Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3162/2025 20.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov 13 ünvanında yerləşən 8 nömrəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-cü il tarixdə Ağstafa rayonunda anadan olmuşdur. Evlidir, 2 övladı var. Hazırda ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğuldur. Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi 13 ünvanında yerləşən 8 nömrəli mənzil 2007-ci ildən bəri onun mülkiyyətindədir. Həmin mənzili 07 fevral 2003-cü il tarixli, 177755 nömrəli alqı-satqı müqaviləsi ilə X1 almışdır. Mənzil üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş olan MN ******* nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışla təsdiq olunmuşdur. Lakin ona sonradan məlum olmuşdur ki, mülkiyyətində olan evdə faktiki yaşayan ailə üzvləri ilə yanaşı evin köhnə sahibinin övladları da qeydiyyatdadır. Belə ki, həmin evdə o və oğlu X4 ailəsi ilə birlikdə qeydiyyatda olmaqla yaşayırlar. Lakin hazırda həmin mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildə yaşamasalar da, qeydiyyatda qalmışdırlar. Beləliklə də, hesab edir ki, cavabdehlərin mənzildən istifadə hüquqları itirilmişdir, bu isə, onların qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Cavabdehlərin qeydiyyatda qalmaları onun hüquqlarını pozur. Cavabdehlərin 2003-cü ildən bəri mənzildən köçmələrinə baxmayaraq, cavabdehlər bu günədək onun mənzilində rəsmi pasport qeydiyyatında qalmaqda davam edirlər. Bu isə onun mülkiyyət hüququnu əsassız şəkildə məhdudlaşdırır. Belə ki, mənzillə bağlı hər-hansı əməliyyat aparılarkən, cavabdehlərin razılığı tələb olunur. Cavabdehlərin mənzildə qeydiyyatda qalmaları onun mülkiyyət hüquqlarını tam və hərtərəfli reallaşdırmağına ciddi şəkildə maneə yaradır. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarında bildirmişdirlər ki, iddianı qəbul edirlər, həmin mənzildə onlar yaşamamışlar, yalnız qeydiyyatda qalmışdırlar. Onlar bu barədə məhkəməyə ərizə də təqdim etmişdirlər. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində istifadədə olan 0.0254 ha torpaq sahəsində yerləşən 13 nömrəli, 9 mərtəbəli binadan 39.11 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 495 nömrəli reyestr kitabının 45700 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi: xx.xx.2007. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X4 ünvan 3 ünvanında qeydiyyatdadırlar. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh3 atası Abdulayev Yaşar, anası Abdullayeva İlhamədir. 177755 nömrəli xx.xx.2003-cü il tarixli müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi, ev 13 ünvanında yerləşən, ümumi sahəsi 39.11 kv/m olan 3 otaqlı 8 saylı mənzilini İddiaçı 91.000.000 manat satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında xx.xx.1999-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, hazırda cavabdehlər qeyd olunan ünvanda qeydiyyatda olsalar da, lakin orada yaşamırlar. Bu halı cavabdehlər məhkəmə iclaslarında verdikləri izahatları ilə də təsdiq etmişdirlər. Belə olan halda, iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi, ev 13, 8 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi, ev 13, 8 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-3162/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3162/2025
20.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver