lakin cavabdehlər ona və qardaşı İddiaçı2 həmin mülkdən istifadə etməyə maneələr yaradırlar. O, evdə olmadığı vaxtda cavabdehlər evə gəlib onun həyat yoldaşını döyürlər. Cavabdehlərin hər birinin başqa yaşayış yerləri olduğundan bu evdə yaşamırlar. Ona görə də Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 12-ci sıra, 12 saylı fərdi yaşayış evində onun, İddiaçı1, Cavabdeh2 və Cavabdeh1 hər birinin ¼ hissədə olmaqla naturada paylarının ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı1 vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 anası Ayşə Namazovanın 06.01.2006-cı il tarixdə ölümündən sonra Bakı şəhəri 44 saylı dövlət notariat kontoru tərəfindən vərəsəlik işi açılmış və vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlak Bakı şəhəri Binəqədi rayonu R.Ə.Rəsulzadə qəsəbəsi 12-ci sırada yerləşən 12 saylı fərdi yaşayış evindən ibarət olmuşdur. Bakı şəhəri Binəqədi rayonu R.Ə.Rəsulzadə qəsəbəsi 12-ci sırada yerləşən 12 saylı fərdi yaşayış evinin ümumi sahəsi Daşınmaz Əmlakın Dövlət Reyetsr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 57,30 m2 -dir. Tərəflər hər biri Bakı şəhəri Binəqədi rayonu R.Ə.Rəsulzadə qəsəbəsi 12-ci sırada yerləşən 12 saylı fərdi yaşayış evinin ¼ hissədə mülkiyyətçisidirlər. İddiaçı1 həmin daşınmaz əmlakın mülkiyyətçisi olsa da, ondan sərbəst şəkildə istifadə edə bilmir, əmlakı üzərində sərəncam verə bilmir. Hazırda İddiaçı1 özünə məxsus olan payı qardaşı, digər İddiaçı2 bağışlamaq niyyətindədir. Lakin cavabdehlər razılıq vermədikləri üçün notarial qaydada rəsmiləşdirmə mümkün olmamışdır. Bu səbəbdən iddiaçılar naturada bölgü etmək qərarına gəlmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə bölgü sxeminin tərtib edilməsi ilə bağlı ərizə ilə müraciət etmişlər. 1 saylı Bakı Ərazi İdarəsinin 12.03.2021-ci il tarixli cavab məktubunda fərdi yaşayış evinin bir dam altında yerləşdiyi, vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarət olduğu və konstruktiv cəhətdən vahid olan binanın iki əsas tikiliyə bölünə bilmədiyindən müraciətin həllinin mümkün olmadığı bildirilmişdir. Ona görə də Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 12-ci sıra, 12 saylı fərdi yaşayış evinin İddiaçı1 ¼ hissədə, İddiaçı2 ¼ hissədə, Cavabdeh2 ¼ hissədə və Cavabdeh1 ¼ hissədə olmaqla naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26.12.2020-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 12-ci sıra 12 saylı ev hər birinə 1\4 hissədə olmaqla paylı mülkiyyət hüquqi ilə İddiaçı1, İddiaçı2, Cavabdeh1 və Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.12.2021-ci il tarixli 10\4785 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 12-ci sıra 12 saylı fərdi yaşayış evinin mülkiyyətçilərin paylarına uyğun olaraq təcrid mənzillər şəklində dörd hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1,2.1,2.2,2.4,2.7,2.9. bəndlərinin və metodik tövsiyyələrinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Həmin Məcəllənin 220.6.-cı maddəsinə əsasən Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla tərəflərin paylı mülkiyyətlərində olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 12-ci sıra, 12 saylı fərdi yaşayış evinin tərəflərin paylarına uyğun naturada ayrılmasının mümkün olmadığı müəyyən olunduğundan məhkəmə iddia ərizəsinin təmin edilməsini qeyrimümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri iddiaçılara aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 12-ci sıra 12 saylı fərdi yaşayış evinin paylarına uyğun naturada ayrılmasına dair iddia ərizələri təmin edilməsin. İddiaçı1 və İddiaçı2 iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar