Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3152/2023 08.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun ümumilikdə 430 manat pulun alınaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Opel Astra” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli, PXA********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. 2020-ci ilin noyabr ayının 7-sində Cavabdeh idarə etdiyi “Opel Astra” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində “Toyota Rav4” markalı, **-EZ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh isə hadisə yerindən yayınmışdır. Həmin hadisə ilə bağlı Nərimanov DYPŞ tərəfindən xx.xx.2020-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh AR İXM-nin 327.6-cı maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Nərimanov DYPŞ-nin xx.xx.2020-ci il tarixli, TP4073362 saylı inzibati tənbehvermə haqqında qərarına əsasən Cavabdeh AR İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. "xxxx"MMC tərəfindən verilən xx.xx.2020-ci il tarixdə verilmiş 1892 saylı qiymətləndirmə aktında əsasən “Toyota Rav4” markalı, **-EZ- *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 400 manat qiymətləndirilmişdir. xx.xx.2020-ci il tarixdə 400 manat məbləği zərərçəkmiş şəxs X3 ödənilmişdir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, bildiriş cavabdehə çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Bundan başqa məhkəmə bildirişi cavabdehə çatdırılması üçün Bakı şəhəri Binəqədi Bələdiyyəsinə təqdim edilsə də, Bakı şəhəri Binəqədi Bələdiyyəsinin 02/223 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə cavabdehin hazırki qeydiyyat və yaşayış yeri barədə məlumatın olmaması səbəbindən məhkəmə bildirişi və iddia ərizəsi məhkəməyə geri qaytarılmışdır. Təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən PXA74564 saylı sığorta aktından görünür ki, xx.xx.2020-ci il tarixində Y.V.Çəmənzəminli küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sığortalanmış “Opel Astra” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Toyota Rav 4” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sonuncu avtomobilə dəymiş zərər məbləği 400 manat müəyyən edilmişdir. "xxxx" Avtomobil Servisindən verilən xx.xx.2020-ci il tarixli, 1892 saylı qiymətləndirmə aktı ilə “Toyota Rav 4” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 400 manat məbləğində hesablanmışdır. xx.xx.2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 ********** saylı kartına, AZ63HAJC******************** saylı hesabına 400 manat ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli icbari sığorta müqaviləsindən görünür ki, X2 məxsus avtomobil “Opel Astra” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil əmlaka vurulan zərərə görə 5000 manat, bir şəxs üçün 5000 manat və bir hadisə üzrə 50000 manat məbləğində, AVSMMİS növündə sığorta edilmişdir. Müqavilənin qüvvəyə minmə tarixi xx.xx.2020-ci il, qüvvədən düşmə tarixi xx.xx.2021-ci il olaraq göstərilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanan 17 avqust 2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində hadisə yerindən yayındığına görə 400 manat məbləğində sığorta ödənişinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bank hesabına ödənilməsi təklif edilmiş, əks təqdirdə məbləğin məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Polis-leytenantı X4 tərəfindən tərtib edilən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı təqsirli Cavabdeh “Opel Astra” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. İXP seriyalı ******* nömrəli inzibati xəta haqqıned protokolun surətindən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında 04 dekabr 2020-ci il tarixli saylı qərarın surətindən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətani törətdiyindənyol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün hadisə yerindən yayınmasına görə barəsində 100 manat məbləğində cərimə tətbiq olunması qərara alınmışdır. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sığortalanmış “Opel Astra” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Rav 4” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. "xxxx" Avtomobil Servisindən verilən xx.xx.2020-ci il tarixli, 1892 saylı qiymətləndirmə aktı ilə “Toyota Rav 4” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 400 manat müəyyən edilmişdir. “Opel Astra” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən sürücü Cavabdeh inzibati xəta törətdikdən sonra hadisə yerindən yayındığından, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə, 100 manat cərimə edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunan sığorta aktı ilə vurulmuş zərərin və buna müvafiq olaraq ödəniləcək ödənişin miqdarı 400 manat müəyyən edilmiş və həmin məbləğ “Toyota Rav 4” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 hesabına ödənilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən vurduğu zərərin əvəzi olaraq sığortalıya ödənilmiş 400 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş edir. İddiaçı iddiasını onunla əsaslandırır ki, cavabdeh yol nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən yayınmış, bu barədə müvafiq protokol və qərar tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin yol nəqliyyat hadisəsi zamanı təqsiri və onun hadisə yerindən yayınması TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında 04 dekabr 2020-ci il tarixli saylı qərarla təsdiq edildiyindən, o cümlədən hadisə nəticəsində sığorta şirkəti tərəfindən zərərçəkənə 400 manat ödənilməsi iddiaçının təqdim etdiyi hesabdan çıxarış ilə sübut olduğundan, iddiaçının cavabdehə qarşı ödənilmiş 400 manat sığorta ödənişi məbləğində subroqasiya tələbi əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 400 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 400 (dörd yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3152/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3152/2023
08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver