Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-316/2022 15.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə İddiaçı ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.855 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkəti məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının bu barədə ərizəsini nəzərə alıb, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi onun təqsiri üzündən baş vermişdir. Lakin hadisə nəticəsində “Mitsubishi pajero” minik markalı, ** HU *** dövlət qeydiyyat nişanlı və “Hyundai County” markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtomobillərə iddia ərizəsində göstərilən məbləğdə deyil, xeyli az məbləğdə maddi ziyan dəymişdir. Göstərilənlərin nəzərə alınmasını və qeyd edilən avtomobillərə vurulmuş real zərər məbləğini müəyyən etməklə, həmin məbləğin ondan hissə-hissə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia tələbini nəzərə alıb, cavabdehi dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 11 sentyabr 2019-cu il tarixdə Cavabdeh X2 mülkiyyətində olan “Renault Master” yük markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ona verilmiş etibarnamə əsasında, lakin idarə etmək hüququ olmadan (onun sürücülük vəsiqəsi “B” kateqoriyalı olmuş, bu növ nəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan kateqoriyaya malik olmamışdır) idarə edən zaman X3 məxsus “Mitsubishi Pajero” minik markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı və "xxxx" ASC-yə məxsus “Hyundai County” markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Nəticədə “Mitsubishi Pajero” minik markalı və “Hyundai County” markalı nəqliyyat vasitələrinə zərər dəymişdir. Hadisə ilə bağlı tərtib edilmiş xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokola və onun əsasında qəbul edilmiş inzibati xəta haqqında qərara əsasən “Renault Master” yük markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 3(044)-557/2019 saylı, xx.xx.2019cu il tarixli Qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 400 manat məbləğində inzibati cərimə edilmişdir. Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinin qüsur aktlarına əsasən hadisə nəticəsində “Mitsubishi Pajero” minik markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 500 manat, “Hyundai County” markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə 1.355 manat məbləğində müəyyən edilmiş və bu məbləğ iddiaçı tərəfindən həmin avtomobillərin sahiblərinə ödənilmişdir. Bundan sonra iddiaçı tərəfindən cavabdehə rəsmi qaydada müraciət edilərək, qeyd edilən avtomobillərə vurulmuş zərərin məbləğinin ödənilməsi barədə məlumat verilmiş və həmin məbləğin ödənilməsi ondan tələb edilmişdir. Lakin bu bir nəticə verməmişdir. İddiaçı da 30 manat məbləğində dövlət rüsumu ödəmiş və hazırda həmin məbləğin, habelə ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddianı qismən qəbul edir, yol-nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş verdiyini, lakin hadisə nəticəsində həmin avtomobillərə iddia ərizəsində göstərilən məbləğdə deyil, xeyli az məbləğdə maddi zərərin dəydiyini bildirir və qeyd edilən avtomobillərə vurulmuş real zərər məbləğini müəyyən etməklə, həmin məbləğin ondan hissə-hissə tutulmasını xahiş etmişdir. Bununla bağlı, mülki iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş 24 yanvar 2022-ci il tarixli, 9/8982 nömrəli ekspert rəyinə əsasən “Mitsubishi Pajero” minik markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 500 manat, “Hyundai County” markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən 1.305 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanunun: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə, mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd edir ki, 11 sentyabr 2019-cu il tarixdə Cavabdeh “Renault Master” yük markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında, lakin bu növ nəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan sürücülük kateqoriyası olmadan idarə etməsi, məhz onun təqsirli hərəkətləri nəticəsində idarə etdiyi “Renault Master” yük markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Mitsubishi Pajero” minik markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı və “Hyundai County” markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması və nəticədə “Mitsubishi Pajero” minik markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı və “Hyundai County” markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə maddi zərər vurulması tamamilə sübuta yetirilmişdir (Cavabdeh izahatı, Gəncə şəhəri X8 şöbəsinin əməkdaşı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul olunmuş qərarı, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 3(044)-557/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərarı və sair). Bununla belə, 11 sentyabr 2019-cu il tarixdə iddiaçı ASC "xxxx" Sığorta Şirkəti tərəfindən sığortalanmış “Renault Master” yük markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil onu idarə etməyə hüququ olmayan Cavabdeh tərəfindən idarə edilmişdir. Bununla da cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) nəticəsində əmələ gəlmiş zərərin əvəzi olaraq zərərçəkənlərə sığorta ödənişini ödəmiş iddiaçının həmin mülki hüquq pozuntusuna yol vermiş cavabdehə qarşı subroqasiya hüququ (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququ) əmələ gəlmişdir. Bu səbəbdən iddiaçının cavabdehə qarşı tələbi əsaslıdır və zərər məbləği cavabdehdən tutulmalıdır. Məhkəmə, vurulmuş maddi zərərin məbləğini müəyyən edərkən iddiaçı tərəfindən təqdim edilən qüsur aktlarında göstərilmiş qiymətləri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8982 nömrəli ekspert rəyində göstərilən qiymətlərlə müqayisəli şəkildə təhlil edib, ekspert rəyində göstərilmiş məbləğlərin bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, habelə reklam və digər müvafiq mənbələrin məlumatlardan istifadə edilməklə hesablandığını nəzərə alıb, hesab edir ki, maddi zərər məbləği müəyyən edilərkən məhz məhkəmə ekspertinin rəyi mötəbər sübut kimi qəbul edilməli və cavabdehdən iddiaçının xeyrinə “Mitsubishi Pajero” minik markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi olaraq 500 manat, “Hyundai County” markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi olaraq 1.305 manat, cəmi 1.805 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh 1.805 manat məbləğində pul vəsaiti, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1.805 (bir min səkkiz yüz beş) manat məbləğində pul vəsaiti, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-316/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-316/2022
15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver