Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3146/2021 20.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh2 və Cavabdeh1 qarşı “evə daxil olmanın qadağan edilməsi, mənəvi zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair mülki işə 20 aprel 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 25 saylı fərdi evin onların yaşadığı hissəyə Cavabdeh2 və Cavabdeh1 daxil olmalarının qadağan edilməsi, şərəf və ləyaqətlərini alçaltdıqlarına görə vurulmuş mənəvi zərərin əvəzi kimi 20000 manat, həmçinin, əldən çıxmış fayda kimi 1000 manat pulun cavabdehlərdən onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafə etdiyini bildirərək izahatında göstərdi ki, o, 2018-ci ildə İddiaçı2 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 1 azyaşlı uşaqları vardır. Hazırda Bakı şəhəri, Binəqədi rayonu, Şimal küçəsi 1, 25 saylı fərdi evdə yaşayırlar və həmin torpaq sahəsində 2 ev mövcuddur. Birinci evdə o ailəsi ilə birlikdə, digər evdə isə cavabdehlər, yəni anası və qardaşı yaşayır. Atası Qurbanəli vəfat etdikdən sonra anası və qardaşı onun yaşadığı evə basqın edir, onu, arvadını və uşaqlarını təhqir edir, şərəf və ləyaqətlərini alçaldır, evdə yaşamaqlarına maneə yaradır, onları evdən qovmaq istəyirlər. Sonda İddiaçı1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında digər İddiaçı2 əri İddiaçı1 izahatına uyğun izahat verib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, sözügedən ev onun mərhum ərinin əmlakıdır. İddiaçıların hazırki iddianı qaldırmağa subyektiv hüquqları yoxdur. Sonda Cavabdeh1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında digər Cavabdeh2 iddianı qəbul etmədiyini bildirərək anası Cavabdeh1 izahatına uyğun izahat verib iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə ilk öncə iddianın cavabdehlərin iddiaçıların yaşadığı mənzilə daxil olmalarının qadağan edilməsinə münasibətdə qeyd edir ki, Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub – olmamasını araşdırmalıdır. İş materiallarında olan RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin bir hissəsi kimi 0,01 ha.ölçüdə torpaq sahəsi 15 avqust 2012-ci il tarixdə, həmin ünvanda 25C saylı sahənin bir hissəsi kimi 0,013 ha. ölçülü torpaq sahəsi 26 fevral 2014-cü il tarixdə, ünvan 3 ünvanında yerləşən 159,7 kv.metr sahəli fərdi yaşayış evi isə 04 fevral 2020-ci il tarixdə X1 mülkiyyəti kimi qeydiyyata alınmışdır. Məhkəmə iclasında iddiaçı özü də mübahisəli yaşayış sahəsinin mərhum atasının mülkiyyətində olduğunu bildirmiş, həmin ev üzrə vərəsələrin hazırda paylarının müəyyən edilmədiyini qeyd etmişdir. Belə olan təqdirdə iddiaçıların öz mülkiyyətlərində olmayan və payları müıyyən edilməyən evə digər ailə üzvlərinin girişinin qadağan edilməsi ilə bağlı iddiaları əsaslı hesab edilə bilməz. İddianın mənəvi zərərin tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli Qərarının 2-ci bəndində belə bir mövqe əks etdirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. ... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. ... Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. ... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İddiaçılar mənəvi zərərin nədən ibarət olmasını, habelə məbləğinin hansı səbəbdən 200000 manat təşkil etməsini əsaslandırmamış və bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddia mənəvi zərərin əvəzinin tutulması hissəsində rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırki halda iddiaçıların hüquqlarının pozulması müəyyən edilmədiyindən, habelə, iddia tələbinin əsasını cavabdehlərin evə daxil olmasının qadağan edilməsi təşkil etdiyi halda, cavabdehlərin bu hərəkətlərinin qanunsuz olmasının müəyyən ediləcəyi təqdirdə iddiaçıların bundan hansı qaydada gəlir əldə edəcəkləri, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində hansı gəlirdən məhdum olduqları ümumiyyətlə əsaslandırılmamış, buna dair sübut əlavə edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə də rədd edilməli, beləliklə, iddiə tələbi hər 3 hissədə rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı1 adından ödənildiyindən onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3146/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3146/2021
20.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver